Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə39/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   35   36   37   38   39   40   41   42   ...   143

__________________Milli Kitabxana_________________ 

114 


 

-Yox... 


-Onda başla, vallah, elə acam ki, nəinki bu plovu, sənin özünü də diri, bütün 

yesəm doymaram... 

Üç gün keçdi, bu üç gündə gənc  şair evlilik səadətinin ilk şərbətini içib məst 

olmuş kimi Ceyrandan başqa heç nə düşünə bilmədi. Üçüncü gün gəlin üçün 

"paytaxt" oldu, təzə  gəlinlər gəlib onu üzə  çıxartdılar,  şənlik edib dağılışdılar. 

Qohum və dostların evinə "ayaqaçdı" məclisləri başlandı. Evləndiyindən bir ay 

keçənəcən günlər onun üçün bir günlük, uzunca bir qonaqlıq kimi keçdi. Sona da, 

Tərlan da, Mahmud ağa məclisləri də, şeir-qəzel dəftərləri də yadından tamamilə 

çıxdı. Bir ayın tamamında babası Yaqsaya qayıdacağı günü bildirdi və nəvəsi ilə 

təkbətək görüşmək niyyətində olduğunu söylədi. 

Onlar anasının otağında görüşdülər. Seyid Əzim təzə bəy olduğundan hələ də 

babası ilə üz-üzə oturub əməlli-başlı danışmağa utanırdı. Bir müddət sükut etdilər. 

Sükutu axund özü pozdu: 

-Övladım, bu - şərən qanuni, bütün zihəyatın və mövcudatın zərurəti olan bir 

əməldir. Şəri işdə həya saqitdir və lakin ədəbin, həyat məni məmnun edir. Şükr bir 

olan xaliqə ki, ananın rizasını  rədd etməmisən. Toyun mübarək olsun, ağbəxt ol, 

oğlum. Lakin bir qərəzim var. 

Mənim bu dünyada karvanımı çəkmək zamanım yavuqlaşır, sənin əlini bir işdə 

görmədən dünyadan göz çəkə bilmərəm, nigaran gedərəm. 

Atan behiştməsnədin qulluğunda xəcalət ollam. Mən ona verdiyim əhdi və 

boynuma götürdüyüm vəzifəni tamam yerinə yetirməmisəm. 

Hələ  əhdimin biri durur. O da sənin təhsilini Nəcəfül-Əşrəfdə,  Ətabati-alidə 

ikmal etdirməkdir. Cənab Əli əleyhüssəlam buyurub: "Ütlübül-elmə vəlo bissini". 

Elm nə  qədər uzaqda olsa da, onu əldə etməkdən heç vaxt çəkinmə, bərəks ona 

çatmağa tələs. 

Gənc  şairin ürəyi vurdu, yanaqlarına bir qızartı çökdü. Axund baba ondakı 

təbəddülatı duydu və özü düşündüyü kimi yozdu: 

-Əlbəttə, bu tezlikdə səni külfətindən ayırmaq fikrində deyiləm... 

Seyid Əzim etiraz etmək, nə isə demək istədi; lakin baba onun sözünü kəsdi: 

-Qulaq as, mən bilirəm ki, anan səni evləndirməkdə tələsib, -səni evə bağlamaq 

xəyalilə. Bu bütün anaların arzu və təşvişinin nəticəsidir. Lakin sən indiki halında 

yarım təhsillə qalsan, gələcəkdə ailəni 

 

 



__________________Milli Kitabxana_________________ 

115 


 

çox üsrətlə keçindirəcəksən. Nə sən xüms toplayan seyid, nə də mən mali-yetim 

həzmdən keçirən molla olmadığım üçün, elə bir mal-mənal toplamamışam ki, sizin 

hamınızın gələcəyinizi təmin edə bilsin. Amma sənin təhsilini ikmal etmək üçün 

imkanım var və  sən mütləqa oxumalısan. Sən təhsilini tamam edib axund adı ilə 

qayıdarsan və Allah əcəldən aman versə, sən qayıdanacan ömrüm mənə yar olsa, 

səni münasib bir məscidə və ya məhəlləyə molla, qazi, nə isə bir yerə təyin etdirib, 

haqqında bütün vəzifələrimi icra etdikdən sonra, arxayın dünyaya vida deyə 

bilərəm. Bəhər hal, niyyətim sənə  əyan oldu... İndi mürəxxəssən, bir ilin 

tamamında, inşallah, hazırlaşıb yola düşərsən, mən də o vaxtacan lazımi 

binagüzarlıq elərəm, ananı da razı sallam. 

Onun ayrı  məqsədi yox idi. Babasının niyyəti onun da təhsilini ikmal etmək 

arzularına uyğun gəlirdi, təkcə mollalıq məsələsindən başqa. Bu da sonranın işi 

idi... Gənc  əyildi, minnətdarlıq hissilə, uğrunda zəhmətlər çəkmiş babası  və ilk 

müəllimi olan qocanın əlindən öpdü: 

- Təşəkkür edirəm, baba... 

...Hadisədən il deyil, ilyarım keçdi, Seyid Əzim, Şirvanı tərk edib Nəcəfə yola 

düşərkən, artıq təkcə Ceyranın baş yoldaşı deyil, həm də ata babası Mir Cəfərin adı 

qoyulmuş  xırdaca bir oğulun atası idi. Qəlbində  təzə, yenicə daddığı atalıq 

duyğusunun  şirinliyindən hələ lazımınca ləzzət almamış körpəsindən, varlığına 

hakim kəsilməyə başlayan  şirin məhəbbətli Ceyrandan, yer üzündə ikinci Allahı 

kimi sevdiyi anasından; uzaq Yaqsayda ömrünün son illərini yaşayan ata əvəzi 

babasından ayrılarkən, birümidlə yola çıxırdı: oxumaq, təhsilini davam edib 

Vətənə qayıtmaq, balaca vətəndaşlarına Rza bəy kimi kiçik bir məktəb açıb dərs 

demək, xeyir vermək... 

...Qarşıda yenə də yol görünür... Şirvandan gedən yol. Bu yol sarvan Kərbəlayi 

Vəlinin himayəsinə tapşırılmış Seyid Əzimi Kərbəlaya, Nəcəfə aparırdı. Bu 

yollarda onu nə gözləyirdi? Bu ayrılıq uzunmu çəkəcək? Qayıdanda dost və 

tanışlar, sevdiyi adamlar sağbasağ yerindəmi olacaq? Təşviş-təşvişlər... O, 

Vətəndən bu əziz məhəbbətdən başqa, bir də boş bir bayaz aparırdı... hər 

düşərgədə, hər mənzildə, hər dayanacaqda o, bir guşəyə çəkiləcək, qəlbini qələyana 

gətirən hissləri qələmə alacaq... yazacaqdı... "Yollar, şairimi məndən almayın, onu 

mənə sağ-salamat qaytarın..." Ananın ardınca atdığı suyun səsilə birlikdə 

qulaqlarında səslənən bu cümləni kim dedi? Ayrılıq, hicran ələmilə irəlicədən 

solmağa başlayan Ceyranmı? Qəlbinin dərinliklərinə çəkilib gizlənən ilham pərisi, 

pərilər soltanımı?.. 

 

 



__________________Milli Kitabxana_________________ 

116 


 

YENƏ ŞAMAXIDA 

 

Yollar götürüb aparanda ayrılmışdıq şairimizdən. İl keçdi, ay dolandı, onu yenə 

yollar qaytarıb gətirdi. Vətən torpağında bir-iki il dost-aşna, qohum-əqrəba və 

istəkli balası ilə birlikdə  nəfəs almamış, yollar onu yerindən alıb apardı: 

"Ərəbistan,  İran, Türkiyə  səyahətləri, qəribə-qəribə ölkələr, maraqlı insanlar... 

Seyyid o qədər maraqlı təəssüratla qayıtdı ki, sanki bu bir-iki il ərzində bir-iki yaş 

deyil, on-on beş il böyüdü; on-on beş illik təhsil aldı. Qayıdanda Seyyidi görənlər 

ondakı  təmkinə, ondakı siqlətə heyran idi, təəccüblə baxır, bir insanın bir-iki il 

ərzində bu qədər təbəddülata uğrayıb, dərinləşməsinə qibtəe qarışıq bir heyrət və 

maraqla baxırdılar. Seyyidin oturuş  və duruşunda təmkin  əmələ  gəldiyi kimi, 

danışığı, səsi də yumşalmış, onlarda gəncliyə xas olan coşqunluq, müdrik bir 

insanın həlimliyi ilə  əvəz olunmuşdu.  İndi onun müsahibələrini curları, yaşıdları 

hörmət qarışıq xəfif bir qorxu ilə, özündən böyüklər isə diqqət dolu bir maraq və 

ehtiramla dinləyirdilər. Söhbətlərin məzmunu, məğzi dəyişməsə də söhbət eləyənin 

özünə inamı artmış, gətirdiyi sübut və  dəlillər etiraza yer buraxmır,  şübhəyə yer 

qoymurdu. 

Seyid Əzim Mahmud ağagilə yaxınlaşanda onu qarşılayan musiqi səsi oldu. Bu 

rəng idi, yəqin ki, muğam arası  rənglərdən birində kim isə  rəqs eləyir; çünki 

içəridən şırıqqa səsi gəlirdi... Bu səslər, bu nidalar onun ətrafındakı dağıntılı aləmlə 

o qədər də tutuşmurdu. Zəlzələnin nəticələri hələ göz qabağında idi... Hələ evlər o 

qədər də ucalmamış, adamlar müvəqqəti tikililərdən çıxıb təzə evlərə,  əsaslı 

binalara köçməmişdi. 1859-cu ilin amansız zəlzələsi, qubernatoru təşvişə salıb 

qubemiya idarəsini Şamaxıdan Bakıya köçürən zəlzəle... nə qədər günahsız qanlara 

bais olan zəlzələ... amma şəhərdə canlanma artmış, üzlərdən qorxunun zəfəran 

rəngini götürmüşdü. Dodaqlara təbəssüm qonmağa, bağlardan, seyrəngahlardan 

nəğmə  və musiqi səsləri ucalmağa başlayırdı... Ölənlərin ili çıxmış, il qarası 

əyinlərdən çıxarılmış, şəhərdə əlvan libas geyənlərin sayı çoxalmışdı... 

İndi Seyid, Mahmud ağanın evinə yaxınlaşdıqca bütün bunları  fıkirləşirdi. O, 

rahatlıq gətirən bir şəkildə köksünü ötürüb düşünməyə başladı: insan doğulur, 

insan ölür... həyat isə baqi və daimidir, qoy molla Qurbanqulular fəna haqqında nə 

çərənləyir çərənləsinlər... Həyat  əbədidir... orada mən yoxam, sən yoxsan... nə 

olarki, ataları oğullar, oğulları nəvələr əvəz edir... Torpaq daimi, yer, su, hava... ab-

atəş-xak-bad-dan yaranan nə varsa, o daimidir... cismi, canı olan nə varsa o 

daimidir... 

 

 



Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə