Мөһсүн Гәраәти: Намазын сирләриндән ишарты



Yüklə 1,67 Mb.
səhifə18/34
tarix25.06.2018
ölçüsü1,67 Mb.
#51158
1   ...   14   15   16   17   18   19   20   21   ...   34

İXLAS NƏTİCƏSİ


İnsanın Allahla xalis əlaqəsi batinin nurlanmasına, səfalanmasına və qəflət pərdələrinin götürülməsinə səbəb olur. Nəticədə həyatın çətin anlarında insana yol açılır. Həzrət Əli (ə) buyurur: “Qəlbə ixlasla yanaşı nuraniyyət və bəsirət gələr.”1 Bu Qur’ani-kərimin təqvanın nəticəsi kimi bəyan etdiyi həmin “fürqan”dır. (Haqla nahaqqı ayırd edən)2 Başqa bir ayədə buyurulur ki, əgər təqvalı olsanız, Allah sizə bir nur verər və bu nurla yolunuzu gedərsiniz.3

İxlas, nəfsə tabe olmamaq və təqva insanın gözünü açır, onu həvəs, cəhalət və şirk qaranlıqlarından elm, tövhid və nur fəzasına çıxarır. Hər kəsin ixlası olsa, nicat tapacaq.4

İxlas böyük, eyni zamanda çətin əldə olunan bir dəyərdir. İmam Səccad (ə) ramazanın səhər dualarında Allahdan istəyir ki, qəlbini nifaqdan, əməlini riyadan təmizləsin. İmam Hüseyn (ə) Ərəfə duasında Allahdan ixlaslı əməl diləyir.

CƏMİYYƏT ARASINDA İXLAS


Dəyərli ixlas cəmiyyət arasında ictimai fəaliyyətlər və məs’uliyyətlərlə yanaşı olan ixlasdır. Bə’ziləri yanılaraq xalqdan kənarda ixlas axtarırlar. Allah dadlı və xalis südü qida ilə qan arasında yaradır.1 Xalis insan özünü cəmiyyətdəki hər növ çirkin işlərdən təmiz saxlamalıdır. O, niyyətini və əməlini riya çirkabından qorumalıdır. Belə əldə olunan ixlas dəyərli və mühümdür.

İxlaslı şəxs özünü Allahın ixtiyarına verir və qəlbini ilahi eşq mənzili edir. Onun bütün əməllərinə ilahi məqsəd hakim olur və bu yolla izzətə çatır.


NAMAZA DAXİL OLURUQ


Niyyət, namazı Allah üçün ibadət qərarı və Ona yaxınlaşmaq məqsədi ilə əda etməkdir. Niyyətdən sonra namaza daxil oluruq. Qəlb iştirakı, ruhi hazırlıq və Allaha tam diqqətlə təkbir deyirik. Bu diqqət və qəlb iştirakı namaz üçün ruh kimidir.

“ƏLLAHU ƏKBƏR”


Allah düşüncə və xəyalımızdan daha böyükdür. Onu qələmlə vəsf və dillə bəyan etmək gücümüz yoxdur.

Onun əzəməti düşüncə, mə’rifət və təsəvvürümüzün fövqündədir.

Hər nə istəsə həmin an baş verər. Əmrinə itaət olunar. İnsan və bütün varlıqlar yoxdan yarandı. Hər birinə ruzi verər, hidayət edər. Hamı Ona doğru qayıdacaq. Bütün canlıların və bitkilərin varlığı və canı Onun qüdrət əlindədir. Ucaldan da, kiçildən də Odur. Ehtiyacsızdır, hamı Ona möhtacdır. İnsanı ana bətnində formalaşdırır. Onların fitrətində yönəldici meyllər qərar verir. Xəstələrə şəfa verir, zəiflərə qüvvə əta edir. Onun zatından başqa hər şey ölümə məhkum və fanidir. Qiyamətdə hesab-kitab mükafat və cəza Ona bağlıdır. Qiyamət günü mə’lum olacaq ki, bütün işlər Onun əlindədir və başqaları heç nəyə qadir deyil. Allahdan qeyrilərinin dərgahına üz tutanlar uduzmuş və ziyan etmişlər... (Qeyd olunan bütün sifətlər Qur’an ayələrindən götürülmüşdür.)

Namazımız belə əzəmətli bir Allahın adı ilə başlayır.

Niyyətdən sonra təkbirətul-ehram deyir və namaza daxil oluruq. “Əllahu əkbər!”

“Əllahu əkbər” əqidə və dinimizin ucalıq şüarıdır.

Namaz “Əllahu əkbər” kəlməsi ilə başlayır və “rəhmətullah” kəlməsi ilə xətm olunur.

Elə bir namaz ki, həm qəlb iştirak edir, həm də dil mədh oxuyur, vəsf edir. Namazda həmd və zikri eşidir, eyni zamanda bədən üzvlərinin hərəkəti ilə ibadət edirik.

Elə bir namaz ki, bütpərəstlik və məsihilikdə olduğu kimi bütlərin və İsanın adı ilə yox, Allahın adı ilə başlayır.

Elə bir namaz ki, “Əllahu əkbər”lə yanaşıdır. Batil və puç qüdrətlər üzərindən xətt çəkən bu şüar gündəlik müstəhəb və vacib namazlarda 85 dəfə təkrarlanır, namazdan əvvəl və namazdan sonra da müxtəlif şəkillərdə savab üçün zikr olunur.

Bu şüar namaz boyu təkrarlanır və bizim mə’nəvi tərbiyəmiz, inkişafımız həmin təkrarların bəhrəsidir.

Allah hər şeydən böyükdür!

Allah heç bir şeylə müqayisə olunmaz dərəcədə böyükdür və zahiri hisslərlə dərk olunmur.

Allah həvəslərimizdən, sözlərimizdən, şeytan vəsvəsələrindən və dünya bəyanlarından daha böyükdür.

Əgər Allah düşüncəmizdə ən böyük sayılsa və “Əllahu əkbər” kəlməsi qəlbən, iman və inamla deyilsə, dünya, onun cazibəsi və bütün qüvvələr gözümüzdə kiçiləcək, Onun razılığı bizim üçün hər şeydən üstün olacaq.

İmam Sadiq (ə) buyurur: “Namazın başlanğıcında təkbir deyərkən Ondan (Allahdan) başqa bütün varlıq sənin düşüncəndə kiçilməlidir. Yoxsa, xitab olunar: Sən yalançısan! Əgər namaz qılan şəxsin fikrində ayrı bir şey böyük olarsa, o yalançı sayılır. Necə ki, münafiqlər dildə Allah rəsulunun (s) peyğəmbərliyinə şəhadət verir, amma öz sözlərinə inanmırdılar. Allah onları yalançı adlandırdı: “...Allah münafiqlərin xalis yalançı olduqlarına şəhadət verir.”1 Dillə əqidə arasında fərq bir növ nifaqdır. İmam Sadiq (ə) buyurur ki, Allah belə namaz qılanlara xitab edir: “Yoxsa mənə hiylə gəlirsiniz? And olsun izzət və cəlalıma, öz zikrimin şirinliyini səndən alar, yaxınlıq məqamından və münacatımın ləzzətindən məhrum edərəm.”2 Mərhum Feyz Kaşani bu hədisi nəql etdikdən sonra buyurur: “Namaz zamanı münacat şirinliyi və ruhiyyə əldə etsəniz, bilin ki, sizin təkbiriniz Allah-təala tərəfindən qəbul olunmuşdur. Əgər belə olmasa, bilin ki, Allah sizi dərgahından qovmuş, sözünüzü təsdiq etməmişdir və bizi yalançı hesab edir.”3

Bəli, Allah daha böyükdür. Bütün sözlərdən, yazılardan və düşüncələrdən daha böyük!

Bu əqidədə olan şəxsin nəzərində hər şey kiçilir. Təyyarə nə qədər yuxarı qalxsa, evlər, binalar və yer daha kiçik görünər. Allahı əzəmətli sayan Ondan başqalarını kiçik görür. Həzrət Əli (ə) bu xarakteri təqvalı insanların sifətlərindən hesab edir: “Allah onların batinlərində əzəmətlidir və Ondan başqalarını kiçik görürlər.”4


HƏMD SURƏSİ


Bütün namazlarda “Həmd” surəsini oxumaq vacibdir. Bu surədə ne’mətlər üçün Allaha həmd edilir, Onun sifətləri, qiyamət günü hakimiyyəti və doğru yola yönəldən hidayətin Onun tərəfindən olması bəyan olunur.

İndi isə surənin ayələri haqqında bə’zi nöqtələri bəyan edirik.


“BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM”


Bağışlayan və mehriban Allahın adı və köməyi ilə başlayırıq.

Elə bir Allah ki, hər kəsə, hər nəyə mərhəmət edir. Elə bir Allah ki, daim və hər şeyə məhəbbət göstərir. Ondan başqaları ya lütf göstərmirlər, ya da lütfləri daimi və əhatəli olmur.

Bə’zən də məqsədləri mehribanlıq deyil. Lakin Allah hətta yaradanda lütf və mehribanlıq əsasında yaradır: “Rəbbinin mərhəmət etdiyi kimsələr istisnadır. Rəbbin onları bunun üçün yaratmışdır...”1 Əgər bə’ziləri Allahın rəhmətinə nail olmurlarsa, bu onların özündən asılıdır.

Əgər çayın suyu şara dolmursa, çayın təqsiri yoxdur. Çünki şarın hər tərəfi bağlıdır.

Əgər günəş şüası divardan keçmirsə, bu şüanın yox, divarın təqsiridir.

Allahın rəhməti genişdir. Lakin bə’zən insanlar batil fikir və işlərlə rəhmət qapılarını öz üzlərinə bağlayırlar.

Hər işin əvvəlində “Bismillah” Allaha eşq və təvəkkül, Ondan kömək diləmək və Ona bağlılıq rəmzidir.

“Bismillah” Allahın ilhamverici adına sarılmaq, şeytan vəsvəslərindən uzaqlaşmaqdır.

“Bismillah” bütün səmavi kitabların başlanğıcıdır.2 Peyğəmbərlər bütün işlərə Allahın adı ilə başlamışlar. (Məsələn, həzrət Nuh (ə) gəmini hərəkətə gətirəndə “Bismillah” dedi.) Bu iş insanın Allaha pənah aparıb, Onun tərəfindən qorunmasına səbəb olur. Allaha sığınmış şəxs doğru yola yönəlir: “Allaha sığınan şəxs, şübhəsiz ki, doğru yola yönəldilmişdir.”3

“Bismillah” Allaha bəndəlik və Ona bağlılıq nişanəsidir. Yə’ni: İlahi, Səni unutmamışam, bütün işlərimə Sənin adınla başlayıram, özümü sığortalayıram və Sənin köməyinlə şeytanı qaçırıram.

İmam Sadiq (ə) buyurur: “Bismillah” surələrin tacıdır.1 Bismillah iman və rəhmət nişanəsidir. “Bəraət” surəsinin əvvəlində “Bismillah” kəlməsi yoxdur. Çünki surədə kafirlərdən üz döndərmək əmr olunur və rəhmətə yer qalmır.2 Hədisdə buyurulur ki, hər bir işə hətta bir beyt şe’r yazmağa “Bismillah”la başlayın. Allahı yad etmədən görülən işlər sona çatmır.3


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə