Qiymətlər iqtisadiyyatın informasiya sisteminin əsasını təşkil etməklə, «informasion» və ya «indikator»
funksiyasını (bəzən iqtisadi ədəbiyyatda ona resursların optimal bölüşdürülməsi funksiyası da deyilir)
yerinə
yetirirlər. Bu funksiyanın fəaliyyəti optimallaşdırma məsələlərinin həlli zamanı özünü daha qabarıq şəkildə büruzə
verir.
Qiymətin ən vacib, başlıca funksiyalarından biri məhz onun stimullaşdırıcı xarakterə malik olmasıdır. Bu
funksiyanın mahiyyəti əmtəə istehsalı və istehlakına onun həvəsləndirici və ya ləngidici təsirində ifadə olunur.
Təsərrüfat həyatında qiymətlər bu və ya digər əmtəələrin buraxılışı və istehlakına kömək edər və yaxud əngəl törədə
bilər. Qiymətin köməyi ilə elmi-texniki tərəqqini, resurs xərclərinə qənaəti, məhsulun keyfiyyətinin yaxşılaşdırıl-
masını, istehsal və istehlak strukturunun dəyişilməsini stimullaşdırmaq və ya dayandırmaq, ləngitmək olar. Bu
funksiya qiymətdə artırılmış mənfəət
səviyyəsi, eləcə də qiymətə edilən əlavə və güzəştlərin vasitəsilə həyata
keçirilir.
Qiymətin bölüşdürücü funksiyası, bazar amillərinin təsiri altında qiymətin dəyərdən kənarlaşması ilə əlaqədardır.
Bu funksiya ondan ibarətdir ki, qiymətlər milli gəlirin (xalis gəlirin) iqtisadiyyatın sahələri, dövlət və digər sektorlar,
müxtəlif mülkiyyət formaları,
regionlar, yığım və istehsal fondları, əhalinin sosial qrupları arasında bölüşdürülməsi
və yenidən bölüşdürülməsində iştirak edirlər. Belə ki, dəbdəbəli və nüfuzlu əmtəələrə yüksək topdansatış qiymətləri
sosial fondların formalaşması üçün büdcənin köməyi ilə əhalinin müəyyən hissəsinin pul gəlirlərinin yenidən
bölüşdürülməsini təmin edirlər.
Tələb və təklifin balanslaşdırılması funksiyası onunla ifadə olunur ki, qiymətlər vasitəsilə istehsal və istehlak,
tələb və təklif arasında əlaqə həyata keçirilir. Təsərrüfatın inkişafı tələb və təklif arasında uyğunsuzluqların
aradan
qaldırılması, qiymətlərin artırılması (aşağı salınması) vasitəsilə, ya da ki, eyni vaxtda hər iki üsulun tətbiqi ilə əldə
olunur.
Bazar münasibətləri, sahibkarlıq və rəqabət inkişaf etdikcə qiymətin bu funksiyası güclənməklə qiymətlərin
formalaşmasında başlıca rol oynayacaqdır.
Qiymətin bütün funksiyaları qarşılıqlı əlaqədardır və bir-birinə qarşılıqlı təsir göstərirlər.
Qiymətəmələgəlmənin prinsipləri dedikdə, bütün qiymətlər sistemi üçün xarakterik olan və onun əsasında duran,
daimi fəaliyyət göstərən əsas müddəalar başa düşülməlidir. Qiymətəmələgəlmənin vacib prinsipləri: qiymətlərin
elmi cəhətdən əsaslandırılması, onların məqsədyönlülüyü, qiymətəmələgəlmə prosesinin fasiləsizliyi, bu prosesin
vahidliyi və qiymət intizamına riayət olunmasına nəzarət sayılır.
§3. Qiymətin növləri
İqtisadiyyatda fəaliyyət göstərən bütün qiymətlər qarşılıqlı əlaqədə olub, müxtəlif bazar amillərinin təsiri altında
daim inkişafda olan sistemi əmələ gətirir. Bu sistem sıx, qarşılıqlı əlaqədə, fəaliyyətdə olan ayrı-ayrı bloklardan
(topdansatış qiymətləri, satınalma qiymətləri, pərakəndəsatış qiymətləri və s.) ibarətdir.
Verilən sistemin əsas bloklarının birində qiymətin dəyişməsi tez bir surətdə digər bloklara da ötürülür.
Bütün qiymət sistemində sənayenin baza sahələrinin məhsullarının qiymətləri əsas rol oynayır. Onlara yanacaq-
energetika (kömür, neft, qaz, elektrik enerjisi), metallurgiya sahələri aiddir. Belə ki, enerji daşıyıcılarının qiymətləri-
nin dəyişməsi bütün iqtisadiyyat sahələrinin məhsullarının qiymət səviyyəsində öz əksini tapır. Yüngül
və yeyinti
sənaye sahələrinin qiymətlərinə kənd təsərrüfatı məhsullarının qiymətlərinin dinamikası əhəmiyyətli təsir göstərir.
Vahid sistemə daxil olan müxtəlif qiymət bloklarının yalnız birbaşa deyil, həm də əks əlaqələri mövcuddur.
Qiymətlərin artması müəyyən dövrdən sonra bu sahələrə onların istifadə etdikləri material-texniki ehtiyatların
(maşın, avadanlıq və s.) bahalaşması formasında qayıdır.
Qiymət sistemi və onun fəaliyyət göstərdiyi iqtisadi mühit bir-biri ilə sıx əlaqədardır. Bu mühiti bazar
iqtisadiyyatının əsas elementləri, yəni əmtəə istehsalı, rəqabət, mülkiyyətin müxtəlif formaları təşkil edir.
Fəaliyyət müddətlərinə görə qiymətlərin aşağıdakı növləri fərqləndirilir:
Sabit qiymətlər
- müəyyən müqavilə üzrə məhsul göndərişi müddətində dəyişmirlər.
Cari qiymətlər
- müəyyən vaxt dövründə məhsul göndərişinin həyata keçirildiyi qiymətlərdir.
Onlar bir müqavilənin yerinə yetirilməsi müddətində bazar konyukturasından asılı olaraq dəyişə bilərlər.
Sürüşkən qiymətlər
- uzunmüddətli istehsal dövrünə malik olan məhsullarla ticarət sövdələşmələrində müəyyən
edilir.
Mövsümi qiymətlər
- müəyyən vaxt dövründə fəaliyyət göstərirlər.
Mərhələli qiymətlər
- əvvəlcədən müəyyən edilmiş şkala üzrə məhsulların ardıcıl aşağı salınan qiymətləridir.
Müəyyən edilməsi qaydalarına görə aşağıdakı qiymət növləri təsnifləşdirilir:
1. Təsbit edilən qiymətlər - dövlət tərəfindən təyin olunurlar.
2. Müqavilə qiymətləri - tərəflərin razılığı ilə müəyyən edilirlər.
3. Tənzimlənən qiymətlər - dövlət tərəfindən müəyyən təsir göstərilməklə tələb və təklif nisbətləri əsasında
formalaşırlar.
4. Sərbəst qiymətlər - bazarda tələb və təklifin təsiri altında formalaşırlar. Dövlət
bu qiymətlərin dəyişilməsinə
yalnız bazar konyukturasına təsir etməklə nail ola bilər.
§4. Bazar iqtisadiyyatı və qiymətlərin dövlət tənzimlənməsi
Məlumdur ki, qiymətlərin əmələ gəlməsinin əsasını dəyər qanunu təşkil edir, ancaq bundan başqa onlara daxili
və xarici xarakterli müxtəlif amillər təsir göstərir ki, bunlardan biri də qiymətlərin dövlət tənzimlənməsidir.
68