Mühazirənin planı: Texniki bitkilərin əhəmiyyəti Texniki bitkilərin təsnifatı Texniki bitkilər fənninin metodu


Toxumun səpinə hazırlanması, səpin müddəti, üsulu və norması



Yüklə 0,99 Mb.
səhifə8/13
tarix10.11.2017
ölçüsü0,99 Mb.
#9222
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   13

Toxumun səpinə hazırlanması, səpin müddəti, üsulu və norması. Səpin üçün sağlam və yetişmiş toxumlardan istifadə olunmalıdır. Toxumların cücərmə qabiliyyəti ən azı 96%, təmizliyi isə 99 % olmalıdır. Günəbaxan toxumları cücərmə qabiliyyətini tez itirdiyindən səpin üçün yalnız keçən ilki toxumlardan istifadə olunmalıdır. Cücərmə qabiliyyətini artırmaq üçün toxumlar isti havada sərilərək qurudulur. Zərərvericilərə qarşı əvvəllər 1 ton toxuma 2-4 kq heksaxloranın qamma izomeri ilə, göbələk xəstəliklərinə qarşı isə 1 ton toxuma 1,5-2,0 kq qranozanla dərmanlanırdı. İndi isə hər ton toxuma və ya 3 kq 65%-li fentiuram, 2-3 kq TMTD, yalançı unlu şehə qarşı 4 kq apron, 0,3-0,5 kq sinklə manqanın qarışığı ilə dərmanlanır.

Torpağın əkin qatında temperatur 4-6 0C olduqda səpin aparmaq mümkündür. Gündəlik temperatur 10-12 0C olduqda cücərtilər daha tez alınır.

Səpin erkən yazda fevral ayının axırları və mart ayının əvvəllərində aparılır.

Son dövrlərdə günəbaxan gencərgəli punktir səpin üsulu ilə, yəni cərgəarası 70 sm olmaqla becərilir. Səpin üçün SUPN-8, SKPP-12 aqreqatlarından istifadə edilir. Bitki sıxlığı hektarda 40-50 min ədədə bərabər olmalıdır. Cərgələrdə bitkilərarası məsafə 30-40 sm-ə qədər, hər metrdə 3,0-3,5 bitki olmalıdır. Nəmlik ehtiyatı az olan yerlərdə hektarda bitki sıxlığı 20-30 min və cərgələrdə bitkilərarası məsafə 50-60 sm, yəni hər metrdə 1,5-2,0 bitki olmalıdır. Səpin norması hektara 8-14 kq toxum götürülür (silosluq səpinlərdə 35-40 kq). Toxumların basdırılma dərinliyi 6-8 sm-ə bərabərdir.



Əkinlərə qulluq. Günəbaxanın səpinindən sonra cücərtilər alınana qədər sahədə qaysaq əmələ gələrsə və alaq otlarının cücərtiləri varsa dərhal mala çəkilməlidir. Əgər səpindən sonra torpaq səthi həddən artıq quruyarsa çıxışların alınmasını gözləmədən torpaq səthi sıxlaşdırılmalıdır. Bunun üçün ZKK-6 markalı kipləşdiricidən istifadə olunur. Səpin cərgəvi üsulla aparılıbsa malalama cərgələrə perpendikulyar istiqamətdə həyata keçirilir. Əgər sahə alaqlı olarsa günəbaxanda 2 cüt yarpaq əmələ gələnə qədər malalamanı aparmaq mümkündür. Cərgəarası 70 sm olduqda birinci kultivasiya 50 sm enində, ikinci kultivasiya isə 45 sm enində aparılır.

Cərgəaraları KRN-4,2 və KRN -5,6 kultivatorları ilə becərilir. Alaq otlarına qarşı prometrin yaxud treflan herbisidləri hektara 2-3 kq işlədilir.

Torpaq-iqlim şəraitindən və günəbaxanın vegetasiya müddətindən asılı olaraq suvarmaların miqdarı (sayı) müəyyənləşdirilir. Birinci suvarma seyrəltmədən sonra 2-4 cüt yarpaq fazasında, ikinci suvarma səbətcik əmələ gəldikdə, üçüncü suvarma çiçəkləmənin əvvəlində, dördüncü suvarma isə dən dolduğu dövrdə hektara 800-1000 m3 olmaqla aparılır.

Günəbaxan çiçəkləyərkən mayalanmanın yaxşı getməsi və tumların boş olmaması üçün bir hektar sahəyə 2 bal arısı ailəsini gətirmək zəruridir. Bu halda məhsuldarlıq daha da yüksəlir.



Məhsulun yığılması. Günəbaxan toxumları hər sorta aid tipik rəngə çalanda, yağ toplanması başa çatıb, rüşeym bərkidikdən sonra yığılmalıdır. Quraqlıq illərdə toxumların dolması çiçəkləmədən 36-38 gün sonra, nəmli illərdə isə 48-50 gün sonra başa çatır. Xarici əlamətlərinə görə günəbaxan toxumlarında 3 cür yetişmə qeyd edilir: sarı, qonur və tam yetişmə.

1. Sarı yetişmədə yarpaqlar və səbətin alt tərəfi limonu- sarı rəng alır. Bu dövrdə səbətdə nəmlik 78- 82%, tumda isə 30- 40% olur.

2. Qonur yetişmədə səbət tünd qonur rəng alır, səbətdə nəmlik 40-50%, tumda isə 12-14% olur.

3. Tam yetişkənlikdə səbətin nəmliyi 18-20%, tumunku isə 10- 12%-ə çatır.

Toxumların orta nəmliyi 12-14 %-ə endikdə günəbaxanın yığımına başlanılır. Bu dövrdə bitkilərin 80- 90 %-i qonuru- sarı, səbətlərin əksəriyyəti qonur, quru olmaqla 10-12 %-i sarı rəngdə qalır. Nəmişli illərdə günəbaxanın yetişməsi uzanaraq çiskinli havaların başlanması ilə bir yerə düşür ki, bu da sklerotina və boz çürümə xəstəliyinin yayılmasına səbəb olur.

Yığımı qısa müddətdə aparmaq üçün desikasiya edilir. Desikasiya bitkinin yetişməsini sürətləndirir, yığım müddətini qısaldır, ağ və boz çürüməni zərərsizləşdirir, quru və yüksək keyfiyyətli toxum alınmasına şərait yaradır.

Desikasiya məqsədi ilə maqnezium-xloratdan istifadə edilir. Kütləvi çiçəkləmədən 35-40 gün sonra toxumlarda nəmlik 30-35% olduqda əkinlərə maqnezium- xloratın 60 %-li məhlulu (hektara 20 kq), 20 %-li reqlon (2 litr/ha) və ya onların qarışığı (10 kq + 1 litr ) 100-150 litr suda həll edilir və 1 hektara çilənir. Bu halda məhsul yığımına 10-12 gün tez başlamaq mümkündür. Desikantlar tətbiq olunmuş sahələrdəki bitki qalıqları ilə heyvanların yemləndirilməsi qadağandır. Yığımı gecikdirdikdə səbətlər tam quruyur, hektardan 2-3 sentner toxum məhsulu və ya 2-3 % yağlılıq itirilir. Yığım zamanı kombaynın hərəkət sürəti saatda 5 km olmalıdır ki, toxumun zədələnməsi və xırdalanmasının qarşısı alınsın.

Günəbaxan birbaşa kombayınla yığılır. Bu məqsədlə taxılyığan kombaynlara xüsusi qurğu quraşdırılır. Yığımı taxıl kombaynları CK-5 “Niva”, PSP –1,5 tərtibatı ilə də aparmaq olar. Bu tərtibatla kombayn gövdələri 20 sm - lik yüksəklikdən kəsərək 15 sm iriliyində xırdalayır, toxumlar isə bunkerə tökülür. Yığım, bütün bitkilərin məhsul yığımında olduğu kimi, qısa müddətdə həyata keçirilməlidir. Yığımdan sonra toxumlar alaq otlarının toxumlarından və digər yad qarışıqlardan təmizlənib, 10-12% nəmlik həddinə qədər qurudulur, satış üçün hazırlandıqda isə toxum 6-7 % nəmliyə qədər qurudulur.

Qurudulmuş toxumlar təmizlənir və saxlanma yerlərinə daşınır. Tərkibində yağlılıq faizi çox olan toxumlar saxlanılarkən nəmliyi 7%-ə bərabər olmalıdır. Toxumlar 1 metr təbəqədə (qalınlıqda) saxlanılır. Kisələrdə saxlanılan toxumların nəmliyi isə 8-10%-ə yaxın olmalıdır.

Şərait olduqda günəbaxan intensiv texnologiya ilə də becərilə bilər. Bu texnologiyada hər hektardan 2-2,5 ton toxum almaqla, becərmə texnologiyasındakı əməliyyatların sayı adi texnologiyada olan 12-13 əməliyyatdan 7- 9-a qədər azaldılır, çəkilən xərclər 20 % aşağı salınır və məhsulun maya dəyəri 7-8 % ucuzlaşdırılır.



Toxumun yığımdan sonra işlənməsi. Yığımdan sonra toxumun içində bir çox qarışıqlar – gövdə, səbətcik və yarpaq hissəcikləri olur. Bu qarışıqları toxuma nisbətən nəmli olduqlarına görə yığımdan sonra dərhal təmizləmək vacibdir. Təzə yığılmış toxumları yetişmək üçün yığımdan sonra 25-30 gün saxlayırlar. Bu prosesi sürətləndirmək üçün digər qarışıqlardan toxumu təmizləyərək, nəmliyi 8-10 % qalana qədər qurudurlar. Toxumlar saxlanılan yerlərdə 1 m hündürlüyündə yığılır.
KÜNCÜT
Əhəmiyyəti. Küncüt bitkisi tərkibindəki yağın miqdarına görə birinci yeri tutur. Toxumlarında 50-65%-ə qədər yağ, 16-18% zülal və 18% karbohidratlar vardır. Küncüt yağı bitki yağları içərisində ən keyfiyyətli yağlar sırasına daxil olub, öz qidalılıq dəyərinə görə zeytun yağına bərabərdir. Sarı rəngli iysizdir. Ondan konserv və qənnadı məmulatlarının hazırlanmasında, tibdə, sabun istehsalında və s. sahələrdə istifadə olunur.

Toxumlarından konfet, şərq şirniyyatları və qabığı təmizlənmişlərdən sonra halva hazırlanır. Soyuq üsulla yağ alındıqdan sonra jmıxın tərkibində 8% yağ və 40% zülal olur ki, bu da qənnadı sənayesində istifadəyə yararlıdır. İsti üsulla alınan jmıx heyvandarlıqda konsentrantlı yemdir. Bir sentner jmıx 132 yem vahidinə bərabərdir.

Onun vegetativ orqanlarından, çiçəklərindən alınan xüsusi maddədən ətriyyatda istifadə edilir.

Küncüt həm Asiya həm də Afrikanın qədim bitkisidir. Əsas küncüt becərən ölkələr Hindistan, Çin, Birma, Pakistan, Koreya, Yaponiya, Əfqanıstan, Meksika və Amerikadır. Əkinləri Özbəkistan, Türkmənistan və Tacikstanda da çoxdur. Dəmyə şəraitdə məhsuldarlığı hər hektardan 10-12 sentner, suvarmada isə 18-20 sentnerdir.

Yunan alimi (tarixçi) Ksenofont deyirdi ki, döyüşçülər özlərini qorumaq üçün bədənlərinə küncüt yağı sürtürdülər.

Botaniki təsviri. Küncüt (Sesamum indicum) küncütkimilər (Pedaliaceae) ailəsinə daxildir. Küncütün gövdəsi 80-110 sm hündürlüyündə olub dik durandır. Mil kökü torpağın 1 metrə qədər dərinə gedir, yan köklər isə çox budaqlanan olub ətrafa yayılır.

Yarpaq saplaqları uzundur, yarpaq ayası bütöv və bölünmüş, kənarları isə tam və ya dişli olur. Çiçəkləri zəngə oxşayır yarpaq qoltuğunda 1-2 ədəd olurlar. Çiçək tacının rəngi ağ, çəhrayı və bənövşəyi olur. Öz-özünə tozlanan bitkidir.

Meyvəsi uzun 4 və ya 8 üzlü qutudur. Qutunun uzunluğu 3-4 sm, bir bitkidə 100-150 qutu olur. Yetişən zaman qutusu aralanır. Bir qutuda 70-80 toxum olur. Toxumlar xırda, yastı, rəngi ağ, boz, qonur və qara olur. Min ədədinin kütləsi 3-5 qr arasında dəyişir.

Bioloji xüsusiyyətləri. Küncüt işıq və istilik sevən qısa gün bitkisidir. Toxumları 15-18 0C-də cücərir. 1 0C şaxtada məhv olur. İnkişafı üçün ən yaxşı temperatur 25-30 0C-dir. Temperaturun 12 0C-yə enməsi bitkinin inkişafını dayandırır. Nəmliyə və qida elementlərinə tələbi yüksəkdir. Küncüt bitkisi cücərmə və intensiv böyümə vaxtları nəmliyə çox tələbkar olur.

Küncüt yüngül mexaniki tərkibli münbit torpaqlarda yaxşı inkişaf edir. Ağır gilli, bataqlı, şoran torpaqlarda, eyni zamanda qaysaq əmələ gətirən torpaqlarda bu bitki yaxşı inkişaf etmir.

İlk çıxışlardan bir ay müddətinə küncüt zəif, çiçəkləmə dövründən isə sürətlə böyüməyə başlayır. Vegetasiya müddəti 90-120 gün arasında dəyişir.

Becərilmə texnologiyası. Küncütün cücərtiləri nisbətən zəif böyüyür və alaq otlarından çox zərər çəkir. Odur ki, bitki üçün alaqlardan təmiz və münbit tarlalar ayrılmalıdır. Növbəli əkində küncüt üçün ən yaxşı sələflər payızlıq buğda, qarğıdalı və dənli-paxlalı bitkilərdir. Tarlanı gec azad etdiyindən küncüt özü payızlıq taxıllar üçün sələf ola bilməz. Növbəli əkində küncüt öz yerinə 6-7 ildən sonra qaytarılmalıdır.

Küncüt qida maddələrinə tələbkardır. Əkinlərin hər hektarına 10 ton peyin, 30 kq azot, 30 kq fosfor və 30 kq kalium gübrələri verilir.

Əsas şumun dərinliyi 25-27 sm olur. Qış-yaz dövründə torpaqda nəmlik ehtiyatı yaratmaq və alaqlarla mübarizə aparmaq üçün lazımi becərmə işləri (mala, kultivasiya) aparılır. Yazda 2-3 dəfə, 8-10 sm dərinlikdə 1-ci kultivasiya, sonrakılar dayaz olmaqla aparılır.

Səpin torpağın üst qatında gündəlik temperatur 15-16 0C olduqda aparılır. Bu may ayının əvvəlinə təsadüf edir. Küncütün səpini taxılsəpən maşınlarla cərgəvi üsulla (45-70 sm) aparılır. Səpin norması hektara 5-8 kq-dır. Toxumun basdırılma dərinliyi 2-3 sm-ə bərabərdir. Səpindən sonra sahə (torpaq) kipləşdirilir və alaqlara qarşı mübarizə tədbirləri həyata keçirilir. 3-4 dəfə cərgəarası becərmə aparılır. Suvarma iki dəfə gönçələmə və kütləvi çiçəkləmədən sonra aparılır. Suvarma norması hektara 800-1000 m3-dir.



Məhsulun yığılması. Küncütün məhsulu hissə-hissə yığılır. Yetişən zaman toxumlar tökülür. Aşağıdakı qutular (karobkalar) qonurlaşanda otbiçən maşınlarla biçilir və xırmanda qurudulur. Bitkilər və toxum qutuları quruduqca kombaynla döyülür. Döyülmüş toxumlar çeşidlənib təmizlənir və qurudulur. Saxlanan toxumların nəmliyi 9-10% olmalıdır.
GƏNƏGƏRÇƏK
Əhəmiyyəti. Gənəgərçək yağlı bitkilərdəndir. Dəninin (toxum) tərkibində 45-59% qurumayan yağ var. Toxumun tərkibində zəhərli maddə, ritsin var. Toksiki təsiri az olan ritsinin alkaloidi də var. İsti üsulla alınmış gənəgərçək yağından gön-dəri, toxuculuq, lak-boyaq, sabunbişirmədə və sənayenin digər sahələrində istifadə olunur. Soyuq üsulla alınmış yağdan (kostorovoe) tibbidə istifadə olunur. Bu üsulla alınmış yağda zəhərli maddələrin hissəcikləri olmur.

Gənəgərçək jmıxından kazein kleyi alınır. Tərkibində 7,5% azot olduğundan gübrə kimi istifadə olunur. Jmıxın hər sentnerində 92 yem vahidi var. Tərkibində zəhərli maddə olduğundan heyvandarlıqda yem kimi istifadə olunmur.



Yayılması və məhsuldarlığı. Gənəgərçək Afrika mənşəlidir. Bu bitki qədimdən Misirdə becərilmiş və oradan Asiya, Amerika və Avropaya yayılmışdır.

Yer kürəsində 1,5 mlyon hektardan çox əkin sahəsi mövcuddur. Ən çox Hindistan və Braziliyada (500 min/ha) nisbətən Argentina, İtaliya, Rumıniya, Ukrayna, Macarıstan və Bolqarıstanda becərilir. Rusiyada Şimali Qafqaz ərazisində, Rostov vilayətində də əkin sahələri mövcuddur. Məhsuldarlığı hektardan 8-10, ayrı-ayrı təsərrüfatlarda isə 15-20 sentnerə çatır.



Botaniki təsviri. Gənəgərçək südləyənlər (Euphorbiaceae) fəsiləsinin Ricinus cinsinə aiddir. Üç növü var. Xırdameyvəli-Ricinus microcarpus g. Pop, irimeyvəli- Ricinus macrocarpus g. Pop, və zənzibazarski – Ricinus sansibarinus g. Pop.

Tropik və subtropik ölkələrdə çoxillik bitki kimi gənəgərçəyin hündürlüyü 10 m-ə çatır. By bitki yaxşı inkişaf etmiş kök sisteminə malikdir. Qışda məhv olurlar. Gənəgərçəyin mil kökü torpağın 3-4 metr dərinliyinə, ətrafa isə 2 metrə qədər yayılır. Güclü budaqlanan və budaqları dikdurandır. Hündürlüyü 1-3 metrə çatır.

İran gənəgərçəyi nisbətən alçaqboyludur və yaşıl rənglidir. Qanı-qırmızı gənəgərçək isə hündürboylu, rəngi qırmızı və şabalıdıdır. Yarpaqları iri və uzun saplaqlıdır. Yarpaqlarda 7- 11 dilim var.

Çiçək qrupu 60-80 sm uzunluğunda qozadır. Bir bitkidə 2-dən 12- yə qədər qotaz əmələ gəlir. Bir qotazda 50-200 ədədə qədər çiçək olur. Çiçəkləri xırda, sadə və 5 ləçəklidir. Çarpaz tozlayan bitkidir. Meyvələri üçyuvalı şarşəkilli yaxud uzunsov qutudur (karobkadır). Hər yuvada bir toxum var. İlk dəfə mərkəzi, sonra yan çiçəklərdən əmələ gəlmiş qutular (karobkalar) yetişir. İran gənəgərçəyi yetişən zaman qutular çatlayır və toxumlar tökülür. Qanı-qırmızıda isə əksinə tökülmür. İran gənəgərçəyinin toxumları Qanı-qırmızı gənəgərçəyin toxumlarından xırda olur. Mütləq kütləsi 200-500 qr arasında dəyişir.



Bioloji xüsusiyyətləri. İstilik sevən bitkidir. Toxumları 12-13 0C temperaturda cücərməyə başlayır. Çıxışların yaxşı alınması üçün 18 0C temperatur tələb olunur. Bitkinin normal inkişafı üçün tələb olunan temperatur 25-30 0C-yə bərabərdir. Artıq mənfi 2 0C şaxtada bitki zədələnməyə başlayır.

Nəmliyə tələbkar bitkidir. Nəmlik çox olan yerlərdə yüksək məhsul verir. Quraq yerlərdə yarpaq, çiçək və karobkalar (qozalar) tökülür. Quraqlıq olduqda bitkidə yağın miqdarı aşağı düşür.

İşıq sevən və torpağa tələbkar bitkidir. Qida maddələri ilə zəngin qaratorpaq və boz torpaqları sevir. Torpaq reaksiyası pH 6,0-7,3 daha əlverişlidir. Qranulometrik tərkibi ağır gilli və duzlu torpaqlar gənəgərçək üçün yararlı deyildir. Vegetasiya müddəti 90-120 gündür.

Becərilmə texnologiyası. Gənəgərçəyi növbəli əkində payızlıq buğda, qarğıdalı və dənli-paxlalı bitkilərdən sonra yerləşdirmək olar. Gənəgərçək özü yazlıq taxıllar üçün yaxşı sələfdir. Gənəgərçək fuzarioz xəstəliyinə tutulduğu üçün öz tarlasına 8 ildən sonra qaytarılmalıdır. Qida elementlərinə tələbkardır. Bir ton toxum yaratmaq üçün torpaqdan 72 kq azot, 17 kq fosfor və 59 kq kalium elementi aparır. Ən yaxşı gübrə peyin hesab olunur. Hektara 20 ton peyin verdikdə məhsuldarlıq xeyli artır. Mineral gübrələrdən azot və fosfor faydalıdır. Hektara 60-90 kq azot və 90 kq fosfor verdikdə məhsuldarlıq 16-20% -ə qədər artır.

Torpağın becərilməsi payızlıqlar yığıldıqdan sonra üzləmə və avqust ayında 27-30 sm dərinliyində ön kotancıqlı kotanla şumlamaqdır. Erkən yazda 2-3 dəfə kultivasiya və malalama aparılır.

Səpin üçün iri toxumlu sortlardan istifadə olunur. Toxumun təmizliyi 98%-dən az olmamalıdır. Səpinqabağı toxumları qranozanla (2 kq/ha) dərmanlayırlar. Torpağın 10 sm-lik qatında 120 C temperatur olduqda səpin başlanır.

Gənəgərçək punktir səpin üsulu ilə SUPN-8, SPÇ- 6MF aqreqatı ilə cərgəarası 70 sm olmaqla səpilir. İritoxumlu sortlardan hektara 20-25 kq, xırda toxumlulardan isə 10-12 kq sərf olunur. Toxumun basdırılma dərinliyi torpaq tipindən asılı olaraq 6-10 sm-dir. Bitki sıxlığı hektara 45-60 min ədəd olur. Səpinqabağı alaqlara qarşı treflan herbisidini kultivasiya ilə hektara 6-8 kq verirlər.

Çıxışlara qədər kəltənləri xırdalamaq üçün malalama aparılır. Alaqlar göründükdə cərgəarası becərmələr başlanır. İki yarpaq fazasında seyrəltmə aparılır.

Qozaların yetişməsi eyni müddətdə olmur. Əvvəlcə mərkəzi qozalar sonra isə ətrafdakılar yetişir. Odur kr, qozaları partlamayan sortları desikasiya edərək (maqnezium xlor, 15 kq/ha + 100 litr su) kökü üzərində qurudurlar. Desikasiyadan 2 gün sonra yarpaqlar quruyur. Lakin, qozaların tam quruması əlverişli şəraitdə 12-15 gün çəkir. Bu vaxt yığıma başlayırlar.

Məhsul birbaşa yaxud hissə – hissə yığılır. Qozaları partlamayanlar birbaşa KKC-6 markalı kombaynla yığılır. Toxumu saxlayarkən onun nəmliyini 6%-ə çatdırmaq lazımdır.

R A P S

Əhəmiyyəti. Raps - Brassica napus L. Ssp. oleifera Metzg. (payızlıq- biennis, yazlıq- annus) Kələmkimilər- Brassicaceae fəsiləsinin birillik ot bitkisidir. Raps bitkisi ərzaq yağı və yem zülalı üçün perspektivli mənbədir. Toxumun tərkibində 32-50% yağ və 23% zülal vardır. Köhnə sortların toxumlarında heyvan orqanizminə zərərli təsir göstərən eruk turşusu (37-50%) və qlükozinolitlər (5-7%) olduğundan yemə acı tam verirdi. Hal-hazırda əldə edilmiş yeni sortların tərkibində eruk turşusu 5% və qlükozinolitlər isə 0,3-0,6%-dir. Raps yağı yeyinti, sabunbişirmə, poliqrafiya və sənayenin digər sahələrində istifadə olunur.

Raps bitkisini yaşıl kütlə, silos, senaj və ot unu kimi yemlər üçün becərmək mümkündür. Yaşıl kütlənin hər sentnerində 16 yem vahidi var. Raps yaxşı bal verən bitkidir. Bal arısı hər hektardan 100 kq-a qədər bal toplaya bilir.

Rapsın vətəni Aralıq dənizi ölkələri olub, buradan Hindistan və digər Asiya dövlətlərinə yayılmışdır. Yer kürəsində rapsın əkin sahəsi 14-15 milyon hektara çatır. Bu bitki ən çox Hindistan, Çin, Kanada ölkələrində becərilir (3-4 mln. ha). Almaniya, Polşa, Fransa və s. ölkələrdə də əkin sahəsi əhəmiyyətli dərəcədədir. Məhsuldarlığı hektardan 15-20 və 25-30 sentnerə çatır.

Botaniki təsviri. Raps xaççiçəklilər fəsiləsinin birillik ot bitkisidir. Yaxşı inkişaf etmiş mil kök sistemi var. Gövdəsi yaxşı budaqlanır, hündürlüyü 100-130 sm -ə çatır. Yarpaqları açıq-yaşıl rəngli, ağ örtüklüdür, saplaqlı və oturaqdır. Çiçəkləri salxımvari, ləçəkləri açıq-sarı rənglidir. Toxumları qının içərisində qara, açıq-boz və tünd-şabalıdı rəngdədir. Toxumunun 1000 ədədinin kütləsi 3-7 qramdır.

Bioloji xüsusiyyətləri. Raps uzun gün bitkisidir. Çıxışdan budaqlanmaya qədər 30-40 gün keçir. Yazlıq rapsın vegetasiya müddəti 90-110 gündür. Tərkibində 30-40% (toxumunda) yağ var. Toxumları 1-3 0C-də cücərmə qabiliyyətinə malikdir. Çıxışları –3-5 0C şaxtaya dözür. Nəmlik sevən bitkidir.

Payızlıq rapsın vegetasiya müddəti 290-320 gündür. Tərkibində 40-50% yağ vardır. Çıxışdan 15-16 gün sonra budaqlanma başlayır. Çiçəkləmə 25-30 gün davam edir, çiçəkləmənin axırından yetişməyə qədər isə 25-30 gün keçir. Bir ton raps toxumu torpaqdan 60 kq azot, 24 kq fosfor, 42 kq kalium elementi aparır.



Becərilmə texnologiyası. Torpağın becərilməsi üzləmədən, əsas şumdan və səpin qabağı becərmədən ibarətdir. Səpin adi cərgəvi üsulla aparılır, hektara 12-15 kq gencərgəli üsulda isə 6-8 kq toxum sərf edilir. Toxumun basdırılma dərinliyi 2-3 sm-dir. Alaq otlarına qarşı 25% -li treflan herbisidini hektara 3 litr hesabı ilə səpinqabağı kultivasiya altına verirlər. Zərərvericilərə qarşı 0,2-0,3 kq metafos çilənir. Çiçəkləmə dövründə tarlanı dərmanlamaq olmaz, ona görə ki, bal arılarını məhv edə bilərik. Rapsın meyvələrinin yetişməsi tədrici olduğundan qını asan partlayır. Yığımı bir başa tam yetişmə dövründə taxıl yığan kombaynla aparmaq olar. İsti havalarda yığım hissə - hissə aparılır.

Yaşıl kütlə üçün raps bitkisini erkən yazda səpirlər. Çıxış alınandan 50-60 gün sonra bitkinin boyu 50-60 sm-ə çatır və birinci biçin aparılır. İkinci biçin birincidən 45-50 gün sonra yer səthindən 10-12 sm hündürlüyündə yerinə yetirilir. Birinci biçindən sonra 50-60 kq təsiredici maddə hesabı ilə azotla yemləmə verilir.


Mövzu: 9. SOYA BİTKİSİNİN ƏHƏMİYYƏTİ VƏ BECƏRİLMƏ ÜSULLARI
Mühazirənin planı:


  • Soya bitkisinin əhəmiyyəti

  • Soya bitkisinin tarixi, yayılması və məhsuldarlığı

  • Soya bitkisinin botaniki və bioloji xüsusiyyətləri

  • Soya bitkisinin növbəli əkində yeri

  • Soya bitkisi üçün torpağın becərilməsi

  • Soya bitkisinin gübrələmə sistemi

  • Soya toxumlarının səpinə hazırlanması, səpin müddəti, üsulu və norması

  • Soya bitkisinin əkinlərinə qulluq işləri (suvarma, alaqlara, zərərverici və xəstəliklərə qarşı mübarizə tədbirləri)

  • Məhsulun yığılması


Ədəbiyyat


  • Cəfərov M. İ. və baş. - Kənd təsərrüfatı bitkilərinin becərilmə və yığılma texnologiyası., Bakı, 2000, 264 s.

  • Əliyev C. Ə. və baş. Azərbaycan SSR-in suvarma şəraitində soyanın yetişdirilməsi. Bakı, 1982,51 s.

  • Əliyev S. C. və baş. - Zülal probleminin həllində dənli-paxlalı bitkilərin rolu, Kirovabad, 1988, 41 s.

  • Məmmədov Q. Y., İsmayılov M. M.. Bitkiçilik, Bakı, “şərq-qərb” nəş., 2012, 356 s.

  • Yusifov Ə. N. və başq. Bitkiçiliyin əsasları, Bakı, “Müəllim” nəşriyyatı, 2013, 302 s.

  • Алиев Д. А., Акперов З. И.. Фотосинтез и урожай сои. Москва-Баку, 1995, 116 с.

  • Берт Д. Г., Фоке И., Клейн В.. Выращивание зернобобовых культур на промышленной основе. Москва, «Колос» 1981, 159 с.

  • Вавилов П. П. Растениеводство. Москва, 1986, 512 с.

  • Лавиренко Г. Т. и др. Соя. Москва, 1978, 187 с.

  • Посыпанов Г. С. Соя в Центральном Нечерноземье М.: Изд. во МСХА, 2005.

  • Посыпанов Г. С. и др. Растениеводство. Москва, «Колос», 2006, 611с.

  • Соя . Интенсивная технология. М:, изд. во Агропромиздат», 1988, 48 с.

  • Спаар Д. и др. Зернобобовые культуры. Минск, 2000, 264 с.

  • Федосеев Б. В. Механизированная технология возделывания и уборки бобовых культур. Москва, «Росселхозиздат 1983, 183 с.

SOYA BİTKİSİNİN ƏHƏMİYYƏTİ VƏ BECƏRİLMƏ ÜSULLARI


Əhəmiyyəti. Soya hərtərəfli istifadə olunan qiymətli bitkidir. Dənində zülal çox olduğuna görə paxlalı, yağ çox olduğuna görə isə yağlı bitkilər qrupuna aid edilir. Dəndə 33-45% zülal (bəzi sortlarda hətta zülal 52%), 25-27% yağ və 25-27% sulu karbonlar vardır.

Soya becərən təsərrüfatlar 2 məhsul: tam qiymətli zülal və bitki yağı alırlar. Soyanın zülalı suda yaxşı həll olur və yaxşı həzmə gedir. Soya dənində olan zülal arpaya nisbətən 3,6 qarğıdalı dəninə nisbətən isə 4 dəfə çoxdur. Soyanı ərzaq, yem və texniki məqsədlər üçün becərirlər. Soya dənindən yağ, marqarin, soya pendiri, süd, un, qənnadı məmulatı, konserv və başqa məhsullar alınır.

Soyadan alınan yağ sabunbişirmə sənayesi üçün xammaldır. Eyni zamanda lak boyaq sənayesində də istifadə olunur. Dünyada bitki yağının istehsalına görə soya birinci yer tutur. Onun payına 40%, günəbaxanın payına isə 18-20% düşür.

Soyanı digər dənli - paxlalı bitkilərdən fərqləndirən onun zülalının amin turşularının tərkibinə görə heyvan mənşəli zülala yaxın olması və insan orqanizmi tərəfindən asanlıqla mənimsənilməsidir. Soyanın tərkibində lizin, triptofan və metionin kimi amin turşuları vardır. 1 kq buğda dənində 2,5 qram lizin olduğu halda, 1 kq soya ununda 27 qram lizin vardır.

Soya unu və jmıxı heyvanlar üçün çox dəyərli yemdir. Jmıxda 47%-ə qədər, unda isə 40%-ə qədər zülal vardır. 1 kq soya dənində 1,31-1,47 yem vahidi, 275-338 qram həzm olunan protein olur. Ümumiyyətlə soyadan 400-ə qədər müxtəlif növ məmulatlar alınır. Soyanı yaşıl yem və silos üçün də becərmək olar. Silos məqsədi üçün qarğıdalı və sorqo ilə qarışıq əkilir. Soyanın 100 kq yaşıl kütləsində 21 yem vahidi, 3,5 kq həzm olunan zülal vardır. Gövdəsinin (samanının) 100 kq-da 32 yem vahidi, 5,3 kq zülal vardır ki, xırda davarlar (qoyunlar) tərəfindən yaxşı yeyilir. Ot üçün biçilmiş kütləsinin 100 kq-da 51 yem vahidi, 15,4% zülal, 5,2% yağ, 38,6% sulu karbonlar, 7,2% kül, 22,3% sellüloz vardır. Soya qiymətli yaşıl gübrə və əla sələf bitkisidir.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə