____________Milli Kitabxana____________
163
vaxt qırılmayıb, məni ağır imtahanlardan, əzab-əziyyətlərdən və hətta təqiblərə
məruz qaldığım ağır dövrdən də çıxarmışdır.
Mən yenidən siyasi fəaliyyətə başlamaq fikrində olmamışam, sadəcə olaraq,
Moskvada və Bakıda yaşamağım üçün şərait olmadığına görə, doğulduğum
Naxçıvan şəhərinə sığındım, orada bir müddət yaşadım. Heç bir başqa iddiam
olmadı. Orada yaşadığım dövrdən çox razıyam. Həyat şəraitim çətin olsa da,
ictimai mənəvi mühit məndən ötrü çox yaxşı idi. Çünki sadə insanların arasında
yaşayırdım, sadə, çox kasıb həyat sürən adamlarla bir yerdə idim. Əgər belə
şəraitdə yaşadığım gənclik dövrünü nəzərə almasam, bəlkə də bu, həyatımın
mənəvi baxımdan ən zəngin dövrü olmuşdur. Ona görə də heç vaxt yenidən
Azərbaycanda dövlət vəzifəsi tutmaq fikrində və arzusunda olmamışam.
Ancaq tale belə gətirdi ki, özümdən asılı olmayaraq yenidən Bakıya gəlməli
oldum. Xalqın mənə ehtiyacı olduğunu duyarkən bu fikirdən boyun qaçırmadım.
Mən nə vəzifə tutmaq üçün, nə də Azərbaycanın dövlət başçısı olmaq üçün
mübarizə aparmamışam, indi də aparmıram. Ancaq doğrudan da, əgər indi
Azərbaycan xalqının, respublikanın mənə ehtiyacı varsa, özümü kənara çəkə
bilmərəm. Baxmayaraq ki, indi respublika dağılmış vəziyyətdədir. Təsəvvür edin
ki, dənizdə qasırğanın dağıtdığı gəmini dalğalar sahilə atmışdır. Həmin gəmini
yenidən tikmək, elə vəziyyətə salmaq lazımdır ki, bir daha dənizə çıxa bilsin.
Bəlkə də mən səhv edirəm, lakin Azərbaycan indi təxminən belə vəziyyətdədir.
Belə bir vəziyyətdə gəlib bütün məsuliyyəti öz üzərimə götürmək, şübhəsiz ki,
şəxsi nöqteyi-nəzərdən yanaşılsa, lazımlı şey deyildi.
Amma məsələyə bütünlükdə xalqın, respublikanın mənafeyi baxımından
yanaşaraq Ali Sovetin sədri vəzifəsini aparmağa etiraz etməmişəm. Indi də
prezidentliyə namizəd göstərilməyimə etiraz etmədim. Ancaq bu vəzifə üçün
mübarizə aparmıram. Mənə dedilər ki, qaydaya görə, prezidentliyə namizədliyi
göstərilən adamın vəkilləri olmalıdır. Dedim ki, mənə lazım deyil. Elə hesab
edirəm ki, əgər xalqa lazımamsa, mənim vəkilim bütünlükdə xalqdır. Yox, əgər
lazım deyiləmsə, nə ehtiyac var ki, 15-20 nəfər məni təbliğ etsin, desinlər ki,
Heydər Əliyev yaxşı adamdır, bunu edəcək, onu edəcəkdir. Bu, mənə lazım
deyildir.
Mən sizə səmimi deyirəm. İndi heç kimə heç bir vəd vermək istəmirəm. Ali
Sovetin sədri seçiləndə də məndən soruşdular ki, nə vəd edirəm? Cavab verdim
ki, mən peyğəmbər deyiləm. Azərbaycanın bu vəziyyətdən necə çıxacağını deyə
bilmərəm. Ancaq əgər mən bu vəzifəni öz üzərimə götürürəmsə, deməli,
Azərbaycanı bu vəziyyətdən çıxarmağın yollarını (əlbəttə, xalqla, onun ağıllı,
düşünən adamları ilə birlikdə) arayıb-axtarmağı bacararam. İndi də təkrar edirəm
ki, mən heç bir vəd vermirəm. Yalnız bir şeyi vəd edə bilərəm: Azərbaycan
xalqına, millətimə, torpağıma sadiq olmuşam və ömrüm boyu da sadiq olacəğam.
Həyatımın son dəqiqəsinədək xalqıma xidmət edəcəyəm və ömrümün bundan
sonrakı illərini də xalqıma bəxş edirəm. Bu sözlərlə də çıxışımı bitirirəm. Sağ
olun.
____________Milli Kitabxana____________
164
RESPUBLİKA ALİ SOVETİNDƏ
GƏNCLƏRİN NÜMAYƏNDƏLƏRİ İLƏ
GÖRÜŞDƏ ÇIXIŞ
22 sentyabr 1993-cü il
Əziz dostlar, əziz gənclər, mən sizə müraciət edirəm, bütün
Azərbaycan gənclərinə müraciət edirəm. Azərbaycan torpaqlarını müdafiə
edən, qoruyan gənc əsgərlərə müraciət edirəm. Azərbaycanın doğma
övladlarına müraciət edirəm. Sizin hamınızı və sizin simanızda bütün
Azərbaycan gənclərini səmim-qəlbdən salamlayıram və bu əlamətdar
görüşümüzə görə sizə öz minnətdarlığımı bildirirəm.
Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu
günüdür, həm də sabahıdır, ümididir. Siz, Azərbaycan xalqının gənc nəsli, bu
gün də müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında böyük
rol oynayırsınız. Eyni zamanda, müstəqillik yoluna düşmüş Azərbaycan
dövlətinin gələcəyinin, xalqımızın daha firavan yaşamasının təməlini
qoymaqda iştirak edirsiniz. Buna görə də sizə ümid bəsləyirik. Həm də
üzərinizə böyük məsuliyyət düşdüyünü sizə bildirmək istəyirəm.
İndi Azərbaycan Respublikası müstəqil dövlət kimi öz dövlətçiliyinin
bütün sahələrində çox iş görməlidir. Dünya miqyasında bir müstəqil dövlət
kimi yaşamaq, beynəlxalq aləmdə layiqli yer tutmaq üçün Azərbaycan xalqı
həm bugünkü potensialından səmərəli istifadə etməli, həm də öz gələcəyi
haqqında düşünməlidir. Əgər indi dövlət müstəqilliyimiz, milli azadlığımız
körpə uşağın ilk aldımlarına bənzəyirsə, bir neçə ildən sonra dövlətimiz,
ölkəmiz, xalqımız güclü, iradəli addımlarla irəliləməli, böyük inamla hərəkət
etməlidir. Bu isə həm bizdən, həm də ən çox sizdən - Azərbaycanın
gənclərindən asılıdır. Ona görə də indi biz müstəqil Azərbaycanın dövlət
orqanlarını formalaşdıraraq, müstəqillik prinsiplərini həyata keçirərək həm
tarixi ənənələrimizdən istifadə edir, həm dünya təcrübəsindən bəhrələnir,
həm də gənclərimizə çox istinad edirik, güvənirik. Gənclərimizin həm güclü
enerjisinə, həm gələcəyə olan böyük ümidlərinə, həm də müstəqilliyin bu
günümüz, gələcəyimiz üçün dəyərli olduğunu anlamasına istinad edirik. Ona
görə də mən bugünkü görüşə çox böyük əhəmiyyət verirəm.
Bu salonda gənclərin nümayəndələri toplaşıblar. Güman edirəm ki,
dediyim sözlər tək sizə yox, bütün Azərbaycan gənclərinə çatacaq və öz əks-
sədasını verəcək, Azərbaycanın gəncləri ilə dövlət orqanları, bu orqanların
başçıları və yaşlı nəsil birləşib respublikamızı indiki ağır böhran
vəziyyətindən çıxaracaqlar.