82
iştirakçıların qarşılıqlı əlaqələri, onların malik olduqları subyektiv hüquqlara və
daşıdıqları vəzifələrə uyğun olaraq həyata keçirilir. Belə ki, alqı-satqı müqaviləsi
üzrə hüquq münasibətlərində satıcı satdığı əşyanı müqavilə ilə müəyyən edilmiş
şərtlərlə və müddətdə alıcının mülkiyyətinə verir, alıcı isə müqavilədə nəzərdə
tutulmuş müddətdə müəyyən pul məbləğini satıcıya ödəyir.
Mülki hüququn predmetinə daxil olan ictimai münasibətlər hüquqi
nizamasalınma nəticəsində yoxa çıxmırlar, əksinə, hüquqi forma əldə edirlər.
Buna görə də mülki hüquq münasibətlərinin məzmunu onların iştirakçılarının
subyektiv hüquq və vəzifələrinə uyğun olaraq həyata keçirilən qarşılıqlı
əlaqələrini əmələ gətirir.
Mülki hüquq münasibətlərinin iştirakçılarına aid olan subyektiv hüquq və
vəzifələr onun hüquqi formasını təşkil edir. Subyektiv hüquq dedikdə, səlahiyyətli
şəxsin mümkün davranışının hüquqi təminat ölçüsü başa düşülür. Subyektiv
vəzifə isə mülki hüquq münasibətlərində vəzifəli şəxsin lazımi davranışının
hüquqi cəhətdən şərtləndirilmiş ölçüsüdür. Subyektiv mülki hüquq və vəzifələrin
xüsusiyyətləri onların əmlak və şəxsi qeyri-əmlak xarakterli olmasından ibarətdir.
Belə ki, mülkiyyət hüququ, mülkiyyətçinin öz əşyasına sahiblik, istifadə və
sərəncamvermə kimi hüquqi təminat imkanlarını müəyyən edən əmlak
hüququdur. Şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiə hüququ isə, səlahiyyətli
şəxsin, onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumatların təkzib
edilməsi tələbinin hüquqi təminat imkanlarını müəyyən edən şəxsi qeyri-əmlak
hüququdur.
3. Mülki hüquq münasibətlərinin subyektləri və obyektləri
Mülki hüquq münasibətlərinin subyektləri. Fiziki şəxslər. Mülki
hüquq münasibətlərinin iştirakçılarına bu münasibətlərin subyektləri deyilir, Mülki
hüquq münasibətlərinin subyektlərinə fiziki şəxslər, hüquqi şəxslər, dövlət və
inzibati-ərazi qurumları daxildir. İstənilən ictimai münasibət kimi mülki hüquq
münasibətləri də insanlar arasında əmələ gəlir. İnsanlar bu hüquq
münasibətlərində həm ayrıca fərd, həm də mütəşəkkil kollektivlər şəklində çıxış
edirlər. Mülki qanunvericilikdə bu ayrıca fərdlər fiziki şəxs adlandırılır.
Hüquq subyektliyi - şəxsin (subyektin) hüquq münasibətlərinin iştirakçısı
olması üçün onun sosial-hüquqi imkanını əks etdirir. Hüquq subyektliyinin
yaranması, dəyişməsi və xitamı təkcə insanın anadan olması, inkişafı və ölümü
faktı ilə deyil, həm də sosial şəraitin müəyyən kompleksi ilə əlaqədardır. Şəxsin
hüquq subyektliyinə malik olması üçün maddi və hüquqi təminat lazımdır.
Hüquq
subyektliyi,
hüquq
qabiliyyəti
və
fəaliyyət
qabiliyyətinin
məcmusunu təşkil edir. Hüquq qabiliyyəti dedikdə, subyektin mülki hüquqlara
malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyəti başa düşülür.
Fəaliyyət qabiliyyəti isə subyektin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək
və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək
qabiliyyətidir. Mülki hüquq subyektliyi mülki hüquq münasibətlərinin müxtəlif
iştirakçıları üçün eyni deyildir. Vətəndaşlarda bu ümumi, hüquqi şəxslərdə
xüsusi, dövlət üçün isə universal xarakter daşıyır.
Hüquq subyektliyini subyektiv hüquqla eyniləşdirmək olmaz. Onun
mahiyyəti «hüquqda» deyil, qabiliyyətdə əks olunur. Hüquq subyektliyi ilə
subyektiv mülki hüquq arasında fərq ondan ibarətdir ki, əgər birincisi subyektin
hüquq əldə etmək qabiliyyətini göstərirsə, ikincisi subyektin qanunla müəyyən
83
olunmuş davranış ölçüsüdür.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24 - 42-ci maddələrində
mülki hüquq münasibətlərinin subyektlərindən biri olan fiziki şəxslərdən bəhs
edilir. Fiziki şəxslər dedikdə, təkcə respublika vətəndaşları deyil, həm də
Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan
əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də başa düşülür. Respublikamızda
mülki hüquq qabiliyyətinin xarakterik cəhəti ondan ibarətdir ki, bu hüquq
qabiliyyəti bütün fiziki şəxslər üçün eyni dərəcədə tanınır və real surətdə təmin
edilir.
Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə
xətm edilir. Bəzi normalar hələ doğulmamış uşağın hüquqlarının qorunduğunu
nəzərdə tutur. Belə ki, Mülki Məcəllənin 25.3-cü maddəsinə əsasən, vərəsə
olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata
keçirilməsi isə yalnız doğumdan sonra mümkündür. Fiziki şəxslərin mülki hüquq
qabiliyyətinin məzmununa xüsusi mülkiyyətdə əmlaka malik olmaq, yaşayış yeri
seçmək,
elm,
ədəbiyyat,
incəsənət
əsərlərinin,
kəşflərin,
ixtiraların,
səmərələşdirici təkliflərin müəllifi olmaq, ümumiyyətlə respublika ərazisində
istədiyi kimi hərəkət etmək və s. hallar daxildir.
Respublika qanunvericiliyinə uyğun olaraq fiziki şəxslərin hüquq
qabiliyyətindən məhrum edilməsi yolverilməzdir.
Fiziki şəxslərin mülki hüququn subyekti sifətində çıxış etməsi üçün mülki
hüquq qabiliyyəti ilə yanaşı, fəaliyyət qabiliyyətinə də malik olması vacibdir.
Fəaliyyət qabiliyyətinin olub-olmaması hüquq qabiliyyətinin məzmununa təsir
göstərmir. Məsələn, fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxs hüquq
qabiliyyətini tam saxlayır.
Bütün vətəndaşlar eyni ölçüdə fəaliyyət qabiliyyətinə malik deyil. Qanun
insanın intellektual, iradəvi və yetkinlik səviyyəsini, onun öz hərəkətlərini başa
düşmək və onlara rəhbərlik etmək qabiliyyətini nəzərə alaraq fəaliyyət
qabiliyyətinin müxtəlif dərəcələrini müəyyən edir. Fiziki şəxsin fəaliyyət
qabiliyyətindəki fərq qanunvericilik tərəfindən yaş və tibbi əsaslara görə
müəyyən olunur.
Fiziki şəxsin mülki hüquqi fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on
səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Bu cür şəxslər hüquqlar əldə
etməkdə və həyata keçirməkdə, öz üzərinə müvafiq vəzifələr qoymaq və onları
icra etməkdə, habelə öz hərəkətlərinə görə məsuliyyət daşımaqda müstəqildir.
Şəxsin tam fəaliyyət qabiliyyətinə malik olması bir sıra sosial və psixoloji
hallardan asılıdır.
7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlıların) fəaliyyət
qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların
məhdud fəaliyyət qabiliyyəti vardır. Mülki qanunvericilik bu yaşda olan şəxslərin
də aşağıdakı qruplarını fərqləndirir:
1) 7 yaşından 14 yaşınadək olan məhdud fəaliyyət qabiliyyətli şəxslər;
2) 14 yaşından 18 yaşınadək olan məhdud fəaliyyət qabiliyyətli şəxslər.
Mülki Məcəllənin 29-cu maddəsinə əsasən xırda məişət xarakterli əqdlər
istisna olmaqla, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə
əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar
bağlaya bilərlər.
14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın vurduğu ziyana görə
onun valideynləri, övladlığa götürənlər və ya qəyyumları məsuliyyət daşıyırlar.
Dostları ilə paylaş: |