88
olunur, yəni bu zaman hüquq və vəzifələr tam həcmdə yeni təşkil edilmiş hüquqi
şəxsə keçir.
Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və
vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi
deməkdir.
Hüquq ədəbiyyatında hüquqi şəxslərin sərəncam, könüllü və məcburi
qaydada xitam edilmələri göstərilir. Sərəncam qaydasında bir qayda olaraq
dövlət hüquqi şəxsləri xitam edilirlər. Bu, onları təşkil edən dövlət orqanlarının
qərarı ilə həyata keçirilir. Məcburi və könüllü qaydada isə kooperativlər, ictimai
təşkilatlar və s. xitam edilirlər. Könüllü qaydada hüquqi şəxsin ləğvi həmin
təşkilatın ümumi iclasının qərarı ilə, məcburi qaydada hüquqi şəxsin ləğvi isə
buna səlahiyyəti olan dövlət orqanlarının qərarı ilə həyata keçirilir. Hüquqi şəxsin
mövcudolma müddəti qurtardıqda, o, fəaliyyət həddini aşdıqda, dövlətin
mənafelərinə zidd olaraq fəaliyyət göstərdikdə və s. hallarda qanun həmin
hüquqi şəxsin ləğv olunması haqqında məcburedici tədbirlər nəzərdə tutur.
Hüquq ədəbiyyatında hüquqi şəxslər bir sıra əsaslara görə növlərə
bölünürlər.
Mülkiyyət formasından asılı olaraq hüquqi şəxslər dövlət və xüsusi (qeyri-
dövlət) hüquqi şəxslərə bölünür.
Fəaliyyət məqsədlərindən asılı olaraq kommersiya və qeyri-kommersiya
təşkilatları fərqləndirilir.
Təşkiletmə qaydasına görə hüquqi şəxslər könüllü (təsisçilərin iradəsi ilə)
və sərəncam qaydası ilə (mülkiyyətçinin və ya idarəetmə orqanının qərarı üzrə)
yaradılan hüquqi şəxslərə bölünürlər.
Hüquqi vəziyyətinə görə hüquqi şəxslər milli və xarici hüquqi şəxslərə
bölünürlər. Ölkə daxilindəki hüquqi şəxslər milli qanunvericiliyə uyğun olaraq
yaradılır və fəaliyyət göstərirlər. Xarici hüquqi şəxslər isə, xarici ölkələrin
qanunvericiliyinə əsasən, yaradılırlar. Lakin onlar öz fəaliyyətlərini milli
qanunvericiliyə əsasən, həyata keçirirlər.
Mülki Məcəllənin 43-cü maddəsinin 3-cü və 4-cü bəndlərinə əsasən,
Azərbaycan Respublikası və bələdiyyələr mülki hüquq münasibətlərində eynilə
digər hüquqi şəxslər kimi iştirak edirlər. Bu hallarda onların səlahiyyətlərini
onların hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər.
Dövlət mülki hüquq münasibətlərinin iştirakçısı kimi hüquq subyektliyinə,
yəni hüquq və fəaliyyət qabiliyyətinə malikdir. Lakin digər subyektlərdən fərqli
olaraq bu hüquq qabiliyyətinin özünəməxsus xüsusiyyətləri vardır. Bu, onunla
izah olunur ki, dövlət ümumi hüququn əsas subyekti olmaqla hakimiyyətin
daşıyıcısıdır. Bu xüsusiyyət dövlətin mövcud suverenliyində ifadə olunur.
Suverenlik daxili və xarici ifadəyə malikdir. Öz ərazisi hüdudlarıda dövlət
ən ali hakimiyyəti təcəssüm etdirir. Heç kəs dövlətin daxili işlərinə qarışa bilməz.
Dövlətin suverenlik xüsusiyyəti onu mülki hüququn xüsusi subyektinə
çevirir. Bu mənada:
- dövlət özü mülki hüququn digər bütün subyektləri üçün məcburi olan
qanunlar qəbul edir;
- dövlət digər tərəfin iradəsindən asılı olmayaraq mülki hüquq
münasibətləri əmələ gətirən inzibati aktlar qəbul edir;
- dövlət bərabərlik əsasında qurulan mülki hüquq münasibətlərində
iştirak etdikdə belə, hakimiyyət funksiyasını saxlayır;
- dövlət immunitetdən istifadə edir.
89
Mülki hüquq münasibətlərinin obyektləri. Mülki hüquq münasibətlərinin
mühüm ünsürlərindən biri də bu münasibətlərin obyektləridir. Mülki hüquq
münasibətlərinin obyektləri dedikdə, bu hüquq münasibətlərinin nəyə qarşı
yönəldiyini başa düşmək lazımdır. Mülki hüquq subyektlərinin öz aralarında
hüquq münasibətlərinə daxil olmalarına səbəb olan maddi və mənəvi nemətlər
mülki hüquq münasibətlərinin obyektləri adlanır. Belə nemətlərin (obyektlərin)
dairəsi olduqca geniş və müxtəlifdir. Mülki Məcəllənin 4-cü maddəsinə uyğun
olaraq əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən
çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin
obyektləri ola bilərlər.
Mülki hüquq münasibətlərinin obyektlərinə aşağıdakılar daxildir:
1) əşyalar;
2) yaradıcılıq fəaliyyətinin nəticələri;
3) işlər və xidmətlər;
4) qeyri-maddi nemətlər.
Mülki hüquq münasibətlərinin obyektləri içərisində əşyalar xüsusi yer tutur.
Bu, mülki dövriyyədə onların daha çox yayılması və mülkiyyət hüquq
münasibətlərinin əmələ gəlməsinə səbəb olması ilə əlaqədardır.
Əşyalar insanlar arasındakı münasibətlərə görə müəyyən edilən zahiri
maddi predmetlərdir. Mülki Məcəllənin 135.1-ci maddəsinə, əsasən yalnız fiziki
obyektlər əşya sayılırlar. Əşyalar maddi və mənəvi mədəniyyətin predmeti kimi
insan əməyinin məhsulu, yaxud da təbiətin özü tərəfindən yaradılmış və
insanların öz həyat fəaliyyəti üçün istifadə etdiyi - torpaq, faydalı qazıntılar,
bitkilər və s-dən ibarətdir. Mülki hüquq münasibətlərinin obyekti kimi əşyaların ən
mühüm əlaməti insanların bu və ya digər tələbatlarının ödənilməsində özünü
göstərir.
Hüquq ədəbiyyatlarında əşyalar öz təyinatına, iqtisadi xarakterinə və
əlamətlərinə görə aşağıdakı kimi təsnifləşdirilir:
1) istehsal vasitələri və istehlak predmetləri;
2) daşınar və daşınmaz əşyalar;
3) dövriyyədən
çıxarılmamış,
dövriyyəsi
məhdudlaşdırılmış
və
dövriyyədən çıxarılmış əşyalar;
4) istehlak edilən və istehlak edilməyən əşyalar;
5) fərdən və cinsən müəyyən edilən əşyalar;
6) bölünər və bölünməz əşyalar;
7) əsas və yardımçı əşyalar;
8) cüt və tək əşyalar;
9) bəhər, gəlir və məhsul.
Mülki hüquq ədəbiyyatlarında əşyaların canlı və cansız əşyalara bölünməsi
qəbul edilsə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.3-cü
maddəsində göstərilir ki, bitkilər və heyvanlar əşya deyildir. Onların hüquqi
vəziyyəti xüsusi qanunlarla müəyyənləşdirilir. Əgər qanunvericilikdə ayrı qayda
müəyyənləşdirilməyibsə, əşyaların hüquqi vəziyyəti bitkilərə və heyvanlara
şamil edilir.
Ümumiyyətlə, əşyaların təsnifatı aparılarkən hər bir əşyanın özünəməxsus
hüquqi vəziyyəti müəyyən olunur. Əşyaların hüquqi vəziyyəti dedikdə, mülki
hüquq münasibətlərinin obyekti kimi əşyaların əldə olunmasını, onlardan istifadə
edilməsini və onlar üzərində sərəncam verilməsini tənzim edən hüquq
normalarının məcmusu başa düşülür.
Dostları ilə paylaş: |