162
Bilik və bacarıqların
tətbiqinə, müzakirə və yaradıcı işə həsr olunan dərsi fərqli
variantlarda təşkil etmək mümkündür. Belə dərslərdə debatın aparılması isə onun
strukturunda dəyişikliyin baş verməsinə səbəb olur.
Motivasiya, problemin qoyuluşu. Motivasiyanın yaradılması üçün fərqli
yollar seçmək mümkündür. Suallar əsasında yığcam müsahibə aparmaqla
motivasiya yaratmaq və nəticədə tədqiqat sualını formalaşdırmaq olar.
Tədqiqat sualı: Dərslikdə debat üçün təklif edilmiş mövzulardan biri – a)
Valideyn-övlad münasibətlərindəki soyuqluğa səbəb onların həyata fərqli baxışıdır;
b) İnsanların yadlaşması son dövrlərin başlıca xüsusiyyətidir – müzakirə əsasında
seçilir. Debat üçün seçilmiş mövzu tədqiqat sualı kimi qəbul olunur.
Dərs
tədqiqatın aparılması mərhələsi
ilə davam etdirilir, sonrakı mərhələlər
(məlumat mübadiləsi, müzakirə, nəticənin çıxarılması)
debatın gedişində qovuşur.
İlk növbədə, debatın keçirilmə qaydası yığcam müsahibə ilə yada salınır. Dərslikdə
təklif edilmiş tövsiyə əsas götürülməklə debatın təşkili həyata keçirilir.
Sinif bir nəfərdən ibarət (çox da ola bilər) hakim seçir. Şagirdlərə artıq
məlumdur ki, debatda iştirak edən tərəflər öz dəlillərinin
məntiqli olduğuna məhz
hakimi inandırmalıdırlar. Müəllimin təklifi ilə kiçik qruplarda birləşən şagirdlər
debat üçün seçilmiş sualı müzakirə edirlər. Hər qrup sualın lehinə və əleyhinə
dörddən az olmayaraq dəlil müəyyənləşdirir. Dəlillərin inandırıcı, məntiqli
olmasına xüsusi diqqət yetirilir. Qrup müəyyənləşdirdiyi
dəlilləri müdafiə
edəcəyinə əmin olmalıdır. Qruplar müəyyənləşdirdikləri dəlilləri digər qrupların
dəlilləri ilə tutuşdurub, oxşar cəhətləri nəzərdən keçirirlər. Şagirdlərin
mövqelərində dəyişikliyin baş verməsinə təbii baxmaq lazımdır. Suala münasibət
baxımından sinif iki böyük qrupa bölünür. Müzakirə də onların arasında baş verir.
Bir tərəfin (spikerin) verdiyi suala digər tərəf (spiker) cavab verir. Debatın
gedişində əlavə ədəbiyyat, cədvəl, sxem, videogörüntü və s. nümayiş etdirilə bilər.
Hakim tərəflərdən birinin dəlillərinin daha əsaslı, inandırıcı olduğunu elan
etməkdə sərbəstdir. Lakin o öz mövqeyini, seçimini əsaslandırmalı,
tərəfləri
inandırmalıdır. Belə dərslərdə müəllimin yekun sözünə ehtiyac duyulur. Yekun
sözünün müsahibə üzərində qurulması şagirdlərin fəallığının təmin edilməsi
baxımından faydalıdır.
Vaxtdan qənaətlə istifadə edilməsi dərslikdəki növbəti tapşırığın (növ və janr
baxımından dramla romanın oxşar və fərqli cəhətlərinin müəyyənləşdirilməsi)
yerinə yetirilməsinə imkan verir. Tapşırığa hazırlanan qısa yazılı cavabların
dinlənilməsi və müzakirəsi həyata keçirilir.
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə
verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri üzrə cədvəllərdən
istifadə məqsədəuyğundur.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini
şagirdlərə xatırladır.
163
Mövzu: Elçin. “Talvar” – 4 saat
Birinci saat:
Əsərin məzmunu üzrə iş
Standartlar
Təlim nəticələri
1.1.1.
Hekayədə tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu
kitablarının köməyi ilə aydınlaşdırır.
1.1.3.
Hekayəni hissələrə ayırır, seçdiyi hissənin məzmununu
hazırladığı plan əsasında yığcam nağıl edir.
1.1.5.
Hekayədə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.
Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müza-
kirəsi əsasında müəyyənləşdirilə bilər. Həmin prosesdə müəllimin
müvafiq qiymət-
ləndirmə meyarlarından istifadə etməsi məqsədəuyğundur.
Motivasiya, problemin qoyuluşu. Motivasiyanın yaradılmasına fərqli yollarla
nail olmaq mümkündür; hekayədən yığcam parçanın (xartutun parçalanması və ya
Əliabbas kişinin dülgərlik alətlərini satmaq niyyəti) oxunması, YouTube-dən yazıçı
Elçinlə bağlı süjetdən (https://www.youtube.com/watch?v=CaCXTREGM_8) fraq-
mentin nümayişi, əsərin məzmununa uyğun illüstrasiyalardan
istifadə bu
qəbildəndir. Eləcə də dərslikdəki “Yada salın” başlıqlı suallar əsasında yığcam
müsahibə aparmaq faydalıdır.
Tədqiqat sualı: Sadə zəhmət adamına həsr olunan əsərdə oxucu üçün dəyərli
nə ola bilər?
Şagirdlərin fərziyyələri dinlənilir, təkrara yol verilmədən qeyd edilir.
Tədqiqatın aparılması. Hekayənin məzmununun öyrənilməsinə oxu
növlərindən birinin tətbiqi ilə başlanılır. Fasiləli oxunun tətbiqi zamanı hər
parçanın
oxusundan sonra fasilə edilir, məzmunla bağlı suallara cavab verilir.
Hekayənin gözlənilməz başlanğıcı – yüz yaşlı xartutun qəfildən parçalanması
hadisələrin gələcək inkişafı barədə şagirdlərdə müxtəlif mülahizələrin yaranmasına
səbəb olur. Bu proqnozlaşdırılmış oxunun tətbiqini faydalı edir. Təcrübə göstərir
ki, proqnozlaşdırılmış oxudan istifadə şagirdlərdə hadisələrin davamını öyrənməyə
maraq oyadır, müstəqilliyə, fəallığa, diqqətli olmağa sövq edir.
Oxu prosesində tanış olmayan sözlərin mənasının aydınlaşdırılmasına, bədii
təsvir və ifadə vasitələrinin müəyyənləşdirilməsinə diqqət yetirilir.
Sinifdə öyrənilməsi nəzərdə tutulmuş birinci parçanın oxusuna ayrılmış vaxt
başa çatdıqdan sonra şagirdlərə ilkin təəssüratlarını bölüşmək imkanı yaradılır. Bu,
növbəti tapşırığın (məzmuna aid sualların və onlara cavabların hazırlanması)
uğurla yerinə yetirilməsinə də əhəmiyyətli təsir edir. Tapşırıq cütlük şəklində iş
formasının tətbiqi ilə icra olunur. Oxunmuş parçada müəyyənləşdirilmiş hissənin –
epizodun məzmununun tərtib edilmiş plan əsasında geniş nağıl edilməsi də şagird
təəssüratının
zənginləşməsinə, qavramanın dərinləşməsinə səbəb olur. Dərslikdə
təklif edilmiş növbəti tapşırıq (məcazların növünün dəqiqləşdirilməsi) fərdi olaraq
yerinə yetirilir.