Mühafizə qurğuları üçün kollektiv apteçka. 100-150 və 400-600 nəfərə hesablanmışdır. Apteckada sığınacaqda sığınan insanlara və MM dəstələrinin üzvlərinə öz-özünə və qarşılıqlı yardım göstərmək üçün tibbi vasitələr olur. Həmin vasitələr aşağıdakılardır:
- ağrıkəsicilər, iltihabəleyhi və qusmaəleyhi dərman vasitələri;
- qanaxmanı saxlamaq, yaranı sarımaq və təmizləmək üçün;
- klinik ölüm zamanı ürək - ağciyər reanimasiya vasitələri;
- bayılma və kollaps zamanı istifadə olunan vasitələr;
- qida zəhərlənmələri zamanı dezintoksikasiya vasitələri;
- stress reaksiyalarında istifadə olunan tibb vasitələri.
Xüsusi qablaşdırılmış sanitar çantası səhra şəraitində ilkin yardım vasitəsidir və MM və FH xidmətlərinin tələblərinə cavab verir. Çanta sukeçirməyən «brezent» tipli sıx materialdan hazırlanmışdır. Daxili dərman vasitələri və tibbi vasitələrlə qablaşdırılmışdır: yod məhlulu və ampulada ammonyak, bint, sarğı paketi, jqut, plastır, qayçı, təhlükəsiz sancaq və sınıqlar zamanı istifadə edilən parça tipli yaylıq. 15-20 yaralıya yardım üçün nəzərdə tutulmuşdur; daxilində həmçinin bəzi xəstəliklərdə istifadə olunan dərman maddələri də olur. Çanta içərisindəkilərlə birlikdə 3-3,5 kq-dır.
Köçürmə tədbirləri
Köçürmə (təxliyə) – adamların həyatı və fəaliyyəti üçün təhlükə yaranan rayonlardan əhalinin mütəşəkkil surətdə çıxarılıb təhlükəsiz rayonlarda (zonalarda) yerləşdirilməsi üzrə tədbirlər kompleksidir. Köçürmə tədbirləri əvvəlcədən planlaşdırılmalı və fövqəladə hallar ehtimal olunan rayonlarda sülh və müharibə dövrlərində adamların həyatı və sağlamlığı üçün təhlükə yaranarkən qısa müddətdə ya qabaqcadan, ya da zədələyici amillər əhaliyə bilavasitə təsir göstərərkən dərhal yerinə yetirilməlidir.
Təxliyə əhali zərbə faktorları təsiri olan rayonlardan və ərazidən təhlükəsiz rayon və məntəqələrə tam çıxarıldıqda başa çatmış hesab olunur. Köçürmə tədbirləri əhalini təhlükəli sahələrdən (zədələnmə ocaqlarından) təhlükəsiz rayonlara vaxtında çıxarmağa və bununla da fövqəladə halların təsirindən törəyən tələfatı maksimal dərəcədə azaltmağa imkan verir.
Köçürmə tədbirləri düşmən tərəfindən müasir adi silahlar və kütləvi qırğın vasitələri tətbiq edilməsi, həmçinin təbii fəlakətlər, güclü istehsalat qəzaları baş verməsi ehtimalları nəzərə alınmaqla çoxvariantlı planlaşdırılmalı, yaranmış vəziyyətdən asılı olaraq köçürmə işlərinin müxtəlif variantlarda yerinə yetirilməsi nəzərdə tutulmalıdır.
Köçürmə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi tələb olunan təhlükəli rayonlara aşağıdakılar aid edilir:
- düşmən basqını gözlənilən şəhərlərin və əlahiddə obyektlərin ətrafında ehtimal olunan güclü dağıntılar zonası;
- şəhərlərin, yaşayış məntəqələrinin və xalq təsərrüfatı obyektlərinin ətrafında yarana biləcək radioaktiv və ya kimyəvi zəhərlənmə zonaları;
- ehtimal olunan təbii fəlakət, güclü istehsalat qəzası rayonları və fəlakətli daşqın zonaları;
- silahlı münaqişələr vaxtı hərbi əməliyyatlar aparılan sərhədyanı rayonlar və cəbhəətrafı zolaqlar.
Dostları ilə paylaş: |