Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə20/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   16   17   18   19   20   21   22   23   ...   99

 
 
75
Xab içində yatan cavan şahzadə, 
Gəl bizim ellərə, sor asta-asta. 
Mən olum bir ahu, sən də ol səyyad, 
Düşüb də peşimə var asta-asta. 
 
Sən məni yandırdın eşqin dağına, 
Hicran atəşinə, qəm fərağına. 
Nə olar, bağban ol, könlüm bağına, 
Dər sinəm üstünnən nar asta-asta. 
Qızlardan biri dedi: 
–  Xanım  belə  sözdən  bir  şey  çıxmaz,  nə  bilir  sən  kimsən, 
kimin qızısan? 
Xanım dedi: 
–  Qızlar,  yəni  deyirsiz  ki,  məsələ  aydın  olsun.  Yaxşı, 
deyərəm, ancaq bu sirr aramızda qalsın. 
Hamısı söz verdi. Xanım arxayın oldu. Aldı xanım: 
Şəhri-Enzankandı mənim məkanım, 
Babamdı, hökmdar ey mehribanım. 
Sənə qurban olsun Nəzakət xanım. 
Sevmə məndən qeyri yar, asta-asta. 
Söz  tamam  olub,  kağızı  oğlanın  yaxasını  açıb  sinəsinin 
üstünə  qoydular.  Ancaq  oğlanın  heç  xəbəri  olmadı.  Sonra  isə 
qızlar getməkdə oldular. Nəzakət xanım qızların hamısına icazə 
verib dedi: 
–  Qızlar  çıxıb  getdilər  dincəlməyə,  ancaq  Nəzakət  xanım 
bir itiyi itmiş kimi dəli-divanə olub bilmirdi neyləsin. Öz-özünə 
fikir  eyləyirdi,  yarəbbi,  mən  nə  eyləyim,  mənim  dərdimə  kim 
əlac  eyləyər.  Sonra  özgəyə  deyərəm  işin  üstü  açılar.  Deməsəm 
səbri-qərarım tamamilə kəsilər. Ax, yarəb, sevgi dözülməz dərd-
dir. Mən necə dayana bilərəm – deyib, yenə tək-tənha gəzməyə 
çıxdı. 
Nəzakət  xanım  gəzməkdə  olsun,  indi  bir  az  Sam  şahzadə-
dən qulluğunuza ərz eyləyim. 


 
 
76
Samın  nə  qədər  yatdığını  deyə  bilmərik.  Amma  sübhün 
meh küləyi yavaş-yavaş üzünə dəyib, oğlanı ayıltdı. Sam ayılan 
zaman  əl  atdı  yaxasının  düyməsini  açdı.  Balaca  bir  kağız  əlinə 
keçdi.  Oxuyub  məzmunundan  hali  olub  fikir  elədi.  Yarəb,  bu 
kim  ola  bilər,  məni  bədbəxtlikmi  tutub,  yoxsa  xoşbəxtlikmi,  – 
deyib cəld durdu və atı yadına düşdü. İstəyirdi ki, atını axtarsın, 
gördü vəfalı atı başının üstünü kəsib ayağını yerə döyür. Cəld atı 
tutub, gözlərini sığallayıb, sonra isə öpdü: 
– Atalar deyib ki, atnan arvada etibar olmaz. Ancaq mənim 
atım o atlardan deyil, çox etibarlı heyvandı, – deyib yenə gözün-
dən  öpdü,  sonra  isə  ziltəngini  yeddi  yerdən  bərkidib,  yavaş-
yavaş getdi. İstədi ki, bağdan çıxsın. Qulağına astadan səs gəldi. 
Ayağını saxlayan zaman nə gördü? Gördü ki, bir qızdı, amma nə 
qız,  misilsiz  bir  gözəl.  Seçmək  olmaz,  huridirmi,  qılmandımı, 
yoxsa  mələkdimi,  tovuzdumu,  on  dörd  gecəlik  ay  kimi  şölə 
verir. Bu qızın  hilal qaşları can almaqdadı. Bu qaşlardan  bir ox 
açılıb  Samın  ürəyini  xırda-xırda  oymağa  başlayan  zaman  eşq 
dəryası  coşa gəldi, atın  başını  çəkib, aldı görək qızın  belə dəli-
dövran gəzməsinə nə deyir: 
Səyahət eyləyən Nəzakət xanım, 
Seyrangah sizindi, gəz qayıt indi. 
Sən məni gətirdin xaki-payına, 
Gəzib sinəm üstə, əz, qayıt indi. 
 
Geymisən əyninə yaşıllar, allar, 
Tər köynək altında tax hamayıllar. 
Vurdun ürəyimə həbaşi xallar 
Görsənir yaramdan vəz, qayıt indi. 
 
Sənə qurban olsun Sami-beçara, 
Tərahüm etginən mən tək naçara. 
Olginən təbibim, qılginən çara, 
Çək sinəm dağına xəz, qayıt indi. 


 
 
77
Söz  tamam  olan  zaman  qız  gördü  ki,  həmin  oğlandı  bu 
sözləri oxuyan. Oğlanın bu sözündən və zəhmindən qız yerində 
donub qaldı, çox həyalandı. Ancaq oğlan da həyalanırdı, həm iki 
cavanın ürəyində bir ovçudan ürkmüş quş kimi çırpınırdı. Ancaq 
oğlan  qızın  o  hilal  qaşlarından  gözünü  çəkmirdi.  Bir  qədər  sü-
kutdan sonra az qaldı ki, qızın ürəyi çatlasın. Özündən ixtiyarsız 
olaraq qız birdən dilləndi: 
–  Ay  şahzadə,  siz  bizim  baxçaya  xoş  gəlmisiniz.  Ancaq 
icazəsiz  bağa  girdiyinizə  görə  günahkarsınız.  O  günahınızdan 
keçmək  üçün  gərək  xanımdan  üzr  istəyəsiniz,  –  deyən  zaman 
şahzadə Sam irəli yeriyib dedi: 
–  Xanım,  mən  bu  yerə  nabələd  olduğuma  görə  sizdən  üzr 
istəyirəm. 
Hər  iki  cavan  bir-birinə  yaxınlaşıb  əl  tutdular,  görüşdülər. 
Sonra  isə  hər  ikisi  utana-utana  söhbətə  başladılar.  Bir  qədər 
söhbətdən sonra qız bağbanı çağırıb dedi: 
–  Qonağın  atını  tut,  sahmana  sal,  amma  heç  kəs  bilməsin. 
Bağban  Samın  atını  tutdu,  amma  gözünün  altından  oğlana  çox 
baxırdı: öz-özünə dedi: 
– “Bu nə hesabdır.” 
Qız dedi: 
– Ədə, nə fikir edirsən? Sənə mən nə deyirəm yerinə yetir. 
Bağban dedi: 
– Xanım, mən bağbanam axı, mehtər ki, deyiləm. 
Xanım dedi: 
–  Ədə,  uzunçuluq  eləmə,  başa  düşürəm  ki,  nə  demək 
istəyirsən, səni razı edərəm, ancaq heç kəs bilməsin. 
Bağban dedi: 
– Xanım, nə işimə, dəvə gördün, izini də yox. 
Atı çəkib apardı. Xanım  isə Samın qolunu tutub  öz imarə-
tinə apardı. O saat kənizin birini çağırıb yemək şeyləri əmr etdi. 
Tez  yemək  hazır  oldu.  Süfrə  layiqincə  düzəldi.  Samı  Nəzakət 
xanım yeməyə dəvət etdi. Süfrədə Sam və bir neçə cavan qız, bir 


 
 
78
də  xanım  əyləşdi,  yemək-içmək  başlandı,  bağban  özünü  içəri 
verib  süfrənin  bir  tərəfində  əyləşdi.  Bağbanın  bu  hərəkətinə 
xanım hirslənib dedi: 
– Ədə, bağban, sənə kim  icazə  verdi ki,  bura gəldin? Bağ-
ban dedi: 
–  Xanım,  məni  bağışlayın,  mən  o  səbəbə  gəldim  ki,  bizim 
qonaq deməzdi ki,  bura  nə təhər  məmləkətdi ki,  burada  heç  bir 
başı papaqlı kişi yoxdu elə hamısı qızdı. 
Bağbanın bu sözündən hamı gülüşdü. Sonra yeyib-içib hərə 
öz  işinə  getdi.  Bircə  oğlanla  qız  qaldı.  Yenə  bir  az  söhbət 
elədilər,  sonra  axşam  araya  gəldi.  Nəzakət  xanım  iki  yer  saldı, 
sonra isə araya pərdə tutdu. Oğlan pərdənin bu üzündən qız isə o 
biri  üzündə  yatağa  girdilər.  Ancaq  ilan  vuran  yatdı,  bunlar 
yatmadılar.  Müxtəsər,  ərz  eliyim  ki,  bir  neçə  gün  belə  qaldılar. 
Hər cavanın üzündə bir həya pərdəsi  var  idi. Heç kim  istəmirdi 
ki,  bu  həya  pərdəsini  üzündən  götürsün.  Bunların  bu  məsələsi 
belə qalmaqda olsun, indi keçək ayrı bir məsələyə. 
Günlərin  bir  günündə  Sam  ilə  Nəzakət  xanım  imarətin 
yeddinci  qatında  oturub,  şəhərin  mənzərəsinə  baxırdılar,  şirin-
şirin söhbət edirdilər. Söhbət arasında qız soruşdu: 
–  Ey  Sam  şahzadəsi,  sizin  şəhərin  mənzərəsi  yaxşı  olar, 
yoxsa bizim? 
Sam bu suala cavab verməyib bir qədər də mənzərəyə təzə-
dən  baxdı. Gördü ki, bu şəhərin  bir tərəfi  böyük  meşədi. Meşə-
nin  ətəyi  ilə  bir  çay  axır.  Bir  tərəfi  isə  dağdı.  Dağın  ən  hündür 
yerində  böyük  bir  qalaça  tikilib.  Çox  gözəl  və  böyük  qalaçadı. 
Əgər  qalaçadan  adam  baxsa,  bütün  dünya  insannarın  ayağının 
altında görünər. Sam Nəzakət xanımın sualına cavab verdi: 
– Xanım, sizin  şəhər də  yaxşıdı.  Ancaq  bizim  şəhər də pis 
deyil. 
Qız bir balaca gülümsəyib dedi: 
– Siz hər halda öz şəhərinizə pis deməzsiniz. Şahzadə dedi: 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə