Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə68/78
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8308
1   ...   64   65   66   67   68   69   70   71   ...   78

235 
Fikirləşirsən ki, bu cür gərgin psixoloji ovqatla yüklənmiş 
şeirlərin müəllifi ya dərdin püxtələşdirdiyi, ya da yaşın müdrik-
ləşdirdiyi insan olmalıdır. Aqşinsə çox gəncdir.  Əlbəttə, son 
zamanlar dəbdə olan poetik bir ifadəni vurğulasaq, “yaşın nə 
fərqi var ki” deyib, qənaətimizdən birini bəraətləndirə bilərik. 
Ələlxüsus, meyarı istedad olan bir sənət üçün... Amma, öz 
növbəsində, hər  şəkli bir xatirəsə  və bu xatirələri biz kiçik 
zaman kəsiyində deyil, “ömrümüz boyu yığa-yığa gedirik”sə 
(R.Rza), o zaman görəsən şeirlərə hopmuş üzüntü, ağrı çeşidini 
yaşanan hansı uzun illərin və ayların qazancı saymaq olar? Ya 
bəlkə bizim müdriklik saydığımız qocalıq adlı sonluğa Aqşin 
artıq yetib?.. Əgər belə olmasaydı, özündən çox-çox “yorğun 
və yaşlı misralar”la deməzdi ki: 
 
indi qocalıram sükutla, dərdsiz 
dərd nədir ki, boş söz, o qədər boş ki
min dərdi bir ah daşıyar. 
Qocaldıqca adam uşaqnan dolur 
sən qadınsan bilərsən bunu. 
 
Fikir verin, dərdin min üzünü görmüş, zaman-zaman insan 
ağrısının, acısının içindən keçmiş kimi, ifadəsinə soyuq ironiya 
qatır. Sanki bircə ah çəkməklə bütün dərdlər unudulası, ruhunu 
nikbinlik sarasıdı. Əgər doğrudan da, dərd heç nə deyil, sadəcə, 
boş sözsə və bunu daşımağa bircə ah çəkmək yetərlidirsə, o za-
man niyə şair ah çəkib də yüngülləşmək əvəzinə içini tökməyə 
adam gəzir və qadın simasında öz həmdərdini bulur da və niyə 
məhz qadın? Bəlkə dünyanın dərd sərgisini dolaşarkən heç bir 
şey onu qadın faciəsi, iztirabı  qədər duyğulandıra bilməyib! 
Üstəgəl, bu zərif məxluqu, intəhasız dərdə mübtəla olmasına 
rəğmən yenə  də güclü görüb, sınmaz bilib. Ona görə ürəyini 
“dərd qədrini bilənlərə” (N.Kəsəmənli) açmağa qərar verib: 
 
 
Yaxşı ki qonşu qadın var 
Dağıdıram dərdimi. 


 
236 
O da hər axşam çıxıb, 
Saçlarını dağıdır 
Pəncərədən dərd kimi 
 
Kişinin qadın ünsiyyətinə, ülfətinə ehtiyacı  təkcə bu dün-
yanınmı dərk olunan həqiqətidir? Bitib-tükənən ömürlə bərabər 
bu məhrəmlik də öz sonuna varır, heçliyə  uğrayırmı?... Yox, 
kökü ilahi sevgidən qida alan məhrəmliyə ölüm belə nöqtə 
qoya bilmir, dünyanı  tərk etdikdən sonra isti bir göz yaşı 
ölümsüzlüyü gerçəkləşdirməyin rəmzinə çevrilir. Bu mənada 
Ramiz Rövşənin yazdığı “Hər kişinin qəbiri üstə  ağlayası bir 
qara paltarlı qadına ümidi var” misraları bütün kişilərin baş 
daşına həkk oluna biləcək  ən gözəl epitafiyadır. Bu, artıq 
unutmaq yox, unutmamaq sözünün şəklidir. Baxmayaraq ki, 
onun da qəhrəmanı “içi şəkil dolu” qadındır. Bəs niyə bu 
ehtiyacı bilə-bilə Aqşin sevdiyi qadına: 
 
hamının əvvəli sirdirsə 
hamının sonu birdirsə 
mənə ağlamazsan, sevgilim  
ağlamazsan 
 
− vəsiyyətini edir? Bəlkə şair üçün dünyaya gəldiyi ilk gündən 
gözü qapandığı ana qədər hər  şeyin bu dünyada ikən mövcu-
dluğuna tapınmaq, o təması, o ülfəti var ikən hiss eləyib sonra 
ölmək (“Gözünü qapaya bir qız  əlləri, bu, sənin ilk qadın sı-
ğalın ola” – Salam) ölümdən sonrakı günlərin bəxş elədiyi 
məhrəmlikdən daha müqəddəsdir. Ya bəlkə bu misralar “hər 
qapıda ağlayıb, son qapıda gülümsə”mək (N.F.Qısakürək) kimi 
ömrün kamillik zirvəsinə  işarədir. Axı  əvvəlcə  şair özü görür 
bu zirvəni. Ona görə “ölüm yoldur yerdən göyə” deyib, son 
mənzilə gedən yolu qorxusuz-hürküsüz, amma darıxa-darıxa ad-
dımlayır. Beləcə, “ömrü ithaf olunur darıxmağa”. Və günlərin bir 
günü bu yolun tükənməz sonluğundan bezikib, soruşur ki: 
 


237 
niyə ölmürsən, şairim? 
yaşadıqca üzündə Allah qocalır 
yalnız ölülər 
yol boyu hamıdan ucadır. 
 
 “Yaşadıqca üzündə Allah qocalır” – bu fikir “Ənəlhəqq” 
deyib, insanı Tanrı  səviyyəsinə ucaldan Həllac Mənsur təsəv-
vürlərindən, Nəimi ideyalarından su içmirmi? Eləcə də: 
  
 
hələ yaşadır məni 
içimdəki ölmək ehtirası. 
Eh, ölümü neynirəm ki
onsuz da kəpənəkləri 
diri ikən toz basır 
 
− misraları “Ey Nəsimi, yeru göy, xirqə  ərənlər donudur, 
Geymədi münkir anı, sandı ki, zindan kəpənək” deyib kəpənəyi 
“müqəddəs geyim” kimi qavrayan hürufi dünyagörüşünün çağ-
daş  əsrdə mifopoetik bərpası deyilmidir? Teatrşünas A.Talıb-
zadənin yazdığı kimi, əgər “hürufilərin mistik bilgilər paradiq-
masında kəpənək Allah, Ənəlhəqq, Mən, Fəzl, Nəsimi, Leyli, 
Kainat, Kosmos, Mütləq Harmoniya, huri və  qılmanın bulun-
duğu cənnət, maddi və ruhi aləmin birgəliyinə görk, ilahi, sak-
ral, müqəddəs bir şifrədir”sə, o zaman bunların gerçək məna-
sını, mənəvi mövcudluğunu bu dünyada ikən dərk edən şairin 
“ölümü neynirəm ki” deməyi haqlı qanunauyğunluq, məntiqi 
sonluq sayılsın gərək. Ümumiyyətlə, Aqşinin şeirləri iki dünya 
arasında körpüdür, yoldur. Burada sabit olum, yaxud mütləq 
ölüm yoxdur. İki hiss, iki dünya bir-birinə çulğalanmış haldadır 
və bu dünyanın hansındansa  şairi təcrid eləmək, onun poetik 
aləmini daraltmağa bərabərdir. O, müqəddəs Tanrı  dərgahına 
ucalmağa müntəzirsə də, fani dünyanın yaşantılarına da meylli-
dir, “Haqq ilə Haqq”sa da, insan ilə insandır, ölümə  nə  qədər 
təşnəlidirsə də, həyata bir o qədər ehtiraslıdır: 


 
238 
bəlkə quşlar da 
özünü öldürmək istəyir hərdən. 
Ağacların başından ataraq 
nə böyük bədbəxtlikdir 
uçmaq 
bəlkə ən böyük dərddir 
ağacların tək ayağı 
bəlkə də bizim kimi 
dünyanı görmək istəyidir 
ağacların ucalığa 
boy atmağı. 
Ancaq nə bir quş özünü öldürə, 
Nə bir ağac dünyanı görə 
bilib hələ 
ay qardaş, biz nə xoşbəxtdik 
dünyanı görmək 
və özümüzü öldürmək imkanımızın 
çoxluğu ilə 
 
Tanrıya olan hiss və bu hissi bütün hallarda uca tutmaq məra-
mı şairin, demək olar ki, əksər şeirlərində izlənilir, onun psixoloji 
yaşantılarını, duyğularını şərtləndirən əsas amil olur. Və bəzən bu 
sevgi qəribə bir mühafizəkarlıq şəkli alır: şairə görə, üzündə Tanrı 
olan insan yalnız sevilməyə layiqdir. Qorxu hissi bura yaddır. 
Çünki “biz Allahı tapanda qorxunu itiririk” (Pifaqor). Sevgi yox, 
qorxu yağan simada isə Allah əbədiləşə bilməz: 
 
demə adam sifətində 
özümüzə qorxuymuşuq. 
Biz ən böyük qorxumuzun 
adını Allah qoymuşuq. 
 
birimizin ömrü gödək 
birimizin bəxti qırıq 
biz Allahdan qorxa-qorxa 
qorxumuza sığınırıq. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə