Müasir Azərbaycan dili
245
(İ.Hüseynov) Əgər zərrəni görsə, cümləni görər, aləmi görsə,
özünü görər və fəhm edər ki, cəmi kainatda xaliqəm deyən nə
varsa, hamısı onun özündədir. (İ.Hüseynov) O gün, o əhvalat
olan günü girib içəridə qulağından tutub deyirəm, qorxma,
bütün el-oba sənin tərəfindədi, çıx camaata deynən, bu belə
filan oğlu evə zornan təpilib, mənim razılığım yoxdu.
(Ə.Əylisli) Dostlarımdan eşitdim ki, Bərdədə bir kifir arvad
var, çox dövlətli olsa da, heç kim rəğbət eləyib onunla
evlənmək istəmir. (Ə. Cəfərzadə)
Tabesiz mürəkkəb cümlənin
komponentlərini əlaqələndirən vasitələr
Tabesiz mürəkkəb cümlənin komponentlərini
əlaqələndirən başlıca vasitələrə intonasiya və tabesizlik
bağlayıcıları daxildir. Lakin bunlardan başqa, komponentlərdə
sözlərin sırası, işarə əvəzlikləri və mənsubiyyət şəkilçiləri,
komponentlər üçün ortaq elementlər və zaman uyuşmaları
kimi vasitələr də tabesiz mürəkkəb cümlənin təşkilinə
xidmət edir.
Son vaxtlar bağlayıcılar
tabesiz mürəkkəb cümlələrin
qurulmasında o qədər intensiv işlənir ki, əksərən bu cümlələrin
öyrənilməsinə bağlayıcılı tabesiz mürəkkəb cümlələrdən
başlayır, hətta bəzən onu bağlayıcılara görə təsnif edirlər. Lakin
bağlayıcının iştirakına görə təsnifat aparmaq düzgün deyil.
Çünki eyni bağlayıcı müxtəlif məna əlaqələrinin yaranmasında
iştirak edir. Tabesiz mürəkkəb cümlələr tərəflərin ifadə etdiyi
məna əlaqəsinə görə təsnif edilir. Beləliklə, tabesiz mürəkkəb
cümlələrin komponentləri arasında birləşdirmə, səbəb-
nəticə, aydınlaşdırma, qarşılaşdırma, bölüşdürmə, qoşulma
kimi qrammatik məna əlaqələri mövcuddur.
Komponentlərin sırası. Tabesiz mürəkkəb
cümlələrin qurulmasında komponentlərin sıralanmasının çox
Gülarə Abdullayeva
246
böyük rolu vardır. Məlum olduğu kimi, danışan şəxs öz
fikirlərini müəyyən məntiqi ardıcıllıqla tərtib edir və o
qayda ilə də başqalarına bildirir. Tabesiz mürəkkəb
cümlənin komponentlərinin qarşılıqlı əlaqəsi əsasında ifadə
edilən müxtəlif mənalar məhz möhkəm sıra sayəsində
meydana çıxır. Möhkəm sıra olmasa, birləşdirmə, səbəb-
nəticə, aydınlaşdırma, qarşılaşdırma, qoşulma və s. kimi
mənalarını yaratmaq və ifadə etmək olmaz.
Bütün bunlarla yanaşı, komponentlərin tərtibi zamanı
çox vaxt sonrakılarda təkrardan qaçmaq və yığcamlıq
xatirinə ya işarə əvəzliyi, ya da mənsubiyyət şəkilçisi
işlənmiş olur və bunlar da komponentlərin yerini dəyişməyi
mümkünsüz edir. Yaxud hər hansı komponentdən müəyyən
elementlər
ixtisar olunur, bu elementlər yalnız bir
komponentdə saxlanılır. Belə vəziyyətdə də yerdəyişmə
mümkün olmur.
Tərəflərin paralelliyi tərəfləri əlaqələndirən mühüm
vasitələrdəndir. Belə vasitələr sırasında
o, bu, onda, orada
tipli əvəzlikləri xüsusi qeyd etmək olar. Məsələn,
Avtomobil mənimki deyil, onu bizə hökumət vermişdir.
(C.Cabbarlı) Raya bolşeviklərin lehinə işləmək istəyirdi, lakin
ona imkan verilmirdi.(M.S.Ordubadi)
Tabesiz mürəkkəb cümlənin tərkib hissələrinin
əlaqələndirilməsində mənsubiyyət şəkilçilərinin mühüm rolu
var. Mənsubiyyət şəkilçiləri ilə bir neçə komponenti
əvvəlkinə bağlamaq mümkündür.
Məsələn,
Başqalarının səni
tərifləməsi ilə istedadlı olduğunu zənn etmə, bəlkə məqsədləri
vardır və bu təriflə öz müddəalarını pərdələmək istəyirlər.
(A.Bakıxanov) Dövlətin yoxdur, amma qoçaqlığın var.
(M.F.Axundzadə)
Bütün bu qeyd edilənlərin (ortaq üzvlərin, tərkib
hissələrin paralelliyinin, əvəzliklərin, mənsubiyyət
şəkilçilərinin və s.) tabesiz mürəkkəb cümlələrin tərtibində
Müasir Azərbaycan dili
247
mühüm rolu vardır. Lakin tərkib hissələri əlaqələndirən
əsas vasitələr intonasiya və tabesizlik bağlayıcılarıdır.
Tabesiz mürəkkəb cümlələrin tərkib hissələri
bağlayıcıların iştirakı olmadan əlaqələndikdə bağlayıcısız
tabesiz mürəkkəb cümlələr əmələ gəlir. Məsələn,
Səhər hava
tamam açıldı, gün çıxdı.(H.Abbaszadə) Kosanın başına yeni iş
açıldı, həqiqi savaş başladı. (S.Rəhimov) Bu
cür cümlələr
şifahi nitqdə intonasiyanın köməyi ilə qurulur.
İntonasiya mürəkkəb cümlənin tərkib hissələrini
əlaqələndirən ilk və ən qədim vasitədir. İntonasiya indi də
şifahi nitqdə böyük rola malikdir. Mürəkkəb cümlənin tərkib
hissələrini əlaqələndirmək üçün başqa vasitələr olduqda da
şifahi nitqdə intonasiyadan istifadə edilir. Lakin heç bir
başqa vasitə olmadıqda intonasiyanın üzərinə daha çox yük
düşür. Məsələn,
Çölə yüyürdü, darvazanın ağzında dəvə
durmuşdu. (İ.Hüseynov) Sizə aman gətiririk, bizim son
yorğanımızı üstümüzdən, son parça çörəyimizi boğazımızdan
alıb aparırlar. (C.Cabbarlı)
İntonasiya ilə qurulmuş bu cümlələrin tərkib
hissələri arasına uyğun olaraq
və, çünki bağlayıcılarını da
artırmaq olar.
Tərkib hissələri bağlayıcıların iştirakı ilə
əlaqələnən tabesiz mürəkkəb cümlələr bağlayıcılı tabesiz
mürəkkəb cümlələr adlandırılır.
Tabesiz mürəkkəb cümlələrin tərkib hissələrini
əlaqələndirən bağlayıcılar həmcins üzvlər arasında işlənən
tabesizlik bağlayıcılarıdır. Tabesiz mürəkkəb cümlələrin
tərkib hissələrini əlaqələndirən həmin bağlayıcı qrupları
aşağıdakılardır:
1. Birləşdirmə, iştirak.ş inkarlıq bağlayıcıları: və,
həm, həm də, da, də, nə, nə də və s. Məsələn,
O,
qəzetlərdə oxuduğu xəbərdən müharibə dəhşətinin həqiqətini
hiss edir və bu hiss onun əsəblərini getdikcə gərginləşdirirdi.
Gülarə Abdullayeva
248
(İ.Əfəndiyev) Həm mən qurtararam, həm sənin cibin
dolar.(M.İbrahimov)
Bu bağlayıcılar birləşdirmə, səbəb- nəticə əlaqəli
tabesiz mürəkkəb cümlələrin tərkib hissələrini əlaqələndirir.
2. Qarşılaşdırma bağlayıcıları: amma, ancaq, lakin,
fəqət, halbuki, yoxsa, isə və s. Məsələn,
Bunu mən çox gözəl
bilirəm, ancaq anam bilməz. (B.Bayramov) Baba qollarını ata-
ata yenə danışmaq istədi, lakin öskürək onu boğdu.
(Y.V.Çəmənzəminli) Mən bilmirəm, allah qoymurdu biz
acından ölək, yoxsa biz ölmək istəmirdik. (C.Əlibəyov)
Bu bağlayıcılar qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb
cümlələrin qurulmasında iştirak edir.
3. Aydınlaşdırma bağlayıcıları: yəni, məsələn və s.
Evdə adam yoxuymuş, yəni böyüklərdən heç kim yoxuymuş.
(Ə.Cəfərzadə)
Aydınlaşdırma bağlayıcıları nisbətən az işlənir və
aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərəflərini
əlaqələndirir.
4. Bölüşdürmə bağlayıcıları: ya, ya da, gah, gah
da, gah da ki və s. Məsələn,
Gah iri damcılar çadırları
səsləndirir, xal-xal naxışlayır, gah da çiskin yağış asta-asta
yağır, şeh kimi yatırdı. (B.Bayramov)
Bu bağlayıcılar bölüşdürmə əlaqəli tabesiz mürəkkəb
cümlələrin tərkib hissələrini əlaqələndirir.
Onu da qeyd edək
ki, bu bağlayıcılar olmadan bölüşdürmə əlaqəli tabesiz
mürəkkəb cümlələr qurula bilməz. Belə cümlələrdə bağlayıcını
ixtisar etsək, məna əlaqəsi dəyişər, birləşdirmə əlaqəsi
formalaşar.
5. Qoşulma bağlayıcıları: özü də, həm də və s.
Məsələn,
Bütün imanıyla qəbul edirdi, özü də unudurdu ki, bu
o xırdaca hörüklü toppuş Zərrintacın özüdür. (Ə.Cəfərzadə)
Bu bağlayıcılar qoşulma əlaqəli tabesiz mürəkəb
cümlələrin komponentləri arasında işlədilir.