32
kamalçıların radikal hissəsinin nümayəndəsidir, etatizmin və daxili ehtiyatlara
arxalanmağın tərəfdarıdır. Xarici siyasətdə İnönü Türkiyənin müstəqilliyinin
müdafiəçisidir, Qərbə ehtiyatla yanaşmağın. SSRİ ilə dostluq münasibətlərinin
inkişaf etdirilməsinin tərəfdarıdır. N.Novikovun arayışında göstərilirdi ki,
Türkiyənin xarici siyasətdə orientasiyası ilə bağlı Atatürklə İsmət paşa arasında
mübahisə yaranmışdı. Guya, bu mübahisənin gedişində o, SSRİ-yə meyllənməyin
tərəfdarı olaraq qalmışdı (51).
1937-ci ilin yayında keçirilən Nion beynəlxalq konfransından sonra xarici işlər
naziri R.Arasla Baş nazir İ.İnönü arasında başlanan ixtilaflar həmin ilin oktyabr
ayının 25-də Baş nazirin istefası ilə sonuclandı. Şübhəsiz ki, bu işdə Atatürkün
yaxın əhatəsində və ətrafında İsmət paşa əleyhinə aparılan intriqalar az rol
oynamamışdı.
Yeni təyin edilmiş Baş nazir Mahmud Celal Bayar Sovet xüsusi və diplomatik
orqanları tərəfindən iri burjuaziyanın nümayəndəsi və Qərbin adamı kimi
qiymətləndirilirdi. Həm də C.Bayar hərbçi deyil, mülki vətəndaş kimi Baş nazir
vəzifəsinə təyin edilmişdi. Sovet diplomatik orqanlarının hazırladığı arayışda onun
həyat yolu çox geniş əhatə olunmuşdu. Hələ 20-ci illərin əvvəllərindən başlayaraq
məsul vəzifələrdə çalışan C.Bayar 1920-22-ci illərdə iqtisadiyyat naziri, 1922-23-
cü illərdə xarici işlər nazirinin müavini işləmiş 1923-cü ildə hökumət tərəfindən
Mosul nefti barədə qeyri-rəsmi danışıqlar aparmaq üçün Avropaya göndərilmişdi.
Lozanna konfransında o, iqtisadi məsələlər üzrə məsləhətçi olmuşdu. Dövlət işləri
ilə yanaşı, şəxsi biznes sahəsində də C.Bayar istedadlı, işgüzar adam kimi
xarakterizə edilirdi. O, 1924-cü ildə təsis edilən İş bankının əsas payçılarından, bir
il sonra isə yeni yaradılan fransız-türk birgə "Anadolu" sığorta cəmiyyətinin idarə
heyətinin üzvlərindən biri idi. C.Bayar 1932-ci ildə iqtisad naziri təyin edilmişdi
və Baş nazir olana qədər bu vəzifədə çalışmışdı. SSRİ Xarici İşlər Komissarlığının
Orta Şərq şöbəsinin hazırladığı materiallarda C.Bayar mürtəce daxili siyasət
yeridən, diktatura meylli, iri burjua dairələrinin maraqlarını təmsil edən siyasi
xadim kimi təqdim edilirdi. Xarici siyasətdə isə o, Türkiyənin SSRİ-dən
uzaqlaşmasının, beynəlxalq aləmdə SSRİ ilə birgə əməkdaşlıqdan imtinanın,
imperialist, o cümlədən faşist rejimli dövlətlərlə yaxınlaşmanın, "bitərəflik"
siyasəti yeridilməsinin əsas tərəfdarı kimi qiymətləndirilirdi (52).
Xalq Xarici İşlər Komissarlığının 1938-ci ilin oktyabrında C.Bayarla bağlı
SSRİ Ali Sovetinin xarici işlər üzrə komissiyasına təqdim etdiyi məlumat
vərəqəsində göstərilirdi: Bir tərəfdən Anadolu ticarət burjuaziyasının komprador
elementlərlə birləşməsi prosesinin başa çatması, digər tərəfdən Türkiyədə fəhlə
sinfinin inkişafı və bununla bağlı fəhlə hərəkatının güclənməsi Türkiyə
hökumətinin və Türkiyə "Xalq respublikaçı
33
partiyanın" rəhbərliyinə Celal Bayar başda olmaqla iri burjuaziyanın gəlməsi ilə
nəticələndi. 1937-i ildə İsmət İnönünün Baş nazir vəzifəsindən getməsi bu
dəyişikliklərin nəticəsidir (53).
Ankarada olan Sovet səfiri A.Terentiev Xarici İşlər Nazirliyinə göndərdiyi 11
sentyabr 1938-ci il tarixli gizli məruzəsində C.Bayarı Türkiyə irticasının və
imperialist dövlətlərin arzu və istəklərinə uyğun gəldiyini qeyd edərək yazırdı:
"Bayar əsas qayəsi nə qədər mümkünsə o qədər tez varlanmaqdan ibarət olan yüz
faiz möhkəm formalaşmış möhtəkir və mənfəətpərəstdir. İngilispərəstlərin
təsirində olan, almanların qılığına girən Bayar Sovet rejimi təsirinə qarşı qəti
mübarizə aparanlardandır. Hakimiyyətə gəlməklə o, Sovet İttifaqı haqqında
həqiqəti bilməyə cəhd edən ictimai fikri boğmaq üçün nə lazım idisə, onu da özü
ilə gətirdi. Şükrü Kaya ilə birlikdə o, dəfələrlə "xarici təbliğat" adı altında işarə
edib ki, guya Türkiyə Respublikası üçün əsas təhlükə SSRİ tərəfdən gəlir" (54).
Sovet səfirliyinin sonrakı məlumatları da təxminən bu ruhda idi. Onlar səhv
olaraq Sovet-Türkiyə münasibətlərinin sərinləşməsini C.Bayarın hakimiyyətə
gəlməsində görürdülər. Səfir A.Terentiev xarici işlər komissarı M.Litvinova 31
oktyabr 1938-ci il tarixli gizli məktubunda yazırdı: "İsmətlə Bayar arasında qatı
düşmənçilik vardır. Ordu, Türk parlamentinin üzvlərinin böyük əksəriyyəti, türk
ictimaiyyətinin radikal əhvali-ruhiyyəli hissəsi İsmətin tərəfindədir. Atatürk
dövründə Türkiyənin "həddindən artıq demokratik dövlət" olduğunu hesab edən
mürtəce burjuaziya Bayarın tərəfində dayanıb. Bayara görə ölkənin yeni siyasi
xətti faşist Almaniyası ilə daha sıx əlaqədə olmalıdır (55).
Əslində Bayarın gəlişindən sonra faşist Almaniyası ilə Türkiyənin əlaqələrinin
yaxşılaşması haqqında Sovet diplomatik idarələrinin açıq və gizli məlumatları,
habelə Sovetlər Birliyində bu məsələ ilə bağlı yaranmış narahatçılıqlar həqiqətə
uyğun deyildi. 1937-ci ildə Almaniyanın Montrö sazişinə düzəliş etmək təklifi
Türkiyə tərəfindən rədd edildi. Türkiyə Xarici İşlər Nazirliyi Ankaradakı Sovet
müvəqqəti işlər vəkili Nikitnikova məlumat verdi ki, Almaniya hökuməti Boğazlar
barəsində Türkiyə-Almaniya müqaviləsi bağlamağa təkid etsə də, Türkiyə buna
rədd cavabı verdi (56).
Türkiyə bir tərəfdən həmin dövrdə aparıcı dövlətlərin çoxu kimi Almaniya və
İtaliyanı qıcıqlandıran addımlardan uzaq olmağa çalışırdısa, digər tərəfdən SSRİ
ilə əvvəlki dostluq münasibətlərini nümayiş etdirməyə və bununla da Türkiyənin
Montrödəki mövqeyinə və qarşılıqlı yardım haqda paktla bağlı danışıqlara Sovet
rəhbərliyinin arzuolunmaz münasibətini neytrallaşdırmağa səy edirdi. Xarici işlər
naziri R.Aras 1938-ci ilin iyulunda Terentievlə söhbətində bildirmişdi: "Türkiyə
heç vaxt, heç bir şəraitdə Sovet İttifaqına qarşı mübarizə cəbhəsinə qoşulmaz,
çünki SSRİ həmin ölkədir ki, Türkiyənin ən ağır vaxtlarında silah, siyasi