Qədim Yunan Fəlsəfəsi Antologiyası



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/49
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#11868
1   ...   21   22   23   24   25   26   27   28   ...   49

- Düzəlişini qəbul edirəm  və güman edirəm ki, məsələ elə sən deyən kimidir. Ancaq mənə bax bunu de: 
müəyyən bir müstəqil oxşarlıq ideyasının və digər buna əks olan - qeyri-oxşarlıq ideyasının mövcud 
olduğunu qəbul etmirsənmi? (9) Bu iki ideyaya həm mənim, həm sənin, həm çox adlandırdığımız 
başqalarının qoşulduğumuzu [qəbul etmirsənmi]?  Həm də əgər bütün şeylər hər iki əks [ideyalara] qoşularsa 
və hər ikisinə aidiyyatı olduqlarından öz aralarında oxşar  və qeyri-oxşar olurlarsa, burada qəribə nə var ki? 
Bir kəs mənə göstərsəydi ki, müstəqil oxşar - qeyri-oxşar, yaxud  qeyri-oxşar - oxşar olur,  düşünürəm, 
qəribə olardı; lakin mənə göstərilirsə ki, ona və digərinə  aidiyyatı olan,  hər ikisinin əlamətlərini özündə 
cəmləşdirir, eləcə də bir kəs müəyyən etsəydi ki, vahidə aidiyyatı olduğundan hər şey vahiddir və elə o digər 
tərəfdən çoxluğa aidiyyatı olduğundan çox olandır, Zenon, bu mənə əsla mənasız görünmür. Qoy bircə bir 
kəs sübut eləsin ki, müstəqil götürülmüş vahid -çoxdur, [çox olandır] və digər tərəfdən çox - vahiddir, bax 
onda mən heyrətimi bildirərəm. Bütün başqa şeylərə münasibətdə də məsələ belədir: əgər göstərilsəydi ki, 
qəbil və növlər özləri özlərində bu əks halları keçirirlər, onda bu heyrətamiz olardı. Ancaq bir kəs sübut 
edəcəksə ki, mən vahidəm və çoxam, və çoxluğu   göstərmək istəyilə deyəcək ki, məndə sağ və sol, ön və 
arxa, həmçinin yuxarı və aşağı hissələr müxtəlifdir, - axı mənə elə gəlir, çoxluğa mənim aidiyyatım var, - 
vahid olduğumu göstərmək istəyilə isə, deyəcək ki, vahidə aidiyyatım olmaqla bir insan kimi mən, biz yeddi 
[nəfərin] arasında təkəm, - burada təəccüblü nə var ki: bu surətlə onun və digərinin həqiqi olduğu aşkarlanır. 
Beləliklə, əgər bir kəs, daş, şalban və s. kimi əşyalarda vahidin və çoxun eyniliyini göstərməyə girişərsə, 
onda biz deyərik ki, o bizim üçün vahidin və çoxun  misallarını gətirir, ancaq, nə vahidin çoxluğunu, nə 
çoxun vahid olduğunu sübut etmir, onun sözlərində də təəccüblü bir şey yoxdur, yalnız bizim hamımızın  
onunla razılaşa bildiyimiz hər şey vardır. Əgər bir kəs elə indicə dediyimi edərsə, yəni əvvəlcə oxşarlıq və 
qeyri-oxşarlıq, çoxluq və vahidlik, sükunət və hərəkət və buna bənzər öz-özünə ideyaların müstəqilliyini və 
xüsusiliyini müəyyənləşdirərsə, daha sonra isə sübut edirsə ki, onlar öz aralarında qarışıq salına və 
əlaqələrini  kəsə bilərlər, bax onda, Zenon, mən heyran olardım.  Sənin mühakimələrini mən cəsarətlə işlənib 
hazırlanmış hesab edirəm, lakin artıq dediyim kimi, bir kəs göstərə bilsəydi ki, həmin çətinlik hər hansı 
üsulla ideyaların özünə nüfuz edir və siz onu zahiri şeylərdə öyrəndiyiniz kimi, eynilə beləcə onu mühakimə 
vasitəsilə  idrakı şeylərdə  də aşkar etsəydiniz, bax onda mən daha artıq heyran olardım. 
 
Bu nitq zamanı Pifador düşündü ki,  Parmenid və Zenon Sokratın hər bir mülahizəsindən pərt olacaqlar, lakin 
onlar onu diqqətlə dinləyirdilər və tez-tez gülümsəyərək bir-birinə baxmaqla özlərinin valeh olduqlarını 
bildirirdilər; elə ki,  Sokrat [nitqini] qurtardı, Parmenid  dedi: 
- Sokrat, sənin mühakimələrdə  coşğunluğun lap valeh edir! Lakin mənə cavab ver: sən özün necə, etdiyin 
fərqləndirməyə tərəfdarsanmı, yəni qəbul edirsənmi ki, bir tərəfdən bir növ müstəqil ideyalar, digər tərəfdən 
də onlara aidiyyatı olan şeylər ayrılıqda mövcuddurlar? Məsələn,  müstəqil oxşarlığı, bizlərə xas olan 
oxşarlıqdan bir şeylə ayrı olduğunu təsəvvür edə bilərsənmi və bu həmçinin vahidə, çoxa və indicə Zenondan 
eşitdiyin bütün şeylərə aiddirmi? 
Sokrat cavab verdi, - bəli. 
 
Parmenid davam etdi, - belə ideyaları da, məsələn, öz-özünə ədalətli, gözəl, mehriban və bütün bunlara 
bənzər ideyaları da [ayrı təsəvvür edə bilərsənmi]?  
O, cavab verdi, - bəli. 
 
- Necə, axı insan ideyası da bizdən və bütün bizim kimi olanlardan ayrı mövcuddur - müstəqil insan ideyası, 
həmçinin od, su ideyaları? 
Sokrat buna [belə] cavab verdi: 
- Parmenid, bu kimi şeylər xüsusunda mən çox vaxt çaşıb qalıram, onlar haqqında da yuxarıda adları çəkilən 
şeylər haqqında olduğu kimi söyləmək lazımdır, yaxud başqa cür. 
 
- Sokrat, bəs hətta gülünc görünə bilən belə şeylər, məsələn, tük, palçıq, zibil və hər hansı başqa bir zir-zibil 
xüsusunda necə, onlardan hər biri üçün əllərimizlə toxunduğumuz şeylərdən fərqli, ayrıca mövcud olan ideya 
qəbul etməyin lazım olub-olmamasında da sən çaşıb qalırsan? 
Sokrat cavab verdi, - qətiyyən yox, zənn edirəm ki, belə şeylər yalnız biz onları gördüyümüz kimidir. Onlar 
üçün müəyyən bir ideyanın mövcud olduğunu güman etmək çox qəribə olardı. Düzdür, məni bəzən belə bir 
fikir narahat edirdi ki, görəsən bütün şeylər üçün bu qəbildən olan bir şey yoxdurmu, lakin hər dəfə mən 
buna yanaşanda, nəhayətsiz boşboğazlıq girdabında  boğulmaqdan qorxaraq  tələsik geriyə üz tuturam. 
Budur bax, bu yerə çatan kimi mən yenidən, haqqında onların ideyalara malik olduğunu dediyimiz şeylərə 
qayıdıram və onların əsaslı surətdə öyrənilməsi ilə məşğul oluram. 
 
 
50


Parmenid dedi, - Sokrat, sən hələ cavansan və fəlsəfə səni, mənim fikrimcə, belə şeylərdən heç biri sənə 
əhəmiyyətsiz görünməyəcəyi qədər bir vaxt təsiri  altına alacağı kimi, hələ tamamilə öz təsiri altına almayıb; 
indi isə sən cavanlığından hələ həddən artıq camaatın rəyilə hesablaşırsan. Ancaq hər halda bax belə bir suala 
cavab ver: sənin sözlərinə görə, sən zənn edirsən ki, onlara qoşulmaqla öz adlarını alan müəyyən ideyalar 
mövcuddur; məsələn, oxşarlıq  [ideyasına] qoşulan şeylər - oxşar, böyüklüyə [qoşulanlar] - böyük, gözəlliyə 
[qoşulanlar] - gözəl, ədalətliliyə [qoşulanlar] ədalətli olurlar? 
Sokrat cavab verdi, - elədir ki, var. 
 
- Bəs [ideyaya] qoşulan hər bir şey tam ideyaya qoşulur ya onun hissəsinə? Yaxud bunlardan savayı bir 
başqa növ qoşulma mümkündür? 
Sokrat dedi, - necə məgər? 
- Sənin fikrincə, bütün ideya tamlıqla - hərçənd o elə vahiddir - çox şeylərdən hər birində bulunur yaxud 
məsələ başqa cürdür? 
Sokrat dedi: 
- Parmenid, bəs onun orada bulunmağına nə mane olur ki? 
- Axı vahid və eyni qalaraq, o eyni zamanda bütün tamlıqla ayrı-ayrı şeylərin çoxluğunda bulunacaq və 
beləliklə özü-özündən ayrılmış olacaq. 
 
Sokrat cavab verdi, - qətiyyən, axı budur, məsələn, eyni bir gün, bir vaxtda bir çox yerlərdə olur və bununla 
belə heç də özü-özündən ayrılmır, hər bir ideya da bunun kimi, vahid və eyni qalaraq bir vaxtda hər şeydə 
ola bilir. 
 
Parmenid dedi, - Sokrat, sən sanki vahidi və eynini bir vaxtda çox yerlərdə yerləşdirirsən, bu elə  o deməkdir 
ki, çox adamların üstünü bir yelkənlə örtərək sübut etməyə çalışasan ki, vahid və eyni bütün tamlıqla çoxluq 
üzərində bulunur. Yaxud sənin sözlərinin mənası belə deyil? 
Sokrat dedi, - çox güman, belədir. 
 
- Demək hər kəsin üzərində bütünmü yelkən olacaq, yaxud, bəzilərinin üzərində onun bir [hissəsi], 
başqalarının üzərində - digər hissəsi? 
- Yalnız bir hissəsi. 
 
Parmenid dedi, - deməli, Sokrat, ideyaların özü bölünəndir və onlara aidiyyatı olanın, onların hissələrinə də 
aidiyyatı olacaq, həm də  hər bir şeydə artıq bütün ideya deyil, onun hissəsi bulunacaq. 
 
- Görünür ki, belədir. 
 
- Sokrat, necə  axı, sən sübut etməyə çalışacaqsan ki, vahid ideya bizdə həqiqətən hissələrə bölünür və 
bununla belə yenə də vahid qalır? 
Sokrat cavab verdi, - qətiyyən. 
 
Parmenid dedi, - əgər sən böyüklüyün özünü hissələrə bölsən, və böyük olan çox şeylərdən hər biri 
böyüklüyün hissəsi sayəsində böyük, böyüklüyün özündənsə kiçik olacaqsa, bir gör cəfəngiyat 
alınmayacaqmı? 
Sokrat dedi, - əlbəttə cəfəngiyat alınacaq. 
 
- Sonra,  əgər hər bir şey bərabərliyin kiçik hissəsini qəbul edərsə, bu hissə onu bərabərin özündən kiçik olan 
bir şeyə bərabər edəcəkmi? 
- Bu mümkün deyil. 
 
- Bəs, tutaq ki, bizlərdən bir kəs kiçiyin hissəsinə malik olacaq; beləliklə kiçik özü böyük olacaq, kiçikdən 
ayrılmış hissənin qoşulduğu şey isə əvvəlkindən çox deyil, az olacaq. 
 
Sokrat dedi,- amma bu heç cür ola bilməz. 
 
Parmenid dedi, - Sokrat, səndə şeylər ideyalara nə cür qoşulacaq axı, bir halda ki, onlar nə  [ideyaların] 
hissələrinə, nə tam [ideyalara]  qoşula bilməyəcəklər? 
Sokrat dedi, - Zevsə and içirəm ki, bunu müəyyənləşdirmək mənə heç də asan iş görünmür. 
 
51


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə