Mühazirənin planı: Texniki bitkilərin əhəmiyyəti Texniki bitkilərin təsnifatı Texniki bitkilər fənninin metodu



Yüklə 0,99 Mb.
səhifə1/13
tarix10.11.2017
ölçüsü0,99 Mb.
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   13

MÖVZU: 1. TEXNİKİ BİTKİLƏRİN TƏSNİFATI, ƏHƏMİYYƏTİ VƏ BECƏRİLMƏ TARİXİ
Mühazirənin planı:


  1. Texniki bitkilərin əhəmiyyəti

  2. Texniki bitkilərin təsnifatı

  3. Texniki bitkilər fənninin metodu

  4. Texniki bitkilərin becərilmə tarixi

  5. Texniki bitkilərin yayılması və məhsuldarlığı.


Ədəbiyyat

  • Cəfərov M. İ. və b. «Kənd təsərrüfatı bitkilərinin becərilmə və yığılma texnologiyası»., Bakı, 2000, 264s.

  • Hümbətov H. S., Xəlilov X. Q. Texniki bitkilər. Bakı: “Aytac”, 2010, 415 s.

  • Hümbətov H. S., Məmmədov V. Ə., Qəbilov M. Y. Şəkərli və nişastalı bitkilər, Bakı: “Elm və təhsil” nəşr. 2014, 328 s.

  • Məmmədov Q. Y., İsmayılov M. M. Bitkiçilik, Bakı, 2012, 356 s.

  • Novruzov Ç. M. və b. «Bitkiçilik»., Kirovabad, 1979, III, hissə, 72 s.

  • Yusifov Ə. N., Məmmədov C. Ş., Qasımov T. P., Rzayev M. F. Bitkiçiliyin əsasları, Bakı, “Müəllim” nəşriyyatı, 2013, 302 s.

  • Yusifov M. A. Bitkiçilik, Bakı, “Qanun” nəşriyyatı, 2011, 368 s.

  • П. П. Вавилов «Растениеводства»., Москва, 1986, 512 с.

  • Д. С. Василев «Подсолнечник»., Москва, 1990, 173 с.

  • Г. С. Посыпанов и др. «Растениеводства», М., «Колос», 2006, ст. 611

  • Технические культуры / Под р. Я. В. Губанова М.:, Агропромиздат, 1986, 287 с.

TEXNİKİ BİTKİLƏRİN TƏSNİFATI, ƏHƏMİYYƏTİ VƏ BECƏRİLMƏ TARİXİ


Texniki bitkilər çox qədim tarixə malikdir. Əsas texniki bitkilərdən hesab edilən pambığın nə vaxtdan becərildiyini heç kim dəqiq bilmir. Alimlər Meksikada mağaralarda tədqiqat apararkən orada pambıq qozasının və pambıq parçaların qalıqlarına rast gəlmişlər. Bu qalıqların 7000 il yaşı olduğu müəyyən edilmişdir. Onlar həm də müəyyən ediblər ki, o vaxtlar becərilən pambıqlar indi Amerikada becərilən pambıqlara çox oxşayırmış. Hindistanda və Pakistanda çay kənarlarında pambıq bitkisinin bizim eradan 3000 il əvvəl becərildiyi məlumdur. Elə təxminən o vaxtlardan Misirdə Nil çayı ətrafında yaşayan insanlar da pambıq parçalar hazırlayır və bu parçalardan paltar geyirdilər. Ərəb tacirləri pambıq parçaları Avropaya bizim eradan 800 il əvvəl gətirmişlər. X. Kolumb 1492-ci ildə Amerikanı kəşf edəndə Baham adalarında pambığın əkilib- becərildiyini görmüşdür. 1500 - cü ildən sonra pambıq bitkisi bütün dünyaya məlum olmuşdur.

Texniki bitkilər fənni əsasən yaşıl halda tarlada becərilən texniki bitkiləri (lifli, yağlı, efiryağlı, şəkərli, narkotik, dərman və s. bitkiləri) öyrənir. Texniki bitkilər sahəsinə aparılan tədqiqatlar laboratoriya, tarla və vegetasiya tədqiqatları yolu ilə aparılır və əldə olunmuş nəticələr riyazi – statistik metodla yaxud da dispersiya üsulu ilə analiz edilib nəticələrin dürüstlüyü yoxlanır. Texniki bitkilər sahəsindəki bəzi məsələlər (fizioloji, aqrokimyəvi və bioloji) vegetasiya evlərində, istixanalarda, fitotronlarda və lizimetrlərdə qoyulan təcrübələrdə öyrənilir.

Tədqiqatlarda həmçinin öyrənilən amillərin bir-birindən asılılığı korrelyasiya və reqressiya tənlikləri qurmaqla da yoxlanıla bilir.

İnsanlar kənd təsərrüfatı bitkilərinin becərilməsinə milyon illər bundan əvvəl başlasalar da zaman dəyişdikcə bitkilərdə məhsuldarlığı artıran istehsal texnologiyası da dəyişir və daim təkmilləşir. Belə dəyişmə texnologiyası aqrar bölmədəki dəyişikliklərə müvafiq olmalıdır. Müstəqilliyə yeni qədəm qoymuş ölkəmizin aqrar bölməsi üçün dünya əkinçiliyində uzun illərin sınaqlarından çıxmış iqtisadiyyatın bazar münasibətləri formasında tətbiq edilən əkinçilik texnologiyasından istifadə etmək çox faydalıdır.

Bunu nəzərə alan ölkə prezidenti İ. H. Əliyev respublikamızda gedən aqrar islahatlara bilavasitə rəhbərlik etməklə yanaşı, indi torpağın tam sahibi olan Azərbaycan kəndlisinə yeni texnologiya tətbiq etməklə onu öz xalqının xeyrinə işlətməyi tövsiyə edir və qeyd edir ki, bunsuz kənd təsərrüfatında inkişafa nail olmaq olmaz. Aqrar bölmənin yüksəldilməsi, xalqımızın rifah halının yaxşılaşdırılması üçün tətbiq ediləcək texnologiyada ali təhsilli kadrların da rolu həmişə böyük olmuşdur. İqtisadiyyatın bazar münasibətlərinə keçməsi ilə əlaqədar ali təhsil sistemində də yeni problemlər meydana çıxmışdır. Bunu nəzərə alaraq müasir istehsal texnologiyası ehtiyatlara qənaət etməklə, ekoloji təmiz, torpaq münbitliyini get-gedə artırıb sabitləşdirən, keyfiyyətli və yüksək məhsul istehsalını təmin edən texnologiyalar öyrənilməlidir. Qeyd edilən texnologiyalarla hər hansı hava şəraitində bitkilərdən lazımi miqdar məhsul almaq mümkündür.

Texniki bitkilər kursunda ölkəmizin münbit torpaq-iqlim şəraitinin necə dəyərli məhsullar istehsal etməyə imkanı olduğu, yeni becərmə texnologiyasının tətbiq qaydaları, ali məktəb tələbələrinin bilik səviyyəsinə və dünyagörüşünə uyğun təsvir edilmişdir. Texniki bitkilər kursunda istehsal texnologiyasının və kənd təsərrüfatı bitkilərinin ümumi məsələləri ilə yanaşı, hər bitkinin özünəməxsus becərilmə atrotexnikasının müasir metod və ya qaydaları öyrənilir. Texniki bitkilər kursunda respublikamızda becərilən əksər texniki bitkilər barədə Azərbaycan dilində geniş, səlis məlumatlar verilmişdir. Qeyd edək ki, bu vaxta qədər Azərbaycanda fəaliyyət göstərən ali və orta ixtisas məktəblərində Azərbaycan dilində “Texniki bitkilər” adlı sərbəst dərslik və ya dərs vəsaiti olmamışdır. Texniki bitkilər bitkiçilik kitablarında təsvir olunan yığcam və bəsid formada öyrənilmişdir. Texniki bitkilər kursunda bir sıra yeni texniki bitkilər və onların istehsal texnologiyası barədə də geniş məlumat verilir. Qiymətli texniki bitkilərdən biyan, efiryağlı qızılgül, şəkər qamışı, amarant və s. də bu qəbildəndir.

Xalqa xeyir verən və ölkəmizdə yetişdirilməsi mümkün olan hər bir texniki bitki barədə materiallar texniki bitkilər kursunda öyrədilir. Yerfındığı (araxis) gündən- günə respublikamızda inkişaf edən qənnadı sənayesi üçün əsas məhsul olduğundan, onun da becərilmə və çoxaldılma texnologiyası barədə geniş məlumat verilir.

İnsan qidalarının əksəriyyətini bitkilər verdiyindən, onlar yarandıqları dövrdən bitkiçiliklə məşğul olmağa başlayıblar. İnsanın çoxəsrlik təsərrüfat fəaliyyəti prosesi nəticəsində o, ətraf təbiətdən çoxlu xeyirli bitki növlərini seçib becərmiş və qoruyub saxlamışdır. Bu bitkilərdən həyat üçün ən vaciblərini insan öz yaşayış yerinin yaxınlığında sistematik becərməklə bu günə kimi gətirib çıxarmışdır. Bitkilərin becərilmə üsulları milyon illərdir ki, təkmilləşdirilir və indi də davam etdirilir. Hətta onların bəziləri hazırda da yabanı halda bitir. Bu faydalı bitkilər seçilib mədəniləşdirilir. Dünyanın bitki ehtiyatlarının tərkibi yeni-yeni növ və formaların tapılıb mədəni əkinçiliyə daxil edilən faydalı bitkilər hesabına daim zənginləşdirilir. Kənd təsərrüfatı bitkilərinin ehtiyatları xüsusən introproduksiya və seleksiya işi nətiçəsində daimi artır.

Hazırda dünyada kənd təsərrüfatı bitkilərinin 1500-ə qədər növü geniş istehsalat şəraitində becərilir. Bunlardan 1200 növü bilavasitə kənd təsərrüfatında istifadə olunur ki, o da ümumi bitkiçiliyin 83 %-ni təşkil edir. Bunların ancaq 250 növü kənd təsərrüfatında daha böyük əhəmiyyət kəsb edir.

Lap qədimdən bu günə qədər daimi becərilən kənd təsərrüfatı bitkilərinin əksəriyyəti o dövrkü əkinçilikdən bu günkü nəsillərə vərəsə kimi ötürülmüşdür.

Kənd təsərrüfatı bitkilərinin boy atmasını və inkişafını öyrənməyi asanlaşdırmaq məqsədilə onları qruplara ayırıb təsnifat tərtib edirlər. Bunsuz həmin bitkilərdən yüksək və keyfiyyətli məhsul almaq yollarını, araşdırmaq çətin olur. Kənd təsərrüfatı bitkilərinin tarla bitkiləri adlanan qrupu özünün botaniki, bioloji və təsərrüfat nişanə-lərinə, məhsul növünə, becərilmə xüsusiyyətlərinə və nəhayət növbəli əkindəki yerinə, məhsul yığımının mexanikləşdirilmə texnologiyası və s. əlamətlərinə görə bir-birindən kəskin surətdə seçilir. Ona görə də müxtəlif miqdarda çoxlu tarla bitkilərinin öyrənilməsini asanlaşdırmaq üçün kənd təsərrüfatı bitkilərini istehsalatda istifadə xüsusiyyətlərinə görə taxıllar, texniki bitkilər, yem bitkiləri və bostan bitkiləri kimi dörd böyük qrupa bölürlər.

Texniki bitkilər Azərbaycan Respublikasında geniş yayılmışdır. Bu səbəbdən Azərbaycanı texniki bitkilər laboratoriyası adlandırsaq heç də yanılmarıq. Respublikamızın aparıcı texniki bitkisi pambıqdır. Bundan sonrakı yerləri tütün, şəkər çuğunduru, günəbaxan, biyan, efir yağlı qızılgül və s. tutur.

Texniki bitkilərin xalq təsərrüfatı əhəmiyyəti böyükdür. Birinci növbədə bu bitkilərin məhsulları yüngül və yeyinti sənayeləri üçün xammaldır. Bunların emalından alınan bəzi məhsullar qüvvəli yem kimi istifadə edilməklə, digər sahələrdə də istifadə edilir. Azərbaycanda 2013-cü ildə 42207 ha sahədə texniki bitkilər əkilmişdir. Aqrotexniki nöqteyi-nəzərdən də əhəmiyyətli olan texniki bitkilər əsasən cərgəaraları becərilən (toxavi) bitkilər olduqlarından vegetasiya ərzində cərgələrarası becərilir və intensiv gübrələnir, beləliklə əkinçilik mədəniyyətinin yüksəldilməsində əvəzsiz rol oynayır.

Тexniki bitkilər sənaye üçün əsas xammal mənbəyi hesab olunur. Onları təsərrüfatlarda istifadəsinə görə aşağıdakı qruplara ayırmaq olar:



I. Lifli bitkilər: Lifli bitkilər 3 böyük qrupa bölünür:

1. Meyvəsi və toxumu lifli bitkilər. Meyvəsinin üzərində lif olan bitkilərdən kokos palmasını göstərmək olar. Toxumunun üzərində lif olan bitkilərə isə adi pambıq və pambıq ağacı (seyba) misal göstərilə bilər. Bu bitkilərdən Azərbaycanda ən geniş becəriləni adi pambıq bitkisidir.

2. Gövdəsi lifli bitkilər. Gövdəsində lif olan bitkilərə lutya və ya toxuculuq bitkiləri də deyilir. Bunlara cut, gicitkən, rami (çin gicitkəni) uzunlifli kətan, kənaf, çətənə, kəndir otu, krotalariya və s. aiddir.

3. Yarpağı lifli bitkilər. Yarpağı lifli olan bitkilərdən irikəkilli ananas, lifli banan, aqava, sizal,Yeni Zelandiya kətanı, sanseviera, furkreya və s. göstərilə bilər.

II. Şəkərli bitkilər: Şəkər çuğunduru, şəkər qamışı, biyan və s.. Şəkərli bitkilərdən respublikamızda çox istifadə ediləni şəkər çuğundurudur. Hələlik istifadə edilməyəni isə şəkər qamışıdır.

III. Yağlı bitkilər: Günəbaxan, soya, gənəgərçək, yağlı kətan, göy xardal, ağ xardal, payızlıq raps, yazlıq raps (kolza), turpəng, yağçiçəyi, araxis (yer fındığı), küncüt, saflor, perilla (sudza), lalemantiya, yağlı lalə və s. bitki növləri.

IV. Efir yağlı bitkilər: Keşniş, acı nanə, efiryağlı qızılgül, sürvə, lavanda, reyhan, cirə, zirə, razyana və s.

V. Narkotik tərkibli bitkilər. Tütün, tənbəki, tiryək xaş-xaşı (lalə) və s.

VI. Dərman əhəmiyyətli texniki bitkilər. Çaytikanı, sığırquyruğu, jen-şen, dərman adaçayı, boyaqotu, kəndir və s.

VII. Rəng verən texniki bitkilər. Həna (xına), basma ( indiqofera), zəfəran və s.

VIII. Tərkibində aşılayıcı maddələr olan bitkilər. mayaotu (xmel), sumaq, sarağan və s.

IX. Yemlik texniki bitkilər. Amarant, topinambur (yerarmudu) və s.

MÖVZU: 2. LİFLİ BİTKİLƏR. TOXUM ÜZƏRİNDƏ LİFİ OLAN BİTKİLƏR. PAMBIQ BİTKİSİNİN BECƏRİLMƏSİ

Mühazirənin planı:


  1. Lifli bitkilər, toxumu üzərində lif olan bitkilər

  2. Pambıq bitkisinin xalq təsərrüfatı əhəmiyyəti

  3. Pambıq bitkisinin tarixi, yayılması və məhsuldarlığı

  4. Pambıq bitkisinin botaniki və bioloji xüsusiyyətləri

  5. Pambıq bitkisinin növbəli əkində yeri

  6. Torpağın becərilməsi

  7. Pambıq bitkisinin gübrələmə sistemi

  8. Pambıq toxumunun səpinə hazırlanması, səpin müddəti, üsulu və norması.

  9. Pambıq əkinlərinə qulluq işləri (alaqlara, zərərverici və xəstəliklərə qarşı mübarizə tədbirləri, suvarma).

  10. Məhsulun yığılması


Ədəbiyyat



  1. Aslanov H. Ə., Vəliyeva M. A. Pambıq bitkisi ilə aparılan tarla təcrübələrinin metodikası, Bakı: 2013, 310 s.

  2. Aslanov H. Ə., Vəliyeva M. A. Pambıqçılıq. Bakı: “Elm” 2014, 520 s.

  3. Belousov A.S.Pambıq növbəli əkinlərin münbitliyə və məhsuldarlığa təsiri, Bakı,1977, 80 s.

  4. Cəfərov M. İ., Quliyev R. M., Səfərov N.Ə. Kənd təsərrüfatı bitkilərinin becərilmə və yığılma texnologiyası. Bakı, «Maarif» 2000, 364 s.

  5. Güləhmədov X. O. Güləhmədov A. X. Pambıqçılıqdan təcrübə məşğələləri. Bakı: “Maarif” 2000, 174 s.

  6. Güləhmədov X. O. Pambıqçılıq Bakı: “Agah” 2000, 241 s.

  7. Güləhmədov X. O. Pambıqçılıq Bakı:“Maarif”1976, 275 s.

  8. H. S. Hümbətov, X. Q. Xəlilov. Pambıq lifinin texnologiyası. Bakı: “Nurlan”, 2012, 230 s.

  9. Hümbətov H. S., Xəlilov X. Q. Texniki bitkilər. Bakı: “Aytac”, 2010, 415 s.

  10. Q. Y. Məmmədov, M. M. İsmayılov. Bitkiçilik, Bakı, “şərq-qərb” nəş., 2012, 356 s.

  11. Qərib Məmmədov, Azər Cəfərov, Zemfira Mustafayeva. Əkinçilik və bitkiçiliyin əsasları (qısa kurs), Bakı, “Elm”, 2008, 324 s.

  12. M. A. Yusifov Bitkiçilik, Bakı, “Qanun” nəşriyyatı, 2011, 368 s.

  13. П. П. Вавилов «Растениеводства»., Москва, 1986, 512 с.

  14. Г. С. Посыпанов и др. «Растениеводства», Москва, «Колос», 2006, ст. 498-506

  15. Г. С. Посыпанов и др. «Растениеводства», Москва, «Колос», 1997, ст. 389-397.

  16. Технические культуры / Под р. Я. В. Губанова М.:, Агропромиздат, 1986, 287 с.

LİFLİ BİTKİLƏR. TOXUM ÜZƏRİNDƏ LİFİ OLAN BİTKİLƏR. PAMBIQ BİTKİSİNİN BECƏRİLMƏSİ


Lifli bitkilər sənaye üçün əsas xammal mənbəyi hesab olunur. Onları təsərrüfatlarda istifadəsinə görə aşağıdakı qruplara ayırmaq olar:

1. Meyvəsi və toxumu lifli bitkilər. Meyvəsinin üzərində lif olan bitkilərdən kokos palmasını göstərmək olar. Toxumunun üzərində lif olan bitkilərə isə adi pambıq və pambıq ağacı (seyba) misal göstərilə bilər. Bu bitkilərdən Azərbaycanda ən geniş becəriləni adi pambıq bitkisidir.

2. Gövdəsi lifli bitkilər. Gövdəsində lif olan bitkilərə lutya və ya toxuculuq bitkiləri də deyilir. Bunlara cut, gicitkən, rami (çin gicitkəni) uzunlifli kətan, kənaf, çətənə, kəndir otu, krotalariya və s. aiddir.

3. Yarpağı lifli bitkilər. Yarpağı lifli olan bitkilərdən irikəkilli ananas, lifli banan, aqava, sizal,Yeni Zelandiya kətanı, sanseviera, furkreya və s. göstərilə bilər.
Toxumunun üzərində lif olan bitkilərdən Azərbaycanda ən geniş becəriləni adi pambıq bitkisidir.

Pambıq bitkisinin əhəmiyyəti. Pambıq liflilər sinfinə aid olan çox qiymətli texniki bitkidir. Onun ən qiymətli məhsulu mahlıcıdır. Strateji əhəmiyyətə malik bitki kimi pambıq ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayır.

Müxtəlif növ parçaların toxunulmasından başqa, pambıq mahlıcından tikiş sapı, kəndir, balıq toru, müxtəlif qayışlar, rezin borular elektrik örtükləri, süni ipək, partlayıcı maddələr və s. hazırlanır.

Pambıq çiyidi liflərdən təmizləndikdən sonra toxum materialı və müxtəlif məhsullar almaq üçün işlədilir. Çiyidin tərkibində 17-25% yağ, 25%-ə yaxın zülali maddə, 33% azotsuz ekstraktiv maddələr (yağlar, karbohidratlar nişasta, şəkər və s.) 21% sellüloz və 10-20% su vardır. Pambığın tərkibində 74-ə qədər kimyəvi element var. Çiyid yağından qənnadı və konserv sənayesində, süni piy və marqarin hazırlanmasında istifadə edilir, texniki emalından qliserin, stearin (şam istehsalı üçün ağ piy maddəsi), yağın tullantılarından sabun bişirmədə və sürtgü materialı kimi istifadə olunur. Toxum sıxılaraq yağ alındıqdan sonra yerdə qalan kütlə jmıx (cecə) adlanır. Jmıxdan zərərvericilərə qarşı aldadıcı yemlərin hazırlanmasında istifadə olunur.

Çiyidin nüvəsindən zəhərli maddə qossipol ayrılır ki, ondan polimer birləşmələr, laklar, istiyə davamlı örtüklər, dərmanlar, boyalar və digər məhsullar hazırlanır. Zavod tullantısı qossipol mazutundan (qudron) sənayedə yüksək temperatura davamlı formalar, dişli çarxlar və s. hazırlanmasında istifadə olunur.

Çiyidin üzəri tüksüz və ya tüklə yarımörtülür, bəzi növlərdə bir və ikiqat lifaltlığı ilə tam örtülü olur ki, bu lifaltlığına pəmbəaltı deyilir. Birinci növ pəmbəaltı lifdən tənzif toxunur və mahlıc əldə edilir. Digər növlərdən isə asetat ipəyi, maqnit sarğıları, plastik kütlə, lak, sellofan, ebonit, partlayıcı maddə və yumşaq mebel materialı hazırlanır.

Qısalifli pəmbəaltı hidroliz edilərək qlükoza və sorbit şəkəri alınır ki, bundan da şəkər xəstəliyinə tutulmuş insanlar istifadə edirlər. Eyni zamanda qiymətli kağız da hazırlanır.

Çiyidin üzərindən çıxarılmış şeluxa (qabıq) mal-qara üçün əla yem hesab olunur. Pambığın gövdəsindən yanacaq və tikinti materialı, üzvi gübrə kimi istifadə edilir. Pambıq qozasının qərzəklərindən kəndir, texniki spirt, aşı maddələri və üzvi sirkə turşusu istehsalı üçün geniş istifadə edilir. Müəyyən edilmişdir ki, pambıq bitkisinin müxtəlif orqanlarında 17 üzvi turşular vardır. Ümumiyyətlə pambığın ayrı-ayrı orqanlarında çoxlu vitaminlər və boy stimulyatorları vardır.

Pambıq bitkisinin mahlıcından, çiyidindən və orqanlarından 120–dən artıq müxtəlif növ məmulat hazırlanır.



Tarixi və yayılması. Pambığın becərilməsi çox qədim dövrlərdən məlumdur. Bizim eradan 3000 il əvvəl Hindistanda və Çində pambıq becərilib və onun lifindən ip hazırlanıb. Bizim eradan 500 il əvvəl Çindən Misirə və IV-V əsrlərdə Orta Asiyaya və İrana yayılıb. Artıq IX və X əsrlərdə pambıq lifindən yüksək keyfiyyətli parçalar toxunub. Zaqafqaziyada pambığın becərilməsinə XIII əsrdə başlanılıb.

XVIII əsrin ikinci yarısında pambıq lifinin sənaye üsulu ilə emalı, pambığın maşınla təmizlənməsi və lifin əyrilməsi genişlənməyə başladı.

Pambığın yer kürəsində əkin sahəsi 35 mln. hektar xam pambıq məhsulu isə 45 mln. tondan çoxdur. Əsas pambıq əkən ölkələr Çin, Hindistan, Pakistan, ABŞ, Orta Asiya respublikaları, Braziliya, Meksika, Misir və Türkiyədir. Yer kürəsində istehsal olunan məhsulun 80%-i bu ölkələrin payına düşür.

Ən qədim yazılar salnaməsində – hindlilərin Rinqividlər himnində (eramızdan əvvəl 6000-1500-ci illərdə) pambığın istifadəsindən yazılmışdır. Sonralar «Mann» qanunlarında (eramızdan 800 il əvvəl) və digər bir çox əsərlərdə həbəş, ərəb, çinli və avropalı müəlliflər tərəfindən pambıq bitkisinin məhsulundan hazırlanan maddələr, onun lifi, toxumu və s. haqqında qeydlər edilmişdir.

Eramızdan 600-700 il əvvəlki Sanqərib dövrünün gil əlyazmalarında pambıq haqqında göstərilir ki, padşahın təcrübə tarlasında becərilən bitki «yun» verir.

X əsrdə pambıq ərəblər tərəfindən İspaniyaya gətirilir və birinci olaraq burada toxuculuq sənayesi (Barselona şəhəri) yaradılır.

Azərbaycanda ən çox pambıq əkini 1982 - ci ildə olub 305,9 min hektar, ən çox pambıq istehsalı 1981- ci ildə olub 831,2 min ton, ən çox məhsuldarlıq isə 1979 - cu ildə əldə edilib 30,8 s/ha.

Azərbaycanda 2010 - 2013 - cü illərdə pambıqçılığın vəziyyəti



Əkin sahəsi, min ha-la

Məhsul istehsalı, min tonla

Məhsuldarlığı, s/ha - la

İ l l ə r

2010

2011

2012

2013

2010

2011

2012

2013

2010

2011

2012

2013

30,2

42,8

29,2

23,4

38,2

66,4

57,0

45,1

12,7

15,5

19,5

19,3


Botaniki təsviri. Pambıq əmənkömənci ( Malvaceae) fəsiləsinin (Gossypium L.) cinsinə daxildir. Hazırkı təsnifata görə 35 növü əhatə edir. Onlardan 5 növü mədənidir. Təsərrüfat əhəmiyyətinə malik olan mədəni növlər aşağıda qeyd edilənlərdir:

1. Tüklü pambıq (Meksika pambığı) – gossypium hirsutum L.

2. Misir pambığı – gossypium barbadense L. (G. Peruvianum Gav.) (vətəni Barbados adalarıdır)

3. Ağacvarı pambıq – gossypium arboreum L.(vətəni Hindistan və Çin hesab edilir)

4. Otvari pambıq – gossypium herbaceum L. (vətəni Afrika və cənubi Asiyadır)

5. Qərbi Hindistan pambığı – gossypium trycuspitatum Lam.

Azərbaycanda birinci və ikinci növ becərilir. Bunları üç qrupa bölmək olar.


  1. Orta və uzun lifli sortlar (tüklü pambıq); 2) Zərif lifli sortlar (Misir pambığı);

  1. Lifi rəngli sortlar.

Bitkinin boyu 90-130-180 sm-ə qədər olur. Mil kök sistemi torpağın 1,5-2,0 metrə qədər dərinliyinə işləyir. Birinci ayda kök sistemi çox tez inkişaf edir. Qönçələmə fazasına qədər əsas kök intensiv inkişaf edir, sonra isə yan köklər inkişaf etməyə başlayır. Əsas kök birinci iki həftədə orta hesabla sutkada 2-3 sm-ə qədər artır.

Gövdəsi dikduran, möhkəm, tükcüklərlə örtülü aşağı hissəsi odunlaşmış olur. Hər bir yarpaq qoltuğunda 2-3 tumurcuq olur.

Budaqları boy (monopodial) və bar (simpodial) budaqlarına ayrılır. Monopodial budaqlar gövdənin aşağı hissəsindən iti bucaq altında ayrılaraq düz xətt boyunca inkişaf edir və simpodial budaqlardan güclü olur. Bar budaqları boy budaqlarından hündürdə yerləşir. Simpodial budaqlar çiçək daşıyan, meyvə verən budaqlardır.

Buğumaralarının sayına görə bar budaqları hədsiz və hədli tipə ayrılır. Üzərində birdən çox dirsək və ya buğum əmələ gətirən budağa hədsiz tip, yalnız bircə buğum əmələ gətirən budağa isə hədli tip deyilir.

Hədsiz simpodial budaqlar buğumaralarının uzunluğuna görə 4 qrupa bölünür.

I – buğumarası qısa 3-5 sm, II – buğumarası orta 6-15 sm, III – buğumarası uzun 16-25 sm, IV – buğumarası çox uzun 25 sm və daha çox.

Hədli tip budaqlanmaya bəzən «sıfır» tipli bar budaqları da deyilir. Belə budaqda yalnız bir buğumarası əmələ gəlməklə, onun inkişafı dayanır və buğumarasının sonundakı tumurcuq və yan tumurcuqlar meyvə üzvünə çevrilir. Adətən budaqların axırında 3-4 meyvə orqanı da əmələ gələ bilər.

Rüşeym torpaqda kök atdıqdan sonra, ləpə yarpaqaltı dirsək torpaqda böyüyüb yay kimi əyilərək torpağa müqavimət göstərir, ləpəyarpaqaltı dirsək partlamış toxumun qılafını ləpə yarpaqları ilə birlikdə torpaq səthinə çıxarır. Böyrəkşəkilli ləpə yarpaqlarının vəzifəsi cavan cücərtini ehtiyat qida maddəsi ilə təmin etməkdir. Əsl yarpaqlar əsas gövdədə spiralvarı xətt üzrə növbə ilə əmələ gəlir. Birinci 4-6 yarpaq bir-birinə yaxın, iki-iki yerləşir.

İlk əmələ gələn yarpaqlar tamkənarlı, sonrakılar isə dilimli olur. Yarpaqda dilimlərin sayı 3-5 bəzən 7-8-ədəd olur. Rəngi açıq-yaşıl, yaşıl, bəzən qırmızı yarpaqlı pambıqlar da olur. Yarpaqların alt və üst tərəfləri tükcüklərlə örtülü olur.

Çiçək qönçənin inkişafından əmələ gəlir. Qönçə əmələ gəldikdən 25-30 gün sonra çiçək açır. Çiçək iri, cəlbedici, iki cinsiyyətli və aktinomorfdur (müntəzəm). Çiçəyin elementləri 5 dairədə yerləşir. 1-ci xarici dairədə 3 iri çiçəkyanlığı, 2-ci dairədə bir-biri ilə birləşmiş 5 kasacıq, 3-cü dairədə 5 ədəd sərbəst ləçək, 4-cü dairədə çoxlu sayda erkəkciklər, 5-ci dairədə isə dişicik yerləşir. Çiçəkyanlığı çiçək kasacığının alt tərəfini örtərək meyvənin qidalanmasında iştirak edir. Pambıq öz-özünü tozlayan bitkidir.

Kasacığın kənarları dişli və dalğavarı olmaqla, çiçək tacını alt tərəfdən bürüyür.

Tac 5 iri ləçəkdən əmələ gəlib, rəngi ağ, sarı, açıq-sarı və s. olur. Ləçək yarpaqları bir-birinə sıx düzülərək, yumurtalığı aşağı tərəfdən bürüyürlər. Odur ki, pambıq çiçəyinin yumurtalığı yuxarı yumurtalıq adlanır. Yumurtalıqda 3-5 yuva və hər yuvada 7-11 ədəd toxum kisəsi yerləşir.

Çiçəyin dişiciyi 3 hissədən – ağızcıq, sütuncuq və yumurtalıqdan ibarətdir.

Erkəkcik iki hissədən – erkəkcik gövdəsi və nazik tellərlə birləşmiş nəzərə çapmayacaq dərəcədə xırda, sarı rəngli, tikanlı tozcuqlardan ibarətdir.

Pambığın meyvəsi qozadır. O, inkişaf edir, yetişərək açılır. Qozalar yumurtavarı, konusvarı, yumru-yastı, kürəşəkilli və s. ola bilər. Qozanın diametri 5-6 sm, bir qozadan alınan xam pambığın kütləsi yabanı növlərdə 0,2-1,1 qr. mədəni növlərdə 3-12 qr. olur. Orta liflilərdə isə 5-8 qr. arasında dəyişir. Qozanın yuvasında dilimlər vardır ki, onları bir-birindən arakəsmələr ayırır. Belə dilimlər 3, 4, və 5 ədəd olur. Qozanın hər dilimində 5-11, orta hesabla bütün qozada isə 25-30 toxum olur.

Qozanın inkişaf dövrü iki mərhələyə bölünür. 1-ci mərhələdə qozalar böyüyür, 2-ci mərhələdə də 25-30 günə qozaların içərisindəki liflər və çiyid tam yetişir

Çiyid (toxum) - yumurtavarı və ya uzun olmayan armud formalı olub, eni və uzunu müxtəlif ölçüdə olur. Çiyid rüşeymdən və onu örtən iki qat pərdədən daxili xarici möhkəm qatdan ibarətdir. Xarici qat odunlaşır ki, ona çiyidin qabığı deyilir.

Çiyidin qalın tərəfi halaza, incə tərəfi isə mikropil adlanır.

Toxumun uzunluğu 6-12 mm, eni 5-8 mm olur. Bir çiyidin kütləsi 50-200 mq, yabanı formalarda isə 10 mq ola bilir. Mütləq kütləsi 80-160 q-dır. Çiyidin rüşeymi onun nüvəsi adlanmaqla 2 ləpə yarpağından (yarpaqda tünd rəngli ləkələr - qossipol) və boy tumurcuğundan ibarətdir.

Pambıq çiyidi qabığının epidermis hüceyrələrinin uzununa böyüməsi nəticəsində əmələ gələn liflər mahlıc adlanır.



: img -> page -> tmp
tmp -> Mövzu fəLSƏFƏ onun predmeti, problem dairəsi və CƏmiyyəTDƏ rolu
tmp -> Multikulturalizmə giriş” fənninin predmeti və əhəmiyyəti plan mədəniyyətin sosioloji anlayışı Mədəniyyətin Elementləri
tmp -> Azərbaycan döVLƏt aqrar universiteti MÜHƏNDİSLİk fakultəSİ HƏyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ kafedrası
tmp -> Mövzu Dövlət və hüququn Plan
tmp -> Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"
tmp -> Dos. Azad Mustafa oğlu Bayramov Azərbaycan Dövlət Aqrar Universiteti İctimai elmlər və Multikulturalizm kafedrası
tmp -> Mühazirənin planı: Maddələrin qruluşu və xassəsi Süni və təbii radioaktivlik
tmp -> 27 aprel 2017-ci IL tariXLİ İclasinin protokolundan çixariş EŞ 09 1
tmp -> Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"


Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə