92
bildirilməsinə yalnız qanunvericiliklə müəyyən edilən hallarda və yaxud tərəflərin
razılığı ilə yol verilir. Məsələn, iştirakçılarından birinin müqavilənin şərtlərinin
dəyişdirilməsi haqqında verilmiş təklifinə digər tərəfin susması onun razılığını
göstərir.
Əqdlər üçün ən mühüm əhəmiyyət kəsb edən psixoloji amillərdən biri də
motivdir. Motivi, əqdin əsasından fərqləndirmək lazımdır. Əqdin əsasını hüquqi
məqsəd, hüquqi nəticə təşkil edir. Məsələn, alqı-satqı müqaviləsində məqsəd
əşyanı alıcının mülkiyyətinə verməkdir. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki,
əqdin əsası təsadüfi məqsəd olmayıb, həmin əqd üçün tipik və daimi xarakter
daşıyır. Əqdin əsası həyata keçirilə bilən və qanuni olmalıdır. Əgər bağlanan
vaxt əqdin məqsədi həyata keçirilə bilən deyildirsə, onda o, hüquqi əhəmiyyət
kəsb etmir. Hüquqi nəticə yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün
bağlanan əqd etibarsızdır.
Motiv isə şəxsi hər bir halda müqavilə bağlamağa sövq edən psixoloji
amildir. Buna görə də əqdin motivləri çoxsaylı, əsas isə bir dənədir. Motivlər
əqddən kənarda qalır, onun məzmununda öz ifadəsini tapmır və hüquqi fakt
mənası daşımır. Məsələn, əgər şəxs ad günündə hədiyyə vermək üçün hər
hansı bir əşya alırsa, onda bu motiv alqı-satqı müqaviləsinin hüquqi tərkibinə
daxil edilmir.
Əqdlərin növləri. Mülki hüquqda əqdlər müxtəlif əsaslara görə
təsnifləşdirilir.
İştirakçıların sayından asılı olaraq əqdlər birtərəfli, ikitərəfli və ya çoxtərəfli
əqdlərə bölünür. Mülki qanunvericiliyə və ya tərəflərin razılaşmasına uyğun
olaraq, bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd
birtərəfli əqddir. Vəsiyyətnamənin tərtib edilməsi, etibarnamənin verilməsi və s.
birtərəfli əqdlərə misal ola bilər. Adətən, birtərəfli əqd bir şəxs tərəfindən
bağlanılır. Birtərəfli əqddə iradə bir neçə şəxs tərəfindən ifadə oluna bilər.
Məsələn, ümumi etibarnamənin verilməsi və s.
Bəzən birtərəfli əqdin hüquqi nəticələr yaratması üçün iradə ifadəsinin
ünvanlanmış şəxs tərəfindən qəbul edilməsi lazım olur. Əgər bu şəxs, belə
iradə ifadəsinin mövcudluğunu bilmirsə, onda birtərəfli əqd hüquqi əhəmiyyət
kəsb etmir. Belə ki, əgər müqavilənin pozulması haqqında xəbərdarlıq digər
tərəfə çatmayıbsa, onda o, hüquqi nəticələr yarada bilməz.
İki tərəfin qarşılıqlı iradə ifadəsinin razılaşdırılması ilə yaranan əqdlərə
ikitərəfli əqdlər deyilir. İkitərəfli əqdlər müqavilə adlanır. İkitərəfli əqdlər, əqdin
ən geniş yayılmış növüdür. Ikitərəfli əqdlərə, alqı-satqı, əmlak kirayəsi, sığorta
və s. müqavilələr misal ola bilər.
Üç və ya daha çox tərəf arasında iradə ifadəsinin razılaşdırılmasından
yaranan əqdlərə çoxtərəfli əqdlər deyilir. Məsələn, bir neçə hüquqi şəxsin yeni
binalar tikməsi üçün müqavilə bağlaması.
Əqdlər əvəzli və əvəzsiz olmaqla iki yerə bölünürlər. Əvəzli əqddə bir
tərəfin etdiyi hərəkətin və yaxud verdiyi əmlakın əvəzində o biri tərəf də qarşılıqlı
olaraq müəyyən hərəkət edir və yaxud əmlakın dəyərini ödəyir. Məsələn, alqı-
satqı müqaviləsində satıcının vəzifəsi əşyanı vermək, alıcının vəzifəsi isə
müqavilədə şərtləşdirilmiş qiyməti ödəməkdir.
Mülki-hüquqi əqdlərin əksəriyyəti əvəzlidir.
Bundan fərqli olaraq əvəzsiz əqdlərdə tərəfiər bir-birilərindən qarşılıqlı
təminat almırlar. Məsələn, bağışlama, əmlakdan əvəzsiz istifadə müqavilələri
əvəzsizdir. Bəzi əqdlər həm əvəzli, həm də əvəzsiz olurlar. Saxlama müqaviləsi
93
belə əqdlərə misal ola bilər. Əvəzsiz əqdlər əsasən, fiziki şəxslər arasında
bağlanır. Hüquqi şəxslər arasında bağlanan əqdlər bir qayda olaraq əvəzlidir.
Mülki hüquqda konsensual və real əqdlər fərqləndirilir. Konsensual
(latınca consensus - razılaşma, saziş) əqdlərin bağlanması üçün əqddə iştirak
edən tərəflərin iradə ifadələri və razılığı kifayətdir. Qeyd etmək lazımdır ki, mülki
dövriyyədə bağlanan əqdlər konsensual xarakter daşıyır. Məsələn, alqı-satqı,
podrat müqavilələri və s.
Real əqdlərin bağlanması üçün razılığın olması kifayət deyil. Burada
əşyanın verilməsi, əqdin predmetinin göz qabağında olması mütləq lazımdır.
Məsələn, borc müqaviləsi, bağışlama müqaviləsi və s.
Hüquqi əsasından asılı olaraq əqdlər kauzal və mücərrəd əqdlərə
bölünürlər. Həqiqiliyi (etibarlılığı) əqdin əsasından asılı olan əqdlərə kauzal
(latınca causa - səbəb) əqdlər deyilir. Mülki hüquqda əqdlərin əksəriyyəti kauzal
xarakter daşıyır. Kauzal əqdin əsas cəhəti onun hər hansı bir hüquqi məqsəd
güdməsindədir. Məsələn, əmlak kirayə müqaviləsinin məqsədi əşyanı istifadəyə
qoymaq, borc müqaviləsinin məqsədi isə pulu və ya əşyanı verməkdir. Kauzal
əqdlərin hüquqiliyi onun məqsədindən irəli gəlir.
Həqiqiliyi əqdin əsasından asılı olmayan əqdlərə mücərrəd əqdlər deyilir.
Mücərrəd latınca abstrakt sözündəndir, «qoparma», «ayırma» deməkdir.
Mücərrəd əqd öz məqsədindən ayrılmış olur. Bu əqdlərə vekseli misal
göstərmək olar.
Mülki qanunvericilikdə əqdlər müddətli və şərti əqdlərə bölünürlər. Əksər
hallarda əqdlərdə müddət göstərilir. Belə hallarda əqdin hüquqi nəticələri
müəyyən vaxtın kəsilməsi ilə bağlı olur. Əqddə müddət üç məna daşıyır.
Başlanğıc müddət əqdin tərəflərinin hüquq və vəzifələrinin yarandığı anı, icra
müddəti əqdin yerinə yetirilməsi vaxtını, sonuncu müddət isə əqdin xitam
olunduğunu göstərir.
Əqddə müddət müəyyən və qeyri-müəyyən ola bilər. Əgər vaxt dəqiq
göstərilməyibsə, onda vəzifəli şəxs (kreditor) istənilən vaxt əqdin icrasını tələb
edə bilər. Əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-
verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış
sayılır. Əqdlər aşağıdakı şərtlərlə bağlana bilər:
a) pozitiv şərt;
b) neqativ şərt;
c) təxirəsalıcı şərt;
ç) ləğvedici şərt.
Pozitiv şərt o deməkdir ki, əqd hansısa hadisənin müəyyən müddətdə baş
verəcəyi şərti ilə bağlanmışdır. Əgər həmin müddət bitmiş və hadisə baş
verməmişsə,
şərt
qüvvədən
düşmüş
sayılır.
Əgər
müddət
müəyyənləşdirilməyibsə şərt istənilən vaxt yerinə yetirilə bilər. Hadisənin baş
verməsinin mümkünsüzlüyü aydın olduqda şərt qüvvədən düşmüş sayıla bilər
(Mülki Məcəllənin 328.4-cü maddəsi).
Neqativ şərt o deməkdir ki, əqd hansısa hadisənin müəyyən müddətdə
baş verməyəcəyi şərtilə bağlanmışdır. Əgər həmin müddət bitənədək hadisə
baş verməzsə və ya həmin hadisənin baş verməsinin mümkünsüzlüyü müddət
bitənədək aydın olarsa, şərt yerinə yetirilmiş sayılır. Əgər müddət
Dostları ilə paylaş: |