16
Konvensiyasını imzalamış dövlətlərə nota ilə müraciət edərək Konvensiyanın
qərarlarına yenidən baxmaq təklifi ilə çıxış etdi.
Notada deyilirdi ki, Türkiyə sülh
və müharibə dövründə ticarət gəmilərinin Boğazlardan azad keçidini saxlamağa
hazırdır və eyni zamanda tələb edirdi ki, Boğazlarda möhkəmlənmək hüququ ona
qaytarılmalı, Türkiyə ərazilərinin toxunulmazlığını təmin etmək üçün Boğazların
təhlükəsizliyi tənzim edilməlidir (12). Türkiyənin belə mövqeyi Avropada siyasi
və hərbi şəraitin dəyişməsi ilə izah olunurdu. Türkiyə tərəfi bu fıkirdə idi ki,
Lozanna Konvensiyasını imzalayan zaman hərbi gəmilərin boğazlardan keçməsinə
ona görə razı olmuşdu ki, həmin dövrdə Avropada tərksilah prosesi gedirdi və
bütün ölkələrin silahlı qüvvələri daha az təhlükəli idi. Lakin son illər Aralıq
dənizində vəziyyət köklü şəkildə dəyişilmiş, narahatlıq artmış, proseslər təhlükəli
xarakter almışdır.
Beynəlxalq vəziyyətin gərginləşdiyi bir şəraitdə doğrudan da Lozanna
müqaviləsi Türkiyənin təhlükəsizliyinə cavab vermirdi. Türkiyənin Boğazlarda
hərbi qüvvə saxlaya bilməməsi, xarici dövlətlərin dəniz qüvvələrinin qeyri-
məhdud sayda Boğazlardan keçməsi Türkiyəni hər an təhlükə qarşısında qoyurdu.
Ölkə gözlənilməz vəziyyətlə üzləşə bilərdi.
Boğazlar məsələsinə baxılmasında maraqlı olan Sovet tərəfi Türkiyənin
asından narazı idi. Bu narazılıq ilk növbədə onunla bağlı idi ki, Türkiyə bütün
digər ölkələrə öz təkliflərini SSRİ ilə razılaşmadan göndərmişdi. Sovet tərəfi belə
hesab edirdi ki, notanın göndərilməsi faktı və onun mətni Sovetlərlə müzakirə
edilməli idi. Lakin Sovet tərəfi öz narazılıqlarını açıq şəkildə büruzə vermədi.
SSRİ Xarici İşlər Komissarlığı 1936-cı ilin aprel ayının 16-da Moskvadakı
Türkiyə səfiri Z.Apaydına təqdim etdiyi cavab notasında göstərirdi ki, Türkiyənin
öz ərazilərinin təhlükəsizliyini təmin etməyə yönəlmiş cəhdləri qanunauyğundur.
Sovet hökuməti cavab notasında Türkiyənin təhlükəsizliyinin təmin edilməsi
maraqlarına və bu ərazidə sülhün və sabitliyin təmin edilməsinə uyğun olaraq
Boğazlar məsələsi ilə bağlı danışıqlarda iştirak etməyə hazır olduğunu bildirdi
(13).
Sovetlərin belə mövqeyi səfir Z.Apaydın tərəfindən məmnunluqla qarşılandı
və cavab notası tezliklə Ankaraya çatdırıldı. Qeyd etmək lazımdır ki, Z.Apaydın
Sovet İttifaqına loyal münasibət bəsləyən təcrübəli diplomat idi. O, bir müddət
Londonda səfir işləmiş, 1925-ci ilin mayında isə birinci dəfə SSRİ-yə səfir təyin
edilmişdi. Onun Moskvadakı birinci missiyası 1927-ci ilin noyabrına qədər davam
etmişdi. Elə həmin il Apaydın üçüncü məclisə Diyarbəkirdən millət vəkili
seçilmiş, əvvəl Məclisdə xarici işlər komissiyasına başçılıq etmiş, 1935-ci ilə kimi
isə İ.İnönü kabinetində müdafiə naziri vəzifəsini tutmuşdu. 1935-ci ilin iyununda
isə yenidən Moskvaya səfir təyin edilmişdi. Z.Apaydının Moskvada ikinci
missiyası 1939-cu ilin avqustuna qədər davam etmişdi. Türkiyə ilə SSRİ arasında
17
17 dekabr 1925-ci il müqaviləsinin, 15 mart 1927-ci il ticarət müqaviləsinin
imzalanmasında, Sovet və Türkiyə xarici işlər nazirlərinin 1927-ci ildə Odessada
keçirilən görüşlərində bilavasitə iştirak etmişdi. 1935-ci ildə V.Molotovla görüşdə
Z.Apaydın Türkiyə üçün üç milyon rubl kredit almağa nail olmuşdu (14).
Türkiyənin 11 aprel notası ilə bağlı qeyd etmək lazımdır ki, may ayının 2-nə
qədər İtaliya istisna olmaqla maraqlı dövlətlərin hamısı Lozanna Konvensiyasına
yenidən baxılması üçün konfrans çağırılmasına razı olduqlarını bildirmişdilər (15).
Xarici işlər naziri R.Aras və nazirliyin baş katibi N.Menemençioğlu gələcək
konfransın iştirakçısı olan dövlətlərin paytaxtlarına səfərlər etmiş və onun
çağırılması ilə bağlı mühüm məsələləri maraqlı dövlətlərlə razılaşdırmışdılar.
Konfransın Millətlər Cəmiyyəti Şurasının 1936-cı il iyun sessiyasından sonra
Montrö şəhərində keçirilməsi barədə may ayının sonunda R.Arasla M.Litvinov
arasında razılıq əldə edilmişdi. Eyni zamanda Türkiyədəki Sovet müvəqqəti işlər
vəkili L.Karaxan göstəriş almışdı ki, Türkiyə hökuməti ilə danışıqlara başlayıb
onların qarşıdakı konfransda yeridəcəkləri xətti aydınlaşdırsın.
Montrö konfransına hazırlığın gedişində ilkin olaraq Sovet hökuməti öz
nümayəndələrinə tövsiyə etmişdi ki, Boğazlarda hərəkətlə bağlı Qara dəniz ölkəsi
olan və olmayan dövlətlərin hərbi gəmilərinə münasibətdə fərqli yanaşma xətti
əsas götürülməlidir. Sovet mövqelərini özündə əks etdirən sənəddə göstərilirdi:
Qara dəniz ölkəsi olmayan dövlətlərin bütün növdən olan hərbi gəmiləri üçün dinc
dövrdə Qara dəniz boğazlarından keçməsi qadağan edilir, müstəsna hal kimi
vuruşmayan dövlətin bir kreyser və dörd esminesdən artıq olmayan tərkibdə
suüstü gəmilərinin dostluq səfərlərinə icazə verilir. Sənəddə daha sonra qeyd
edilirdi ki, müharibə zamanı Türkiyə istisna olmaqla bütün dövlətlərin hərbi
gəmilərinin boğazlardan keçməsi qadağan edilir, digər dövlətlərin (o cümlədən
Qara dəniz dövlətlərinin) hərbi gəmilərinin boğazlardan keçməsinə Millətlər
Cəmiyyətinin sanksiyası ilə o halda icazə verilir ki, bu özünü-müdafiə və ya
təcavüzə məruz qalmış dövlətə kömək göstərmək xarakteri daşısın (16).
Bu təlimata uyğun olaraq Sovet müvəqqəti işlər vəkili L.Karaxan ilkin olaraq
Ankarada Türkiyə Xarici işlər naziri R.Arasla fikir mübadiləsinə başladı.
Danışıqlar gedişində R.Aras iyun ayının 4-də Türkiyə hökumətinin Boğazlar
rejimi ilə bağlı mövqelərini əks etdirən təklifləri Karaxana bildirdi. Orada
deyilirdi:
1) Hərbi gəmilərin boğazlardan keçməsi qadağan edilir;
2) Yalnız Qara dəniz dövlətlərindən birinə qabaqcadan razılaşdırılmış,lakin
aşağıdakı məhdudiyyətlərlə səfərlərə icazə verilir:
a) eskadranın - hərbi dəniz gəmiləri birləşməsinin tərkibi bir xətt gəmisi, iki
mina gəmisi və bir sualtı qayıqdan artıq olmamalıdır;
b) gəmilərin su tutumu 28 min tonu keçməməlidir