Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   55   56   57   58   59   60   61   62   ...   72

 
176 

 
su mənbələrinin dərinliyi

 
qrunt sularının yerləşmə dərinliyi; 

 
süni su mənbələrinin debiti; 

 
suyun məişət, istehsalat və rekreasiya məqsədləri üçün yararlılığı. 
Su ehtiyatları istehsalatın növünə  və  həcminə  təsir edən vacib 
faktorlardandır. 
Yerin yuxarıda göstərilən xüsusiyyətləri ayrı-ayrı sahələrdə eyni 
zamanda təzahür edirlər. Onların müxtəlif birləşmələri təbii kompleksdə 
rəngarənglik yaradır, planetin istənilən sahəsini unikal edir. Bütün bunlar 
isə öz növbəsində  ərazinin bu xüsusiyyətlərinin tədqiqini, yerquruluşu 
tədbirlərinin hazırlanmasında nəzərə alınmasını zəruri edir. 
Elmin və texnikanın inkişaf etdiyi müasir dövrdə insanın təsərrüfat 
fəaliyyətində elə bir sahə yoxdur ki, burada relyefin nəzərə alınmasına 
ehtiyac olmasın. Zaman keçdikcə relyefin təsərrüfatda  əhəmiyyət dairəsi 
genişlənir.  
Ölkəmizin sərvətlərlə  zəngin  ərazilərinin mənimsənilməsi, mövcud 
təbii ehtiyatlardan daha səmərəli istifadə olunması, yeni ehtiyat 
mənbələrinin aşkar edilməsi məqsədilə suvarılan torpaq və otlaqların 
genişləndirilməsi zərurəti ortaya çıxır. Bütün bunlarla əlaqədar olaraq 
yeni dəmir və  şose yollarının, su kanallarının, neft və qaz kəmərlərinin, 
yüksəkgərginlikli elektrik xətlərinin çəkilməsi, böyük çayların üstündə 
bəndlərin qurulması, su anbarlarının yaradılması  və elektrik 
stansiyalarının tikilməsi, yeni şəhərlərin salınması və s. tələb olunur. Belə 
nəhəng və genişmiqyaslı  tədbirlərin layihələndirilməsi və  həyata 
keçirilməsi işində ərazinin relyef xüsusiyyətlərinin öyrənilməsi və nəzərə 
alınması zəruridir.  
Ərazinin relyef xüsusiyyətlərinin yerquruluşunda və digər layihə-
ləndirmə  işlərində  nəzərə alınmasının elmi-metodiki əsaslarına dair 
E.Ş.Şirinovun işləmələri böyük əhəmiyyət kəsb edir. Alimin landşaft 
quruculuğunda və  ərazinin infrastrukturlarının layihələndirilməsində, 
digər yerquruluşuna dair layihə variantlarının hazırlanmasında yerin 
relyef xüsusiyyətlərinin nəzərə alınmasına dair bəzi tövsiyələri ilə tanış 
olaq. 
Relyefin quruluşunun, yamacların meylliyinin öyrənilməsi hid-
rotexniki qurğuların konstruksiyasının seçilməsinə,  ətrafda nə  qədər 
ərazinin sualtında qalacağını müəyyənləşdirməyə imkan verir. Relyef 


 
177
haqqında məlumatlar filtrasiya və lillənmənin həcminin hesablanması 
üçün də çox vacibdir. Çay yataqlarının uzununa meylliyi və  dərənin 
köndələn profilinin öyrənilməsi bəndin harada tikilməsini müəyyən 
etməyə, gələcəkdə su anbarına necə  və  nə  qədər qırıntı materiallarının 
gətiriləcəyini müəyyən etməyə kömək edir.  
Relyef və relyefəmələgətirici prosesləri bilmək hidrotexniki 
qurğuların istismar edilməsində də zəruri şərtlərdəndir. Belə ki, relyef və 
hidrotexniki qurğuların təsiri qarşılıqlıdır. Hidrotexniki qurğular relyefdə 
və relyefəmələgətirici proseslərdə  əsaslı keyfiyyət və  kəmiyyət 
dəyişikliklərinin törəməsinə  səbəb olur. Buna münasib olaraq relyefin 
hidrotexniki qurğulara təsiri də dinamik və dəyişkən olur.  
Hidrotexniki qurğuların layihələndirilməsi və tikilməsində relyefə aid 
aşağıdakıları bilmək lazımdır: relyefin mənşəyi, morfoloji və morfometrik 
xüsusiyyətləri, relyefin yaşı  və  əsas inkişaf mərhələləri; müasir ekzogen 
relyefəmələgətirici proseslərin təzahür formaları, su anbarları 
yamaclarının quruluş xüsusiyyətləri və burada gedən proseslərin (eroziya, 
uçqun, sürüşmə, və s.) dinamikası; hidrotexniki qurğuların tikilməsindən 
və istismara verilməsindən sonra çay hövzələrində və sahillərində gedən 
proseslərin (eroziya, uçqun, sürüşmə  və s.) və su anbarlarının 
lillənməsinin əvvəlcədən müəyyən edilməsi və s.  
Suvarma kanallarının və şor arxların çəkilməsində və istismarında da 
relyef haqqında məlumatlardan geniş istifadə etmək lazım gəlir. Kanalları 
elə yerlərdən aparmaq lazımdır ki, mümkün qədər az məsafə  qət etsin, 
ərazi az parçalanmış olsun, torpaq işi az və tikinti materialları yaxın olsun. 
Kanallar keçən zonada yerin səthini və relyef formalarını  təşkil edən 
çöküntülər hərtərəfli öyrənilməlidir ki, lazım gələn yerlərdə filtrasiya 
əleyhinə tədbirlər görülsün.  
Azərbaycanda mənbəyini Mingəçevir su anbarından götürən Yuxarı 
Qarabağ və Yuxarı Şirvan kanallarında filtrasiya nəticəsində xeyli su itir. 
Filtrasiya ilə  əlaqədar  ərazi xeyli şoranlaşmış, torpaqlar məhsuldarlığını 
azaltmışdır.  
Dəmir yol və avtomobil yollarının layihələndirilməsində, çəkil-
məsində və istismarında da relyefi bilmək və onun xüsusiyyətlərini nəzərə 
almaq çox vacibdir. Bu məqsədlə relyefin xarici görkəmini, formasını, 
geoloji  əsasını, hansı süxurlardan təşkil olunmasını, mənşəyini
yamacların meylliyini, formasını  və  səmtini, səthin  şaquli və üfüqi 


 
178 
parçalanmasını dəqiq öyrənmək lazımdır.  
Yolun uzunluğu,  əyriliyi, onun tikilməsi üçün lazım olan materialın 
və istismar zamanı  sərf olunan yanacağın miqdarı yolun planından 
asılıdır. Bunlar isə relyeflə-yamacların meylliyi ilə, relyef formalarının 
konturlarının böyüklüyü və forması ilə əlaqədardır.  
Dağlarda yolların çəkilməsində  və istismarında yamacların səmti 
böyük rol oynayır. Enli yol çəkmək üçün cənub səmtli yamaclar daha 
əlverişlidir. Bu yamaclar intensiv qızır, qar tez əriyir və qrunt quruyur. Bu 
yamaclarda sürüşmələr çox zəif inkişaf edir. Lakin yağıntısı az və quru 
iqlimə malik olan ölkələrdə yol çəkmək üçün şimal səmtli yamaclar daha 
əlverişlidir. Bu yamaclarda aşınma prosesləri nisbətən zəif gedir və 
uçqunlar az inkişaf edir, onlar tezliklə bitki ilə örtülür.  
Dağlarda yol üçün qravitasiya və sel hadisələri, qar yığınları və qar 
uçqunları da çox təhlükəlidir. Ona görə də yol bu proseslərin inkişaf etdiyi 
sahələrdən aralı keçməli, ya da bu proseslərdən qorunmaq üçün qurğular 
tikilməlidir. Qar çovğunu olan yerlərdə yol hakim küləklər istiqamətində 
və qar yığınları üçün əlverişli mənfi relyef formalarından yuxarıda 
tikilməlidir.  
Bəşəriyyətin müasir inkişaf mərhələsində əsas enerji mənbəyi hesab 
edilən neft və qazın mühüm, bəzən həlledici əhəmiyyəti vardır. Məlumdur 
ki, neft və qaz ehtiyatları yer kürəsində  və ayrı-ayrı ölkələrdə  bərabər 
paylanmamışdır. Ona görə də çox hallarda nefti və qazı uzaq məsafələrə 
nəql etmək lazım gəlir. Lakin qatar və xüsusi gəmilərdə (tankerlərdə) 
onları daşımaq həm baha başa gəlir, həm də çox vaxt aparır.  
Hazırda mövcud olan neft və qaz kəmərlərinin istismarı ilə yanaşı, 
gələcəkdə yeni kəmərlərin çəkilməsi də istisna edilmir. Bununla əlaqədar 
olaraq neft və qaz kəmərlərinin keçdiyi trassanın relyefini, müasir 
ekzogen proseslərin xarakterini və dinamikasını  dəqiq öyrənmək lazım 
gəlir.  
Su ehtiyatları az olan ölkələrdə, xüsusilə iri sənaye mərkəzlərində su 
kəmərlərinin çəkilişi də son vaxtlar geniş miqyas almışdır. Su 
kəmərlərinin çəkilişi və istismarı da relyefi bilməyi tələb edir. 
Ümumiyyətlə, kəmərlər üçün elə yerlər seçilməlidir ki, onlar 
abraziya, eroziya, sürüşmə  və deflyasiya proseslərinin intensiv inkişaf 
etdiyi sahələrə düşməsin.  Əks təqdirdə, bu proseslər qısa bir müddətdə 
kəmərlərin səthə çıxmasına səbəb ola bilər.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə