92
olanlar daha çox daxili həyat və məhəlli məsələlər haqqında qısa materiallar
verirdilər; üçüncü qrup qəzetlər isə Məclisin qanunlarını hökumətin və yerli
hakimiyyət orqanlarının qərarlarını, ticarət elanlarını dərc edirdilər. Əyalət
mətbuatı haqqında hazırlanmış arayışdan məlum olur ki, Sovet İttifaqının
müxtəlif hərbi, siyasi, diplomatik və xüsusi xidmət orqanları əyalət mətbuatını
təhlil etməklə Türkiyənin daxili sosial-siyasi vəziyyətini öyrənməyə cəhd
göstərirlər. Sovet orqanlarının araşdırmalarından aydın olur ki, əyalətlərdə də öz
siyasi sifəti olan qəzetlər nəşr olunurdu. Buna misal olaraq İzmirdə çıxan
"Anadolu" və "Yeni Asır"qəzetlərini göstərmək olar. Sovetlər üçün müharibənin
ən ağır vaxtlarında, Alman təbliğatının bu gün-sabah SSRİ-nin çökəcəyi
barədə məlumatları bütün dünyaya yaydığı zaman "Yeni Asır" soyuqqanlıqla
yazırdı ki, Sovet İttifaqının alman hücumuna qarşı durmağa həmişə imkanı olub
və bundan sonra da olacaqdır. "Anadolu" və "Yeni Asır" demək olar ki, hər gün öz
səhifələrində Sovet İttifaqından və müharibədən bir neçə şəkil nəşr edirdi. Sovet
məlumatlarını isə həmin qəzetin daha oxunaqlı yerlərində verməyə çalışırdılar.
Hətta arayışda qeyd edilirdi ki,bütövlükdə türk mətbuatı son vaxtlar Almaniya
üzərinə daha cəsarətlə hücuma keçməyə, Hitleri lağa qoymağa, almanların
vəziyyətinə ironik münasibət bəsləməyə başlamışlar. Eyni zamanda əlavə edilirdi
ki, artıq alman məlumatları üçün ayrıca başlıq verilmir, Almaniya informasiya
orqanlarının yaydığı şəkillər türk mətbuatında demək olar ki, nəşr edilmirdi.
Sovet-Alman əməkdaşlığı dövründə antisovet mövqedən çıxış edən və Adanada
nəşr edilən "Türk Sözü" qəzeti də 1942-ci ilin payızından artıq Sovetlərə rəğbət
bəsləməyə başlamışdı. Bu münasibət qəzetin Sovet məlumatlarını və foto
materiallarını daha cəlbedici başlıqlarla və daha münasib yerdə verməsində hiss
edilirdi. Sovet tərəfi bunu Qırmızı Ordunun son böyük qələbələri ilə izah etməyə
çalışırdı. Əyalətdə çıxan "Türk Eli" qəzeti də antialman mövqeyinə görə
Sovetlərin diqqətini cəlb etmişdi. Qəzetin materiallarından Sovet İttifaqına,
İngiltərə və ABŞ-a rəğbət açıq-aydın hiss edilirdi. "Türk Eli" Sovetlərə açıq
rəğbətini ifadə edərək yazırdı ki, almanlar başlanğıcda bir sıra uğurlar qazansalar
da,onlar qələbədən çox uzaqdırlar. Sovet İttifaqı Almaniya hücumunu dəf etmək
gücündə və qüdrətindədir (53). Eyni zamanda Türkiyənin paytaxt və əyalət
qəzetlərinin təhlili belə bir fikir söyləməyə əsas verir ki, Almaniyanın müharibədə
məğlubiyyətini arzulayan türk ictimaiyyəti Sovetlərin güclənməsinə də birmənalı
yanaşmır və bu güclənmənin Türkiyəyə qarşı yönələcəyindən ehtiyatlanırdı. Belə
ehtiyatlanma üçün isə yetərincə əsaslar var idi. Zaqafqaziya cəbhəsində ordu
qruplaşmalarının gücləndırilməsi, fon Papenə qəsdlə bağlı məhkəmə prosesinin
SSRİ üçün doğurduğu uğursuz nəticələr, Sovet mətbuatında Türkiyə əleyhinə
yazıların çoxalması, gizli yazışmalarda müharibəyə qatılmaq üçün Türkiyəyə
93
təzyiqlər göstərilməsinin intensiv xarakter alması və s. bunun açıq təzahürləri
idi.
Qeyd etmək lazımdır ki, xarici ölkələrin mətbuat səhifələrində də Türkiyə ilə
bağlı yazılar gedirdi. Tanınmış Amerika jurnalisti Henri Tevlor "Rides Daycest"
jurnalının noyabr nömrəsində "Türkiyə heç vaxt ox ölkələrinə birləşməyəcək" adlı
maraqlı bir yazı ilə çıxış etmişdi. Türkiyənin Baş naziri Ş.Saracoğlunun "Biz milli
azadlıq uğrunda vuruşmağa hazırıq və hazır olacağıq" sözləri məqalədə epiqraf
kimi verilmişdi. Henri Teylor Türkiyə səfərindən sonra yazdığı məqalədə qeyd
edirdi ki, Türkiyənin "ox" ölkələrinə birləşməsi mümkünsüzdür. Türkiyə onun ən
böyük arzusu kimi ya müharibədən kənarda olacaq, ya da Almaniya ilə
vuruşacaqdır. Bunun səbəbini Teylor türklərin, xüsusilə mövcud
hökumətin almanları yaxşı tanıması ilə izah edirdi. O yazırdı: "Prezident İsmət
İnönü, Baş nazir Ş.Saracoğlu, Türkiyə Baş qərargahının rəisi marşal Fevzi
Çakmak böyük Kamal Atatürkün ardıcılları olduğundan, Almaniyanın Türkiyəyə
məsuliyyətsiz münasibətini yaxşı xatırlayırlar. Ankaradakı Alman səfiri fon
Papenin fəaliyyətinə toxunan H.Teylor qeyd edirdi ki, hücum etməmək haqda
Sovet-Alman müqaviləsi dövründə o, Hitlerin göstərişi ilə Rusiyanın arxasında
fəaliyyət göstərərək faşist təminatı altında Rusiyanı Dardanelldən uzaqlaşdırmağa
yönəlmiş Alman-Türk ittifaq müqaviləsinə nail olmalı idi. Lakin o buna nail ola
bilmədi. Hitler Stalinə hücum etməklə İngiltərəni Rusiyanın müttəfiqi etdiyi
zaman Britaniya artıq Türkiyənin müttəfiqi idi.
Türk ordusunun hazırlıq vəziyyətinə toxunan H.Teylor qeyd edirdi ki, türklər
güclü millətdirlər. Onlar dünyada ən yaxşı təbii döyüşçülərdir. Onlarda çox gözəl
hərbi ruh vardır. İndi Türkiyənin nizami ordusunun sayı əsasən Batumun
qarşısında yerləşən 750.000 nizami döyüşçüdən ibarətdir. Almanlar cənubi
Qafqaza doğru irəliləməyə başlayanda türklər öz ordusunu Bolqarıstan
sərhədlərindən götürüb burada 700 millik bir məsafədə yerləşdirdilər. Bu ordu
yaxşı təlim görüb və yaxşı təchiz edilib. Bundan əlavə, 150 000 minlik təlim
görmüş partizan hissələri vardır. H.Teylorla söhbətində Baş nazir Ş.Saracoğlu
bildirmişdi ki, nəyin bahasına olursa-olsun milli müstəqilliyə nail olmaq
Türkiyə xarici sıyasətinin əsas prinsipi olaraq qalır. Bu siyasətdə heç bir
dəyişiklik olmayacaq (54). H.Teylorun məqaləsi Sovetlər üçün xüsusi maraq kəsb
etdiyindən həmin məqalə SSRİ Xarici İşlər Komissarlığında rus dilinə tərcümə
edilmişdi.
1942-ci ildə aparılan gizli yazışmalarda müttəfiq ölkələrin dövlət başçıları belə
qənaətə gəlmişdilər ki, 1943-cü ilin yazında Türkiyənin müharibəyə girməsi üçün
mümkün olan hər şeyi etmək lazımdır. 1943-cü ilin yanvar ayının 19-da ingilis və
amerikanların Kasablanka konfransında qərara alınmışdı ki, cənub cinahından
Almaniyaya zərbə endirmək