88
Ş.Saracoğlunun kabinetində xarici işlər naziri vəzifəsini təcrübəli diplomat,
beynəlxalq hüququn gözəl bilicisi Numan Menemençioğlu tutdu.
N.Menemençioğlu tanınmış türk şairi Namiq Kamalın nəvəsi idi. O, 1936-cı ildə
Boğazlar məsələsinə dair Montrö konfransının çağırılması üçün əsas kimi
götürülən notanın müəllifi idi. Eyni zamanda Menemençioğlu Montrödə fəallıq
göstərən türk diplomatlarından idi. Diplomatik kanallarla alınan məlumatlarda
göstərilirdi ki, o, Montrö konfransında SSRİ-yə qarşı sərt mövqedə dayanmışdı.
Ankaradakı Sovet səfirliyi onun haqqında hazırladığı arayışda göstərirdi ki,
Menemençioğlu Baş katib vəzifəsində işlədiyi vaxt faktiki olaraq Xarici İşlər
Nazirliyinin bütün işini aparır, siyasi və iqtisadi danışıqlarda başlıca rol oynayırdı.
Sovet səfirliyinin məlumatına əsasən, o, öz siyasi baxışlarına görə qatı millətçi,
almanpərəst, Almaniya ilə iqtisadi əməkdaşlığın ardıcıl tərəfdarı idi. Sovet
diplomatik orqanları belə hesab edirdilər ki, Menemençioğlu ingilis-türk ittifaq
müqaviləsinə tərəfdar olsa da, bu müqavilənin yerinə yetirilməməsi üçün müxtəlif
bəhanələr axtarıb tapırdı. Sovet xüsusi xidmət orqanlarının məlumatına görə guya
Menemençioğlu məhdud dairədə deyib ki, əgər Alman-türk paktı sovet-alman
müharibəsində SSRİ-nin məğlum olmasında heç olmasa hansı dərəcədəsə yararlı
olarsa, onda o, müsbət rol oynamış olardı (45).
Əlbəttə, bütün bu məlumatlar Sovet rəhbərliyini, ilk növbədə isə İ.Stalini
qıcıqlandırırdı. 1942-ci ilin avqust ayının ortalarında Britaniya Baş naziri
U.Çörçillə Kremldə apardığı danışıqlarda İ.Stalin Türkiyəyə qarşı acıqlı
mövqeyini belə ifadə etmişdi: "Şayiələr gəzir ki, türklər bizə hücum edəcəklər.
Əgər bu belədirsə, onlarla mən haqq-hesab çəkə bilərəm". U.Çörçill onu
sakitləşdirərək demişdi ki, belə bir təhlükə yoxdur. Türklər kənarda qalmaq
niyyətindədirlər, təbiidir ki, onlar İngiltərə ilə dalaşmaq istəmirlər (46). Avqust
ayının 12-dən 15-nə qədər İ.Stalinlə U.Çörçill arasında əsasən axşamlar keçirilən
görüşlərdə Sovetlər tərəfindən Molotov, Voroşilov, Britaniya tərəfindən Kadoqan,
Bruk, Moskvadakı səfir Kerr, səfirliyin katibi Denlot, Çörçillin yavəri Tomson,
katibi Rouen, prezident Ruzveltin nümayəndəsi Harriman və digərləri iştirak
edirdi. Britaniya-Sovet danışıqlarında müharibə meydanında və dünyada gedən
proseslər, habelə müttəfiqlərarası münasibətlərin bir sıra tərəfləri müzakirə edildi.
Danışıqlar zamanı U.Çörçill İ.Stalindən soruşdu: "O, almanların Qafqaz
dağlarından keçməsinin, Xəzər dənizinə çıxmasının və Bakı neft mədənlərini
tutmasının qarşısını ala bilərmi?" Çörçill belə hesab edirdi ki, almanlar bu
regiondan istifadə edərək sonralar Türkiyə və ya İran vasitəsi ilə cənuba doğru
irəliləyə bilərdilər. Britaniya Baş naziri öz xatirələrində yazır: O, (Stalin-C.H.)
xəritəni stolun üstünə sərib sakit bir əminliklə dedi: "Biz onları dayandırarıq.
Onlar dağlardan keçə bilməzlər" (47).
Türkiyənin Şərq vilayətlərinə əlavə ordu hissələri gətirməsi keçmiş Sovet
tarixşünaslığında bir qayda olaraq Türkiyənin SSRİ-yə hücuma hazır
89
laşması kimi qiymətləndirilirdi. Təəssüf ki, müasir rus tarixşünaslığında da bu
səhv yanaşma hələ bütövlükdə aradan qaldırılmamışdır.V.N.Kontevskinin 2003-
cü ildə Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda, çap olunmuş
kitabında qeyd edilir ki, 1942-ci ilin ortalarında, xüsusilə cəbhədə SSRİ üçün ağır
vəziyyət yarandığı dövrdə Türkiyə bizim sərhədlərimizdə 25-dən artıq diviziya
cəmləmişdi və Sovet komandanlığını məcbur edirdi ki, Zaqafqaziyanın müdafiəsi
üçün xeyli qüvvəni burada saxlasın (48). Türkiyənin Sovetlərlə sərhədlərə əlavə
hərbi qüvvələr göndərməsi Sovet İttifaqının Zaqafqaziyada hərbi hazırlıq
tədbirləri ilə bilavasitə bağlı idi. Sənəd və materialların araşdırılması göstərir ki,
əgər Türkiyənin SSRİ-yə doğrudan da hücum etmək fikri var idisə, bunun üçün ən
əlverişli vaxt 1942-ci ilin payızı idi. 1942-ci ilin avqust-sentyabr aylarında Şimali
Qafqaz və Cənub cəbhələri Almaniyanın Stalinqrada və Qafqaza doğru
irəliləyişinin qarşısını ala bilmədikdə, Zaqafqaziya cəbhəsinə əmr verildi ki,
Qroznı-Bakı istiqamətində 400 km-lik cəbhə xəttinin müdafiəsini təşkil etsinlər.
Bu dövrdən etibarən Zaqafqaziya cəbhəsinin bütün ehtiyatları Şimala doğru
yönəldildi. Şimal istiqamətindən Zaqafqaziyaya daxil olan bütün yollar nəzarətə
götürüldü. Bütün ordu hissələrinin və ehtiyat qüvvələrinin şimala göndərilməsi
Türkiyə ilə sərhədlərin mühafizəsini xeyli zəiflətdi. Zaqafqaziyanın cənub
sərhədlərini qoruyan sərhəd qoşunlarının sayı bu dövrdə 20 mindən artıq deyildi
və bunun da böyük əksəriyyəti yeni formalaşdırılmış, yaxşı təlim görməmiş atıcı
diviziyalardan ibarət idi. Almaniyanın bütün təkidlərinə baxmayaraq, Türkiyə
üçün yaranmış belə bir əlverişli şəraitdə bir sıra rus tarixçilərinin dili ilə desək
"gözlənilən fəlakət baş vermədi", ən nəhayətdə "Türkiyə müharibəyə girməyə
cəsarət etmədi". Alman faşist qoşunlarının Stalinqradda məğlubiyyətindən sonra
ümumiyyətlə, Türkiyənin müharibəyə daxil olması məsələsi Berlin tərəfindən bir
daha qaldırılmadı (49). Əksinə, bundan sonra Türkiyənin müttəfiqlər tərəfindən
müharibəyə daxil olması müzakirə mövzusuna çevrilməyə başladı ki, bu da bir
qayda olaraq Sovetlərin artan təzyiqi fonunda baş verirdi.
1942-ci ilin sentyabrında Sovetlər tərəfindən demək olar ki, Türkiyənin bütün
siyasi mənzərəsi öyrənilmiş, siyasi mühitdə fəaliyyət göstərən bütün tanınmış
adamlar haqqında geniş arayış hazırlanmışdı. SSRİ Xarici İşlər Komissarlığının
Orta Şərq şöbəsinin materialları əsasında hazırlanmış 34 səhifəlik "Türkiyənin
siyasi və ictimai xadimləri haqqında qısa biblioqrafik arayışda" 117 tanınmış
siyasi və ictimai xadim haqqında məlumat verilirdi. Burada hər bir şəxs, onun
keçdiyi həyat yolu, tutduğu vəzifələr, siyasi orientasiyası, SSRİ-yə münasibəti və
s. məsələlər əks olunmuşdu. Əlifba sırası ilə hazırlanmış arayışda Fuad Aqralı,
Fazil Aykaç, Mühiddin Akyüz, Ali Haydar Aktay, Zeki Alsan, Hulusi Alataş,
Zekayi Apaydın, Rahmi Apak, Rüşdü Aras, Ali Riza