Mühazirənin planı: Texniki bitkilərin əhəmiyyəti Texniki bitkilərin təsnifatı Texniki bitkilər fənninin metodu



Yüklə 0,99 Mb.
səhifə4/13
tarix10.11.2017
ölçüsü0,99 Mb.
#9222
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   13

Xalq təsərrüfatı əhəmiyyəti. Kənaf qiymətli gövdə lifi verən bitkilər qrupuna aiddir. Onun lifi möhkəmliyi, elastikliyi, hiqroskopikliyi ilə fərqlənir.

Kənaf bitkisinin gövdəsində 30%-ə qədər qaba lif, 16 %-ə qədər zərif lif vardır. Kənaf bitkisinin quru gövdəsinin 10-24 %-i qədər lifi olur. Bu liflərdən texniki parçaların hazırlanmasında istifadə edilir. Kənaf lifindən qablaşdırma materialları, kisələr, çadırlar, müxtəlif növ kəndir lifləri (buraz, sicim, ip) və s. hazırlanmasında istifadə edilir. Kənaf liflərindən bəzi xalça növlərinin də hazırlanmasında istifadə edilir. Bir çox ölkələrdə kənaf bitkisinin turş dada malik olan cavan yarpaqları müxtəlif yeməklərin hazırlanmasında, cavan budaqları isə heyvanların yemləndirilməsində istifadə edilir.

Lifləri çıxarılmış gövdə qalıqlarından (daraqağzı) kağız və tikinti materiallarının hazırlanmasında istifadə edilir.

Kənaf toxumlarının tərkibində 20 % - yaxın qurumayan texniki yağ vardır. Yod ədədi (100 qram yağda həll olan yodun qramla miqdarı) 100-ə yaxındır. Bu yağlardan süni dəri hazırlanmasında, sabunbişirmədə və lak boya sənayesində istifadə edilir. Kənafdan hazırlanmış jmıxdan kənd təsərrüfatı heyvanlarının yemləndirilməsində və gübrə kimi istifadə edilir.

Neftlə çirklənmiş torpaqların ekoloji cəhətdən təmizlənməsi işində kənafdan istifadə edilir.

Respublikamızın Abşeron yarımadasında neft məhsullarının və çoxlu miqdarda buruq sularının səthə axıdılması və qrunt sularının səviyyəsinin qalxması nəticəsində 20 min hektardan artıq torpaq sahəsi neftlə çirklənmişdir. Torpaqların təmizlənməsi üçün kənaf bitkisinin xırdalanmış oduncaq lifləri BioKonversion™ maşını ilə neftlə çirklənmiş torpaqla qarışdırılır. Yüksək absorbent xassəli kənaf lifləri karbohidrogen molekullarını özünə hopdurur və eyni zamanda öz üzərində neft parçalayan mikroorqanizmlərin sürətlə çoxalıb artmasına əlverişli şərait yaradır və beləliklə yeddi saatdan sonra torpaqdan neft təmizlənmiş olur. Digər üsullara nisbətən neftlə çirklənmiş torpaqların ekoloji (kənafla) təmizlənməsi nisbətən sadədir, az enerji sərf edir, nə su nə də məhsullardan istifadə olunmur, atmosferə heç bir uçucu üzvi birləşmə atılmır. Eyni zamanda ekoloji təmizləmə prosesi sürətlə baş verir, belə ki, bir BioKonversion™ maşını saatda 50 ton tullantı emal etməyə qadirdir. Bu sürətlə bir neft çalası çəmi 56 saat ərzində tamamilə təmizlənə bilər.



Tarixi, yayılması və məhsuldarlığı. Kənaf bitkisi yabanı halda Hindistanda və Tropik Afrikada bitir. Kənaf mədəni halda əvvəlcə Hindistanda, sonra Çində, İranda, Afrika ölkələrində, Amerikada və cənubi Avropada becərilməyə başlanmışdır.

Kənaf bitkisi Rusiyaya XIX əsrdə gətirilmişdir. Hazırda Hindistanda, Çində, İndoneziyada, Braziliyada, ABŞ-da, Meksikada, Kubada, Keniyada, Sudanda və başqa ölkələrdə geniş surətdə becərilir.

Kənaf MDB ölkələri içərisində ən çox Özbəkistanda becərilir. Onun əkin sahəsi burada 18 min hektara yaxındır.

Kənaf bitkisinin gövdə məhsuldarlığı orta hesabla hektardan 10 ton, maksimum 20-25 ton, toxum məhsuldarlığı isə 1,5 tona qədərdir.



Botaniki təsviri və bioloji xüsusiyyətləri. Kənaf bitkisi bitkilər aləminin, örtülü toxumlular şöbəsinin, iki ləpəlilər sinfinin, əmənkömənciçiçəklilər sırasının, əmənkömənci (Malvaceae) fəsiləsinin Hibiscus cinsinin, çətənə hibiscusu (Hibiscus cannabinus-kənaf) növünə daxil olan birillik ot tipli lifli bitkidir. Bu cinsin 500-ə yaxın növü vardır. Bunların içərisində yalnız bir növ H. cannabinus L. mədəni halda becərilir. Bu növün yarpaqlarının formasına və yarpaq saplağının rənginə görə fərqlənən 5 növ müxtəlifliyi vardır.

Kənaf birillik ot bitkisidir. Mil kök sisteminə malikdir. Kökləri torpağın 2 m və daha dərin qatlarına işləyə bilir. Gövdəsi dairəvi və yaxud yüngül qabırğalıdır, qalınlığı (yoğunluğu) 1,5-2,5 sm-ə, uzunluğu 4-5 m-ə şatır.

Yarpaqları formalarına görə fərqlənirlər. Sadə ürək şəkilli və ya lentşəkilli, mürəkkəb, 3-7 bölümlü yarpaqları vardır. Yarpaq saplaqları uzundur.

Kənafın çiçəkləri iridir. Kremi-sarı rəngli əsasında tutqun qırmızı xalları olan ləçəkləri vardır. Tozcuqları 40 - a qədərdir. Dişiciyinin beş bölümlü ağızcığı vardır. Kənaf öz-özünü tozlayan bitkidir. Lakin çarpaz tozlana da bilir. Çiçəklənmə aşağıdakı çiçəklərin açılmasından başlayır. Hər bir çiçəyin yalnız bir gün ömrü olur.

Kənafın meyvəsi beş yuvalı qutudur (qozadır). Hər bir bitki üzərində 20-30 qoza, hər qozada isə 15-30 ədəd toxum olur. Toxumu iri, üçüzlü, tutqun boz rənglidir. 1000 toxumun kütləsi 20-28 qram olur.

Kənaf vegetasiya müddətində istiliksevən bitkidir. Onun tez yetişən sortları vegetasiya ərzində 2600-3000 0C effektiv temperatur tələb edir. Vegetasiya müddəti isə 140-160 gün çəkir. Kənafın gövdə əldə etmək üçün becərilən sortları 3-4 ay müddətində yetişir.

Səpilmiş kənaf toxumları 12 0C temperaturda 3 həftədən, 25-28 0C temperaturda isə 3-4 gündən sonra cücərti verir. -10, -1,5 0C temperatur cavan bitkiləri məhv edir. Orta sutkalıq temperaturun 23-25 0C olması kənafa daha yaxşı təsir edir. Vegetasiyanın sonunda temperatura tələbat kəskin azalır.

Kənaf bitkisinin nəmliyə tələbatı yüksəkdir. Nəmlik normasının 80 % -i kənaf üçün optimal hesab edilir. Kənaf, suvarılan rayonlarda və ya atmosfer çöküntülərinin miqdarı çox olan yerlərdə becərilir. Böyümə dövründə qönçələnmə və kütləvi çiçəkləmə dövründə nəmliyə daha çox tələbat göstərir. Bu dövrdə kənaf bitkisi hektarda 200 kq gövdə 50 kq - a yaxın lif məhsulu formalaşdırır.

Kənaf işıqsevən qısa gün bitkisidir. Kifayət qədər işıq düşməyən və çox sıx əkilmiş sahələrdə bitkilər zəif və alçaq boylu olurlar.

Kənaf yüngül gizlicəli, humusla zəngin olan, çay kənarı torpaqlarda, boz və çəmən torpaqlarında yaxşı bitir. Torpağın pH - nın 6 - 6,8 olması kənaf üçün optimal hesab olunur. Bataqlaşmış və duzlu torpaqlar kənaf üçün əlverişli deyildir.

Özbəkistanda kənafın ən çox becərilən sortlarına misal olaraq Özbəkistan 1574 və Özbəkistan 1503 sortlarını göstərmək olar.

Becərilmə texnologiyası və yığımı. Növbəli əkinlərdə yeri və sələfləri. Növbəli əkində kənafı yonca, qarğıdalı, pambıq, dənli və dənli-paxlalı bitkilərdən sonra yerləşdirirlər. Pambıq – yonca - kənaf növbəli əkinlərində kənaf adətən pambıqla növbələşir.

Gübrələnməsi. Kənaf bitkisi həddən artıq qida maddələri tələb edən bitkidir. 10 ton quru gövdəsi ilə kənaf bir hektar torpaqdan 120-150 kq azot, 60 -80 kq fosfor, 120-160 kq kalium aparır. Vegetasiyanın əvvəlində kənaf fosfor və kaliumu çox mənimsəyir. Azota tələbat isə qönçələnmə və çiçəkləmə fazasında əhəmiyyətli dərəcədə artır.

Kənaf bitkisi altına üzvi və mineral gübrələr tətbiq olunur. Peyin yaxşı çürümüş halda hektara 15-20 ton hesabı ilə dondurma şumunun altına verilir. Mineral gübrələrin miqdarı isə torpağın münbitliyinə, tətbiq edilən aqrotexnikaya və planlaşdırılmış məhsula görə hesablanır. Əgər hektardan 18-20 ton kənaf gövdəsi əldə etmək planlaşdırılıbsa mütləq hektara 160-200 kq azot, 150-200 kq fosfor, 90-120 kq kalium verilməlidir.

Kənaf altına verilən gübrələr kəsirlə verilir. Fosfor və kalium gübrələrinin 50 % - i dondurma şumu altına verilir. Qalan 50 % -i və azot gübrəsi səpin vaxtı və vegetasiya ərzində yemləmə gübrəsi kimi tətbiq edilir.

Adətən kənaf bitkisi iki dəfə yemləndirilir. Birinci yemləmə cücərtilərin alınmasından 25-30 gün sonra, ikinci isə birincidən 25-30 gün sonra qönçələmə fazasında verilir.



Torpağın becərilməsi. Vegetasiyanın ilkin dövrlərində kənaf bitkisi yavaş böyüyür və alaqlardan əziyyət çəkir. Ona görə də kənaf toxumlarının yaxşı hazırlanmış münbit və alaqsız sahələrdə səpilməsi məsləhət görülür.

Torpağın becərilməsi sistemində dərin dondurma şumunun aparılması böyük əhəmiyyət kəsb edir. Dondurma şumu 28-30 sm dərinlikdə ön kotancıqlı və ya ikiyaruslu PYA-3-35 markalı kotanla aparılır. Əgər kənafın sələfləri dənli bitkilər və yonca olarsa onların yığılmasından dərhal sonra üzləmə aparılmalıdır.

Kənaf bitkisi üçün torpağın yaz becərilməsi ilkin yazda malalama aparmaqdan, bir və ya iki dəfə 8-16 sm dərinlikdə mala ilə birlikdə kultivasiya çəkilməsindən ibarətdir. Səpindən əvvəl torpağın səthi diqqətlə hamarlanmalıdır.

Səpin. Səpin üçün yüksək kondisiyalı standartın tələblərinə cavab verən toxum səpilməlidir. Səpin qabağı toxumlar qurudulur və 80 % -i TMTD ilə dərmanlanır ( 1 ton toxuma 2 kq hesabı ilə). Kənaf toxumlarını səpin qatında 12-15 0C temperatur olduqda səpirlər.

Lent şəkili və gencərgəli səpin üsulları tətbiq edilir. Kənaf bitkisinin yaşıl gövdə əldə etmək məqsədi ilə becərilirsə lentşəkilli cərgəaraları 48-50 sm., lent arası 10-12 sm olmaqla hektara 35-40 kq toxum normasında səpilməlidir. İkiqat lentşəkilli səpində isə 70 x 20 sm sxemində səpilməsi məsləhət görülür. Yaxşı hazırlanmış alaqlardan təmiz sahələrdə üç qat, dörd qat lentşəkilli səpin aparılmaqla 45-50 kq/ha normasında səpin aparmaq olar.

Toxum almaq üçün kənaf bir cərgəli üsulla cərgəaraları 50-60 sm olmaqla hektara 10-14 kq normasında səpilir.

Əkinə qulluq. Əkinə qulluq işləri cücərtilər əmələ gələnə qədər torpaqdakı kök qalıqlarının təmizlənməsi, cərgəaralarının becərilməsi və dərindən yumşaldılması, seyrəltmə, toxumluq əkinlərdə sort təmizləmə, yemləmə gübrələrinin verilməsi, alaqlara, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinin aparılması və suvarmadan ibarətdir. Kənaf bitkisinə vegetasiyanın əvvəllərində bitkilərin yavaş böyüdükləri dövrdə xüsusi qulluq göstərilməlidir.

Tam cücərtilər alındıqdan sonra cərgəaralarında birinci becərmə işləri başlanır. Vegetasiya ərzində 3-4 dəfə kultivasiya və cərgəaralarının toxalanması məsləhət görülür. Cərgəaralarının becərilməsi suvarmadan sonra torpaq quruyan kimi aparılmalıdır.

Kənaf bitkisinin əsas zərərvericiləri gövdə kəpənəyi, pambıq sovkası, və fır nematodu hesab edilir. Kənafın ən geniş yayılmış xəstəliyi kök çürüməsi (rizoktonioz) hesab edilir. Kənaf bitkisinin bu xəstəliklə yoluxması hallarının növbəli əkində noxuddan, silosluq qarğıdalıdan və çəltikdən sonra yerləşdirildikdə aşağı düşdüyü müşahidə edilmişdir.

Kənaf becərilməsində suvarma əsas yerlərdən birini tutur. Qönçələməyə qədər adətən 2-3 dəfə, qönçələmədən çiçəkləməyə qədər isə 3-4 dəfə suvarma aparılmalıdır.

Birinci suvarma bitkilərin hündürlüyü 10-15 sm olduqda, ikinci isə torpağın nəmliyindən asılı olaraq bundan 15-20 gün sonra aparılır. Suvarma norması 700-1200 m3/ha götürülür. Yığımdan qabaq suvarmanın aparılması lifin gövdədən yaxşı aralanmasına kömək edir.

Yığım və kənafın ilkin işlənməsi. Lif almaq üçün becərilən kənaf bitkisinin yığımı texniki yetişkənlik dövründə, bitkilərin yarıdan çoxunun çiçəklədiyi vaxt aparılmalıdır. Qaba lifləri almaq üçün təzə kəsilmiş kənaf gövdələri LO-1 markalı lif ayıranla işlənir. Gövdələrin kəsilməsi ilə onun lifinin ayrılması arasındakı vaxt 30 dəqiqədən artıq olmamalıdır. Əks təqdirdə lif ayrılması aşağı düşür cırbitlə (daraqağzı) zibillənmə çoxalır. Alınmış lif nazik qatlarla yerə döşənir və qurudulur.

Qurutma müddəti hava şəraitindən və becərmə yerindən asılı olaraq fərqlənir. Adətən bu vaxt bir gün çəkir. Qurutmadan sonra liflər taylara vurulub və lifayırma zavodlarına göndərilir və yaxud saxlamaq üçün yerləşdirilir.

Yaşıl kənaf gövdələrinin yığılması ağır zəhmət tələb edən işdir. Lakin təkcə lifin ayrılması mexanikləşdirilmişdir.

Toxumluq kənaf bitkilərini bitkilərin yarıdan çoxunun aşağıdan bir-iki qozaları qonurlaşmağa başladıqda yığırlar. Yığım üçün JK-2,1 markalı maşınlardan və ya başqa maşınlardan istifadə edilir. Kəsilmiş gövdələr 3-4 gün ərzində tarlada qaldıqdan sonra dərz şəkildə bağlanaraq, bir necə dərz bir yerə yığılaraq qurumağa qoyulur. Qurudulmuş dərzlər MLK- 4,5 A markalı hərəkətli (yığılmış topalara yaxınlaşaraq) və yaxud stasionar dərz döyənlə xırdalanır. Toxumları təmizlənib yığılır gövdələr isə yenidən dərz şəklində bağlanıb lif ayırma zavodlarına verilir.



MÖVZU: 5 TÜTÜN BİTKİSİNİN XALQ TƏSƏRRÜFATI ƏHƏMİYYƏTİ VƏ BECƏRİLMƏSİ
Mühazirənin planı:


  • Tütünün xalq təsərrüfatı əhəmiyyəti

  • Tütünün tarixi, yayılması və məhsuldarlığı

  • Tütünün botaniki və bioloji xüsusiyyətləri

  • Tütünün növbəli əkində yeri

  • Tütün üçün torpağın becərilməsi

  • Tütünün gübrələmə sistemi

  • Tütün toxumun səpinə hazırlanması, səpin müddəti, üsulu və norması

  • Tütün əkinlərinə qulluq işləri

  • Tütün məhsulun yığılması


Ədəbiyyat


  1. Abbasov B. H. Tütünçülük, Bakı, 2003, 206 s.

  2. Cəfərov M. İ. və b. Kənd təsərrüfatı bitkilərinin becərilmə və yığılma texnologiyası., Bakı, 2000, 264 s.

  3. Hümbətov H. S., Xəlilov X. Q. Texniki bitkilər. Bakı: 2010, s. 280 -323.

  4. Qərib Məmmədov, Azər Cəfərov, Zemfira Mustafayeva. Əkinçilik və bitkiçiliyin əsasları (qısa kurs), Bakı, “Elm”, 2008, 324 s.

  5. Məmmədov Q. Y.,. İsmayılov M. M. Bitkiçilik, Bakı, “şərq-qərb” nəş., 2012, 356 s.

  6. Yusifov Ə. N. və baş. Bitkiçiliyin əsasları, Bakı, “Müəllim” nəşriyyatı, 2013, 302 s.

  7. Yusifov M. A. Bitkiçilik, Bakı, “Qanun” nəşriyyatı, 2011, 368 s.

  8. Вавилов П. П. «Растениеводства»., Москва, 1986, с. 476 - 483

  9. Посыпанов Г. С. и др. «Растениеводства», Москва, «Колос», 2006, ст. 526-533.

  10. Посыпанов Г. С. и др. «Растениеводства», Москва, «Колос», 1997, ст. 413 - 417

TÜTÜN BİTKİSİNİN XALQ TƏSƏRRÜFATI ƏHƏMİYYƏTİ VƏ BECƏRİLMƏSİ


Əhəmiyyəti.Tütün bitkisi yarpaq almaq üçün becərilir ki, əldə edilmiş xammaldan papiros, siqar və qəlyan tütünü kimi istifadə edilir.

Tütün yarpağında 1-3 % nikotin, 1 % efir yağı, 4-7 % qətran, 7-10 % zülal, 4-13 % sulu karbonlar və 13-15 % kül elementləri vardır.



Tarixi, yayılması və məhsuldarlığı.Tütünün vətəni Amerikadır. Avropaya gətirilməsi məşhur səyyah X. Kolumbun adı ilə bağlıdır. Avropaya 1518-ci ildə toxumları gətirilərək Lissabonda Kral bağında bəzək bitkisi kimi əkilmişdir. Tez bir zamanda Portuqaliya və İspaniyada geniş yayılmışdır. 1550-ci ildə Portuqaliyada fransız elçisi Jan-Niko öz sarayında tütün yetişdirməyə başladı və buradan Avropanın digər ölkələrinə yayıldı. 1560-cı ildə Jan-Niko tütünün yarpaqlarından rəngsiz maddə alaraq özünün şərəfinə nikotin adlandırıb.

1828- ci ildə Passelt və Reyman tütün yarpağından təmiz halda nikotin almışlar. Onun forması 1893-cü ildə Pinner tərəfindən təyin edilmişdir. 1924-cü ildə sovet alimi A. A. Şmuk tütünün kimyəvi tərkibini təyin etmiş və mətbuatda dərc etmişdir.

Rusiyada tütünçülüyün inkişafına 1883-cü ildən başlanmışdır.

Azərbaycanda tütün bitkisinin əkilib-becərilməsinə XIX əsrin 80-ci illərindən başlanıb. İlk dəfə Balakən rayonunun dağətəyi hissəsində becərilməyə başlanmışdır.

Hal-hazırda tütün dünyanın bir çox ölkələrində becərilir. Dünyanın 90-a yaxın ölkəsi sənaye əhəmiyyətli tütün istehsalı ilə məşğul olur. Yer kürəsində əkin sahəsi 4 mln. hektardan çoxdur. 7 milyon tondan çox məhsul istehsal olunur. Dünyada istehsal olunan tütün məhsulunun 60%-i Çin, ABŞ, Hindistan, Braziliyada, Yaponiya, Türkiyə, İtaliya, Yunanıstan, CAR və İndoneziyanın payına düşür. Məhsuldarlığı orta hesabla hektardan 15-20 sentnerə, qabaqcıl təsərrüfatlarda isə 30-35 sentnerə çatır.

Azərbaycanda istehsal olunan tütünün 75%-ə qədəri Şəki-Zaqatala bölgəsində becərilir.

Tütünün Azərbaycanda əkin sahəsi 2013 - cü ildə 1215 ha, istehsalı 3452 ton, məhsuldarlığı 28,4 s/ha olmuşdur.

Azərbaycanda 2010 - 2013 - cü illərdə tütün əkininin vəziyyəti



Əkin sahəsi,

ha-la


Məhsul istehsalı,

tonla


Məhsuldarlığı,

s/ha - la



2010

2011

2012

2013

2010

2011

2012

2013

2010

2011

2012

2013

1 400

1 400

1 500

1 215

3 200

3 600

4 300

3 452

24

24,9

27,9

28,4


Botaniki təsviri. Tütün (Nicotiana tabacum L.) badımcançiçəklilər Solanaceae fəsiləsindən olan birillik bitkidir.

Kök sistemi milşəkillidir. Torpağın 1-3 metr dərinliyinə işləyir. Əkin qatında qüvvəli şaxələnərək saçaqlı kök sistemi formasını alır.

Gövdəsi 1,2-3,0 m. hündürlüyündə olmaqla enkəsiyi dairəvi, yaxud qabırğalıdır. Gövdə yalnız yuxarı hissədə budaqlanır. Tez oduncaqlaşandır, sərt olduğu üçün yerə yatmır. Yarpaqları saplaqlı və oturaqdır. Ayasının uzunluğu 10 -50 sm, eni 8-30 sm-ə qədərdir. Gövdənin orta hissəsində yerləşən tipik yarpaqlar oval, dairəvi, oval-ürəkvarı və ellips formalıdır. Bir bitkidə 12-50-ə qədər yarpaq əmələ gəlir, lakin hamısı yetişmir.

Çiçəkləri gövdənin nəhayətində süpürgədə toplanır. Çiçək kasası badə formalı uzunsovdur. Çiçəyin tacı bir-birinə birləşmiş beş ləçəkdən ibarət olmaqla uzun borulu qıfa bənzəyir. Erkəkciyi beşdir. Dişiciyinin yumurtalığı ikiyuvalı, ağızcığı ikidilimlidir. Öz-özünü tozlayan bitkidir.

Meyvəsi oval formalı, sivri yaxud küt nəhayətli, ikiyuvalı və çox toxumlu qozadır. Toxumları xırda, tünd qəhvəyi rəngli, oval formalı, səthi torlu, mikropile hissəsi azacıq əyridir. Mütləq kütləsi 35-100 mq-dır.

Bioloji xüsusiyyətləri. Tütün istilik sevən bitkidir, onun toxumu 10-12 0C temperaturda cücərməyə başlayır. Əlverişli temperatur 25-30 0C-dir. 35 0C-dən yuxarı temperaturda tütünün inkişafı dayanır. Vegetasiya dövründə faydalı temperaturun cəmi 3200 0C- dir. Cavan bitkilər –2-3 0C-də məhv olurlar. Açıq sahələrdə şitil yetişdirmək üçün plyonka altında 40-50 gün vaxt lazımdır. Kök bağladığı dövrdə tütün bitkisi daha çox istilik tələb edir. Bu dövrdə istiliyin normadan aşağı olması şitillərin boy atmasına mənfi təsir edir və tez xəstələnməsinə səbəb olur. Payızın aşağı temperaturuna tütün yaxşı reaksiya göstərir.

Tütün üçün tarla rütubət tutumu 65-80 %-dir. Nəmliyə daha çox tələbat şitilləri sahəyə köçürdükdə və yarpaq əmələ gələrək inkişaf etdikdə başlayır və yarpaqların yetişməsi dövrünə qədər davam edir. Sahəyə yeni köçürülmüş şitillər nəmlik çatışmadıqda zəifləyir yaxud tamamilə məhv olurlar. Nəmlik çatışmadıqda bitkinin boy atması ləngiyir, yarpaqlar xırda və qalın olur, çiçəkləməsi gecikir, və məhsulun keyfiyyəti aşağı olur. Yarpaqların texniki yetişməsi dövründə və dərim başlandıqda su sərfi bir qədər çoxalır. Rütubət az olduqda yarpaqlarda ətirli maddələrin miqdarı çoxalır. Nəmlik lap az olduqda yarpaqda zülali maddələr artdığına görə onun ətirliliyi və çəkim keyfiyyəti aşağı düşür. Lazımi qədər nəmliyi olan torpağa əkilmiş bitki tez kök atıb möhkəmləndikdən sonra gələcəkdə baş verən quraqlıq ona o qədər də təsir göstərmir, əlverişli şərait yarandıqda öz inkişafını davam etdirir. Nəmlik artıq olduqda tütünün çəkimi boş olur və ətri azalır. Nəmlik torpaqda uzun müddət davam etdikdə bitkilər islanıb çürüyür, göbələk xəstəliklərinə tutulur və qidalanma rejimi pozulur. Transpirasiya əmsalı 500- 600 - dür.

Tütün işıqsevən bitkidir, işıq çatışmadıqda inkişaf gecikir və məhsulun keyfiyyəti pisləşir.

Tütün üçün qranulometrik tərkibi yüngül, humusun miqdarı o qədər də çox olmayan strukturlu torpaqlar yararlıdır.

Tütün yüngül, yumşaq və dənəvər strukturlu torpaqlarda güclü kök sistemi əmələ gətirir, bitkinin böyüməsinə, kifayət qədər su və qida maddələri ilə təmin olunmasına şərait yaranır. Çınqıllı torpaqlar, meşə yerindən və kol-kosdan təmizlənmiş torpaqların da tütün əkinləri üçün istifadəsi məsləhətdir.

Xlorlu, kalsium və natriumlu birləşmələr tütünün yanmasını zəiflədir. Tütünü ağır gillicəli və şoran torpaqlarda becərmək məsləhət görülmür.

Tütünün becərilməsi iki dövrdə: 1-ci şitillərin ləklərdə, istixanalarda yetişdirilməsi, 2-ci şitillərin tarlada (iyuldan) becərilməsi.

Şitillərin formalaşaraq 5- 6 yarpaq əmələ gətirməsi 45-50 gün çəkir. Tarlaya köçürülən şitillərin texniki yetişkənliyi 80-120 gün davam edir. Tarlaya köçürdükdən 10-15 gün sonra şitillərin kökləri güclənməyə başlayır.



Növbəli əkində yeri. Tütünün ən yaxşı sələfləri payızlıq taxıllar, qarğıdalı, birillik taxıl və paxlalı yem otları, şəkər çuğundurudur. Eyni xəstəlik və zərərvericiləri olduğuna görə tütünü bostan bitkiləri və günəbaxandan sonra növbələndirmək olmaz. Fasiləsiz olaraq tütün öz yerinə əkildikdə xəstəlik və zərərvericilərə daha sürətlə yoluxur, məhsuldarlıq azalır və keyfiyyəti pisləşir. Növbəli əkində tütün eyni tarlada 2-3 ildən çox becərilməməlidir.

Torpağın becərilməsi. Dənli-taxıl bitkiləri yığıldıqdan sonra dərhal və ya 2-3 gündən gec olmayaraq kövşənlik 8-10 sm dərinlikdə üzlənir və payızın əvvəlində 27 sm dərinlikdə dondurma şumu qaldırılır. Yazlıq bitkilər altından çıxmış sahələrdə sentyabrın 15-dək dondurma şumu edilməlidir.

Tütün plantasiyaları altından çıxmış sahələrdə noyabr ayının 25- dək şum edilməlidir. Yazda şumu malalamaq və 2-3 dəfə kultivasiya çəkmək məsləhətdir.

Qış müddətində yağan qar, yağmur sularının torpaqda saxlanması məqsədilə dondurma şumu edilmiş sahələr malalanmır. Çayır və ayrıq otu kimi alaqlarla zibillənmiş sahələrdə iyul ayının ortalarında dərin qara herik şumu edilir. Dondurma şumu aparılmış sahələrdə torpaqdakı nəmliyi saxlamaq məqsədilə əmələ gəlmiş qaysağı dağıtmaq üçün yazda imkan olan kimi malalanmalıdır. Sonra sahəni alaqlardan təmizləmək və yaz yağmurları nəticəsində torpaqda toplanmış nəmlik itkisinin qarşısını almaq üçün 8-10 sm dərinlikdə pərşum edib arxasınca malalamaq lazımdır. Tütün əkininə 5- 6 gün qalmış sahəni axırıncı dəfə 6 -7 sm dərinlikdə kultivasiya edib malalamaq lazımdır.

Gübrələmə. Tütün bitkisi bir ton yarpaqla torpaqdan 60 kq azot, 17 kq fosfor, 46 kq kalium və 67 kq kalsium elementi aparır. Buna görə də tütün mineral və üzvi gübrələrə həssasdır.

20 sentner məhsul əldə etmək üçün hektara 10-15 ton peyin, 50 kq azot, 80-120 kq fosfor və 70-100 kq kalium gübrəsi vermək lazımdır. Fosfor və kaliumun 70 %-ni şum altına, azotu, fosfor və kaliumun 25 %-ni yemləmə şəklində vermək məsləhət görülür. Bu gübrələrin vaxtında və düzgün verilməsi çiçəkləməni, yarpaqların yetişməsini tezləşdirir və bol məhsul alınmasını təmin edir. (N50 P80-120 K70-100)

Azot gübrəsi tütün bitkisinin məhsuldarlığını artırır, keyfiyyətini yaxşılaşdırır, azot çatışmadıqda bitkilərin boyatması dayanır, onlar gec çiçəkləyir, yarpaqları xırda və zəif, rəngi isə sarı olur. Yarpaqlar xırda olduğundan yığılmayaraq gövdələrin üzərində qalır. Azot gübrəsinin artıq verilməsi məhsulun keyfiyyətini xeyli aşağı salır, yarpaqlar kobudlaşır və tünd yaşıl rəng alır. Yarpaqlarda zülali maddələrin miqdarı artır, sulu karbonlar isə azalır. Azotun artıq olması yarpaqların texniki yetişməsini gecikdirir, xüsusən ilk dövrlərdə bitkinin inkişafına mənfi təsir göstərir.

Tütünün tərkibində 2-3% ümumi azot və 1,5-2% nikotin olduqda ondan hazırlanmış papirosun çəkim keyfiyyəti yaxşı olur.

Torpaqda kifayət qədər kalium olması tütünün normal yanmasına və onun keyfiyyətinin yaxşılaşmasına səbəb olur. Kalium qidası tütünün ümumi inkişafına müsbət təsir göstərir, yarpaqlarda sulu karbonların toplanmasına səbəb olur. Kalium çatışmadıqda yarpaqlar kobud olur, kənarı aşağıya doğru qıvrılır və üzərində qırmızıtəhər ləkələr əmələ gəlir.

Vegetasiyanın başlanğıcında birinci yemləmə şitilləmədən 10-12 gün sonra, ikinci yemləməni isə birincidən 10 gün sonra vermək məsləhətdir.



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə