76
təşkilatlar arasındakı əmlak münasibətləri nizama salınır. Bundan başqa, digər
dövlət orqanlarının verdiyi aktlar da mülki hüququn mənbəyi sayılır və mülki
münasibətləri nizama salır. Məsələn, Milli Bankın instruksiyası ilə kredit və
hesablaşma münasibətləri, Nəqliyyat Nazirliyinin qaydaları və başqa aktları ilə
sərnişinlərin və yüklərin daşınması və s. münasibətlər nizama salınır.
Mülki hüquq normaları, həmçinin, yerli icra hakimiyyəti və bələdiyyə
orqanlarının qərarlarında öz əksini tapır.
Azərbaycan Respublikasının bütün qanunları kimi mülki qanunlar da dərc
edildiyi gündən qüvvəyə minir (əgər qanunda başqa müddət göstərilməyibsə).
Mülki qanunların geriyə qüvvəsi yoxdur, yəni mülki qanunlar ondan əvvəl
yaranan münasibətlərə tətbiq edilmir. Mülki Məcəllənin 7-ci maddəsinə əsasən,
qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi
ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini
pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Mülki hüquq
normaları, onların ləğv olunması və ya qanun qaydasında dəyişdirilməsi ilə öz
qüvvəsini itirir.
Azərbaycan Respublikasının mülki qanunları respublikanın bütün ərazisində
qüvvədədir. Mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan
Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən
mühafizə edilməlidir.
Mülki qanunvericilik Azərbaycan Respublikasının ərazisində fəaliyyət
göstərən bütün fiziki və hüququ şəxslər üçün qüvvədədir. Mülki qanunvericiliklə
müəyyənləşdirilmiş qaydalar, əgər qanunda ayrı hal nəzərdə tutulmayıbsa,
əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak
etdiyi münasibətlərə də tətbiq olunur. Xarici vətəndaşların və hüquqi şəxslərin
Azərbaycan
Respublikası
ərazisindəki
hüquqi
vəziyyətinin
müəyyən
edilməsində beynəlxalq müqavilələrin böyük əhəmiyyəti var.
Məhkəmələr tərəfindən qəbul edilən aktlar heç bir hüquq norması
yaratmadığı, dəyişdirmədiyi və xitam etmədiyi üçün mülki hüququn mənbəyi də
hesab edilmir. Bu aktların ən böyük əhəmiyyəti ondan ibarətdir ki, onlar mülki
qanunvericilikdəki boşluğu doldurur və qərarların qanuna uyğun qəbul edilməsini
təmin edir. Mülki qanunvericilikdə boşluq o deməkdir ki, müəyyən məsələ hüquq
vasitəsilə həll edilməlidir, lakin qanunvericilikdə onun hüquqi cəhətdən həlli
nəzərdə tutulmayıb.
Məhkəmə mübahisəli məsələni həll edərkən qanunvericilikdəki boşluğu
aşkar edərsə, özü onu həll edə bilməz. Bu halda o, qanunverici orqana yeni
norma qəbul etmək haqqında müvafiq təqdimat verməlidir. Qanunla müəyyən
edilmiş hallarda məhkəmə konkret işi qanunun analogiyası (yunanca analogia -
uyğunluq, oxşarlıq), yaxud hüququn analogiyası əsasında həll edə bilər.
Mülki Məcəllənin 11-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki
qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və
onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu,
onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki
qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda
tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə
tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət,
insaf
və
mənəviyyat
tələbləri
nəzərə
alınmalıdır.
Mülki
hüquqları
məhdudlaşdıran və ya məsuliyyət müəyyənləşdirən mülki qanunvericilik
77
normalarının analogiya üzrə tətbiqinə yol verilmir.
2. Mülki hüquq münasibətlərinin anlayışı, növləri və məzmunu
Mülki hüquq münasibətlərinin anlayışı və xüsusiyyətləri. Müxtəlif
səpkili normativ aktlarda ehtiva olunan mülki hüquq normalarının tənzim etdiyi
əmlak və şəxsi qeyri - əmlak xarakterli ictimai münasibətlər mülki hüququn
predmetini təşkil edir. İctimai münasibətlərin mülki-hüquqi tənzimetmə
mexanizminin açılmasında mülki hüquq münasibətlərinin anlayışı mühüm rol
oynayır.
İctimai münasibətlərin mülki hüquq normaları ilə tənzim edilməsi
nəticəsində onlar hüquqi forma əldə edir və mülki hüquq münasibətləri təşəkkül
tapır. Mülki hüquq münasibətləri - mülki hüquq normaları ilə nizama salınan bu
və ya digər münasibətlər deyil, məhz həmin ictimai münasibətlərdir. Mülki
hüququn predmetinə həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri
daxildir. Əmlak münasibətlərinin mülki hüquqla tənzim edilməsi nəticəsində
mülki əmlak hüquq münasibətləri əmələ gəlir. Şəxsi qeyri-əmlak hüquq
münasibətləri də, bu münasibətlərin mülki hüquq normaları ilə nizama salınması
nəticəsində formalaşır.
Mülki hüquq normaları ilə nizama salınan ictimai münasibətlərə mülki
hüquq münasibətləri deyilir. Eyni anlayış şəxsi qeyri-əmlak münasibətləri üçün
də xasdır. Hüquqi tənzimetmə hər hansı bir yeni ictimai münasibətin əmələ
gəlməsinə deyil, mülki hüquq münasibətlərinin növlərindən biri olan və artıq
mövcud olan şəxsi qeyri-əmlak münasibətlərinə müəyyən forma verməsinə
səbəb olur.
Mülki hüquq münasibətlərini digər ictimai münasibətlərdən fərqləndirən bir
sıra spesifik xüsusiyyətlər vardır. Bu xüsusiyyətlər aşağıdakılardır:
1) Mülki hüquq münasibətlərinin subyekt çoxluğunun olması və bu
subyektlərin bir-birinə qarşı münasibətdə bərabər olması;
2) Mülki hüquq münasibəti subyektlərinin münasibətin məzmununu
müəyyən etməkdə sərbəstliyi;
3) Mülki hüquq münasibətlərinin obyekt çoxluğunun olması;
4) Mülki hüquq münasibətlərinin əmələgəlmə əsaslarının müxtəlifliyi;
5) Mülki hüquq münasibətlərinin pozulması nəticəsində məsuliyyətin
əmlak xarakteri daşıması;
6) Mülki hüquq münasibətlərinin müdafiəsinin bir qayda olaraq iddia
qaydasında olması.
Beləliklə, bütün bu xüsusiyyətləri ümumiləşdirməklə mülki hüquq
münasibətlərinə belə bir geniş anlayış vermək olar: subyektləri bir-biri ilə
qarşılıqlı hüquq və vəzifələrlə əlaqədar olan, subyektlərin bərabərliyinə,
sərbəstliyinə və məsuliyyətinə əsaslanan, pozularkən bir qayda olaraq iddia
qaydasında müdafiə olunan, əmtəə-pul formasında olan əmlak münasibətləri və
şəxsi qeyri-əmlak münasibətlərinin məcmusuna mülki hüquq münasibətləri
deyilir.
Mülki hüquq münasibətlərinin təsnifatı (növləri). Mülki hüquq
münasibətləri bir sıra əsaslara görə tənifləşdirilir: Maddi məzmununa görə mülki
hüquq münasibətləri 2 yerə bölünür:
1. Əmlak münasibətləri;
Dostları ilə paylaş: |