Mühazirə 14. Fövqəladə hallarda sənaye obyektlərinin işinin dayanıqlığının əsasları
FH-da ölkənin mülki təhlükəsizliyini təmin etmək üçün iqtisadi obyektlərin (İO-nin) dayanıqlı fəaliyyətinin təmin edilməsi problemi ən vacib məsələdir.
Dayanıqlıq haqqında bir-biri ilə sıx bağlı olan iki əsas prinsip ödənilməlidir. Bu prinsiplər obyektin işinin (fəaliyyətinin) dayanıqlığı və obyektin fiziki dayanıqlığıdır.
İqtisadiyyat obyektinin işinin sabitliyi, onun FH-larda məhsullarını planlaşdırılmış həcmdə və nomenklaturada istehsal etmək, zəif, yaxud orta dağılmaya məruz qaldıqda öz işini qısa bir vaxtda bərpa etmək bacarığı başa düşülür.
İstehsal sahəsinə aid olmayan (təhsil, səhiyyə müəssisələri və s.) obyektlərin işinin dayanıqlığı isə, onların FH-larda öz funksiyalarını davam etdirə bilmək qabiliyyəti nəzərdə tutulur.
İO-nin fiziki dayanıqlığı – bütün mühəndis-texniki bina və qurğuların FH şəraitində zədələyici amillərin dağıdıcı təsirinə davam gətirməsidir. Obyektin fiziki dayanıqlığı, onun işinin dayanıqlığının ayrılmaz tərkib hissəsidir. İqtisadiyyat obyektlərinin dayanıqlığı onun tərkib hissəsi olan elementlərin dayanıqlığından asılıdır. Müasir iqtisadiyyat obyektləri ayrı-ayrı elementlərdən ibarət olan mühəndis-texniki kompleksdir (MTK) və bu kompleksə aiddir:
- istehsalat binaları və qurğuları;
- obyektin personalı;
- MM-in mühafizə qurğuları;
- texnoloji avadanlıqlar;
kommunal-enerji təchizatı xətləri;
mühəndis, texnoloji və nəqliyyat kommunikasiyaları;
istehsalatın idarə olunması sistemi;
inzibati, təsərrüfat, məişət binaları və qurğular.
Obyektin dayanıqlığı aşağıdakı amillərdən asılıdır:
- obyektin mühəndis-texniki kompleksinin fövqəladə hadisələrin təsirinə dayanıqlıq qabiliyyəti;
- İO-nin yerləşmə regionu və bu regiona xas olan xüsusiyyətlər;
- kommunal-enerji təchizatı sisteminin etibarlığı;
- fəhlə və qulluqçuların fövqəladə hadisələrin təsirindən mühafizəsinin etibarlığı;
- obyektin material-texniki təchizat sisteminin etibarlığı;
- obyektin qəzaxilasetmə və digər təxirəsalınmaz işlərin (QXDTİ) keçirilməsi və pozulmuş istehsalatın bərpasına hazırlığı;
- idarəetmə sisteminin etibarlığı və operativliyi.
FH şəraitində obyektin işinin dayanıqlığına təsir edən əsas amillər obyektin işinin dayanıqlığına olan əsas tələbləri, dayanıqlığın yüksəldilməsi yolları, İO-nin layihələndirilməsinin ümumi prinsipləri, tikilən və ya rekonstruksiya olunan obyektlərin FH-larda dayanıqlığının yüksəldilməsi üzrə hazırlanan MM-in mühəndis-texniki tədbirlərini (MTT) təyin edir.
İO-nin istismarı müddətində bina və qurğuların, avadanlıqların köhnəlməsi, texnoloji prosesin və buraxılan məhsulların dəyişməsi, həmçinin müasir qırğın vasitələrinin təkmilləşdirilməsi şəraitə uyğun olmalıdır. İO-nin layihələndirməsində nəzərdə tutulmuş və tikintidə həyata keçirilmiş dayanıqlıq yaranmış yeni şəraitə çox vaxt uyğun gəlmir, obyektdə zəif elementlər ortaya çıxır. Məhz buna görə də, müəyyən istismar müddətindən sonra obyektin zəif elementlərinin aşkar edilməsi və onların dayanıqlığının yüksəldilməsinə (hər 5 ildə bir dəfədən az olmayaraq) ehtiyac yaranır. Bu məqsədlə, obyektin MM rəisinin (obyektin rəhbərinin) əmri ilə obyektin işinin dayanıqlığının tədqiq edilməsi üçün tədqiqat qrupları (işçi qruplar) yaradılır. İşçi qruplara mühəndis-texniki personal, MM qərargahının işçiləri, əgər lazım olarsa, elmi-tədqiqat institutlarının əməkdaşları daxil edilir. Tədqiqatın təşkilatçısı və rəhbəri – obyektin MM gərargahının rəisi (obyektin rəhbəri) olur.
Aparılan tədqiqatın məqsədi FH-larda obyektin işinin zəif yerlərinin təyin edilməsi və onun dayanıqlığının yüksəldilməsi üçün effektiv təkliflərin hazırlanmasıdır. Daha sonra bu təkliflər analiz edilir və yekun təkliflər obyektin dayanıqlığının yüksəldilməsi üzrə tədbirlər planına daxil edilir.
Tədqiqatın ən çətin və həcmli işləri (məsələn, mühafizə qurğularının tikilməsi, yeraltı kommunikasiya xətlərinin yaradılması və s.) əvvəlcədən həyata keçirilir. Çox vaxt tələb etməyən, yaxud sülh dövründə həyata keçirilməsi məqsədəuyğun olmayan tədbirlər isə bilavasitə FH təhlükəsi olduqda yerinə yetirilir.
Tədqiqatın planlaşdırılması və həyata keçirilməsini 3 mərhələyə bölmək olar:
- I-ci mərhələ - hazırlıq mərhələsi;
II-ci mərhələ - obyektin dayanıqlığının qiymətləndirilməsi mərhələsi;
III-cü mərhələ - obyektin dayanıqlığının yüksəldilməsinə aid tədbirlərin hazırlanması mərhələsi.
İstehsalat-texniki xidmətlərin tərkibindən asılı olaraq, obyektdə aşağıdakı tədqiqat qrupları yaradıla bilər:
bina və qurğular üzrə;
kommunal-enerji xətləri üzrə;
dəzgah və texnoloji avadanlıqlar üzrə;
texnoloji proses üzrə;
idarəetmə üzrə və s.
Alınmış nəticələrin analizi, ümumiləşdirilməsi və daha sərfəli təkliflərin hazırlanması üçün baş mühəndisin və ya istehsalat şöbəsinin rəisinin rəhbərliyi altında tədqiqat rəhbərinin qrupu yaradılır. Tədqiqat qrupunun iştirakçılarının sayı görüləcək işin həcmindən və xüsusiyyətlərindən asılı olaraq 5-10 nəfər ola bilər.
FH-da əhalinin, təsərrüfatın mühafizəsi, obyektlərin dayanıqlığının yüksəldilməsi və MM tapşırıqlarının müvəffəqiyyətlə həyata keçirilməsi üçün lazımi şəraitin yaradılması məqsədilə MM-in mühəndis-texniki tələblərinin (MTT) layihələndirilməsi vacibdir. MM-in əsas mühəndis-texniki tələbləri şəhərlərin planlaşdırılması və tikilməsinə, obyektlərin yerləşməsinə, istehsalat binalarının və qurğularının layihələşdirilməsinə və tikilməsinə, metropolitenlərin, rabitənin, hidrotexniki qurğuların, qaz, su, elektrik təchizatı sistemlərinin layihələşdirilməsinə və tikilməsinə aid edilir.
MM MTT-nin layihələndirmə normalarından aşağıdakı hallarda istifadə olunur:
şəhərlərin, İO-nin layihələndirilməsi və tikilməsində;
İO-nin yerləşdirilməsində;
əhalinin mühafizəsi və itkilərin azaldılması sahəsində;
İO-nin işinin, sahələrin və təsərrüfatın dayanıqlığının təmin edilməsində;
FH zonalarında QXDTİ-nin keçirilməsi üçün əlverişli şəraitin yaradılmasında.
Texniki nəzarətin tələblərinin tətbiq istiqamətləri aşağıdakılardır:
- FH-larda İO-də mümkün ola biləcək dağılmaların və itkilərin azaldılması;
- əhalinin və İO-nin personalının mühafizəsinin təmin olunması;
- obyektin bərpa olunması üçün şəraitin yaradılması.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1998-ci il 25 sentyabr tarixli 193 nömrəli qərarı ilə mülki müdafiə üzrə Respublikanın ərazisi zonalara (10 zona), şəhərlər isə 3 qrupa (I, II və III) bölünmüşdür. Bu qərarla təsərrüfat obyektlərinə aşağıdakı dərəcələr verilib: xüsusi əhəmiyyətli (XƏ), birinci dərəcəli və ikinci dərəcəli.
MM MTT-nin layihələndirmə normalarının məzmunu və həcmi ərazinin zonalara bölünməsi, şəhərlərin qrupu və İO-nin MM üzrə dərəcəsi nəzərə alınmaqla, ehtimal olunan (mümkün ola bilən) FH-ların zədələyici amillərinə görə müəyyənləşdirilir.
Obyektin dayanıqlığının yüksəldilməsi tədbirləri ilkin olaraq, onun mühəndis-texniki kompleksinin (binaların, qurğuların, texnoloji xətlərin, sənaye qurğularının, kommunal-enerji təchizatı xətlərinin) layihələndirilməsində, daha sonra tikinti, rekonstruksiya və istismar mərhələlərində həyata keçirilir.
Obyektlərin yerləşdirilməsində ehtimal olunan dağılma zonası nəzərə alınır.İzafi təzyiqin 0,1 kq/sm2 və daha çox olan ərazi ehtimal olunan dağılma zonası adlanır.
Ehtimal olunan dağılma zonası 2 hissəyə bölünür:
ehtimal olunan güclü dağılma zonası (xarici sərhədində izafi təzyiqin qiyməti 0,3 kq/sm2 olur);
ehtimal olunan zəif dağılma zonası (xarici sərhədin- də izafi təzyiqin qiyməti 0,1 kq/sm2, daxili sərhədində isə 0,3 kq/sm2 olur).
Sənaye obyektlərinin yerləşməsində şəhərlərin qrupları və obyektlərin dərəcəsi nəzərə alınır.
Obyektlərin yerləşməsinə olan əsas tələblər aşağıdakılardır:
obyektlər ərazi üzrə bərabər paylanmaqla və mümkün dağılmalar nəzərə alınmaqla yerləşdirilməlidir;
İO-nin tikilmə yeri seçildikdə: əhalinin təhlükə dərəcəsinə görə rayonlaşdırılması, potensial təhlükəli obyektlərin mövcudluğu, ərazinin relyefi, sel və qar axınlarının mümkünlüyü, yolların mövcudluğu, rayonun seysmikliyi, metereoloji xüsusiyyətləri, torpağın xarakteri, yeraltı suların dərinliyi nəzərə alınmalıdır;
mümkün güclü dağılma zonasında yerləşdirilə bilər: xidmət obyektləri (rabitə qovşaqları, poçt bölmələri, teleqraf, atelye, mağaza, hamam və s.), gündəlik təminat bazaları və anbarları, sərnişin və yük dəmiryol stansiyaları, avtoparklar, anqarlar, depo;
mümkün zəif dağılma zonasında yerləşdirilə bilər: avtonom respublika və vilayət təyinatlı ərzaq və ilkin təminat üçün sənaye malları anbarları, dərəcəsi olmayan obyektlər, YSM anbarları, tərtibedici dəmiryol stansiyaları (tərtibat stansiyaları), bərpa-müalicə xəstəxanaları, elektrik suvurucu, qazpaylayıcı stansiyalar;
şəhərdənkənar zonada yerləşdirilir: dövlətin material və ərzaq ehtiyatı anbarları və bazaları; yeni tikilən kateqoriyalı obyektlər (neft emalı, kimya, metallurgiya sənayesi); qəza-kimyəvi təhlükəli maddələrin (QKTM) və partlayış təhlükəli maddələrin saxlanılması üçün baza anbarları (belə anbarlar çay sahilindən 100 m-dən az olmayaraq aralı, yaşayış məntəqələrindən çayın axın istiqamətində 200 m aşağıda yerləşdirilir); pansionatlar, sanatoriyalar, istirahət evləri və bazaları, uşaqlar üçün sağlamlıq müəssisələri; köçürülmüş əhalinin və müəssisələrin yerləşdirilməsi üçün istifadə edilə biləcək obyektlər;
sənaye müəssisələri ehtimal olunan güclü dağılma zonalarından kənarda yerləşdirilməlidir;
mühüm sənaye müəssisələri ehtimal olunan zəif dağılma zonalarından kənarda yerləşdirilməlidir;
tez alovlanan və yanan maddələr olan müəssisələr, anbarlar yaşayış yerlərindən hündürlüyə görə aşağıda yerləşdirilməlidir;
ərzaq və yanacaq anbarları güclü dağılma zonalarından kənarda yerləşdirilməlidir;
çox mühüm sənaye müəssisələri, əgər mümkünsə, bağlı yerlərdə, tibbi sığınacaqlarda və s. bu kimi yerlərdə yerləşdirilməlidir.
Dostları ilə paylaş: |