Mühazirənin planı: Texniki bitkilərin əhəmiyyəti Texniki bitkilərin təsnifatı Texniki bitkilər fənninin metodu


MÖVZU:14. RƏNG VERƏN BİTKİLƏRİN (HƏNA, BASMA) XALQ TƏSƏRRÜFATI ƏHƏMİYYƏTİ VƏ BECƏRİLMƏSI Mühazirənin planı



Yüklə 0,99 Mb.
səhifə12/13
tarix10.11.2017
ölçüsü0,99 Mb.
#9222
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   13

MÖVZU:14. RƏNG VERƏN BİTKİLƏRİN (HƏNA, BASMA) XALQ TƏSƏRRÜFATI ƏHƏMİYYƏTİ VƏ BECƏRİLMƏSI
Mühazirənin planı:

  1. Əhəmiyyəti, tərkibi və istifadəsi.

  2. Botaniki təsviri və bioloji xüsusiyyətləri.

  3. Tarixi və yayılması.

  4. Toxumlarının səpilməsi və vegetativ çoxaldılması

  5. Torpağın hazırlanması və qulluq işləri.

  6. Açıq sahədə əkin vaxtı və yarpaq məhsuldarlığı.

  7. Xəstəlikləri, ziyanvericiləri və onlara qarşı mübarizə tədbirləri.

  8. Becərilmə texnologiyası və yığım.

Ədəbiyyat

  • Hümbətov H. S. Azərbaycanın Gəncə - Qazax və Şirvan bölgələrində həna və basma bitkilərinin becərilməsinin aqrotexniki xüsusiyyətləri. K/t. elm. nam. .... dis. Gəncə, 1999, 130 s.

  • Hümbətov H. S. Həna (Lawsonia) (monoqrafiya) - Gəncə: ADAU - nun nəşriyyatı, 2011, 145 s.

  • Hümbətov H. S. Basma (İndigofera) (monoqrafiya) Bakı: “Elm və təhsil” 2012, 82 s.

  • Hümbətov H. S., Xəlilov X. Q. Texniki bitkilər. Bakı: “Aytac”, 2010, 415 s.

  • Вульф Е. В., Малеева О. Ф. Мировые ресурсы полезных растений, (пищевые, кормовые, технические, лекарственные и др). Справочн. Л:. «Наука», 1969, с. 219.

  • Дамиров И. А., Прилипко Л. И. Лекарственное растения Азербайджана. Баку, «Маариф» 1988, 319 с.

  • Мирзалиев Д. Д. Опытно- производственное выращивание хны и басмы в условиях сухих субтропиков Азербайджана.- XIX сессия советов ботанических садов Закавказья по вопросам интродукции растений и зеленого строительства. Баку, «Элм», 1983, с. 71- 72.

RƏNG VERƏN BİTKİLƏRİN (HƏNA, BASMA)

XALQ TƏSƏRRÜFATI ƏHƏMİYYƏTİ VƏ BECƏRİLMƏSI
Əhəmiyyəti, tərkibi və istifadəsi. Həna yeni texniki bitkilərdən ən qiymətlisi sayılır. O ağbirçək nənələrimizin, gözəl-göyçək qız-gəlinlərimizin toy - bayramlarda, el şənliklərində və xüsusi mərasimlərdə (xınayaxdılarda) sevə - sevə işlətdikləri ən gözəl və təbii boyalardan biridir. Həna bitkisinin yarpaqlarından üyüdülmüş tozu xüsusi ilə qiymətlidir. Bu toz əsas saç rəngləyicilərinin içərisində ən geniş istifadə olunanıdır. Həna tozu yun və ipək parça və xalçaların rənglənməsində, həmçinin tibdə müalicə vasitələri kimi istifadə edilir.

Həna bitkisinin kökündə büzüşdürüçü xassəyə malik qırmızı rəngli maddə -alkonin vardır ki, bundan da farmakologiyada geniş istifadə olunur. Eyni zamanda, həna kökündən alınan sarı boyaqdan parçaların boyanmasında istifadə olunur. Həna bitkisinin çiçək yanlığında efir yağları vardır ki, ondan da “Mexudi” addanan ətir hazırlanır.

Həna hələ qədim zamanlardan follikulit, ekzema, diatez, sarılıq, mədə pozğunluğu, qızılça, göz, dalaq, ciyər, revmatizm, cüzam, baş və diş ağrıları, zob və b. xəstəliklərin müalicəsində istifadə edilirmiş.

Həna tozuna həmçinin mərsin (Murtus communis L.), Hindistan badamı (Terminalia catappa L.), Şleyxer şahtərəsi (Fumaria Schleiher L.) yunan qozu

( Juglans regia L.), gənəgərçək (Ricinus communus L.), toxumu və basma yarpağı (İndigofera tinctoria L.) qarışdırılaraq işlədildiyi haqda məlumatlar vardır.

Qəhvəyi sarı rəngli rəngləyici maddədən (Lavson) yun və ipək parçalarının rənglənməsində, habelə ət xörəklərinin boyanmasında istifadə olunur. Hənadan alınan rəng günəş şüalarına qarşı davamlı olduğuna görə öz əlvan və parlaq rəngini itirmədən uzun müddət qalır.

Həna tünd çayda həll olunduqda saça nəinki daha gözəl qızılı - şabalıdı rəng verir, həm də ona faydalı bioloji təsir göstərməklə dibini bərkidir, saçın tökül-məsinin və başda kəpək əmələ gəlməsinin qarşısını alır.

Həna bitkisinin çiçək yanlığından efir yağları alınmasında istifadə oluna bilər. Hər hektardan 15-20 sent. çiçək yanlığı toplamaq mümkündür ki, bunun da yaş kütləsinin 0,11% -ni, quru kütləsinin isə 0,52 %-ni efir yağı təşkil edir.

Həna yarpaqlarının tərkibində 12- dən çox maddə, o cümlədən 0,9-1,0 % rəngləyiçi maddə vardır.

İlk dəfə Q. Тomazi (Tommasi G.) həna tozunun tərkibindəki rəngləyiçi maddəni- lavsonu başqa rəngləyici maddələrdən ayırmış və onun naftaxinon 2 - hidroksiddən ibarət olduğunu müəyyən etmişdir.

Naxçıvanda becərilmiş həna bitkisinin tərkibində 1,5, Şirvan və Abşeronda 0,46, İran hənasının tərkibində isə 1,14 % rəngləyici maddə vardır .

Məlumdur ki, hənanın tərkibində tanin və xeyli miqdarda K vitamini vardır. Bəzən həna tozunu özündə tanin və büzüş-dürüçü maddələr saxlayan başqa bitkilərin (şaftalı və s.) yarpaqları ilə qatışdıraraq , ekzemaya qarşı mübarizədə istifadə edirlər.



Botaniki təsviri. Həna (Lawsonia inermis L.) ağlarot (Lythraceae) fəsiləsinin Lawsonia cinsinə daxildir. Bu fəsiləyə tropik və subtropik ölkələrdə yayılmış 25 cinsdən olan 550-dən çox növ daxildir. MDB ərazisində bu fəsilənin 5 cinsə aid olan 25 növünə təsadüf edilir. Bizim şəraitdə kifayət qədər geniş yayılmış cinsi ağlarot (Lythrum) cinsidir.

Həna bitkisi ilk dəfə 1753 -cü ildə K. Linney tərəfindən təsvir edilmişdir. K. Linneydən sonra bu bitki Burkil (Burkill İ. H) və Kortesi (Cortesi F.) tərəfindən botaniki təsvir edilmişdir. Həmçinin həna bitkisi 1948-ci ildə İngiltərədə Oksford Universitetinin nəşr etdirdiyi “Sudanın kənd təsərrüfatı” (Aqriculture in hte Sudan) adlı əsərdə təsvir olunmuş, nəhayət V. P. Alekseyev “Subtropik bitkilər” jurnalında bu bitkinin təsvirini vermişdir.

Həna (Lawsonia inermis L.) tropik və subtropik ölkələrdə bitən 6-7 m hündürlükdə ağac və ya həmişəyaşıl kol bitkisi olub həyatını 25-30 il davam etdirir. Xarici görünüşünə görə birgözü (Ligustrum lıcidium Ait.) xatırlatdığına görə yunan həkimləri ona “liqustrum” deyirmişlər.

Bioloji xüsusiyyətləri. Mədəni halda həna bitkisinin quru və isti bölgələrdə, yüngül qranulometrik tərkibli və məsaməli torpaqlarda becərildiyi göstərilir. Hava rütubətinin həddən artıq olması, güclü küləklər, istilər bitkinin böyümə və inkişafına mənfi təsir edir.

Təbii şəraitdə həna bitkisinin böyüməsi və inkişafı üçün minimal temperatur 8-10 °C olmalıdır. Temperaturun 2-3 0C -yə enməsi bitkinin məhv olmasına səbəb olur. Buna uyğun olaraq müəyyən edilmişdir ki, həna bitkisi Krım vilayətində Zaqafqaziya və Orta Asiya respublikalarında birillik bitki kimi becərilə bilər.

Azərbaycan şəraitində aparılmış tədqiqatlar sübut etmişdir ki, həna bitkisi neytral və zəif qələvili, humusla zəngin, yüngül və məsaməli, qumsal, boz qonur və bozumtul şoran torpaqlarda becərilə bilər. Quru subtropik şəraitdə vaxtaşırı suvarma aparmaqla həna bitkisindən yüksək keyfiyyətli və orta məhsuldarlığa malik xammal əldə etmək olur.

Tarixi və yayılması. Həna bitkisinə yabanı halda Şimali Avstraliyadan (Mevil adası) tutmuş Zond adalarından və Hindistandan keçməklə Ərəbistana qədər olan ərazidə, Madaqaskarda, Şərqi və Şimali Afrikada rast gəlinir. Mədəni halda isə Asiyada (yaşıllıq və su olan yerlərdə) Şimali, Şərqi və Qərbi Afrikada, tropik Amerikada becərilir. Həna bitkisi Nil çayı sahillərində yağmurların miqdarı çox olan qaratorpaq sahələrdə də becərilir.

Səpini. Тoxumu isti suda islatdıqdan sonra mart ayında parnikdə və torpaqda lazımi qədər temperatur olan zaman birbaşa sahəyə səpilir. Belə olduqda səpilmiş həna toxumlarını vaxtaşırı suvarmaq tələb olunur. Parnikdə aparılmış səpindən alınan bitkilər açıq sahəyə çıxarıldıqda daha tez böyüyür həmin ilin oktyabr ayında ondan məhsul almaq olur.

İranda həna toxumları həmin yerin torpaq-iqlim şəraitindən asılı olaraq əvvəlcədən suvarılmış sahəyə səpilir. Lakin, səpindən əvvəl toxumlar 8 gün ərzində suda isladılmalıdır.

İlk dəfə aparılmış tədqiqatların nəticələri göstərir ki, Aprel ayında istixanada səpin aparıb, şitili iyul ayında açıq sahəyə əkdikdə, Azərbaycan şəraitində vegetasiya müddəti həna bitkisinin çiçəkləməsi və toxumun tam yetişməsi üçün kifayət etmir. Bitkilər avqust ayında çiçəklədikdə belə vegetasiyanın sonuna qədər toxumlar tam yetişmədiyi üçün ondan səpin materialı kimi istifadə etmək yararlı olmur. O zaman tədqiqatçılar belə nətiçəyə gəlmişlər ki, hənanın xarici ölkələrdə qəbul edilmiş becərmə üsullarının heç biri bizim yerli şəraitdə müsbət nəticə vermir. Eyni zamanda həmin tədqiqatçılar göstərirlər ki, toxumu yalnız həna kollarını qapalı şəraitdə becərməklə almaq olar. Həmin tədqiqatçılara görə hər il xaricdən onun toxumunu almaq daha ucuz başa gələr.

V. P. Alekseyev həna bitkisinin toxumla çoxalması üzərində tədqiqat apararaq göstərmişdir ki, toxumlar səpindən əvvəl 7 gün isladılmalı və cücərti alınana qədər isti yerdə saxlanılmalıdır. Müəllifə görə həna bitkisi toxumalarını quru halda da səpmək olar, ancaq quru toxumlar çox seyrək və çətinliklə cücərti verir. Belə halda səpilmiş toxumları ilk vaxtlar hər gün, sonralar isə 6-7 gündən bir suvarmaq lazımdır.

R. M. Abbasov, V. İ. Maşanov apardıqları tədqiqatların nəticəsində göstərirlər ki, həna toxumları yanvar-fevral aylarında, 25-30 0C temperaturda səpilməlidir. Bu halda toxumların cücərməsi 71,0 -81,7 % təşkil edir.

U. K. Ələkbərov, A. Ə. Bayramov və C. D. Mirzəliyev həna toxumlarının səpin vaxtını və normal çıxış alınması üçün lazım olan temperatur şəraitini təyin etmək məqsədilə yanvar-aprel aylarında səpin aparmışlar. Aparılan tədqiqatlardan müəyyən edilmişdir ki, standart əkin materialı kimi may ayında açıq sahəyə şitil çıxarılması məqsədi ilə səpin yanvarın 20-nə kimi aparılmalıdır. Belə səpin üçün temperaturun 18-25 0C olması daha yaxşı nəticə vermişdir.



Vegetativ çoxaldılması. Həna bitkisinin vegetativ yolla (həm örtülü, həm də açıq şəraitdə) qələmlər (çiliklər) vasitəsilə çoxaldılması mümkündür. Bundan başqa, həna bitkisinin budaqlarını basdırmaqla da çoxaltmaq olar. Bu üsulla çoxaltma adətən, çoxillik həna bitkiləri olan istixanalarda aparılır. Həna bitkisi, odunlaşmış gövdələrindən hazırlanmış qələmlərlə yanaşı, həmçinin yaşıl, yarımodunlaşmış qələmləri (çilikləri) ilə də çoxalır. Yarımodunlaşmış qələmlərlə çoxaltma payızda- oktyabr ayında aparılır. Bu məqsədlə açıq sahədə becərilən bitkilərin 3-cü -5-ci buğumarasından 8-10 sm uzunluğunda qələmlər kəsilib heteroauksin məhlulunda (1 litr suya 100 mq) 4-6 saat saxlandıqdan sonra əkilir. Belə məhlul hazırlanıb təcrübədə istifadə edilən zaman temperaturu 25 0C - dən yuxarı olmalıdır. Yuxarıda təsvir edilən qaydada hazırlanmış qələmlər, istixananın ləmələrində torpaqdan, çay qumundan və çürümüş peyindən 1:1:1 nisbətində hazırladığımız substratlara (qida qarışığına) vurulmuşdur. Qələmlərin yüksək kök verməsinə nail olmaq üçün vurulduqdan (əkildikdən) sonra üstü kip şüşə və ya polietilen örtüklə örtülmüşdür. Əks halda qələmlər üzərində rütubəti saxlamaq olmur. Qələmlərin birinci köz tumurcuğu və ya uc tərəfindən 1 sm gövdəsi yer səthində qalmaqla hər kv. m-ə 600-700 ədəd əkilməsi məqsədəuyğundur.

Əkindən 2-3 həftə sonra ayrı-ayrı qələmlərdə (çiliklərdə) köklər əmələ kəlməyə başlamışdır. 30-40 gündən sonra isə əksər qələmlərdə kök sistemi əmələ gələrək inkişaf edir. Bundan sonra yaxşı kök sisteminə malik olan qələmlər qidalı dibçəklərə və ya birbaşa açıq sahəyə köçürülməlidir.

İstixanada çoxillik bitkilər olduqda qələmlə çoxaltmanı bütün il boyu davam etdirmək olur. Açıq sahədən isə qələm götürmək üçün ən yaxşı vaxt axırıncı biçindən (oktyabr) qabaqdır. Bu dövrdə istixanada da çox keyfiyyətli anac bitki olur. Nəticədə götürülmüş qələmlər normal kök bağlayıb inkişaf edirlər.

İstixana şəraitində həna qələmlərinin üç istiqamətdə: şaquli, üfüqi və əksinə əkilməsi sınaqdan keçirilmişdir. Bu təcrübəni aparmaqda məqsəd həna qələmlərinin (çiliklərinin) polyarlıq (qütblük) qanununa tabe olub - olmamasını öyrənmək olmuşdur. Həna qələmələrinin “əksinə” əkilməsi dedikdə qələmin (çiliyin ) apikal (təpə, yuxarı) hissəsinin aşağı, bazal (qaidə, aşağı) hissəsinin isə yuxarı vəziyyətdə əkini nəzərdə tutulur.

Üfüqi istiqamətdə əkilmiş qələmlərin qida sahəsinin böyüklüyü onlardan alınan şitillərin daha yaxşı böyüməsinə, yan budaqlarının sayının çoxalmasına səbəb olur. Bu vəziyyətdə əkilmiş qələmlərdən 2-4 ədəd müstəqil inkişaf edən şitil almaq olar. Deməli üfüqi istiqamətdə basdırılmış qələmlərin vegetativ çoxaltmada əhəmiyyəti şaquli və əksinə basdırılmış qələmlərə nisbətən yüksəkdir.

Torpağın hazırlanması və qulluq işləri. Həna bitkisi üçün torpaq adi qaydada, yəni respublikada əkilib-becərilən digər şitiləkinli bitkilərdə (pomidor, badımcan və s.) də olduğu kimidir. Sələf bitkiləri yığıldıqdan sonra 25-30 sm dərinlikdə dondurma şumu aparılır. Torpağın əsas becərilməsi başqa yazlıq cərgəarası becərilən bitkilərdə olduğu kimi aparılır. Yazda əkinə qədər dondurma şumu malalanır, iki dəfə mala ilə birlikdə kultivasiya aparılır (8-10 və 5-6 sm dərinlikdə).

Açıq sahədə əkin vaxtı və yarpaq məhsuldarlığı. Açıq sahəyə şitilləri əkilən bitkilərdə əkin vaxtının düzgün təyin edilməsinin şitillərin sonrakı inkişafında əhəmiyyəti əvəzedilməzdir. Yeni torpaq - iqlim şəraitində introduksiya edilmiş bitkiləri açıq sahəyə əkən zaman xüsusilə diqqətli olmaq tələb olunur. Çünki, bu torpaq-iqlim şəraiti bitkinin uyğunlaşıb yaşadığı ərazinin və ya onun vətəninin torpaq-iqlim şəraitindən fərqlidir. Ona görə də çalışmaq lazımdır ki, bu bitkilər əkilən zaman ekoloji amillərin təsiri nisbətən əlverişli olsun.

Həna bitkisi də yeni introduksiya olunmuş bitkilərdəndir. Vətənində çoxillik bitki olmasına baxmayaraq Azərbaycan şəraitində özünü birillik bitki kimi aparır. Yuxarıda qeyd olunduğu kimi həna toxumları istixanada səpilir və alınan şitillərə 4- 4,5 ay aqrotexniki qulluq göstərilməklə becərilir. İstixanada becərilib standart hala düşmüş şitilləri açıq sahəyə əkməzdən bir ay qabaq istixananın temperaturu açıq sahəyə uyğunlaşdırılır. Şirvan bölgəsində həna şitillərinin açıq sahəyə əkilməsinin ən əlverişli vaxtı 20. IV ay, Gəncə-Qazax bölgəsində isə 20. V ay hesab olunmalıdır. Həna bitkisi Şirvan bölgəsində iki biçində orta hesabla 10,8 s/ha, Gəncə-Qazax bölgəsində isə 13,0 s/ha quru yarpaq, məhsulu verə bilir. Biçilməyib toxumluq üçün saxlanılan həna bitkilərindən isə 7,48 -8,74 s/ha toxum məhsulu almaq olur.



Xəstəlikləri, ziyanvericiləri və onlara qarşı mübarizə tədbirləri. Həna (L. inermis L.) respublikamızda becərilən yeni texniki bitkilərdən olduğu üçün onun xəstəlik və zərərvericləri hələlik tam öyrənilməmişdir. Lakin vegetasiya müddətində bu bitkinin üzərində mənənələr və rəngini dəyişmiş (saralmış, qonurlaşmış və qaralmış) yarpaqlar müşahidə edilir. Bu yarpaqlar ya quruyaraq tökülüb məhsuldarlığın azalmasına səbəb olur ya da bitkinin üzərində biçin vaxtına qədər qalır. Biçindən sonra xammalı (yarpağı) gövdədən təmizləyərkən bu yarpaqları seçmək işi çətinləşdirir. Bu işə çoxlu əmək sərf etmək lazım gəlir. Həna bitkisinin də əsasən yarpaqları istifadə olunur. Rəngini dəyişmiş (xəstələnmiş) yarpaqlar xammal üyüdülərkən alınan məhsulun rənginin dəyişməsinə və keyfiyyətinin pisləşməsinə səbəb olur. Ona görə də bu bitkidə xəstəlik və zərərvericilərlə mübarizə aparmağın böyük əhəmiyyəti vardır.

Həna toxumları səpilmiş istixana və parnikdə cücərtilərin alınmasından təxminən 25-30 gün sonra, bəzən də sahədə becərmə zamanı bitkilərin əsasən uc hissəsində cavan gövdələrin üzərində və yarpaqların alt səthində mənənələr müşahidə olunur. Onlar gövdə və yarpaqların şirəsini soraraq onları böyüməyə qoymur. Odur ki, mübarizə məqsədi ilə həna əkilmiş sahələrdə Bi-58 və yaxud da fazalon məhlulu (0,2 %-li) ilə çiləmə aparılmalıdır. Əgər sahələrdəki bitkilərdə gənələr müşahidə edilərsə 0,2 %-li fazalon preparatına kolloid kükürd (10 litr suya 80 qram) məhlulu qarışdırılaraq çilənmə aparılmalıdır. İstixana şəraitində və parnikdə həna şitilləri tez-tez suvarıldığından torpağın üst səthində (bitkilər sıx olan yerlərdə) müəyyən kif göbələkləri inkişaf edir. Bunlarla mübarizə üçün hər suvarmadan sonra şitillərin dibləri xüsusi hazırlanmış dırmıqla boşaldılmalıdır. Yuxarıda qeyd edilən preparatlarla çiləmə aparıldıqda həna sahələri xəstəlik və zərərvericilərdən qorunmuş olur.



Becərilmə texnologiyası və yığım. Həna üçün yaxşı sələflər payızlıq buğda, çoxillik otlar, dənli-paxlalı və cərgə araları becərilən bitkilər hesab olunur. Həna üzvi gübrələrə tələbkardır. Hektara 30 ton peyin və mineral gübrələr verilir. Peyin və ya tam mineral gübrə (N90P90K60) dondurma şumu altına verilir. Azot gübrəsini yazda yemləmə kimi də vermək olar.

Həna bitkisinin açıq sahəyə şitilləri əkilir. Şitillər cərgə araları 60 - 70 sm, bitki araları 25-30 sm olmaqla şitiləkən maşınlarla və yaxud da əl ilə əkilir. Əkildikdən sonra şitillərin üzərində olan yarpaqlar quruyub tökülür və bir neçə gündən sonra yeni yarpaqlar əmələgəlməyə başlayır. Təxminən avqust ayının əvvəllərində (5-15. VIII) həna bitkilərinin kütləvi çiçəkləməsi baş verir. Bu dövrdə bitkilərin I biçini aparılır. Biçini əl ilə və xüsusi biçən maşınlarla aparmaq olar. Biçilmiş yaşıl kütlə dərhal isti və kölgə yerlərə daşınmalı, nazik qatlarla sərilib qurudulmalıdır. Qurutma işləri xüsusi istixanalarda və maşınlarda (çay yarpağı qurudan maşınlarda) da aparıla bilər.

Tam quruduqdan sonra həna bitkisinin yarpağı gövdəsindən ayrılaraq, yarpaq xüsusi dəyirmanda üyüdülüb toz halına salınaraq qablaşdırılmalıdır.

Sahə isə birinci biçindən sonra kultivasiya edilib, suvarılmalı və sonrakı qulluq işləri aparılmalıdır. II biçin isə yenə də bitkilərin kütləvi çiçəkləməsi vaxtında, təxminən oktyabrın axırlarında aparılmalıdır. II biçini gecikdirmək olmaz. Əks təqdirdə bitkiləri ilkin payız şaxtaları vurur, məhsulun keyfiyyəti aşağı düşür və xarab olur. II biçində də biçmə və qurutma işləri I biçindəki kimidir.


BASMA ( İNDİQOFERA)
Əhəmiyyəti, tərkibi və istifadəsi. Basma pambıq liflərinin boyanmasında, xalçaçılıq sənayesində və təsviri incəsənət üçün ən davamlı rəngdir. Тozunun həna tozu ilə müxtəlif nisbətlərdə qarışığından tünd qaradan açıq sarıya qədər müxtəlif rəng çalarlığı yaratmaq mümkündür. Yarpaqları həmçinin dərman əhəmiyyətlidir. Vyetnamda çiban və müxtəlif dəri-zöhrəvi xəstəlikləri, Hindistanda isə qara ciyər xəstəliyinin müaliçəsində istifadə olunur.

Basma bitkisi tropiklərdə palma (Cocos nucifera L.) plantasiyalarında zərərli alaqlara qarşı mübarizə məqsədi ilə əkilir. Onlar həm də torpağı azotla zənginləşdirdikləri üçün böyük əhəmiyyət kəsb edirlər.

Basma bitkisinin yarpağında fermentlərin və ya zəif turşuların təsiri ilə qlükozaya və aqlikon-indoksinə parçalanan rəngsiz qlükozid vardır. Aqlikon- indoksin rəngsizdir, lakin əsası mühitdə havanın oksigeni ilə oksidləşir və göy rəngli indiqoya çevrilir.

İndiqo boyaq maddəsi yaxın keçmişə qədər “ boyaq maddələrinin şahı ” (King of the ohystuff) hesab edilirdi. Avropa xalqları uzun müddət bu boyağı “Hindistan daşı” adlandırmışdır. İlk dəfə Mark Pol onun bitki mənşəli olduğunu göstərmişdir.

İndiqofera bitkisinin yarpaqlarından alınan basma adlı tozun tərkibində biçin vaxtından asılı olaraq 7,39-8,42 mq/kq kalsium, 0,09-0,29 mq/kq fosfor, 9,6- 55,7 mq/kq karotin, 2,40- 4,13 % yağ, 7,40-9,60 % sellüoza, 15,43-17,73 % kül, 2,68- 3,56 % azot və s. maddələr olur.

İndiqo maddəsi basma bitkisinin yarpaqlarında çəki hesabı 0,6 %, bütövlükdə isə 0,25 % təşkil edir.

Dünya bazarlarında müxtəlif çeşid, növ və sortlara ayrılmış çoxlu sayda indiqo tozu satılır. Тərkibində 50 % indiqo boyağı olan toz aşağı növ, 82 % - dən çox olan isə əla növ hesab edilir.

Təbii indiqo boyağının quruluşu alimlərə məlum olduqdan sonra onu süni yolla sintez etməyə başladılar.



Botaniki təsviri və bioloji xüsusiyyətləri. Basma (İndiqofera) bitkisi paxlalılar (Fabaceae) fəsiləsinin İndiqofera (İndigofera) cinsinə daxildir. Bu cinsin tropik ölkələrdə bitən 350-yə qədər növü vardır.

Basma bitkisini ilk dəfə boyaq indiqoferası (İ. tinctoria L.) adı ilə 1753-cü ildə K. Linney təsvir etmişdir. Sonradan bu bitki Burkil (Burkill I. H.) tərəfindən 1935-ci ildə, Dalziel (Dalziel I. M.) tərəfindən 1937-ci ildə təsvir olunmuşdur.

Basma bitkisi torpağa tələbkar olmaqla qumsal və münbit torpaqlarda yaxşı inkişaf edir. Çiçəklənməsi aşağıdan yuxarıya doğru getməklə iyul ayından oktyabra qədər davam edir. Vegetasiya müddəti 150-180 gündür. Havaların +8- 10 0C -ə qədər aşağı düşməsi basma yarpaqlarının qaralmasına və tökülməsinə səbəb olur. Həna bitkisinə nisbətən suya az tələbkardır. Vegetasiya dövründə 3-4 dəfə, nadir hallarda isə 5 dəfə suvarılır. Toxumları oktyabr-noyabr aylarında yetişir.

Azərbaycan MEA-nın Тorpaqşünaslıq və Aqrokimya institutunda 1976 -1977 - ci illərdə indoqofera bitkisinin qida şəraitini öyrənmək məqsədilə vegetasiya və çöl tədqiqatları aparılmışdır. Məlum olmuşdur ki, bu bitkinin azot, fosfor və kalium elementləri ilə yanaşı, selen, molibden və s. mikroelementlərə də tələbatı çoxdur.



Tarixi və yayılması. Boyaq indiqoferası (İ. tinctoria L.) növü ancaq mədəni halda Xorvatiya, İtaliya, Hindistan, Seylon, Çin, Filip-pin, Yaponya, Yava adası, Malakka, tropik Afrika, Misir, Amerika, Britaniya, Honduras, Kolumbiya və Gürcüstanın Batumi ətrafında becərilir. Azərbaycan xalqı indiqo (basma) boyağı ilə XVIII əsrin sonu XIX əsrin əvvəllərində tanış olmuşlar.

XIX əsrin ortalarında Azərbaycanın Lənkəran qəzasındakı Cığırlı kəndində becərilən indiqofera (basma) bitkisindən alınan boyaq Paris sərgisində qızıl medala layiq görülmüşdür. Bu bir daha göstərir ki, Azərbaycanda indiqofera bitkisinin becərilməsinə hələ qədimlərdən maraq göstərilmişdir. Lakin, bu maraq elmi əsaslardan uzaq olmaqla pərakəndə şəkildə olmuşdur. XX əsrin 60-70- ci illərindən isə bu bitki planlı elmi əsaslarla öyrənilir.

Onu da qeyd edək ki, ayrı-ayrı adamlar və çox təəssüf ki, bəzi hallarda alimlər belə bu qiymətli bitki haqqında səthi biliyə malikdirlər. Hətta əsas saç rəngləyicilərindən olan basma tozunun bitkidən yox, torpaqdan hazırlandığını iddia edənlərə də rast gəlinir.

Torpağın hazırlanması və qulluq işləri. Basma bitkisi üçün torpaq adi qaydada, yəni respublikada əkilib-becərilən digər paxlalı bitkilərdə (noxud, lobiya, paxla və s.) də olduğu kimidir. Sələf bitkiləri yığıldıqdan sonra 25-30 sm dərinlikdə dondurma şumu aparılır. Torpağın əsas becərilməsi başqa yazlıq cərgəarası becərilən paxlalı bitkilərdə olduğu kimi aparılır. Yazda səpinə qədər dondurma şumu malalanır, iki dəfə (8-10 və 5-6 sm dərinlikdə) mala ilə birlikdə kultivasiya aparılır.

Səpini. İndiqofera (basma) əsasən toxumlarla çoxalır. Тoxum birbaşa sahəyə səpilir. Тoxumlarının cücərməsi üçün yüksək hərarət və rütubət tələb olunduğundan ən yaxşı səpin vaxtı iyun ayının əvvəlləri hesab edilir. Əlverişli şəraitdə toxumlar 3-5 günə cücərərək torpağın üzünə çıxır. Səpindən əvvəl toxumların isladılması cücərmə faizini qat-qat artırır. Basma toxumlarının cücərməsi üçün torpağın rütubətli olması vacib şərtdir. Buna görə də basma toxumları arata səpilməlidir. Yazda torpağın temperaturu 15-18 0C olduqda basma toxumları səpildikdə müntəzəm çıxışlar alınır.

Xəstəlikləri, ziyanvericiləri və onlara qarşı mübarizə tədbirləri. Basma (İ. tinctoria L.) bitkisinin də xəstəlik və zərərvericləri hələlik tam öyrənilməmişdir. Lakin vegetasiya müddətində bu bitkinin də üzərində mənənələr və rəngini dəyişmiş (saralmış, qonurlaşmış və qaralmış) yarpaqlar müşahidə edilir. Bu yarpaqlar ya quruyaraq tökülüb məhsuldarlığın azalmasına səbəb olur, ya da ki, bitkinin üzərində biçin vaxtına qədər qalır. Basma bitkisinin də əsasən yarpaqları istifadə olunur. Rəngini dəyişmiş (xəstələnmiş) yarpaqlar üyüdülərkən alınan məhsulun rənginin dəyişməsinə və keyfiyyətinin pisləşməsinə səbəb olur. Biçindən sonra yarpağı gövdədən təmizləyərkən bu yarpaqları seçmək işi çətinləşdirir. Bu işə çoxlu əmək sərf olunur.

Basma bitkiləri üzərində birinci biçinə qədər mənənələr, birinci biçinin axırlarında isə pambıq sovkaları da müşahidə edilir. Həmin sovkalar qısa vaxt ərzində əmələ gəlmələrinə baxmayaraq, yarpaqları yeyib ziyan vura bilirlər. Bu sovkalar mənənələrə qarşı çiləmə aparılmayan sahələrdə əmələ gəlir. Onlara qarşı mübarizə məqsədi ilə basma əkilmiş sahələrdə Bi-58 və yaxud da fazalon məhlulu (0,2 %-li) ilə çiləmə aparılmalıdır. Əgər sahələrdəki bitkilərdə gənələr müşahidə edilərsə 0,2 %-li fazalon preparatına kolloid kükürd (10 litr suya 80 qram) məhlulu qarışdırılaraq çilənmə aparılmalıdır. Bu preparatlarla çiləmə aparıldıqda basma sahələri xəstəlik və zərərvericilərdən qorunmuş olur.



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə