Mühazirə 2 Fövqəladə halların xarakteristikası.
Fövqəladə hallar (FH) – texnogen qəzalar, təbii fəlakətlər, habelə müasir qırğın vasitələri işlədilməsi nəticəsində insan tələfatına, xeyli maddi itkilərə, ətraf mühitə zərər dəyməsinə səbəb olan, yaxud ola biləcək və əhalinin normal həyat fəaliyyətini pozan hadisələrdir. FH-in qiymətləndirilməsinə eyni cür yanaşmaq və onlara qarşı tədbirlər görmək məqsədilə FH tiplərinə, növlərinə, miqyasına, nəticələrinin ağırlığına və s. əlamətlərinə görə təsnif edilir. Ümumilikdə, ehtimal olunan bütün FH münaqişəli və münaqişəsiz olur.
Münaqişəli FH – toqquşmalar, siyasi mübarizə, sosial partlayışlar, milli və dini qarşıdurmalar, terror, cinayətkarlıq və s. bu kimi hadisələr aid edilir.
Münaqişəsiz FH – bütövlükdə 3 əlamətinə görə səciyyələnir:
- yaranma mühitinə görə - fövqəladə halın əmələgəlmə xüsusiyyətlərini təyin edir;
- inzibati mənsubiyyətinə görə - xalq təsərrüfatının hər hansı bir sahəsində baş verən fövqəladə hal;
- ehtimal olunan fəsadların miqyasına görə - burada əsas əhəmiyyət daşıyan, hadisələrin miqyası, dəymiş ziyan və nəticələrin ləğv edilməsinə cəlb olunan qüvvə və vasitələrin miqdarıdır.
Yaranma mühitinə görə FH təbii, texnogen və ekoloji olur.
İnzibati mənsubiyyətinə görə FH:
tikintidə ( sənaye, mülki, nəqliyyat);
sənayedə (atom, kimyəvi, qida, metallurgiya, maşınqayırma, dağ-mədən, gübrə);
mənzil-kommunal istismar sahəsində (su-kanalizasiya sistemlərində, qaz, istilik, elektrik, bina və qurğuların istismarı);
nəqliyyatda (dəmir yolu, avtomobil, boru kəmərləri, hava və su);
kənd və meşə təsərrüfatında baş verir.
Ehtimal edilən fəsadların mümkün yayılma miqyasına görə FH-ın təsnifatı təbii və texnogen xarakterli FH-ın sərhədlərini və düzgün həlli yollarını təyin etmək üçün vacib məsələlərdən biridir. Burada:
FH-da zərərçəkmiş, mənsub yaşayış şəraitlərini itirmiş insanların sayını bilmək;
maddi ziyanın miqdarını təyin etmək;
zədələyici amillərin yayıldığı sərhədləri aşkarlamaq əsas məsələdir.
FH təsir dairəsinə və ağırlıq dərəcəsinə görə də xarakterizə edilir.
Təsir dairəsinə görə:
- lokal (qismi) – hadisələr iş yerindən, iş sahəsindən, mənzildən kənara yayılmır;
- obyekt – sənaye obyektində, bina və ya qurğu hüdudlarında məhdudlaşır;
- yerli – hadisələr ancaq yaşayış məntəqəsinin, yalnız bir şəhərin və ya kənd təsərrüfatı müəssisəsinin ərazisində özünü göstərir;
- regional FH – bir neçə sənaye və ya kənd təsərrüfatı rayonlarını, bütövlükdə şəhəri və onun ətrafını əhatə edir;
- milli – respublikanın xeyli ərazisini əhatə edən, lakin dövlətin inzibati sərhədlərindən kənara çıxmayan hadisələrdir;
- qlobal xarakterli FH – bir ölkənin ərazisində məhdudlaşmır və qonşu dövlətlərin də ərazisinə yayılır.
Ağırlıq dərəcəsinə görə isə FH aşağıdakı kimi təsnif olunur:
Birinci dərəcəli – ağır FH demək olar ki, xüsusi narahatlıq doğurmur, onlardan bəziləri, məsələn, iri şəhərlərin küçələrindən axan qısamüddətli leysan suları maraqlı bir epizod kimi yadda qalır.
İkinci dərəcəli – xüsusən, ağır FH əhalinin əksəriyyətində bəd hadisə hesab edilməklə narahatlıq, əsəbilik və s. kimi hisslərlə yadda qalır.
Üçüncü dərəcəli – katastrofik FH isə sözün əsl mənasında fəlakətdir, belə hadisələr sosial psixoloji vəziyyəti xeyli dərəcədə dəyişən köçkünlər axını yarada bilər.
Dördüncü dərəcəli – böhranlı FH ümumi ümidsizlik və həyat dəyərləri haqqında təsəvvürlərin prinsipial surətdə dəyişməsinə, sosial çaxnaşmalara səbəb ola bilər.
Beşinci dərəcəli – əvəzolunmaz itkili FH salamat qalmış insanların (köçkünlərin) onların həyatını pozmuş hadisə kimi yaddaşlarına həkk olunur.
Azərbaycan Respublikası ərazisində 4 növ FH baş verməsi labüddür. Bunlar: texnogen, təbii, ekoloji və sosial-siyasi mənşəli hadisələrdən ibarət ola bilər.
FH zamanı ilk növbədə ümumi itkilər və dəymiş ziyan müəyyən edilir ki, dərhal müvafiq tədbirlər planı tərtib edilməli və plana əsasən zərərçəkmiş rayona, şəhərə və ya qəsəbəyə kənardan yardım etmək üçün təcili qərarlar verilməlidir.
Sosial zərəri, adətən, FH ocağında həlak olanların, yaralıların və zərərçəkənlərin (ev-eşiyini itirənlərin və başqalarının) sayı ilə ölçürlər. İnsanların həlak olması və şikəst qalması (iş qabiliyyətini itirməsi) nəticəsində yaranmış itkiləri pul formasında qiymətləndirmək mümkündür: əlil olmuş şəxsin təminatının dəyəri ilə; işçinin itirilməsi nəticəsində gəlirin azalması ilə; peşə üzrə risk üçün görülən lazımi tədbirlərin dəyərinə görə və s.
Əlverişsiz və təhlükəli hadisələrin dolayı sosial zərərini müəyyən edərkən zərəri etnik-mədəni və psixoloji zərər kimi də nəzərə almaq lazımdır. Etnik-mədəni zərər yalnız sadəcə insanların məhv olmasından ibarət deyil, bu həm də etnosun (müəyyən bir xalqın) məhv olması deməkdir.
Dostları ilə paylaş: |