116
Vəh nə qamət, nə qiyamət, bu nə şaxi-güli-tərdir?!
Nə bəladır nəzər əhlinə, nə xoş məddi-nəzərdir?
Göz yoludur ki, könül mülkünə xublar girər ondan,
Tutma, ey əşk, onu billah ki, əcəb rahgüzərdir.
Nə gühər bulsa bəgənməz, buraxır yazıya dərya,
Qaliba, kim ona məqsud dişin kimi gühərdir.
Eşq eybini bilibsən hünər, ey zahidi-qaftl,
Hünərin eybdir, əmma dedigin eyb hünərdir.
Sitəmin gərçi yamandır, onu tərk elləmə, billah
Ki, təğafül, sitəmindən dəxi əlbəttə, betərdir.
Axir olmaz necə kim, göz yaşı axarsa, həmana
Ki, dəmadəm ona imdad qılan xuni-cigərdir.
Sərsəri basma qədəm eşq təriqinə, Füzuli,
Ehtiyat eylə ki, qayətdə xətərnak səfərdir.
117
Hüsnün olduqca füzun, eşq əhli artıq zar olur,
Hüsn nə miqdar olursa, eşq ol miqdar olur.
Cənnət üçün mən’ edən aşiqləri didardən,
Bilməmiş kim, cənnəti aşiqlərin didar olur.
Eşq dərdindən olur aşiq mizaci müstəqim,
Aşiqin dərdinə timar etsələr, bimar olur.
Zahidi-xudbin nə bilsin zövqini eşq əhlinin,
Bir əcəb meydir məhəbbət kim, içən huşyar olur.
Eşq sevdasinə sərf eylər Füzuli ömrünü,
Bilməzəm, bu xabi-qəflətdən qaçan bidar olur.
118
Ey gül, nə əcəb silsileyi-mişki-tərin var,
Vey sərv, nə xoş canalıcı işvələrin var!
Acıtdı məni, acı sözün, tünd nigahın,
Ey nəxli-məlahət, nə bəla, təlx bərin var!
Peykanları ilə doludur çeşmi-pürabım,
Ey bəhr, saqınma, sənin ancaq gühərin var!
Ol səngdilə naleyi-zarın əsər etmiş,
Ey dil, sənə bu zövq yetər, ta əsərin var.
Eşq içrə, könül, demə ki, mən bixüdəm, ancaq,
Ey qafil, özündən sənin ancaq xəbərin var?
Dedim yetər, et cövr, çü xaki-rəhin oldum,
Dedi ki, yetər cövr sənə ta əsərin var.
Çox baxdığına qəmzə ilən bağrın əzərsən,
Hər kimə ki, baxmazsan onunla nəzərin var.
Eşq əhlinə ol mah, Füzuli, nəzər etmiş,
Sən həm, özünü göstər əgər bir hünərin var.
119
Ləhzə-ləhzə ləbin anıb edicək əfqanlar,
Qətrə-qətrə saçılır didələrimdən qanlar.
Qətrə-qətrə demə qandır ki, çıxar çeşmimdən
Dəmbədəm könlüm odilə əriyən peykanlar.
Qaşların yayinə meyl eyləyəli canü könül,
Dünü gün mən bilirəm kim, nə çəkirlər anlar.
Açma kakil girəhin, başın üçün görmə rəva
Ki, pərişan olalar, bir neçə sərgərdanlar.
Yel dəgər zülfünə, ya qoymayıb öz hali ilə,
Gəzdirərlər onu əldən-ələ hər dəm canlar.
Eylə üşşaqə cəfalər ki, vəfalər görəsən,
Sanma kim, zaye’ olur eylədigin ehsanlar.
Sorma zöhhadə, Füzuli, rəhü rəsmin eşqin,
Nə bilirlər rəvişi-əhli-xirəd nadanlar!
120
Tökdükcə qanımı oxun, ol asitan içər,
Bir yerdəyəm əsir ki, toprağ qan içər.
Əhli-zəmanə qanına çox təşnədir zəmin,
Qanın kimin tökərsə fələk, ol zəman içər.
Mey içmədən açılmaz imiş babi-məğfirət,
Sövgəndlər bu babdə piri-müğan içər.
Üqbadə Kövsər istəməsin rindi-meykədə,
Dünyadə bəs degilmi meyi-ərğəvan içər?
Qəmzən görünməyib gözə, qanlar içər müdam,
Zahid kimi ki, badəni eldən nihan içər.
Meydən əgərçi tövbə verir el Füzuliyə,
Ey sərv, sən qədəh sunar olsan, rəvan içər.
121
Girib meyxanəyə, müğ məşrəbilə kim ki, xu eylər,
Olub mö’min, behişti, kafərəm, gər arizu eylər.
Məgər divanədir sevdayi-əbrusilə zahid kim,
Baxıb mehrabə daim, öz-özilə göftgu eylər.
Dəmadəm qətrə-qətrə qan yaşımdır kim, çıxar gözdən
Və ya peykanların kim, atəşi-dil onu su eylər.
Rəhi eşqində olman təngdil sevda hücumundan,
Təriqi-səltənət hər kim tutar, qovğayə xu eylər.
Dedim: “kimdir pərişan eyləyən aşiqlər əhvalın?”
Səba göstərdi tari-sünbüli-zülfün ki: “bu eylər!”
Füzuli zülfünə bağılandı, əmma öylə incəldi
Ki, guya zə’f onu həm zülfünə bir tari-mu eylər.
122
Saçın əndişəsi təhriki-zənciri-cünunumdur.
Cünunum dəf’inə zikri-ləbi-lə’lin füsunumdur.
Diyari-dərd sərgərdaniyəm, hər kim məni istər,
Dəlili-rah qətrə-qətrə əşki-laləgunumdur.
Fələkdə bərqi-ahimdən sərasər yandı kövkəblər,
Qalan odlara yanmış kövkəbi-bəxti-zəbunumdur.
Gələn navəklərin bir-bir yaqıb qoymaz bulam zövqin,
Məni hirman oduna yandıran suzi-dərunumdur.
Səri-kuyində könlüm bərqi-ahın sanma bihudə,
Qaranğu gecə əzmi-kuyin etsəm, rəhnümunumdur.
Ləbi şirinlərin zövqilə Fərhadi mənəm əsrin,
Yanımda cəm olan səngi-məlamət Bisütunumdur.
Füzuli, xali olmaq cami-eyşim saf səhbadən,
Nişani-bəxti-nafərcamü iqbali-nigunumdur.
Dostları ilə paylaş: |