Mühazirənin planı: Texniki bitkilərin əhəmiyyəti Texniki bitkilərin təsnifatı Texniki bitkilər fənninin metodu



Yüklə 0,99 Mb.
səhifə3/13
tarix10.11.2017
ölçüsü0,99 Mb.
#9222
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   13

Qıvrım kətan (L. brevimulicaulina) əsas etibarı ilə toxum almaq üçün əkilib-becərilir. Bu bitkinin gövdələrindən alınan lifin keyfiyyəti çox aşağı olur.

Qıvrım kətan alçaq boylu və yaxşı budaqlanandır. Gövdəsinin hündürlüyü 30-50 sm olub, çox budaqlanandır. Yarpaqları müalicəvi xüsusiyyətlərə malik olmaqla növbəli bəzən isə qarşı-qarşıya düzülmüşdür. Çiçəkləri beş üzvlüdür. Beş ədəd inkişaf etmiş erkəkcikdən başqa ləçəklərin qarşısında beş ədəd tam inkişaf etməmiş dişcik və sapları vardır. Yumurtalığı tamdır.

Gövdəsinin qurtaracağında 30-50-ə qədər içəriləri toxumla dolu olan beş yuvalı qutucuqlar - meyvələr yerləşir. Hər yuva 2 yarım yuvaya bölünməklə hər birində 1 ədəd toxum olur.

Bunun toxumları uzunlifli kətanınkına nisbətən iri və yağlı olur. Qıvrım kətana yağ verən kətan da deyilir. Bunu Hindistan, Argentina və bir çox cənub ölkələrində əkib becərirlər. Dünya əkinçiliyində yağ verən kətan uzunlifli kətana nisbətən daha çox əkilib-becərilir.



Bioloji xüsusiyyətləri. Uzun lifli kətan üçün yazın və yayın mülayim temperaturu, növbə ilə yağan yağışları və açıq havası əlverişlidir. Kətanın toxumu 3-5 0C temperaturda cücərməyə başlayır. Onun cücərtiləri mənfi 4 0C-yə qədər şaxtalara dözürlər. Toxumun fəal cücərməsi və çıxışların alınması, torpaqda toxumun basdırılma dərinliyində 7-9 0C temperatur olduqda qeydə alınır. Uzun lifli kətan üçün faydalı temperatur cəmi səpin-cücərti dövründə 60 0C, cücərti-çiçəkləmənin başlanğıcı 418-440 0C, çiçəkləmədən qutucuqların qonurlaşmasına qədər 410 0C-dir. Bitkinin inkişafı üçün optimal temperatur 15-18 0C-dir. İsti havalar gövdənin hündürlüyünü ləngidir. Bitkini xüsusən lazımi miqdarda nəmliklə təmin etmədikdə artıq o, 22 0C temperaturda boy artımına görə əziyyət çəkir.

Uzun lifli kətan nəmliyə çox tələbkardır. Onun suya tələbatı qönçələmə və çiçəkləmə dövründə xüsusən böyükdür. Torpaq nəmliyi TRT 70%-i həddində olduqda o daha yaxşı inkişaf edir. Uzun lifli kətanın nəmliyə tələbatı eyni zamanda onun inkişafının müxtəlif fazalarda müxtəlifdir. Toxumun şişməsi üçün öz kütləsindən 100%-ə qədər artıq nəmlik tələb olunur. Optimal torpaq nəmliyində (10 sm qatda 10-20 mm) cücərtilər bir bərabərdə alınır, çiçəkləmə fazasına qədər nəmliyə tələbat artır və məhsuldar nəmlik ehtiyatı 0-20 sm qatda 30 mm və daha artıq olduqda böyümə normal gedir. Kətan bitkisi torpaqda nəmlik artıq olduqda dözmür və qrunt sularının səviyyəsi səthə yaxın olan ərazilərdə pis nəticələnir. Eləcə də yetişmə zamanı yağıntıların artıq düşməsi arzuedilməzdir, belə ki, onun hesabına bitkilərin yatmasına və müxtəlif xəstəliklərin inkişaf etməsinə səbəb olur. Kətanın transpirasiya əmsalı 400-430-a bərabərdir.

Uzun lifli kətan uzun gün bitkisidir. Güclü günəş işığı gövdələrin şiddətli budaqlanmasına, uzun lif məhsuldarlığının aşağı düşməsinə və onun keyfiyyətinin pisləşməsinə səbəb olur.

K. A. Timiryazev qeyd etmişdir ki, münbit torpaqlarda kətan daha nazik və elastiki lif məhsulu verir. Onun üçün mədəniləşdirilmiş gilli və gillicəli torpaqlar daha yaxşı hesab olunur. Ən əlverişli torpaq məhlulunun reaksiyası pH=5,0-6,5-dir.

Uzun lifli kətanın kök kütləsinin 80%-i 0-20 sm torpaq qatda, 14-18%-i 21-60 sm-lik qatda, 3-6%-i isə 51-100 sm-lik qatda yerləşir. Ona görə də məhsulun 80%-dən çoxu 0-20 sm-lik qatdakı nəmlik və qida maddələrinin hesabına formalaşır. Kətan üçün humusun miqdarı 2%-dən az olmayan, 100 qram torpaqda asan hidroliz olunan azat 10 mq, fosfor və kalium 10-15 mq , həcmi kütləsi 1,3 q/sm3 olan torpaqlar daha əlverişlidir.

Qumlu və qumsal torpaqlar kətan üçün az yararlıdır. Ağır gillicəli və torflu turş torpaqlar da kətan üçün az yararlıdır.

Kətanın aşağıdakı xarakterik inkişaf fazaları vardır: cücərti, iynəyə bənzər yarpaqlar, qönçələmə, çiçəkləmə, yetişmə.

Cücərmə fazasında bitki iki ləpə yarpaqları və onların arasındakı kiçik tumurcuqdan ibarət olur. İynəyə bənzər yarpaqlar fazada bitkinin hündürlüyü 10 sm-ə çatır və 5-7 cüt həqiqi yarpaqlar əmələ gəlir. Bu iki faza gövdənin yavaş boyatması və kök sisteminin sürətli inkişafı ilə xarakterizə olunur. Sonra kətanda sürətlə boy atma (artım sutkada 5-7 sm) dövrü başlayır, qönçələmənin başlanğıcına qədər 12-20 gün davam edir, daha sonra bitkinin boyatması (sutkada 0,5-1 sm) əhəmiyyətli dərəcədə zəifləyir, ancaq vegetasiyanın sonunda demək olar ki, dayanır. Yetişmə zamanı kətanın gövdəsinin odunlaşması və qutucuqlarda toxumların formalaşması sürətlə gedir.

Yağlıq kətan uzun lifli kətana nisbətən xüsusən yetişmə dövründə istiliyə tələbkardır. Nəmliyə çox tələbat göstərən deyil. Yağlıq kətan üçün ən yaxşı torpaqlar alaq otlarından təmiz qara torpaqlar hesab olunur.

Növbəli əkində yeri. Uzun lifli kətan növbəli əkinlərdə sələflərə və bitkilərin düzgün növbələndirilməsinə tələbat göstərən bitkilərə aiddir. Kətanın daima eyni tarlada əkilməsi yaxud tez-tez öz tarlasına qaytarılması, torpaqda patogenlərin - fuzarioz, antraknoz və polisporiozun törədicilərinin toplanması üzündən, məhsul azalır yaxud da tamamilə məhv olur.

Çoxillik paxlalı otları (üçyarpaq) uzun lifli kətan üçün daima daha yaxşı sələf hesab etmək olmaz. D. N. Priyanişnikov kətanın məhsuldarlığına üçyarpağın müsbət təsirini qeyd etmişdir. Üçyarpaqdan sonra kətan becərməyə ona görə üstünlük verilərdi ki, gübrədən az istifadə olunsun. Yüksək münbit torpaqlarda çoxillik otlar digər sələflərdən bir qədər geri qalır. Ona görə də intensiv növbəli əkinlərdə kətanı yaxşı becərilmiş torpaqlarda payızlıq çovdar, yazlıq buğda, kökümeyvəlilər, kartof, noxud və digər bitkilərdən sonra yerləşdirmək daha məqsədə uyğundur. Bu sələflərdən sonra kətanın gövdəsi daha hamar, yatmaya qarşı davamlı, mexaniki yığıma daha yararlı olur.

Lakin kartof altına verilmiş üzvi gübrənin yüksək normasında çox vaxt azotun artıqlığı yaranır və kətan əkinlərinin yatmasına səbəb olur.

Qərbi Avropa ölkələrində (Hollandiya, Belçika və s.) çoxdan becərilən və yaxşı gübrələnmiş torpaqlarda kətanın ən yaxşı sələfləri buğda, arpa, kartof, şəkər çuğunduru və s. bitkilər hesab olunur. Üçyarpaqdan sonra becərilən kətan gec yetişir və lifin keyfiyyəti nisbətən aşağı olur.

Uzun lifli kətanın məhsulu vaxtında yığılarsa ondan sonra növbəli əkində yazlıq buğdanı, çuğunduru, kartofu və s. bitkiləri yerləşdirmək olar.

Gübrələmə sistemi. Uzun lifli kətanın qida maddələrinə tələbatı kifayət qədər yüksəkdir. Bir ton lif yaratmaq üçün o torpaqdan 80 kq azot, 40 kq fosfor və 70 kq kalium aparır ki, bu da 1 ton xam məhsulu yaratmaq üçün pambıq bitkisinin apardığından 1,5 dəfə çoxdur.

Əsas qida elementləri uzun lifli kətanın məhsuldarlığına və keyfiyyətinə müxtəlif dərəcədə təsir göstərir.

Azot elementi uzun lif məhsulunun artmasına səbəb olur. Lakin onun çatışmaması bitkinin vegetasiya müddətini uzadır, onların yatmasına və çox hissəsinin xəstəliklərlə zədələnməsinə səbəb olur, nəticədə məhsuldarlıq və lifin keyfiyyəti əhəmiyyətli dərəcədə aşağı düşür. Azotun çatışmaması xüsusən cinaqşəkilli fazada nəzərə çarpır.

Fosfor həyatının ilk dövrlərində kətan üçün çox vacibdir. Fosfor qidası kifayət qədər olduqda bitkinin yetişməsi sürətlənir, lif və toxum məhsulu yüksəlir.

Kalium gövdədə ibtidai (başlanğıc) liflərin miqdarını artırır, lif çıxımı və onun keyfiyyətini yüksəldir, bitkilərin yatması qorxusunu aşağı salır. Kalium elementi kətanın boy atmasının birinci üç həftəsində və qönçələmə fazasında xüsusən zəruridir.

Kətan mineral gübrələrdən qida elementlərini müxtəlif dərəcədə istifadə edir: asan hidroliz olunan azot təxminən 30-90% mənimsənilir, fosfor 10-25%, kalium isə 26-40%, torpaqdan isə müvafiq olaraq 20-30, 6-13 və 12-13%.

Çoxillik tədqiqatlarla müəyyən edilmişdir ki, daha yüksək və yaxşı keyfiyyətli məhsul əldə etmək üçün kətan altına tam mineral gübrə verilməlidir. Məhsul artımı 40%, toxum məhsulu isə 30% olmuşdur.

Əgər hektardan 30-40 sentner quru ot məhsulu əldə edilmiş üçyarpaqdan sonra kətan yerləşdirilərsə, kətan altına 15 kq azot verilməsi tövsiyə olunur, lakin məhsul 45-50 sentner olduqda kətan əkinlərinə azot gübrəsinin verilməsi məsləhət görülmür.

Kətan hektardan 25 sentner dən məhsulu götürülmüş yazlıq taxıllardan sonra yerləşdirilərsə 30 kq azot, yaxud hektara 1 sentner ammonium şorası; məhsuldarlıq hektardan 25-35 sentner olduqda 20-25 kq azot, yaxud 0,6-0,7 sentner ammonium şorası; hektardan 35 sentnerdən çox dən məhsulu götürüldükdə isə 15-17 kq azot, yaxud hektara 0,5 sentner ammonium şorası verilməsi tövsiyə olunur.

Kətan altına tam mineral gübrə N : P : K, azotla zəif təmin olunmuş torpaqlarda 1:2:3 nisbətində, azotla yüksək dərəcədə təmin olunmuş torpaqlarda isə 1:3:4 nisbətdə verilir.

Azot gübrəsi kətan altına yazda, fosfor və kalium isə payızda şum altına yaxud şumdan dərhal sonra verilir. Mütəhərrik fosfor və kaliumla az təmin olunmuş torpaqlarda, eləcə də ağır rabitəli torpaqlarda fosfor və kalium gübrələrini yaxşı olar ki, iki müddətdə: 50%-ni payızda şum qabağı, 50%-ni isə erkən yazda, torpağın səpinqabağı becərilməsindən əvvəl verilməsi daha yaxşıdır.

Mikroelementlərdən kətan xüsusən bor elementinə ehtiyac göstərir. Bor tərkibli gübrələrin yazda kultivasiya qabağı hektara 0,2-0,3 sentner verilməsi tövsiyə olunur.

Kətan altına mineral gübrələrdən əlavə hər 100 kq lif hesabı ilə hektara 100 kq odun külü verilməsi tövsiyə olunur.

Əkinlərin alaqlanması, alabəzəkliyin olmaması və bitkilərin yatmasının qarşısını almaq üçün kətan altına bilavasitə peyin verilmir.



Torpağın becərilməsi. Kök sisteminin zəif inkişaf etməsi və səpin dərinliyinin cüzi olması ilə əlaqədar olaraq kətan torpağın becərilməsinə tələbkardır. Çox hallarda torpağın becərilməsi sələflərdən asılıdır.

Kətan çoxillik alaqlardan sonra yerləşdirilərsə torpağın BDN-3, BDN-10 markalı ağır diskli malalarla iki istiqamətdə becərilməsinə başlanılır. Diskləmə payız şumunun qaldırılmasından 2-3 həftə əvvəl aparılır. Payız şumu 22-25 sm dərinliyində ön kotancıqlı kotanla aparılır.

Kətan əkinləri üçün dənli taxıl bitkilərinin məhsulu yığıldıqdan sonra onun ardınca torpağın üzlənməsi 5-6 sm dərinliyində LDQ-5A, LDQ-10A, LDQ-15A markalı diskli aqreqatlarla, yaxud PPL-5-25, PPL-10-25 markalı gavahınlı aqreqatlarla aparılır. Əgər torpaq sürünən ayrıqla zibillənibsə üzləmənin dərinliyi 10-12 sm-dən az olmamalıdır. Sürünən ayrığın toxumları və onun kökümsov gövdəsinin buğumaraları tez cücərir və növbəti şumlamada torpağın alt qatına düşərək məhv olurlar.

Kətan kartofdan sonra yerləşdirildikdə, yığımdan dərhal sonra şum aparılıbsa, adətən əlavə şumun aparılmasına ehtiyac tələb olunmur.

Gillicəli və gilli torpaqlarda erkən yazda torpağın becərilməsi 5-6 sm dərinliyində pəncəli kultivatorla, eyni zamanda orta yaxud ağır dişli malalarla birlikdə malalamanın aparılması məsləhət görülür. Bu torpaqlara kultivatorla mineral gübrə verən zaman gübrənin basdırılma dərinliyi 10-12 sm-dən az olmamalıdır.

Erkən yaz becərmələrindən bir həftə sonra səpinqabağı becərmədə kultivasiya ilə malalamanın eyni vaxtda aparılmasıdır. Bu halda alaqlar daha tam cücərtilər verir və kətanın səpinindən əvvəl torpaq becərən alətlərlə məhv edilir.

Torpağın səpinqabağı becərilməsində kətan əkinləri üçün kombinə edilmiş yumşaldıcı-hamarlayıcı aqreqatlardan istifadə geniş tətbiq edilir.

Səpinə yaxşı hazırlanmış torpaqlarda kətanın tarla cücərməsi 70-80% təşkil edir.



Toxumun səpinə hazırlanması və səpin. Səpin üçün hazırlanmış kətan toxumlarının təmizliyi 97%-dən və cücərmə qabiliyyəti 85%-dən aşağı olmamalıdır. Kətan toxumlarında alaq toxumlarının qarışığı 1 kq-da 180 ədəddən artıq olmamalıdır.

Fuzarioz, antraknoz, pas və digər xəstəliklərlə mübarizə məqsədi ilə kətan toxumları kimyəvi preparatlarla səpinqabağı yaxud qabaqcadan (5 ay əvvəl) yarımquru üsulla (100 kq toxuma 1 litr su) dərmanlanır. Bununla toxumun nəmliyi 0,5% artır. Toxumların rütubətləndirilərək dərmanlanması üçün fenturam, fenturam-molibdenatın nəmləndirici tozundan müxtəlif yapışqanlı əlavələrlə 100 kq toxuma 300 qram istifadə olunur.

Kətan toxumlarını dərmanlamamışdan öncə 4-5 gün ərzində isti havada beton meydançada qızdırmaq səmərəlidir. 5-6 sm qalınlığında sərilmiş toxum gündə bir neçə dəfə qarışdırılır.

Kətanın səpininə torpaq yetişdikdə və 10 sm-lik qatda temperatur 7-8 0C olduqda erkən və qısa müddətdə (4-5 günə) başlanılır. Erkən səpinlərdə məhsuldarlıq artır və lifin keyfiyyəti yaxşılaşır, eyni zamanda kətan bitkisinin göbələk xəstəlikləri və zərərvericilərlə zədələnməsi aşağı düşür.

Səpinlərin bir həftə gecikdirilməsi lif və toxum məhsulunu 10-20% aşağı sala bilər.

Aşağı temperaturda cücərmiş kətan yaz şaxtalarına yaxşı dözür. Lakin yaxşı hazırlanmamış, nəmli və soyuq torpaqlarda səpinlərin hədsiz erkən aparılması kətanın məhsulunu gecikmiş əkinlərdə olduğu qədər aşağı salır.



Səpin üsulu və norması. Kətan üçün ən yaxşı səpin cərgəarası 7,5 sm olan darcərgəli üsuldur.

Hektara optimal səpin norması 25-30 mln. ədəd cücərmə qabiliyyətli toxum hesab olunur. Səpin norması bölgədən, sortdan və səpinin təyinatından asılı olaraq müəyyən edilir.

Nəmişlik çox düşən illərdə yüksək səpin normasında bitkilər yata bilər, bu da ki, ilkin becərməni və məhsul yığımını çətinləşdirir. Eləcə də kasıb torpaqlarda sıx əkinlər təhlükəlidir, burada kətan alçaqboylu olur. Lakin güclü alaqlanmış, eləcə də ağır torpaqlarda, məhsul yığımı dövrünə az miqdarda bitki qaldığından, toxumun səpin normasını 10-15% artırmaq lazımdır.

Toxumun ən yaxşı basdırılma dərinliyi ağır torpaqlarda 1,5-2 sm, yüngül torpaqlarda isə 2-2,5 sm-dir. Nisbətən toxumun dərin səpilməsi cücərtilərin sıxlığını nəzərə çarpacaq dərəcədə aşağı salır və kətanın məhsulunu azaldır.



Qulluq işləri. Kətanın əmtəəlik səpinləri üçün bir sıra aqrotexniki tədbirlər nəzərdə tutulur: vərdənələmə, malalama, alaqlar və zərərvericilərlə mübarizə, bütün bunlar konkret şərait nəzərə alınmaqla həyata keçirilir.

Aqrotexniki tədbirlərlə yanaşı əkinlərə qulluq işlərindən mühümləri alaq otlarına, kətanın xəstəlik və zərərvericilərinə qarşı kimyəvi vasitələrin tətbiqidir. Ayrı-ayrı illərdə onların uzun lifli kətana vurduğu zərər 30%-ə çatır.

Əkinlər ikievli birillik alaqlarla zibilləndikdə hektara 0,6-1,2 kq 80%-li 2M-4X herbisidi çilənir. Su sərfi 200-300 litrdir.

Yaxşı olar ki, kətan əkinlərinə herbisid çilənməsi bitkinin boyu 5 sm-dən 8 sm-ə qədər olduqda həyata keçirilsin. Bu dövrdə yarpaqlar gövdələrdə iti bucaq altında yerləşir və mum təbəqəsi ilə örtülü olur, herbisidin onlara təsiri daha gec çiləmə aparılmasına nisbətən nəzərə çarpacaq dərəcədə aşağı düşür. Aydın və quru hava şəraitində 15-17 0C temperaturda əkinlərin çilənməsi daha səmərəlidir. Sərin havada (12 0C) herbisid məhlulunun alaqların bədəninə daxil olması ləngiyir, ancaq, quru və isti havada güclənir, lakin bu zaman da kətanın soluxmasına səbəb olur.

Əkinlərin hər hektarına 0,75 kq 2M-4X və 9 kq ammonium nitrat yaxud 13 kq ammonium karbonat qarışığının çilənməsi kətanın yaxşı boy atmasına və onun alaqlardan daha tam təmizlənməsinə səbəb olur. Herbisidin tək çilənməsinə nisbətən azotlu gübrələrlə qarışıq çilənməsi kətanın toxum məhsulunu 12-13%, lif çıxımını isə 12-27% artırır. Həmin qarışığa hektara 0,25 kq bor, 0,1 kq sink və molibden mikrogübrələrinin əlavə edilməsi məhsuldarlığa nəzərə çarpacaq dərəcədə təsir göstərir. Bu halda lif çıxımı hektardan 1,5-2,0 sentner və toxum məhsulu isə 1,3-1,5 sentner artır ki, bu da bitkidə fotosintez prosesinin güclənməsi ilə əlaqədardır. Beləliklə kətanın bakterioz, fuzarioz, pas və digər xəstəliklərlə yoluxması nəzərə çarpacaq dərəcədə aşağı enir.

Kətan əkən təsərrüfatlarda daha çox yayılmış ən qəddar alaq - sürünən ayrıqla mübarizə aparılmasına böyük əhəmiyyət verilir. Bu alaqla güclü sirayətlənmiş sahələrdə kətan lifinin məhsulu 20-25% aşağı düşür. Bu alağı məhv etmək üçün natrium üçxlorasetat tətbiq olunur. Preparat dənli taxıl bitkilərinin və çoxillik otlar layının üzlənməsindən sonra verilir. Qumsal torpaqlarda hektara təsir edici maddə hesabı ilə 20 kq, gillicəli torpaqlarda isə 30 kq natrium üçxlorasetat verilir.

Kətan əkinlərində böyük əhəmiyyət kəsb edən qulluq işlərindən biri də bitkilərin zərərvericilərdən, xüsusən hər yerdə yayılmış kətan birəsindən mühafizəsidir. Birəyə qarşı cücərtilərin alınmasına 1-2 gün qalmış kətan əkinləri aqreqatın 3-4 gedişi enində hektara 0,8 kq fosfamid preparatı (Bi-58 insektisidi) ilə işlənilir. Bu məqsəd üçün hektara 0,8 kq 80%-li xlorofos da tətbiq edilir.

Kətan birəsinin miqdarı quru və isti havada 1 m2-də 10-dan artıq və nəmişli havada 1 m2-də 20-dan artıq fərd olarsa çiləmə ştanqlı ciləyicilərlə aparılır. Məhlul sərfi hektara 200-300 litrdir.

Mənənələrlə mübarizə məqsədi ilə hektara 15-25 kq 12%-li QXQÜ dustu ilə cinaqşəkilli fazadan sonra tozlandırılır.

Məhsul yığımı. Uzun lifli kətanın dörd yetişmə fazası fərqləndirilir: yaşıl, erkən sarı, sarı və tam. Yaşıl yetişmə çiçəklərin tökülməsinin arxasınca başlayır. Bu fazada gövdə və qutucuqlar hələ yaşıl olurlar. Yalnız aşağı yarpaqları saralır və quruyur. Toxumu əzərkən süd rəngli duru maye ayrılır. Kətanı bu fazada yığdıqda liflər nazikləşir, ancaq zəif olur.

Erkən sarı yetişkənlik fazasında gövdənin aşağı yarısının yarpaqları tökülür, qalanları isə uc yarpaqlar istisna olmaqla, saralırlar. Qutucuqdakı toxumlar yaşılımtıl-sarı rəng alır. Kətan bu fazada yığıldıqda lif ən yaxşı keyfiyyətə malik olur.

Sarı yetişkənlik fazasında bütün yarpaqlar saralır, yalnız onlar gövdənin təpə hissəsində qalırlar, qutucuqlar qonurlaşmağa başlayır, toxumlar açıq-qəhvəyi rəng alır, lifin keyfiyyəti bir qədər pisləşir.

Tam yetişmə fazasında bütün yarpaqlar tökülür, gövdə və qutucuqlar qonur rəng alırlar, aşağı keyfiyyətli lif alınır.

Uzun lifli kətanın kombaynla yığımına başlanılmasına erkən sarı yetişkənlik fazasından 2-3 gün əvvəl başlanılması tövsiyə olunur. Bu dövrdə yığılan kətan daha çox yüksək keyfiyyətli uzun liflər verir. Toxum bu vaxtı tam formalaşmış olur və yetişdikdən sonra səpin üçün yararlı olur.

Toxumçuluq təsərrüfatlarında uzun lifli kətanın seleksiya sortları sarı yetişkənlik fazasında, yağlıq kətan isə tam yetişkənlik fazasında yığılır.

Uzun lifli kətanın texniki yetişkənliyi təxminən 8-10 gün, lakin isti hava şəraitində bir qədər qısa ola bilər. Ona görə də tələb olunan müddəti gecikdirdikdə çoxlu miqdarda məhsul itkisinə gətirib çıxarır.

Kətan yığımı daha çox mürəkkəb və zəhmət tələb edən bir işdir və kətançılıqda bütün xərclərin 70-80%-i onun üzərinə düşür. Ona görə də kətan məhsulunun yığım texnologiyasında səmərəli üsulların tətbiq edilməsi böyük istehsalat və iqtisadi əhəmiyyət kəsb edir.

Kətan yığımında proqressiv və səmərəli üsul uzun illər yaxşı işlənılmış və geniş sürətdə yoxlanılmış kombayn üsuludur.

Kombaynla yığım zamanı alınan qalaqda (koma) 52-84% qutucuq, 2-7% toxum, 12-16% digər qarışıqlar olur. Adətən qalaqda nəmlik yüksək, 60-65%, o cümlədən toxum qutucuqlarında 40-50% olur. Ona görə də kətan qalağı dərhal quruducu şaxtalarda qurudulur, sonra isə toxum ayrılır və təmizlənir. Kətan qalağının qurudulması və emalı məhsulun saxlanması və keyfiyyətindən asılıdır. Nəm kətan qalağını 2-3 saat müddətində saxladıqda qızışma getdiyindən, mikrob yoluxması və toxumların xarab olması artır. Toxumun nəmliyi 10 ±2% qalana qədər qalağın qurudulması davam edir. Qalağın (tığ) qurudulması qurtaran kimi 2-5 saat müddətinə qalın qatlarda nəmliyin tarazlaşdırılması üçün soyuq hava üfürülür. Qalaq MB-2,5A taxıldöyəndə daima keyfiyyətə nəzarət etməklə xırdalanır.

Uzun lifli kətanın ilkin emalı realizə olunan məhsulun növünə görə böyük müxtəlifliyə malikdir. İsladılmış kətan gövdəsi, onun təmizlənməsi və qurudulmasından ibarətdir. Müasir dövrdə kətan gövdəsini təsərrüfatlarda döşəmə üçün hazırlanmış yerlərdə sərirlər. Kətan küləşi, (sərilən kətan küləşi), şehləndirmək və su buxarında işləməklə isladılır.

Əsasən ən yaxşı tədqiq olunmuş üsul, kətan gövdəsinin nazik təbəqədə sərilərək şeh damcı ilə nəmləndirilməsidir. Gövdənin nəmliyinə müvəffəq olmaq üçün yağıntılar və şehin düşməsi zəruridir. Bu zaman mikroorqanizmlərin həyat və fəaliyyəti nəticəsində pektin maddələri parçalanır. Sərmə üsulu ilə hazırlanan isladılmış gövdənin alınması üçün iştirak edən əsas mikroorqanizmlər, ibtidai göbələklər və bakteriyalardır, onlardan əsas Cladsporium herbarum Zink, Alternarica tenuis Nees və s., eləcə də anaerob bakteriyalar və maya göbələkləri – Bac. subtilus, Bac. megaterium, Bac. mycoides və s-dir. Mikroorqanizmlərin mənbəyi torpaq hesab olnur. Şeh ilə islatmanın əsas faktorları istilik, nəmlik, işıq və havadır. Gövdələr ultrabənövşəyi şüaların təsirindən parıltılı ağ rəngə çevrilir. Kətan küləşinin qalıb yetişməsinə relyefin düz olması, daimi hava mübadiləsi müsbət təsir göstərir.

Pektini parçalayan mikroorqanizmlərin həyat fəaliyyətinin optimal şərait üçün gün ərzində küləşin nəmliyi 40-60%, kətanın sərilmə hündürlüyü 8-10 sm., temperatur 14-20 0C arasında tərəddüd etməlidir.

Küləşin və isladılmış kətan gövdəsinin zibillənməsi 10%-i, nəmliyi isə 25%-i keçməməlidir.

Quru kətan gövdəsi yaxud küləşi 1 m3-də quru gövdənin orta sıxlığı 65 kq yaxud küləşinki 80 kq olmaqla örtülü binaya yerləşdirilir. Örtülü binalarda dərzləri nizamla aşağı qalın hissəsini bayıra çıxarmaq və ensiz hissəsini aşağı əyilməklə, hər bir cərgə özündən əvvəlkinə perpendikulyar yerləşdirilir. İsladılmış kətan gövdəsinin və küləşini tayalara vurulmuş halda saxlamaq olar.

İsladılmış kətan gövdəsinin uzun liflərinin istehsalı kətan zavodlarında texnoloji xətlərdə həyata keçirilir. Kətanın ilkin emalının nisbətən yeni istiqaməti lif tellərinin kətan küləşindən istehsal edilməsidir.

Yağlıq kətanın aqrotexniki xüsusiyyətləri. Səpinlər darcərgəli olmaqla, səpin norması bir hektara 12-15 min ədəd cücərmə qabiliyyətli toxum götürülür. Səpindən 3-4 gün sonra cücərtilər alınana qədər yüngül malalarla malalama aparılır, rotasiya toxaları ilə torpaq qaysağı dağıdılır, cinaqşəkilli fazada herbisid tətbiq olunur, zərərvericilər kütləvi göründükdə əkinlərə kimyəvi preparatlar çilənir. Qutucuqların 60-70%-i yetişdikdə yağlıq kətan ikimərhələli üsulla (hissə-hissə) yığılır. Biçilmiş kütlə taxıldöyən kombaynla, yaxud tam yetişkənlik fazasında birbaşa kombaynla yığılır. Yığım zamanı gövdə torpaq səthindən 12 sm yüksəkdən biçilir. Sərilmiş kütlə 6-7 gündən sonra toplanır.

Ən böyük iqtisadi səmərəyə arası kəsilmədən yığım üsuluna nail olmaqdır. Təcili olaraq kətan qalağı təmizlənir. Toxum qurudularaq nəmliyi 12%-ə çatdırılır və saxlama anbarlarına yığılır.




MÖVZU: 4. KƏNAF BİTKİSİNİN ƏHƏMİYYƏTİ VƏ BECƏRİLMƏSİ
Mühazirənin planı:

  1. Xalq təsərrüfatı əhəmiyyəti.

  2. Tarixi, yayılması və məhsuldarlığı.

  3. Botaniki təsviri və bioloji xüsusiyyətləri.

  4. Becərilmə texnologiyası (gübrələnməsi, torpağın becərilməsi, səpin)

  5. Əkinə qulluq.

  6. Yığım və kənafın ilkin işlənməsi.


Ədəbiyyat


  1. Cəfərov M. İ., Quliyev R. M., Səfərov N.Ə. Kənd təsərrüfatı bitkilərinin becərilmə və yığılma texnologiyası. Bakı, «Maarif» 2000, 364 s.

  2. Hümbətov H. S., Xəlilov X. Q. Texniki bitkilər. Bakı: “Aytac”, 2010, 415 s.

  3. Məmmədov Q. Y., İsmayılov M. M.. Bitkiçilik, Bakı, 2012, 356 s.

  4. Ахмедова Ф. Уменьшение концентрации вредных выделений при хранении луба кенафа. Сборник научных трудов 1 ИТЛП. Ташкент, 1987.

  5. Вавилов П. П. «Растениеводства»., Москва, 1986, 512 с.

  6. Капралова Н.П., Переверзев Г. А. Биологические особенности кенафа в условиях Узбекистана. Ташкент: Фан, 1973,105 с.

  7. Посыпанов Г. С. и др. «Растениеводства», Москва, «Колос», 2006, ст. 498-506

  8. Технические культуры / Под р. Я. В. Губанова / М.:, Агропромиздат, 1986, 287 с.

  9. Умаров А.Р. Содержание и качество первичного и вторичного волокна в стеблях кенафа в зависимости от условий произрастания. Хлопковая промышленность, 1981, № 1, 17 с.

KƏNAF BİTKİSİNİN ƏHƏMİYYƏTİ VƏ BECƏRİLMƏSİ


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə