Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə30/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   26   27   28   29   30   31   32   33   ...   78

 
166 
Yaxın dost kimi, çox şirin, mehriban. 
Dedi: – İndi artıq duşun bir çara, 
Görüşmək üçün sən bizə yol ara! 
Onun eşqi könlümdə salmış məkan, 
Onun vəslidir arzum ancaq, inan. 
Pərəstar ded: – İznin olsun gərək, 
O sərvi-rəvan qəsrinə biz gedək. 
Cahan pəhləvandan ona söz açaq, 
Boyu, görkəmi, vəsfinə başlayaq. 
Onu ram edək sözlə, söhbətlə biz, 
O dilbər bizi dinləyər, şübhəsiz. 
Əgər razı olsa böyük pəhləvan
Kəmənd əldə qəsrə gəlib alsa yan, 
Kəməndi atıb bürcə qalxar azad
Quzu ovlamaqdan olar şir şad. 
Gözəllər gedib, Zal döndü geri, 
Olub şad, atdı bütün qəmləri. 
Kənizlər çatıb qəsrə axşam çağı, 
Hərənin əlində iki gül tağı, 
Bunu gördü dərban, qopardı haray, 
Səsindən onun titrəyirdi saray: 
Dedi: – Siz nə vaxt çıxmısız qəsrdən? 
Gedərkən sizi görmədim mən nədən? 
Gözəllər tutuldu durub yan-yana, 
Cavab gəzdilər qəlbi dar dərbana. 
Dedilər: – Bu gün başqa bir gün deyil, 
Div olsun bizim yolda, mümkün deyil. 
Yaz olmuş, gərək bolluca gül dərək, 
Gedib gülşənə, şaxə sünbül dərək. 
Cavab verdi dərban ki: – Bir iş də var, 
Unutsaq onu biz, böyük səhv olar. 
Hələ gəlməmiş Kabilə Zali-zər, 
Sərapərdəsinə bizim şah gedər. 
Görürsüzmü Mehrab çıxıb qəsrdən, 
 
167 
Odur, atlanıb ketmək istər həmən, 
Sizi əldə gül görsə o qəhrəman, 
Verərsiz quru torpaq üstündə can. 
Sənəmlər keçib getdilər eyvana, 
Xanım qızla əyləşdilər yan-yana. 
Cəvahirləri ortaya qoydular
Sual verdi Rudabə tez biqərar: 
– Deyin, Samın oğluyla nə etdiniz? 
O şan-şövkəti gördünüz orda siz? 
Pəriüzlərin hər beşi durmadan 
Dedi: – Ey ayüzlü sənəm, o cavan 
Gözəl bir igiddir, boyu sərvtək, 
Var onda şahənşaha məxsus ürək. 
Boyu, rəngi, ətri, – hamı yerbəyer, 
Beli incə, enlikürək, sanki şir. 
Var aslan kimi onda pəncə, bilək, 
Odur, şah fərasətli, möbidürək. 
Bütün tükləri ağdır, eybi budur, 
Ona ar sayılmaz bu xırda qusur. 
Onun ağ saçını görənlər deyər: 
Bəzər ərğəvaiı gümüşdən sipər, 
Çətin ki, onun vəsfinə söz tapaq, 
Əyar tut sən öz eşqini birsayaq! 
Səninlə görüş vədi verdik ona, 
Həmin şərt ilə yetdi söhbət sona. 
Sən indi qonaq barəsində düşün
Qayıtsaq, nədir, söylə, axır sözün? 
Pərəstarlara seylədi nazlı qız: 
– Nə oldu, dəyişdi belə rəyiniz? 
O Zal ki, ona quş pərəstar idi, 
Pərişan qoca, saçları qar idi, 
Görüşdükdə oldu gülü-ərğəvan, 
Gözəl, sərvqədd, laləüz, pəhləvan? 
Yanında məni siz dilə saldınız? 


 
168 
Bu tərif üçün də ənam aldınız? 
Dodaqda təbəssüm dedi bu sözü, 
Utancaqlığından qızardı üzü. 
Pərəstar dedi: – Bəsdir, ey aycamal, 
Qonağı qəbul qeydinə indi qal. 
Nəsib etdi tanrı sənə istəyin, 
Xeyirlə sona varsın eşqin sənin. 
Gülüstan kimi bir evi var idi, 
Şəkillər, naxışlarla gülzar idi, 
O dilbər özü durdu tavustək, 
Bəzəkli evə verdi başqa bəzək. 
O gözlərdi candan əziz bir qonaq, 
Gətirdi neçə saf qızıldan tabaq. 
Surahilərə tökdü köhnə şərab, 
Suyu şərbətin oldu xalis gülab. 
Qədəhlər qızıldı cavahirnişan, 
Səpildi yerə müşk, ənbər haman. 
Düzüb ortaya yasəmən, sünbülü, 
Bənövşə, qızılgüllə nərgiz gülü. 
Günəşüz qızın mənzilindən o gün 
Ətir çulğadı kainatı bütün. 
Günəş gözdən itdi, hava oldu tar, 
Otaq bağlanıb, gizlədildi açar, 
Pərəstar yetişdi Zalın yanına 
Ki, işlər düzəlmiş, zirək olsana! 
Cavan tez yola düşdü qəsrə sarı, 
Belə axtarar, rəsmdir, yar yarı. 
Qaragöz, gülüzlü dama çıxdı tək, 
Baxırdı yola o, uca sərvtək. 
Uzaqdan göründükdə Sam oğlu Zal, 
Hazırlaşdı pişvazana aycamal. 
Qoşa ləli açdı, çağırdı haman 
Ki, xoş gəlmisən, xoş bizə, ey cavan 
Hər işdə sənə tanrı olsun kömə 
 
169 
Gülüstanı tərk elədin sərvtək 
Piyada çadırdan bura gəlməyin 
Ayaqlarına oldu zəhmət yəqin. 
Sam oğlu eşitdikdə bu sözləri, 
Baxıb gördü ayuzlü şux dilbəri. 
Dam üstü onun nuru ilə dolub, 
Gili, torpağı inci, yaqut olub. 
Cavabın belə verdi o-dilbərin: 
– Fələkdən sənin hüsnünə afərin. 
Nə vaxtdır, gecə yatmayıb, ey nigar. 
Göyə əl açıb, eylədim ahü zar 
Ki, bəlkə böyük tanrımız bir karə 
Yuxumda camalın mənə göstərə. 
Şadam ki, eşitdim xoş avazını, 
Şirin sözlərini, zərif nazını. 
Səninlə görüşmək üçün yol ara, 
Sən o damda, mən yerdəyəm, qıl çara! 
Zalı dinlədikdə gülüzlü pəri, 
Əl atdı başından aça zülfləri. 
Uca sərvdən açdı o bir kəmənd, 
Bəşər müşkdən eşməmişdir kəmənd 
Mənim sözlərimdə, bilin, yox yalan, 
Saçı müşk idi, sanki bir cüt ilan 
Hörülmüşdü zəncir kimi yan-yana, 
Sürüşdü buxaqdan qoşa püstana. 
Topuqlarına ucları oldu bənd, 
Yerə salladı saçlarından kəmənd. 
Dedi: – Aç kəyan pəncəsi, şir əli, 
İradə kəməndiylə bağla beli. 
Saçımdan yapış, qalx, kəmənd yoxsa da 
Sənə saçlarım da, canım da fəda. 
Ayuzlu nigara tərəf baxdı Zal, 
Onu valeh etdi o saç, o camal, 
Dedi: – Yox, bunu etmərəm heç zaman, 


 
170 
Qaranlıq olar gündüzüm də, inan! 
Bu bir qəsddir canıma, ey nigar, 
Həzin bağrıma sanki bir ox batar. 
Hörüklərdən öpdü nəvazişlə Zal 
Fərəhləndi bu busədən məhcamal. 
Qulundan kəmənd aldı, halqa edib, 
Atıb bürcə, bir an sükuta gedib, 
Kəmənd halqası bürca çatdı haman, 
Dama qalxdı yerdən igid, qəhrəman. 
Dam üstündə görçək o şiri-nəri 
Önündə baş əydi gülüzlü pəri. 
Zal ilə verib əl-ələ gülüzar 
Elə getdilər, sanki sərxoşdular, 
Sarındı qolu Zalın o dilbərə, 
Damından uca qəsrin endi yerə. 
O zərli, bəzəkli evə gəldilər, 
O şahanə məclisdə dincəldilər. 
O ev bir behiştdi, dolu nur ilə, 
Oturmuşdu Zal üzbəüz hur ilə. 
Zal heyrandı o gülyanaq afətə, 
Şəvə saçlara, sərvtək qamətə. 
Boyunbağı, güşvarəsi, qolbağı, 
Olub gövhərə qərq cənnət bağı. 
Yanaqlar səmən içrə tər lalətək, 
Saçı halqa-halqa eşilmiş ipək. 
Oturmuş sevincək o dilbərlə Zal, 
Var onda şahənşaha məxsus kamal. 
Həmayil qılınc asmış o pəhləvan, 
Başında tacı ləlü yaqutdan. 
Öpüb bir-birini qucaqlaşdılar, 
Fəqət etmədi guru aslan şikar. 
Sam oğlu dedi: – Ey ayüzlü pəri, 
Boyu sərvtək, hurilər sərvəri, 
Mənuçehr tutsa bu işdən xəbər, 
 
171 
Yəqin ki, bizə maneə göstərər. 
Atam Sam – Neyrəm gələr dəhşətə, 
Salar etirazla məni zəhmətə. 
Fəqət, bil, əziz tutmaram canı mən, 
Keçib başü candan, geyinsəm kəfən, 
Böyük tanrıya içmişəm and, inan, 
Mən öz əhdimi qırmayam heç zaman. 
Gedib xaliqə diz çöküb yalvarım, 
Bir abid kimi yaş töküb yalvarım 
Ki, şah ilə Samın aça qəlbini, 
Yuyub rədd edə hər küdurət kini. 
Əgər həqqə çatsa ünüm, fəryadım, 
Olarsan mənim sevgili arvadım. 
Dilə gəldi Rudabə ki, mən daha 
Bir and içmişəm pak olan allaha. 
Bu peymanıma tanrı olsun həkəm: 
Mən ömrüm boyu başqasın sevməyəm. 
Ər olsun mənə Zali-zər pəhləvan, 
Olaq bir-birinə əziz, mehriban. 
Məhəbbətləri artdı andan-ana, 
Ağıl getdi, düşdü həvəs meydana. 
Gecə keçdi, geydi bəyaz dan yeri, 
Saraydan ucaldı təbil səsləri. 
Günəş aydan ayrıldı olcaq səhər, 
Qılıb tərk Rudabəni Zali-zər. 
Yerə enmək üçün kəmənd atdı Zal, 
Düşüb getdi, könlündə min xoş xəyal. 
Sanırdı özünü o gün bəxtiyar, 
O ilkin şirin busələrdən xumar. 
Günəş qalxdı dağ arxasından göyə 
Bütün pəhləvanlar durub cərgəyə, 
Ədəblə hamı Zala verdi salam, 
Salam bitsə də, məclis etdi davam. 
Çağırtdırdı xidmətçini Zali-zər 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə