78
2. Şəxsi qeyri-əmlak münasibətləri.
Mülki hüquq münasibətlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərinə
bölgüsü onunla xarakterizə olunur ki:
1. Əmlak münasibətləri iqtisadi dəyərə malik olan münasibətlərdirsə,
şəxsi qeyri-əmlak münasibətləri maddi məzmuna, iqtisadi dəyərə malik
olmayan münasibətlərdir;
2. Əmlak münasibətlərindən fərqli olaraq, şəxsi qeyri-əmlak münasibətləri
vətəndaşların və ya təşkilatların qeyri-əmlak marağına xidmət edir;
3. Əmlak münasibətlərində hüquq varisliyinə yol verilirsə, şəxsi qeyri-
əmlak münasibətlərində hüquq varisliyinə yol verilmir.
Mülki hüquq münasibətləri içərisində ən çox rast gəlinəni əmlak
münasibətləridir. Təşkilatların, habelə vətəndaşların mülki hüquqları və vəzifələri
əksər hallarda əmlak xarakterli olur.
Şəxsi qeyri-əmlak münasibətləri 3 qrupa ayrılır:
1. Şəxsi qeyri-əmlak xarakterli hüquq münasibətləri;
2. Yaradıcı fəaliyyəti özündə cəmləşdirən hüquq münasibətləri;
3. Təşkilati hüquq münasibətləri.
Şəxsi qeyri-əmlak hüquq münasibətləri özündə qeyri-əmlak xarakterli
cəhətləri birləşdirir ki, həmin cəhətlər insanla bağlıdır. Məsələn, ad, şərəf,
ləyaqət və s.
Yaradıcı fəaliyyəti özündə cəmləşdirən hüquq münasibətləri bu
münasibətlər içərisində mühüm yer tutur. Bu münasibətlərin özünəməxsusluğu
onun məzmunu və obyekti araşdırılarkən aydın olur. Bu mülki hüquq
münasibətlərinin obyekti şəxsiyyətin mənəvi, yaradıcı fəaliyyətidir. Bura elm,
ədəbiyyat və incəsənət əsərləri aiddir.
Şəxsi qeyri-əmlak münasibətləri içərisində təşkilati mülki hüquq
münasibətləri mühüm yer tutur. Təşkilati hüquq münasibətləri əmlak və şəxsi
qeyri-əmlak münasibətləri ilə əlaqədardır. Çox zaman onlar arasında hüquqi
əlaqələrin reallaşmasına xidmət edir. Bu cür münasibətlərə misal olaraq,
nümayəndəliyi (təmsilçiliyi) göstərmək olar. Mülki hüquq münasibətləri içərisində
nəzarətedici münasibətlər də özünəməxsus yer tutur. Burada subyektlərdən
birinə digərinin fəaliyyətinə nəzarət etmək hüququ verilir. Məsələn, sifarişçinin
sifarişi qəbul edənin işinə nəzarəti. Qeyd etdiyimiz münasibətlərin lazımi
səviyyədə reallaşması üçün məlumat münasibətlərinin də xidməti az deyildir.
Bu cür münasibətə sifarişi qəbul edənin sifarişçiyə mövcud vəziyyət barədə
məlumat verməsi və s. misal ola bilər.
Subyektlərin əlaqəsinə görə mülki hüquq münasibətləri mütləq və nisbi
hüquq münasibətlərinə bölünür.
Mütləq hüquq münasibətlərində səlahiyyətli şəxs qarşısında bütün digər
şəxslər
məsuliyyət
daşıyırlar.
Bu
münasibətlərə
mülkiyyət
hüququ
münasibətlərini aid etmək olar. Məsələn, vətəndaş ona məxsus olan yaşayış
evi üzərində mülkiyyətçiyə xas olan bütün hüquqlara malikdir və digər şəxslər
onun bu hüquqlarmı pozmaqdan çəkinməlidirlər.
Nisbi hüquq münasibətlərində isə səlahiyyətli şəxs qarşısında, ancaq bir
və ya bir neçə konkret şəxs məsuliyyət daşıyır. Bu münasibətlərdə səlahiyyətli
şəxsin hüququ nisbi hüquq münasibətləri ilə tənzim edilir. Məsələn, borc
müqaviləsinə əsasən, səlahiyyətli şəxs, yəni kreditor öz borcunu yalnız bir
şəxsdən, borcludan tələb edə bilər.
Hüquqların həyata keçirilməsi ilə mülki hüquq münasibətləri əşya və
79
öhdəlik hüquq münasibətlərinə bölünür.
Əşya münasibətləri bu və ya digər subyektlərin - təbii obyektlər, istehsal
vasitələri, əməyin nəticələrinə malik olması ilə bağlı olan münasibətlərdir.
Onların hamısı öz-özlüyündə, birinci, subyektin ona məxsus olan əşyaya, ikinci,
onun və digər şəxslər barəsində bu əşyaya olan münasibətlərini təşkil edir.
Əşya münasibətlərinin bu cür ikili təbiəti prinsipial əhəmiyyətə malikdir.
Şəxsin əşyaya olan münasibəti normal istehsalı müəyyən edən şərtdir. İstehsal
o vaxt maksimum effektli olur ki, istehsalçı əşyaya sahiblik etsin, ondan istifadə
etsin və onun üzərində sərəncam versin.
Əmlak münasibətlərinin hüquqi xarakterindən danışsaq, onu deməliyik ki,
əşya sahibi əmlaka öz şəxsi əmlakı kimi yalnız kənar şəxslərin müdaxiləsinin
qarşısı alındıqdan sonra münasibət göstərə bilər.
Öhdəlik münasibətləri - əmlakın bir şəxsdən digərinə keçməsi ilə bağlıdır.
Əgər səlahiyyətli şəxsin marağının təmin edilməsi üçün vəzifə daşıyan şəxslərin
fəal hərəkəti tələb olunarsa bu cür hüquq münasibətləri öhdəlik münasibətləri
adlanır. Məsələn, satıcı, satdığı əşyanın qiymətini alıcıdan tələb etməyə
haqlıdır. Burada alıcının fəal hərəkət etməsi tələb olunur. Bu münasibətlər
təbiətən müxtəlifdirlər. Onların ən böyük qrupu əmlakın sahibliyə, istifadəyə və
sərəncama verilməsinə səbəb olan müqavilələr əsasında, müəyyən bir hissəsi
isə iştirakçılar arasında hər hansı razılığın olmadığı hallarda yaranır. Onlara
ziyanvurma nəticəsində əmələ gələn öhdəliklər və s. misal ola bilər.
Hüquqi məzmununa görə mülki hüquq münasibətləri sadə və mürəkkəb
hüquq münasibətlərinə bölünür. Əgər bir tərəfdə hüquq, digər tərəfdə vəzifə
varsa, bu cür hüquq münasibətlərinə sadə və yaxud birtərəfli hüquq
münasibətləri deyilir. Məsələn, borc müqaviləsindən yaranan münasibətlər və s.
hər iki tərəfdə hüquq və vəzifələrin olduğu münasibətlərə mürəkkəb və yaxud
ikitərəfli hüquq münasibətləri deyilir. Alqı-satqı, əmlak kirayəsi və s.
müqavilələrdən əmələ gələn münasibətlər buna misal ola bilər.
Mülki hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitamının
əsasları. - Mülki hüquq münasibətlərinin əmələ gəlməsi (dəyişməsi, xitamı)
əsasını hüquqi faktlar təşkil edir. Hüquqi faktlar dedikdə, hüquq normasında
nəzərdə tutulan və hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitam
edilməsinə səbəb olan həyati hallar başa düşülür. Lakin faktların hamısı deyil,
yalnız müəyyən hüquqi nəticələrə səbəb olan hüquqi əhəmiyyətli faktlar hüquqi
faktdır.
Hüquqi faktlar üçün üç əsas hal xarakterikdir:
1) hüquqi fakt - bizim şüurumuzdan, düşüncəmizdən asılı olmayan real
gerçəklikdir;
2) hüquqi fakt - mülki hüquq normalarında nəzərdə tutulur. Məhz bu
normalar onun hüquqi əhəmiyyət kəsb etdiyini bildirir;
3) hüquqi fakt - hansı faktların mülki hüquq normaları əsasında müəyyən
nəticəyə gəlməsini müəyyən edir.
Hüquqi nəticəyə səbəb olan hüquqi faktlar üç dərəcəyə (kateqoriyaya)
bölünür:
1. Hüquq yaradan hüquqi faktlar;
2. Hüquq dəyişən hüquqi faktlar;
3. Xitamverici hüquqi faktlar.
Hüquq yaradan hüquqi faktlar mülki hüquq münasibətlərinin yaranmasına
səbəb olur. Buna alqı-satqı müqaviləsini misal göstərmək olar. Burada, alıcıda
Dostları ilə paylaş: |