Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə33/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   29   30   31   32   33   34   35   36   ...   78

 
184 
Qara torpağa düşdü birdən-birə. 
Bu imiş demək taleyin son işi 
Deyildir əbəs könlümün təşvişi. 
Cavab verdi Sindoxta Mehrab ki, sən, 
Yeni söz deyil, tutmusan köhnədən. 
Əzəldən vəfasız qurulmuş cahan, 
Ona bağlamaz bel ağıllı olan. 
Biri gəldimi, digəri tez köçər, 
Bu bir körpüdür, hər yaranmış keçər. 
Cavabında Sindoxt dedi: – Mən deyən 
Məsəldir, yozur başqa cür hər yetən. 
Bu xoşbəxt möbid, o, söz ustadı 
Ağac rəmzi ilə demiş övladı 
Ağıllı misalla təzə söz dedim, 
Sipəhbod fikir vermədi, nə edim? 
Kədərlə əyildi o sərvin başı, 
Yudu gül yanağlarını göz yaşı. 
Eşit Samın oğlu bizə tor qurub, 
O, Rudabənin beynini doldurub. 
Yaxıb könlünü eşq ilə odlara,   
Biz indi gərək axtaraq bir çara. 
Nəsihətlərim etmir əsla əsər
Xəyaldan qızın canını dərd üzər. 
Eşitdikdə Mehrab haman bu sözü, 
Əl atdı qılınca, qızardı gözü, 
Bədən əsdi, oldu üzü zəfəran, 
Ciyər qanla doldu, ürək oldu qan. 
Qanından, dedi, indi Rudabənin 
Qızıl don geyər yer üzü, bil, yəqin, 
Bir anda ki, Sindoxt gördü bunu, 
İki qolla qucdu onun boynunu. 
Dedi: – Gör, kənizin nə söylər sənə: 
Qızışma, bir anlıq qulaq ver mənə! 
Məni dinlə, sonra nə istərsən et, 
 
185 
İradə, ağıl göstərən yolla get! 
O dartındı, Sindoxtu saldı yerə, 
Deyərdin dönübdür o qızmış şirə, 
Gərək qız uşağı doğan gündə sən, 
Kəsəydim onun başıiı, adətən. 
Pozub adəti, mən ona qıymadım, 
Kəsildi bəla başıma övladım. 
Uşaq ki, ata adətindən dönər, 
Deyərlər haramzadədir, bihünər. 
Canımdan, adımdan belə qorxuram
Niyə qoymayırsan alım intiqam? 
Mənuçehrlə Sam əgər bilsələr, 
Bizə bir büsat qurmağa gəlsələr, 
Göyə sovrular Kabilin torpağı, 
Olar məhv elin, ölkənin novrağı. 
Xəbər verdi Sindoxt: – Ey qəhrəman, 
Bu haqda danışma belə heç zaman, 
Nə qorxu, nə təşviş, nə fikrə dəyər, 
Tutubdur igid Sam işdən xəbər, 
Odur, Qorqsaranı da tərk edib, 
Bu sirri bilib, razıdır ki, gedib. 
Cavab verdi Sindoxta Mehrab belə: 
– Yalan sözlə tutma məni sən dilə. 
Mənim beynimə batmayır bu kələk 
Ki, torpağa etsin itaət külək. 
Yəqin eyləsəm, çəkmərəm bir ziyan
Bu işdən kədərlənmərəm heç zaman. 
Kim Əhvazdan Qəndəhara qədər 
Sam ilə qohumluqdan eylər həzər? 
Cavab verdi Sindoxt ki: – Başım tacı, 
Deyildim yalan söhbətin möhtacı, 
Mənəm qəmli gündə sənin həmdəmin, 
Yaxar bağrımı odlara hər qəmin. 
Sözüm doğrudur, mənsə, çoxdan hələ, 


 
186 
Güman eyləyirdim ki, olsun belə. 
Bu iş baş tutarsa, qəribə deyil, 
Neçə hadisə göstərim qoy dəlil. 
Fəridun Yəmən sərvinə oldu şah, 
Belə bir yolu seçdi o xeyrxah. 
Yad ilə qohumluq edərsən əgər, 
Olar düşmənin qüssədən xuncigər. 
Xitab etdi Mehrab ona: –Durma, get, 
Qızı tez yanımda mənim hazır et! 
Ürəkdən acıq hissi keçsin deyə, 
Dilə tutdu Mehrabı əhd etməyə. 
O Sindoxta söz verdi ki: – Sən inan, 
Qızın görməz əsla əlimdən ziyan. 
Ağır söz desək biz ona, bil yəqin, 
Bizə qarşı bağlar Mənuçehr kin. 
Qoyarmı səlamət səni ya məni, 
Cahanda edər xar Rudabəni 
Önündə onun əydi Sindoxt baş, 
Ana qəlbini tərk qıldı təlaş. 
Gülər getdi versin qıza xoş xəbər, 
Deyərdin: üzündə açılmış səhər. 
Dedi: – Müjdə ver ki, atan, ey gözəl 
Götürmüş səninlə döyüşməkdən əl. 
Bəzək tərkini qıl, geyin sadə, get, 
Atan qarşısında əyil, səcdə et! 
Ona verdi Rudabə aydın cavab: 
– Niyə mən çəkim boş yerə iztirab. 
Mənə yar ikən Samın oğlu, ana. 
Niyə gizlədim, vermişəm söz ona. 
Ata qarşısında duran o nigar, 
Deyərdin: çiçəkdir, açıb novbahar, 
O parlaq günəşdi, saray şərq idi, 
Vücudu qızıl, yaquta qərq idi. 
Qızıl hüsnünə qaldı Mehrab mat, 
 
187 
Ürəkdə böyük tanrını etdi yad. 
Dedi: – Ağlın harda qalıb, ey dəcəl, 
Yararmı nəcibzadəyə bu əməl 
Ki, olsun pəri yar Əhrimənə? 
Nə tac, nə üzük qismət olsun sənə! 
Eşitdikdə Rudabə bu sözləri, 
Saraldı üzü, titrədi dizləri. 
Qara kirpiyilə qapandı gözü, 
Kədərdən boğazda ilişdi sözü. 
Ata qəlbi kinlə, qəzəblə dolu,  
O, qızmış pələngtək gedirdi yolu, 
Yönəldi evinə o vurğun gözəl, 
Qızılgül yanaqları solğun gözəl. 
Bilib tanrını hər ikisi pənah, – 
Həm ayüzlü dilbər, həm o padşah. 
Xəbərçi Mənuçehrə verdi xəbər 
Ki, Sam oğlu Mehrabla dostluq edər. 
Deyirlər ki, Zal eşqə düşmüş yaman, 
İki düşmən olmuş qohum, mehriban.  
Mənuçehr, ariflərin sərvəri, 
Hüzura çağırtdırdı möbidləri. 
Söz açdı, dedi onlara şəhriyar: 
Bizimlə yaman başlayır ruzigar. 
Pələng, şir çəngindən İranı mən 
Ağılla, döyüşlə çıxartdım dünən.  
Cahanda Fəridun əliylə əgər
Xilas oldu Zöhhak şərindən bəşər, 
Bu gün qorxuram, o kəsilmiş ağac 
Yeni şaxə versin, nədir bəs əlac? 
Olarmı ağılsız bir eşq ilə Zal 
Yaratsın zəlil düşmənə cah-cəlal? 
Zal evlənsə Mehrab qızıyla əgər, 
Doğulsa bir oğlan, olar şiri-nər. 
İti bir qılınc sanki qından çıxar 


 
188 
Kəsər, doğrayar, leş leş üstə yıxar, 
Ana səmtinə azca meyl eyləsə, 
Bizə qarşı bir kinli söz söyləsə, 
İranda qopar mütləqa şurüşər. 
Tutar təxt ilə tacı biganələr. 
Hamı bir ağızdan deyib afərin, 
Bəyəndi ağızdan çıxan sözlərin, 
Dedilər: – Sənin ağlın, ey hökmdar
Bizim ağlımızdan çox üstün durar. 
Sən o yolla get ki, ağıl göstərər, 
Ağıl əjdəhanı belə xar edər. 
Hüzura tələb etdi şah, Nuzəri, 
Böyüklərlə birlikdə o sərvəri, 
Dedi: – Samı, get, qarşıla yolda sən, 
Soruş, gör, nə olmuş, dönüb cəbhədən? 
Əməl eyləsin söylə fərmanıma, 
Yol üstü o gəlsin mənim yanıma! 
Şahın oğlu qalxıb bir an durmadan, 
Yola düşdü öz dostlarıyla haman. 
Döyüş filləri üstə əyan, kübar 
İgid Samı pişvaza yollandılar. 
Cahanpəhləvan Sam eşitcək bunu, 
Qəbula hazırlaşdı şah oğlunu. 
Ata elçisi Nuzəri-namidar 
Samın qarşısında tutunca qərar, 
Çalındı onun şəninə nay, təbil, 
Bəzəndi kəcavə, yedəkləndi fil
Mənuçehr peyğamını aldı Sam, 
Dedi Nuzərə: – Bu görüşdən şadam, 
Mənə hər nə əmr eyləmiş hökmdar, 
İtaət edib, eylərəm can nisar. 
Açıb süfrə, cam aldı onlar ələ, 
Mənuçehr adı gəldi ilkin dilə. 
Samın, Nuzərin adına keçdilər, 
 
189 
Daha bir neçə sağlığa içdilər. 
Gecə keçdi işrətdə, söhbətdə şən, 
Səpərdi, günəş parladı Şərqdən, 
Təbil səsləri verdi köçdən xəbər, 
Ərəb atları quş kimi açdı pər. 
Şahın əmrinə tez əməl etdilər, 
Mənuçehr dərbarına getdilər. 
Samın gəlməsindən xəbər tutdu şah, 
– Gəlintək bəzənsin – dedi – barigah, 
Dəniztək coşub Sari, Amül o gün,
38 
Şəhər əhli pişvaza çıxdı bütün, 
Yenilməz Sama hörmət olsun deyə, 
Tutub əldə zubin, durub cərgəyə 
Qoşun çulğamışdı böyük bir düzü
Bəzənmişdi səhra sarı, qırmızı. 
Təbil, sinc səsi göylərə yüksəlir, 
Xəzinə çəkən yüklü fillər gəlir. 
Mənuçehr dərbarına çatdı Sam, 
Atından enib şaha verdi salam. 
Xoş üzlə ona baxdı şahi-cahan, 
Düşüb, torpağı öpdü Sam pəhləvan, 
Qoyub başına tacını hökmdar, 
Tutub şirmayi təxtin üstə qərar. 
Nəvazişlə yer göstərib mehmana, 
Oturtdu özüylə onu yan-yana. 
Dedi: – Qorqsar ellərindən danış! 
O Mazəndaran divlərindən danış! 
Döyüşlərdə qalib çıxan pəhləvan, 
Belə söylədi: – Ey böyük hökmran! 
Həmişə səlamət yaşa, şən yaşa, 
Sənə düşmən ox atsa, dəysin daşa. 
Gedərkən o divlər olan yurda mən, 
Nə divlər, hərə şiri-nərdi, deyən, 
Qaçışda var onlarda at sürəti, 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə