Mühazirənin planı: Texniki bitkilərin əhəmiyyəti Texniki bitkilərin təsnifatı Texniki bitkilər fənninin metodu



Yüklə 0,99 Mb.
səhifə11/13
tarix10.11.2017
ölçüsü0,99 Mb.
#9222
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   13

Botaniki təsviri. Amarant Chenopodiaseae (tərəçiçəklilər unluca) fəsiləsinə (bəzi müəlliflərə görə amarant fəsiləsinə) daxil olan birillik, bir evli bitkidir. Dünyada 65 cinsi və 900-ə yaxın növü məlumdur. Rusiyada başqa bir adi “qızıl pencər”- dir və 17 növü (bəzi müəlliflərə görə 55-65 növü ) vardır. Azərbaycanda isə amarantın yabanı halda bitən 6 növünün olduğu göstərilir.

E. V. Vulf isə onun 7 növünün olduğunu göstərir.

1. Jiminda amarantı (Amaranthus blitum L. ), 2. Quyruqlu amarant (A. caudafusi L), 3. Şübhəli amarant (A. dubius Mart.), 4. Manteqissa amarantı ( A. mantegazrianus Passerini) 5. Süpürgəvari amarant ( A. paniculatus L.) 6. Tikanlı amarant (A. sipinosus L.) 7. Üçrəngli amarant (A. tricolor L.)

Amarantın bəzi növləri (A. retroflexus, A. blitum və b.) alaq kimi geniş yayılmışdır. A. cauetatus, A. paniculatus və b. növləri qədimi dənli bitkilər hesab olunur və bir çox ölkələrdə bu məqsədlə də becərilir. Şərqi Asya ölkələrində A. gangeticus, A. mangostanus və b. növləri tərəvəz bitkisi kimi becərilir. A. caudatus, A. hupochondiriakus növləri isə yaraşıqlı yarpaqları olduğu üçün dekorativ bitkilər kimi əkilir.

Amarantın 4 növü dekorativ bitki kimi becərilir. Onlardan üçü çiçəkli dekorativ hesab olunur: 1. Süpürgəli amarant (A. paniculatus). 2. Dərdli amarant (A. hupochondriacus) və 3. Quyruqlu amarant (A. caudatus). Bir növ amarant isə yarpaqlarına görə dekorativ hesab olunur. Bu üçrəngli amarantdır (A. tricolor).

Amarant sözü yunan sözlərindən əmələ gəlmişdir. A - inkar şəkilçisi, “marayno” solmaq, saralmaq, “antxos” isə çiçək deməkdir. Yəni amarant “solmayan çiçək” mənasını verir.

Hündürlüyü 2-3 m-ə qədər çatır. Gövdəsinin diametri 8-10 sm, bir bitkinin orta kütləsi 3-5 kq ( bəzən 30 kq) olur. Yarpaqları iridir. Uzunsov - ellips şəkilli, sap-laqlı, əsasında pazşəkilli, yuxarıda isə itidir. Çiçək qrupu qalın (gur) süpürgə şəkilli, 1,5 m-ə qədər uzunluqda müxtəlif formalarda sıxdır. Toxumları, xırda, ağ, çəhrayı, qəhvəyi və qara rəngli, parlaqdır. 1000 toxumunun kütləsi 0,6 - 0,9 qr-dır. Bir süpürgəsində 0,5 kq-a qədər toxum olur. Toxumları 8-10 ilə yaxın cücərmə qabiliyyətini saxlayır. Bitkinin bütövlükdə yarpaq səthi indeksi 6-10 - a bərabərdir. Bir bitki üzərində 500-1000 ədəd yarpaq yerləşir. 1 m2 torpaqda olan yarpaqlar bir neçə yarusda yerləşir. Ona görə də ümumi yarpaq sahəsi 6-10 dəfə böyük olur. Amarant C4 tipli bitki qrupuna daxil olmaqla yüksək fotosintetik qabiliyyətə malikdir. Bu qabiliyyət ona hektardan 2000 sentnerə qədər fitokütlə (yaşıl kütlə) toplamağa imkan verir.

Bioloji xüsusiyyətləri. Süpürgələmə fazasında sutkalıq boyverməsi 4-6 sm olub, vegetasiya müddəti 85-150, kövşən yerinə səpində isə 80 gündür. Cücərtiləri səpindən 4-5 gün sonra torpaq səthinə çıxsa da bu dövrdə boyverməsi zəifdir; 20-30 sm hündürlükdə olandan sonra çox sürətlə boy verir. Тoxumu qoz tamı verməklə, İyulun axırı Sentyabr ərəfəsində yetişir. Amarant çuğundur tarlalarının ən qəddar alağıdır; ağ amarant cənub rayonlarında geniş yayılmaqla, torpağı hədsiz dərəcədə qurudur; ağ amarant bir hektar sahəyə 1,5-3 milyard toxum tökür.

Yayılması. Amarantın vətəni mərkəzi və cənubi Amerikadır. Amarant 8 min il Cənubi Amerika və Meksika da paxlalı bitkilər və qarğıdalı ilə yanaşı əsas dənli bitki hesab edilmişdir. O yerli əhali olan Asteklərin “buğdası” inklərin “çörəyi” hesab olunurdu. İspanlar Amerikanı kəşf edəndən sonra bu bitki unuduldu. Asiyada isə amarant Hindistanın, Pakistanın, Nepalın və Çinin dağ tayfalarının əsas dənli və tərəvəz bitkisidir.

Rusiyada amarant XIX əsrdə peyda olmuş və alaq bitkisi kimi qəbul edilmişdir. Hazırda Amerikada, Avropada, Asyada və Afrikada becərilir. Seleksiyaçılar hər bir konkret iqlim şəraitinə uyğun olan amarant sortları yetişdirmişlər. Yeni yaradılmış amarantların məhsuldarlığı qat-qat artıqdır.

Amarant qurudulduqda öz formasını 3-4 ay saxlaya bilir. Onu tez-tez qışda istifadə üçün qurudurlar. Ona görə də amaranta “ insanların qış dostu” adı da verilmişdir.

Yem əhəmiyyəti. Amarant əhəmiyyətli yem bitkisidir. Bir çox növləri dən, yaşıl kütlə və silos hazırlamaq üçün istifadə edilir. Dəni ev quşları üçün qiymətli yemdir. İri buynuzlu mal-qara və donuzlar onun yaşıl kütləsini və silosunu həvəslə yeyirlər. Amarantda hazırlanmış silos alma iyi verir. 1930-cu illərin əvvəllərində donuzçuluq təsərrüfatında amarantdan yem kimi istifadə etməyə başlayırlar; donuz bu nəhəng bitkini kökünə kimi yeyir. Bu bitki olanda donuzlar noxudla vələmirin qarışığı olan yemdən belə imtina edirlər. Biokimyaçılar donuzun bu yemə olan həvəsinin “sirrini” açmağa başlayaraq, öyrənmişlər ki, amarantda çöl noxudu və vələmirdən ikiqat az sellüloz olduğundan onun yemi zərif və ləzzətlidir. Sonra müəyyən etmişlərki, burada iş təkcə sellülozun zərifliyindən getmir, donuz bu bitkinin yaşıl kütləsi ilə bərabər toxumunu da yeyir. Toxumunda buğda, çovdar, qarğıdalı və qarabaşaqdakından çox zülal vardır. Bundan başqa amarant zülalında lizinin miqdarı vələmirdəki qədərdir. Digər taxıllarda bu qədər lizin yoxdur. Amarant toxumunda yağ faizi buğdadan üç dəfə, qarğıdalıdan isə iki dəfə çoxdur.

Lizinlə zənginliyinə görə amarant bu gün də alimlərin diqqət mərkəzindədir. Niyə başqa bitkilərdə bu qədər lizin yoxdur? Alimlər hələlik bu sirri aça bilməyiblər.

Amarant zülalı ideal zülala yaxın tərkibli zülaldır. Buğda zülalı idealdan çox-çox uzaqdadır. Soya zülalı da ideala çatmayır.

Yeni elmi işlər göstərir ki, amarant böyük faydalı iş əmsalına malikdir. Beləki, bu bitkinin yaşıl kütlə əmələ gətirmə əmsalının intensivliyi bu əlamətə görə birincilər sırasında duran şəkər qamışı, sorqo, qarğıdalı qədərdir. Seleksiyası və becərilmə texnologiyasının mexanikləşdirilməsində bir çox çətinlikləri vardır.



Səpini. Amarantın səpin norması 500 - 800 qram/ha-dır. Səpin sxemi 60-40 sm x 25-30 sm-dir. Тoxumun səpin dərinliyi 1-2 sm olur. Amarant 3 dəfə biçilir və hektardan 200-400 tona qədər yaşıl kütlə (üç biçində cəmi), 50-60 sen. toxum məhsulu verir.

Bu bitki barədə aparılan son elmi işlərdən məlum olur ki, amarant çox dəyərli bir bitkidir. “XXI əsrin çörəyi”, qiymətli texniki və hədsiz məhsuldar yem bitkisidir, bir sözlə universal bitki sayılır. 400 ilə yaxın müddətdə gərəksiz bir bitki sayılan amarant, indi XXI əsrin ən böyük maraq kəsb edən bitkisinə çevrilmişdir.



MÖVZU: 13. TOPİNAMBURUN ( YERARMUDU)

XALQ TƏSƏRRÜFATI ƏHƏMİYYƏTİ VƏ BECƏRİLMƏ ÜSULLARI



Mühazirənin planı:

  • Xalq təsərrüfatı əhəmiyyəti.

  • Tarixi, yayılması və məhsuldarlığı.

  • Botaniki təsviri və bioloji xüsusiyyətləri.

  • Torpağın becərilməsi və gübrələmə sistemi.

  • Əkinə qulluq işləri və məhsulun yığılması.

  • Sort və hibridləri.

  • Yem əhəmiyyəti.

Ədəbiyyat

  • Hümbətov H. S., Məmmədov V. Ə., Qəbilov M. Y. Şəkərli və nişastalı bitkilər, Bakı: “Elm və təhsil” nəşr. 2014, 328 s.

  • Hümbətov H. S., Xəlilov X. Q. Texniki bitkilər. Bakı: “Aytac”, 2010, 415 s.

  • Hümbətov H. S., Şabanov M. C., Verdiyeva R. C. Şirəli yem bitkiləri. Bakı, 2013, 152 s.

  • Qəbilov M. Y. Yeralması (topinambur) bitkisinin öyrənilmə tarixi və coğrafi yayılması // Azərbaycan Aqrar Elmi. 1998, № 3-4 (170) s. 46.

  • Qəbilov M. Y. Yerarmudunun (Helianthus tuberosus L.) bioekoloji xüsusiyyətləri və təsərrüfat əhəmiyyəti. Biol. elm. nam.. dis. Gəncə, 2008, 141 s.

  • Məmmədov Q. Y., İsmayılov M. M. Bitkiçilik, Bakı, 2012, 356 s.

  • Ализаде А. В., Габилов М.Ю. Влияние способа посадки Топинамбура (Helianthus tuberosus L.) на урожай клубней / Kür vadisinin ekoloji problemləri AZ.AEİ-nin elmi əsərləri I buraxılış Bakı, 1996, c 22.

  • Г. С. Посыпанов и др. «Растениеводства», М:, «Колос», 2006, ст. 611

  • П. П. Вавилов «Растениеводства»., Москва, 1986, 512 с.

  • Технические культуры / Под р. Я. В. Губанова М.:, Агропромиздат, 1986, 287 с.

TOPİNAMBURUN ( YERARMUDU) XALQ TƏSƏRRÜFATI ƏHƏMİYYƏTİ VƏ BECƏRİLMƏ ÜSULLARI


Xalq təsərrüfatı əhəmiyyəti. Yerarmudu əsasən texniki məqsədlər üçün becərilir. Köküyumrularında quru maddəyə görə 30-40 % inulin vardır. Hidroliz zamanı inulindən fruktoza alınır. Kök yumrularından spirt, pivə, şərab, çaxır sirkəsi, yem droju (maya) və s. məhsullar alınır. Heyvanlar üçün kökümeyvələri və yaşıl kütləsi yaxşı yemdir. Gövdə və yarpaqlarında çoxlu vitaminlər var.

Proteinin tərkibində bütün əvəzsiz amin turşuları var. Yaşıl kütləsində əhəmiyyətli dərəcədə inulin olduğundan heyvan orqanizmində mədə şirəsinin təsirin-dən asan həzm olunan fruktozaya çevrilir. Yaşıl kütləsi ilə təzə halda heyvanları yemləndirmək olar. Yaşıl kütləsinin hər sentnerində 20-25 yem vahidi vardır. Budaq-larında 25-30 % şəkər olur.

Silosunun hər sentnerində 18-25 yem vahidi var. Yumrular B qrupu vitaminləri ilə zəngindir. Yumrular bişmiş, pörtmüş və çiy halda istifadə oluna bilər. Yumrular həm də dərman əhəmiyyətlidir. Şəkərli diabet və başqa xəstəliklərin müalicəsində istifadə edilir.

Tarixi, yayılması və məhsuldarlığı. Fəsilənin nümayəndələri kosmopolit olaraq əsasən mülayim və subtropik iqlim zonasında daha çox yayılmışdır. Yabanı halda yerarmudu bitkisi Şimali Amerikanın gilli torpaqlarında xüsusi ilə çay və yollar ətrafında geniş yayılmışdır. Kolumellin işləri yerarmudu bitkisi haqqında ilk yazılı mənbə kimi qiymətləndirilir. Lakin Linney səhv olaraq bitkinin Braziliya ərazisində mənşə tapdığını göstərmişdir. Bu səhvi Dekandol da təkrar etmiş yerarmudunun vətənin Braziliya və Peru olduğunu göstərmişdir.

Yerarmudunun mənşəyi haqqında ən düzgün elmi məlumatı Amerika botaniki Aza Qrey vermişdir. O ilk dəfə olaraq yabanı və mədəni yerarmudunu ayrı -ayrılıqda botaniki fərqlərini göstərməklə onların təsvirlərini vermişdir. Ona göndərilən bitkinin botaniki xüsusiyyətlərini təsvir edərək belə nəticəyə gəlmişdir ki, o heçdə bir çox alimlərin təsdiq etdikləri mədəni halda becərilən yerarmudu yox, Şimali Amerikanın soyuq iqlim zonalarında yabanı halda yayılan doronikoid topinambur (H. doronijoides L.) növüdür. A. Qrey bu bitkinin mənşəyi ilə bağlı özünə qədər ki, bütün yanlışlığa son qoyaraq göstərdi ki, yerarmudu bitkisi Şimali Amerikanın cənub ərazisində mənşə tapmışdır.

Yerarmudu (XVII əsrin 30-cu illərində İtaliya, Hollandiya və sonra İngiltərə ərazisində becərilməyə başlamışdır. Şirin və müalicəvi əhəmiyyətli olması onun Avropada çox sürətlə yayılmasına səbəb oldu. Yerarmudu bitkisini XVII əsrin 50-60-cı illərindən İngilislər dərman bitkisi kimi becərirlər. Sonralar yerarmudu (XVIII əsrdə) Şərq ölkələrinə gətirilib çıxarılmışdır. Belə bir fikir var ki, yerarmudu Fransadan Almaniyaya oradan Çinə və nəhayət Qazaxıstana gətirilmişdir. Qazax xalqı yerarmuduna «çin kartofu» deyir.

Şimali Asetiya, Kabardin və şimali Qafqazın digər rayonlarının sakinləri topinamburu qida kimi 150 il bundan əvvəl istifadə edirdilər. Davidoviç S. S. hesab edir ki, topinambur bitkisi Qafqaza, Avropanın Türkiyə və Bolqariya regionlarından tez gəlmişdir. Bundan əlavə Polşada, Macarıstanda, Skandinaviya ölkələrində, İngiltərə, Amerika və s. yerlərdə becərilir.

Aparılmış etnobotanik tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, Azərbaycana yerarmudunun gəlməsi 2 yolla olmuşdur:

1) Almanlar və rusların Azərbaycana sürgün edildiyi vaxt onlar özləri ilə yerarmudu yumruları gətirmiş onlardan bəzək bağçılığında və qida kimi istifadə etmişlər. Hazırda yerarmudunun yabanlaşmış formalarına Almanlar və ruslar

yaşamış ərazilərdə daha çox rast gəlinir.

2) 1930-cu illərdə Stavropol vilayətindən yerarmudunun əkin materialı Azərbaycana gətirilərək respublikanın müxtəlif botaniki – coğrafi ərazilərində becərilməyə başlanılmışdır. Bakı şəhərində Azərbaycan Botanika İnstitutunun Nəbatat bağında 30-40 -cı illərdə M. Ə. Rəhimov tərəfindən gətirilmiş, yerarmudu bitkisinin becərilməsi və öyrənilməsi üçün böyük əmək sərf edilmişdir.

Dünya əkinçiliyində yerarmudu hektardan 500-600 sentner yaşıl kütlə verir. Bəzən 1000-1200 sentnerə də rast gəlinir. Qafqaz və orta Asyada yaşıl kütlə məhsuldarlığı orta hesabla 200-1000 sent., köküyumru məhsuldarlığı isə 200-1300 s/ha - dır. Sibir və uzaq Şərqdə yaşıl kütlə məhsuldarlığı 300-1400 s/ha, köküyumru məhsuldarlığı isə 90-200 s/ha təşkil edir.

Botaniki təsviri. Yerarmudu (Helinathus tuberosus L. Helianthus mollissimus E Wats.) mürəkkəbçiçəklilər (astra) (Asteraceae) fəsiləsinə mənsub olan çoxillik bitkidir. Bu bitkinin botaniki təsviri ilk dəfə təbiətşünas alim K. Linney (Sp. pl.: 1753, s. 905) tərəfindən verilmişdir. Helianthus cinsinin 100-dən çox növ müxtəlifliyi içərisində yalnız 2- si - Helianthus annuus L. (günəbaxan) və Helianthus tuberosus (yerarmudu) təsərrüfat əhəmiyyətinə malikdir.

Botanik Kokkerl Şimali Amerikanın müxtəlif ştatlarında yabanı halda yayılan Helianthus tuberosus bitkisinin 7 növ müxtəlifliyini aşkar edib, onların botaniki təsvirini vermişdir.Bunlar aşağılakılardır:



  1. Var. tupicjus Cock. – gövdəsi çox sayda budaqlanandır, yan budaqların üzərində çoxlu çiçək səbətcikləri yerləşmişdir.

  2. Var. alexandri Cock. – bunu başqalarından fərqləndirən kök yumruların sancaq formasında olmasıdır.

  3. Var. nebrascensis Cock. – az budaqlanan, tezyetişən və parıldayan yarpaqlardan ibarətdir.

  4. Var. purpurellus Cock. – yarpaqları saplaqlı, tünd rəngli qısa qanadvaridir. Kök yumruları xırdadır.

  5. Var. fusiformis Cock. – yarpaqlar əsas hissədə pazvari, kök yumruları iri, çəhrayı rəngli, azca iyvaridir.

  6. Var. albus Cock. – gövdəsi nazik, az budaqlanan, yarpaq saplağı enli qanadvari, kökyumrusu iri dairəvi olub, yer altında topa halında yerləşmişdir. Kök yumrularının xarici qabığı ağımtıldır. Bu bitkinin kök yumruları qədim Hind xalqlarının əsas qidasını təşkil etmişdir.

  7. Var. puppureus Cock. – kök yumrusu iri, çəhrayı – bənövşəyi rəngli olub, mədəni halda geniş sürətdə qida bitkisi kimi əkilib becərilir.

Yerüstü orqanların quruluşuna görə yerarmudu (Helianthus) cinsinin digər nümayəndəsi olan günəbaxan bitkisinə oxşayır. Yarpaqlarının bir qədər xırda olması, gövdənin daha çox budaqlanması, və çiçək qrupunun (səbətinin) xırda olması ilə günəbaxandan fərqlənir.

Onun gövdəsi düz duran, yaxşı budaqlanan, yarpaqla sıx örtülü, yaşıl və yaxud zəif bənövşəyi rəngli, hündürlüyü 2-4,5 m-ə çatır. Bir yumrudan 1-5-ə qədər zoğ çıxır. Yarpaqları müxtəlif formada yumurtavari, uzanmış yumurtavari və ya enli yumurtavari olur. Yarpaqları saplaqlıdır, iridir, yumurta şəkillidir, uc tərəfdən itidir, kənarları iri dişli çıxıntılarla nəhayətlənir. Cücərmə fazasında yarpaqlar rozet əmələ gətirir. Qönçələmə fazasında isə gövdənin aşağı hissəsindəki yarpaqlar qarşı-qarşıya gövdənin orta və yuxarı hissəsində isə növbəli düzülürlər.

Topinamburun çiçəyi səbət tiplidir, ancaq günəbaxanın səbətindən bir qədər kiçikdir, diametri 1,3-8 sm-dir. Çiçək qrupu əsas və yan budaqların uclarında yerləşir. Əmələ gələn çiçəklərin sayı budaqlanma dərəcəsindən bir başa asılı olaraq 1-dən-50-yə qədər dəyişə bilər. Çiçəklər külək və həşəratlar vasitəsi ilə çarpaz tozlanır.

Meyvəsi toxumcadır və xırdadır. 1000 ədəd toxumun orta çəkisi 7-10 qramdır. Toxumla çoxalma əsasən effektsizdir, lakin seleksiya məqsədi üçün və isti iqlim şəraitində toxumla çoxaltmadan istifadə olunur. Toxumlar cücərdilərkən kök birinci ili mil kök tipli olur. Kökün yer altında dərinliyə və yanlara inkişafı əsasən torpaq tipindən asılıdır. Kök 2 metr dərinliyə kimi hərəkət edə bilir. Kök bitkinin ümumi kütləsinin 8-10 %-ni təşkil edir.

Budaqlanma yeraltı və yerüstü tipli olur. Yerüstü budaqlanma akropetal (yəni aşağı qarşı-qarşıya düzülmüş yarpaqların qoltuğunda) və baziopetal tipli (yuxarı növbəli düzülən yarpaqların qoltuğundan) olur. Gövdənin yeraltı hissələrində 3-cü, 4-cü buğumaralarında stolon əmələ gəlir. Stolonların ölçüsü və çəkisi sortlardan və becərilmə şəraitindən asılı olaraq müxtəlif ölçü və çəkidə olur.

Kök yumrusu armudvarı, uzunsov, hamar, kələ-kötür, ümumiyyətlə qeyri müəyyən formalarda, stolonların rəngi isə açıq-sarı, qəhvəyi, bənövşəyi ola bilir. Kartof yumrusundan fərqli olaraq stolonlarda gözlər bir qədər qabarıq olur. Bir bitki kolunda təqribən 30-50-ə qədər kök yumrusu olur. Yabanılaşmış növlərdə kök yumruları xırda, ancaq sayca çox olur. Topinamburun kök yumrularının üzərində periderm qatı nazik və zərif olduğuna görə onun adi şəraitdə saxlanılması çətinliklər törədir.



Bioloji xüsusiyyətləri. Helianthus tuberosus L. növündə kök yumrularının əmələ gəlməsi gün uzunluğundan bir başa asılıdır. Beləki, topinambur uzun gün bitkisi sayılır.

Hər il yerüstü kütlə vegetasiyanın sonunda məhv olur. Tərkibində polisaxarid inulin və digər şəkərli maddələr olan yumrular isə qışa dözürlər. Yazda hər bir yumrudan 3-ə qədər budaq əmələ gələrək kol təşkil edirlər. Tumurcuqlar torpaqda 5-6 0C temperaturda cücərməyə başlayırlar. 8-10 0C- də yaxşı cücərti verir və 3-4 həftədən sonra çıxışlar alınır. Yumrular əmələ gəlməzdən qabaq gövdənin böyüməsi sürətlənir. Gövdənin maksimum inkişafı iyul-avqust aylarında müşahidə edilir. Məhsul əsasən sentyabr-oktyabr aylarında formalaşır.

Ən yaxşı məhsul yay və payız ayları hədsiz isti keçəndə alınır. Faydalı temperaturun miqdarı 2500-2800 0C-dir.

Topinamburun yerüstü kütləsi qısa müddətli – 8 0C şaxtaya, yumruları isə - 12 0C şaxtaya dözürlər. Torpaqda qar örtüyü altında havanın mənfi 35 0C şaxtasına davamlıdırlar. 1 ton yaşıl kütlə ilə torpaqdan 3 kq azot, 1,2-1,4 kq fosfor və 4,5 kq kalium aparır. Köküyumrularla müvafiq olaraq 2,0-2,5 kq azot və fosfor, 1 kq kalium elementi aparır.

Mərkəzi qaratorpaq zolağının cənub - şərq şəraitində topinambur kök yumruları ilə çoxaldılır: Bu bitki cənub bitkisi olduğundan onun çiçəkləməsi gec baş verir və toxumlar yetişməyə imkan tapmır. Rusiyanın Orta və Şimal hissələrində topinambur bitkisi ümumiyyətlə çiçəkləmir.

Torpağın becərilməsi. Torpağın becərilməsi kartof və kökümeyvəlilərdə olduğu kimidir. Üzləmədən sonra 15 sm dərinliyində dondurma şumu aparılır. Yazda lazım gəldikdə dondurma şumu malalanır. Sonra laydırsız kotanla becərmə aparılır. Səpin qabağı tarlaya kultivasiya çəkilir.

Gübrələmə sistemi. Topinamburun gübrələnməsi torpağın münbitliyindən, planlaşdırılmış məhsuldan, torpağın nəmliyindən və digər faktorlardan asılıdır. Plantasiya yaradan zaman hektara 30-40 ton peyin və təsiredici maddə hesabı ilə 60-90 kq NPK verilir. Əgər plantasiya 8-10 il davam edərsə peyin verilməsini 4-5 ildən bir təkrar etmək lazımdır.

Qulluq işləri. Cücərtilər alınana qədər alaqlarla mübarizə məqsədi ilə 2-3 dəfə malalama aparılır. Bitkinin boyu 10-15 sm-ə çatdıqda cərgəarası becərməyə başlanılır. 30-40 sm-ə çatdıqda isə dibdoldurma aparılır. Yaşıl kütlə məhsulunu artırmaq üçün ucvurma da aparılır.

İkinci və sonrakı illərdə çıxışlar nisbətən tez alınır. Yumrular torpağın müxtəlif dərinliyində olduğuna görə birinci ildəkinə nisbətən çıxışlar bir bərabərdə olmur. Çıxışlar alınana qədər və çıxışlardan sonra malalama aparılır, bitkinin boyu 15-20 sm- ə çatdıqda əkinlərə kultivasiya çəkilir. Sonrakı qulluq işləri birinci ildə olduğu kimidir.



Məhsulun yığılması. Yaşıl kütləni oktyabr-noyabr aylarında biçmək olar. Yaşıl kütləni silosyığan kombaynla biçirlər. Bitkini torpaq səthindən 5-6 sm yüksəklikdən biçirlər. Qarışıq silos hazırlayan zaman yumruların bir hissəsini payızda yığırlar. Adətən yazda gözcüklərdəki tumurcuqların cücərməsinə qədər yumruları çıxarırlar. Yığım zamanı yumruların bir hissəsi plantasiyanı təzələmək üçün (hər m2-də 8-10 ədəd) saxlanılır.

Sortları və hibridləri. Hazırda seleksiyaçılar tərəfindən generativ və vegetativ hibridləşmə və digər üsullar ilə topinamburun bir çox sort və hibridləri yaradılmışdır. Bu sort və hibridlərdən mərkəzi qaratorpaq zolağının cənub şərq şəraitinə dözümlü bitkilər seçilmişdir. Sortlarından 1. Ağ məhsuldar, 2. Ağ Kiyev, 3. Ağ Voronej, 4.Voljiskaya – 2, 5. Naxodka, 6.Tezyrtişən, 7.Vadim, 8. Leninqrad və s., hibridlərindən isə Hibrid № 120, Hibrid № 15, Bənovşəyi topinsolneçnik, M-3, 58/6, VİR, Severnıy, Dauqova və s. göstərmək olar.

Yem əhəmiyyəti. Yerarmudu bütün kənd təsərrüfatı heyvanları üçün əla yemdir. Onda olan qida maddələrinin keyfiyyəti bir çox yem bitkilərindən üstündür, hətta yüksək keyfiyyətli yem bitkisi kimi tanınan qarğıdalıdan da geri qalmır.

Yerarmudu digər yem bitkilərindən yüksək yem vahidinin olması ilə fərqlənir. Tərkibindəki, (mütləq quru çəkiyə görə), həzm olunan zülalın miqdarına görə günəbaxan bitkisinə bərabərdir və digər yem bitkilərindən üstündür.

Yerarmudunun gövdə yumrularından alınan yem vahidinin miqdarı, kartof, şəkər və yem çuğundurundan alınandan çoxdur. Həzm olunan zülalın miqdarı şəkər və yem çuğundurundan yüksəkdir. Yaşıl kütlə məhsuldarlığını və yumruların tərkibindəki qida maddələrinin miqdarını nəzərə alsaq yerarmudu digər silosluq bitkilərdən üstündür və aydın olur ki, onu ən dəyərli yem bitkilərinə aid etmək lazımdır.

Yerarmudunun yaşıl kütləsinin ən yaxşı istifadəsi siloslaşdırmadır. Yerarmudunun yaşıl kütləsi həm təzə həm də qurudulmuş halda çox yaxşı siloslanır və gözəl silos əmələ gətirir. Yerarmudu silosu yaxşı iyi, dadı, rəngi, yüksək yeyilməsi, yaxşı saxlanılması tərkibində turşuların çoxluğu ilə fərqlənilir.

Yerarmudunun yaşıl kütləsi siloslaşma zamanı şəkər minimunu 3-4 dəfə artırır ki, bu da onun yaxşı siloslaşmasına və keyfiyyətli olmasına səbəb olur. Siloslaşmış yaşıl kütlədə qıcqırma prosesinin gedişi normaldır. Yerarmudunun yaşıl kütləsinin və silosunun iri buynuzlu heyvanlarda istifadəsi (sutkada 25-kq-a qədər) südün miqdarını və yağlılığını artırır. Tərkibindəki əsas qida maddələrinin miqdarına görə yerarmudunun yaşıl kütləsindən hazırlanmış silos qarğıdalı silosuna demək olar ki, bərabərdir.

Lakin yerarmudunun yaşıl kütləsindən hazırlanmış silosu uzun müddət açıq havada qalarsa onun rəngi tündləşir, tərkib pozulur və pis qoxu əmələ gəlir. Bu da bir neçə səbəblərlə izah edilə bilər. Məlumdur ki, süd turşusu bakteriyaları yerarmudunun epifit mikroflorasında çox az miqdarda olur. Buna görə də yerarmudunun silosunda süd-turşulu qıcqırma prosesi çox zəif gedir və süd turşusu az əmələ gəlir. Silosda süd turşusunun miqdarının az olması onun açıq havada tez xarab olmasına gətirib çıxarır.

Süd - turşulu qıcqırma prosesinin gedişini artırmaq üçün yerarmudunun yaşıl kütləsinə bir az saman ya da digər yem bitkilərinin yaşıl kütləsini əlavə etmək lazımdır.

Yerarmudunu heyvandarlıqda tək silos kimi yox, həmdə təzə təbii və qurudulmuş halda da istifadə etmək olar. Onun gövdə yumruları kənd təsərrüfatı heyvanları üçün dəyərli qidadır.

Azərbaycanın suvarılan əkinçilik rayonlarında becərilən yerarmudunun yumrularında olan proteinin miqdarı Rusiyanın orta qursağında becərilmiş yerarmudundakından azdır, lakin azotsuz ekstraktiv maddələr çoxdur. Yerarmudu yumrularında olan azotsuz ekstraktiv maddələrin miqdarı 12,0-14,8%-ə qədər dəyişir. Bu göstəricinin miqdarı sortundan asılı olaraq 13,8-15,05% arasında dəyişə bilir.

Bitkilərin su ilə yaxşı təmin edilməsi zamanı karbohidratlı maddələr, su çatışmadıqda isə zülallı maddələr daha çox əmələ gəlir. Buradan aydın olur ki, Azərbaycanın qərb zonasında süni suvarma şəraitində becərilən yerarmudu yumrularında Rusiyaya nisbətən daha çox karbohidratlı maddələr toplanır. Rusiya şəraitində süni suvarma aparılmadığına görə bitkilərin su ilə təminatı nisbətən zəifdir.

Bir sıra Avropa ölkələrində xüsusilə də Fransada iri və xırda buynuzlu heyvanların yerarmudunun kök yumruları ilə qidalandırılması geniş yayılmışdır. İri buynuzlu heyvanlara (südlük inəklərə) sutkada 10 kq kök yumrularının yedizdirilməsi tövsiyə edilir. Yumruların daha çox verilməsi heyvanlarda mədə-bağırsaq sisteminin pozulmasına gətirə bilər. Qoyunların kökəldilməsi üçün verilən yumruların miqdarı əvvəllər 0,5 kq sonra isə 2-3 kq olur (bir baş üçün).

Yerarmudu əkinləri donuzlar üçün xüsusilə dəyərli yem sayılır. Onlar çöldə otlayarkən özləri yerarmudunun yumrularını torpaqdan çıxardıb həvəslə yeyirlər.

Donuzları bir başa çöldə yumrularla yemləmək bordaqda yemləməyə nisbətən daha yaxşı nəticə verir. Tədqiqatlar sübut etmişdir ki, bir qrup donuzlar (44 kq çəkidə) 30 gün ərzində çöldə otarıldıqda orta hesabla hər bir baş 14,5 kq çəkisini artırmışdır. İkinci qrup donuzlardan (eyni diri çəkidə) bordaqda saxlanaraq 13,4 kq artım əldə edilmişdir. Üçüncü qrup nəzarət qrupu olub heyvanların orta diri çəkisi əvvəllər 46,5 kq olubsa da adi şəraitdə saxlanaraq hər bir başa orta hesabla 12,3 kq çəki artımı vermişdir.

Yumruların çöldə istifadəsi qarışıq yemlərin sərfini 20 -50% azaldır, heyvandarlıq məhsullarının maya dəyərini 30 - 40 % aşağı salır. Donuzların bir başa çöldə otarılması zamanı yumruların çıxardılıb, daşınmasına və saxlanılmasına ehtiyac qalmır. Azərbaycanın qərb rayonlarında becərilən yerarmudundan bol məhsul alınması imkan verir ki, torpaq sahələrindən səmərəli istifadə olunsun.



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə