119
bərəkət Tanrısına sitayiş edildiyini göstərir. Şübhəsiz ki, dua mərasimləri
müəyyən ritualın icrası ilə müşayiət olunmuşdur. Duaların məzmunu, ehtimal ki,
ailənin müvəffəqiyyətini təmin edən ev ocağının saxlanması və onun himayədarı
ilə bağlı olmuşdur.
Gil qabların üzərində rast gəlinən müəyyən təsvirlər də şübhəsiz ki,
insanların dini inamları ilə bağlıdır. Daha çox rastlanan spiral və aypara təsvirləri
Kür-Araz tayfaları arasında astral inancların yayıldığını göstərir. Tədqiqatçıların
fikrinə görə, aypara təsvirləri Tanrının kişi ilə bağlılığını göstərməklə, patriarxal
münasibətlərin olduğunu təsdiq edir.
Araşdırmalar göstərir ki, əvvəlki Eneolit dövründən fərqli olaraq, bu
dövrdə dəfnlər yaşayış binasından kənara çıxarılmışdır.
ORTA TUNC DÖVRÜ
Azərbaycanın Orta Tunc dövrü abidələrindən aşkar olunan arxeoloji
materiallar regional xüsusiyyətlərinə görə bir-birindən kəskin şəkildə fərqlənir.
Bu dövrün arxeoloji abidələri həm tipoloji, həm də regional xüsusiyyətlərinə görə
xarakterizə edilmişdir. Orta Tunc dövrünün abidələri başlıca olaraq iki böyük
qrupa bölünür. Birinci qrupa boyalı qablarla, ikinci qrupa isə qara cilalı, basma
naxışlı keramika ilə xarakterizə edilən abidələr daxildir.
Boyalı qablar mədəniyyətinin arxeoloji abidələri. Bu mədəniyyətə aid
abidələr Azərbaycanda başlıca olaraq Naxçıvan və Urmiya hövzəsini əhatə
etmişdir. Lakin Azərbaycanın digər regionlarında da bu mədəniyyətin izlərinə
rast gəlinmişdir. Naxçıvan ərazisində yerləşən Orta Tunc dövrü abidələrini iki
qrupa ayırmaq olar. Birinci qrupa daxil olan yaşayış yerləri əkinçilik və
maldarlıq üçün əlverişli olan ovalıqlarda yerləşir. Bu qrupa aid abidələr mədəni
təbəqənin daha qalın olması ilə fərqlənir. Belə abidələr sırasına I Kültəpə, II
Kültəpə, Şahtaxtı, Qızılburun, Şortəpə yaşayış yerləri daxildir. İkinci qrupa daxil
olan abidələr dağlıq və dağətəklərində yerləşir. Onların bir qismində mədəni
təbəqə olduqca az yığılmış, bəzilərində isə Orta Tunc dövrü yalnız yerüstü
materiallarla təmsil edilmişdir. Sarıdərə, Qulalıtəpə, Qalacıq, Oğlanqala,
Qazançı, Quyuludağ, Kərki, Kükü və b. abidələr bu sıraya daxildir. İkinci qrup
120
abidələrin meydana çıxması Orta Tunc dövründə əhalinin yarımoturaq və
yarımköçəri həyat tərzi ilə bağlı olmuşdur. Bu barədə aşağıda bir qədər geniş
məlumat veriləcəkdir.
I Kültəpə yaşayış yerinin Orta Tunc dövrü təbəqəsi 2 m qalınlığındadır.
Bu təbəqə abidənin üzərindən 1,5-2,5–3,5-4,5 m dərinlikdə yerləşir. Bu dövrə aid
tikinti qalıqları olduqca pis qaldığından, onların ölçülərini müəyyən etmək
mümkün olmamışdır. Salamat qalmış divar qalıqlarından binaların dördkünc
planda olduğu, tikintidə çiy kərpic və daşdan istifadə edildiyi
müəyyənləşdirilmişdir. Evlərin döşəməsi gillə suvanmışdır. Bəzi yerlərdə daş
döşəmə qalıqları da qeydə alınmışdır. O.H.Həbibullayev daş döşənmiş binadan
anbar kimi istifadə edildiyini söyləmişdir.
Arxeoloji tədqiqatlar zamanı yaşayış yerindən zəngin maddi-mədəniyyət
nümunələri, o cümlədən daş, sümük və tuncdan hazırlanmış müxtəlif əmək
alətləri tapılmışdır. Aşkar olunan gil məmulatı, başlıca olaraq, çəhrayı, bəzən isə
boz və qara rəngdə, yaxşı bişirilmişdir. Çəhrayı rəngdə bişirilmiş gil məmulatı
içərisində boyalı qablar üstünlük təşkil edir. Onlar küpə, kasa, badya və çaynik
tipli qablardan ibarətdir. O.H.Həbibullayev I Kültəpənin Orta və Son Tunc
dövrünə aid boyalı qablarını üç tipə bölərək, birinci tipə monoxrom boyalıları,
ikinci tipə polixrom boyalıları, üçüncü tipə isə monoxrom və polixrom boyalı
qabları daxil etmişdir.
II Kültəpə yaşayış yerinin Orta Tunc dövrü təbəqəsi abidənin müxtəlif
yerlərində, dörd qazıntı sahəsində öyrənilmişdir. Birinci qazıntı sahəsində
aparılan tədqiqatlar əhəmiyyətli nəticələr vermişdir. Bu sahədə dörd tikinti qatı
aşkar olunmuşdur. Orta Tunc dövrünə aid mədəni təbəqə abidənin üzərindən 0,5-
4,5 m dərinlikdə yerləşir. Tikinti qatları V.H.Əliyev tərəfindən aşağıdan yuxarıya
doğru sıralanmışdır.
Birinci tikinti qatı 1-1,2 m qalınlığındadır. Bu tikinti qatında aşkar olunan
müdafiə divarının uzunluğu 35 m, eni 2-2,5 m, hündürlüyü 1,4 m-dir. Divar gil
məhlulu ilə bərkidilmiş iri çay daşlarından tikilmişdir. Мüdafiə divarı dördkünc
formalı bürclər və kontrforslarla möhkəmləndirilmişdir. Мüdafiə divarının şimal-
şərq hissəsindəki bürcün uzunluğu 7,4, eni 2,6, hündürlüyü 1,4-2,3 m-dir. Cənub-
şərqdəki bürcün uzunluğu 1,2, eni 2, hündürlüyü 0,8 m-dir. Göründüyü kimi
müdafiə divarının bürcləri həcminə görə müxtəlif olmuşdur. Şimal-şərq tərəfdəki
bürcün yaxınlığında daş döşənmiş küçə aşkar edilmişdir.
Birinci tikinti qatından əldə edilən materiallar, başlıca olaraq, keramika,
oraq dişləri, daş çəkic, dən daşları, həvənglər, dəstələr, ox ucluqları və s. maddi-
mədəniyyət qalıqlarından ibarətdir. Arxeoloji materialların əksəriyyətini təşkil
edən keramika boz, qara və çəhrayı rənglidir. Keramika məmulatı Kür-Araz
mədəniyyətinin xüsusiyyətlərini daşımaqdadır. Çəhrayı rəngli gil məmulatının
bir qismi monoxrom boyalı qablardan ibarətdir. Birinci tikinti qatında aparılan
tədqiqatlar zamanı müdafiə divarının hər iki tərəfindən xeyli miqdarda
monoxrom boyalı qab parçaları aşkar edilmişdir.
121
V.H.Əliyevin fikrincə, birinci qatda aşkar olunan müdafiə divarı bir neçə
tikinti dövrü ərzində mövcud olmuşdur.
İkinci tikinti qatı da 1-1,2 m qalınlığındadır. Buradan Narınqalaya aid
divar, yaşayış evləri, təsərrüfat binalarının və dulus kürəsinin qalıqları aşkar
olunmuş, həmçinin keramika məmulatı və digər maddi-mədəniyyət nümunələri
tapılmışdır.
Bu tikinti qatından dördkünc formalı dörd bina qalığı aşkar olunmuşdur.
Binaların divarı güclü dağıntıya məruz qaldığından, onların ümumi sahəsini
hesablamaq mümkün olmamışdır. Onların içərisində nisbətən yaxşı qalan ikinci
binanın sahəsi 30 m
2
-dir. Binalardan birinin içərsində bazalt tipli daşın
qəlpələrinə, zərb alətlərinə, dən daşlarına, daş çəkiclərə rast gəlinməsi göstərir ki,
həmin binadan istehsal emalatxanası kimi istifadə edilmişdir. İkinci və dördüncü
binaların arasında, sahəsi 25 m
2
olan, daş döşənmiş küçənin bir hissəsi aşkar
olunmuşdur.
Bu tikinti qatından tapılmış monoxrom boyalı qablar formasına və
naxışlanma texnikasına görə, birinci tikinti qatının eyni tipli qablarını təkrar edir.
Boz və qara rəngli qabların bir qismi Kür-Araz mədəniyyətinin xüsusiyyətlərini
daşımaqdadır. Bəzi qablarda İlk Tunc dövrü üçün xarakterik olan yarımşarşəkilli
qulplar da var.
Tikinti qatının üst laylarında həndəsi motivlə və heyvan şəkilləri ilə
naxışlanmış polixrom boyalı qablara da rast gəlinmişdir. Bu təbəqədən götürülən
kömür analizi e.ə. 1800-cü ili göstərmişdir.
Dostları ilə paylaş: |