102
girməklə bağlı Türkiyəyə Almaniya tərəfindən göstərilən təzyiqlər son bir ildə
SSRİ, ABŞ və İngiltərə təzyiqləri ilə əvəz olunmuşdu.
Türkiyənin müharibəyə qatılması məsələsi üç müttəfiq ölkənin dövlət
başçılarının Tehran konfransında ilk müzakirəyə çıxarılan məsələlərdən biri oldu.
Konfransın 1943-cü ilin noyabr ayının 28-də başlanan birinci plenar iclasında
U.Çörçill Türkiyə məsələsinə toxunaraq dedi: "Növbəti mühüm məsələ
müharibəyə girməklə bağlı Türkiyəni inandırmaqdan ibarətdir. Bu imkan verərdi
ki, Dardanell və Bosfordan yollar açılsın və biz təchizatları Qara dəniz vasitəsi ilə
(SSRİ-yə - C.H.) göndərək. Bundan əlavə, biz Türkiyənin aerodromlarından
düşmənə qarşı mübarizə üçün istifadə edə bilək" (78). Eyni zamanda Çörçill əlavə
etdi ki, Türkiyə müharibəyə girdiyi təqdirdə ona silah verilməsi, hərbi hava
qüvvələri və 2-3 diviziya göndərilməsi yolu ilə kömək etmək olar. Türkiyə
müharibəyə girməkdən imtina etdiyi halda ona göstərilən ingilis köməyindən
məhrum olur və müharibədən sonrakı sülh konfransına buraxılmırdı. Çörçill bu
siyasətin Boğazlara münasibətdə ciddi nəticələr verəcəyi ilə türkləri xəbərdar
edirdi. O deyirdi: "Biz onlara bildiririk ki,... Türkləri müdafiə etməyəcəyik,...
onlar gərək öz işlərini Sovet İttifaqı ilə tənzim etsinlər" (79). İ.Stalin isə öz
növbəsində bildirdi: "Mən şübhə edirəm ki, Türkiyə müharibəyə girsin. Bizim ona
hansı təzyiqi göstərməyimizdən asılı olmayaraq Türkiyə müharibəyə girməyəcək"
(80). Tehran konfransındakı müzakirələrdə ABŞ və Sovet nümayəndələri
Türkiyəyə yardım göstərilməsi barədə Çörçillin fikrini müdafiə etmədilər. Onlar
belə hesab edirdilər ki, Türkiyəyə yardım göstərilməsi müttəfiqlərin ikinci
cəbhənin açılması ilə bağlı "Overlord" əməliyyatını yubandıra bilər. İkinci
cəbhənin açılması məsələsi gündəliyə gələndə İ.Stalin öncə "Overlord" fikrində
qaldı. F.Ruzvelt isə haqlı olaraq deyirdi ki, əlbəttə, mən Türkiyəni müharibəyə
qoşulmağa məcbur etməyin tərəfdarıyam, lakin əgər mən Türkiyənin prezidenti
olsaydım, silah və sursatın əsas hissəsini almadan müharibəyə qatılmazdım (81).
Tehran konfransındakı müzakirələrdə Türkiyə məsələsinə toxunan İ.Stalin onu
həm hərbi, həm də siyasi məsələ hesab edirdi. O, qeyd edirdi ki, Türkiyə Böyük
Britaniyanın müttəfiqidir, SSRİ və ABŞ-la dostluq münasibətlərindədir. Lazımdır
ki, artıq Türkiyə bizimlə Almaniya arasında oynamasın (82).
Tehran konfransı zamanı Türkiyənin müharibəyə girəcəyi təqdirdə Sovet
İttifaqının ona münasibətini öyrənməklə bağlı Çörçill bir sıra məsələləri
dəqiqləşdirmək istədi. O dedi ki, əgər Türkiyə Almaniyaya müharibə elan etsə,
Bolqarıstan ona hücum edəcək, bu halda Sovet hökumətı Bolqarıstanı özünün
düşməni hesab edəcəkmi? İ,Stalin bu suala təsdiqləyici cavab verdi. Ona görə də
konfransın qərarında qeyd olundu ki, Türkiyənin 1943-cü ilin sonuna kimi
müharibəyə daxil olması müstəsna
103
dərəcədə əhəmiyyətlidir. Marşal Stalinin bəyanatını nəzərə alaraq müttəfiqlər belə
qənaətə gəldilər ki, əgər Türkiyə Almaniya ilə müharibə apararsa və əgər bunun
nəticəsində Bolqarıstan Türkiyəyə müharibə elan edərsə və ya ona hücum edərsə,
Sovet İttifaqı dərhal Bolqarıstanla müharibə vəziyyətində olmalıdır (83).
Türkiyə ilə bağlı məsələlər Tehran konfransında noyabr ayının 30-da nahar
zamanı Molotov, İden və Hopkins arasında da geniş müzakirə edildi. İden dedi:
"Türkiyəyə müharibəyə girməsi üçün birgə çağırışla təklif etmək lazımdır. Bu
tələbdən imtina edəcəyi təqdirdə onu hansı aqibətin gözlədiyini Türkiyəyə izah
etmək lazımdır". İden bunun müttəfiq kimi daha çox İngiltərəyə aid olan məsələ
olduğunu şərh edib dedi ki, əgər marşal Stalin və Ruzvelt razılaşsaydılar İ.İnonünü
Qahirəyə Çörçill və Ruzveltin görüşünə dəvət etmək olardı. O əlavə etdi ki,
İnönü Konstitusiyaya istinad edib Qahirəyə gəlməyə bilər, bu halda İden
müttəfiqlərin tələblərinin Türkiyəyə göndərilən nümayəndə vasitəsi ilə ona
çatdırılmasını uyğun bilirdi. Molotov İdenin Nüman Menemençioğlu ilə
söhbətindən sonra bu işə optimist yanaşmadığını qeyd etdi. Hopkins konfransın
gedişində Rusiyanın Türkiyənin müharibəyə cəlb edilməsinə elə də böyük maraq
göstərmədiyini, Stalinin bir neçə dəfə Türkiyənin müharibəyə cəlb edilməsinin
qeyri-mümkünlüyünü təkrar etdiyini və bir dəfə də olsun bunun zəruriliyini dilə
gətirmədiyini vurğuladı. O, qeyd etdi ki, Türkiyəni müharibəyə cəlb etmək üçün
müttəfiqlər öz üzərinə bir sıra öhdəliklər götürməlidirlər. Hopkinsin fikrincə,
Türkiyəni müharibəyə cəlb etmək üçün hətta "Overlord" əməliyyatını yubatmaq
da olardı. V.Molotov bildirdi ki, əgər Türkiyənin müharibəyə qatılması "Overlord"
əməliyyatının yubanması demək olacaqsa, onda marşal Stalin Türkiyənin
müharibəyə cəlb edilməsinin əleyhinədir (84).
Tehran konfransı zamanı Boğazlar məsələsi də diqqətdən kənarda qalmadı.
Britaniya Baş naziri Rusiyanın isti dənizlərə çıxmasının zəruriliyini qeyd edərək
bildirdi ki, əvvəllər ingilislər buna etiraz edirdilər, indi isə heç bir etirazları
yoxdur. Əlverişli məqamdan istifadə edərək İ.Stalin Boğazlar rejimi haqda
məsələyə yenidən baxılmasının gərəkliliyini qeyd etdi. O dedi ki, Rusiya kimi
böyük ölkə Qara dənizdə təcrid olunmuş vəziyyətdədir. Əgər indi ingilislər
Rusiyanı boğmaq istəmirlərsə, zəruridir ki, onlar Boğazlar rejimini
yüngülləşdirsinlər. Tərəflər belə fikrə gəldilər ki, isti dənizlərdə limanlar və
Boğazlar məsələsini müzakirə etməyə hələ vaxt vardır. U.Çörçill Boğazlar
rejiminə yenidən baxılmasının mümkünlüyünü həm də Yaponiyanın Montrö
konvensiyasının iştirakçısı olması ilə əlaqələndirirdi. Prezident Ruzvelt isə
Boğazların bütün ölkələrin hərbi ticarət gəmilərinin üzünə açıq olması prinsipinə
tərəfdar idi (85). Əslində isə tərəflər bu müzakirələri Boğazlar məsələsində bir-
birlərinin mövqelərini öyrənmək məqsədi ilə aparırdılar.