Qəşəm Vəliyev



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə20/32
tarix07.07.2018
ölçüsü0,82 Mb.
#53656
1   ...   16   17   18   19   20   21   22   23   ...   32

“Əsli-Kərəm”,  “Tahir–Zöhrə”,  “Aşıq  Qərib”  və  s.  dastanlarda  olduğu  kimi,  “Lətif  şah” 

dastanının  da  Azərbaycan  və  Türkiyə  ərazilərində  geniş  yayılmasının  səbəbi  bu  xalqların 

soykökünün,  dilinin  və  adət-ənənələrinin  oxşarlığının  bir  olmasından  irəli  gəlir.  Eyni  zamanda 

xalqlar arasında mədəni-iqtisadi əlaqələrin  yaxınlığı  və inkişafı çoxvariantlığı  şərtləndirən əsas 

amillərdir.  Hər  bir  variantda  xalq  özünün  mifik,  əxlaqi-etik  dünyagörüşünü,  bir  sözlə,  milli 

yaddaşını hifz etdirir. Buraya həm də ifaçı və yaradıcı aşıqların ifa prosesində dastana əlavə və 

əskiltmələrini  də  əlavə  etmək  olar.  Məhz  “Lətif  şah”  dastanına  da  yuxarıda  sadaladığımız 

məsələlər  baxımından  yanaşmaq  lazım  gəlir.  Dastanın  hər  bir  variantında  azadlıq,  humanizm 

ideyaları ön plana çəkilir. 

Araşdırmalar  göstərir  ki,  “Lətif  şah”  dastanı  variantlar  arasında  bəzi  cüzi  fərqlərə 

baxmayaraq, əsasən eynidir. Həmin fərqləri müasir folklorşünaslıq baxımından sadalamaq yerinə 

düşərdi. 

Dastanın  bütün  variantlarında  Lətif  şah  padşah  oğlu  kimi  təqdim  olunur.  Dastanın  1961, 

1965-ci il Azərbaycan variantlarında padşahın adı Dərdli şah, türk varinatında adsız, Ə.Axundov 

variantında  isə  Qəmsiz  şah  kimi  göstərilir.  Variantlarda  şahın  öz  ölkəsini  ədalətlə  idarə  etdiyi, 

“rəiyyətcanlı” bir şah olduğu diqqəti cəlb edir. 

Klassik  dastan  yaradıcılığında  əsas  qəhrəmanlar  dərviş  libası  geymiş  nurani  qocaların 

verdiyi  almanın  ata-ananın  yeməsi ilə və nəzir-niyazla dünyaya  gəlirlər. “Lətif şah” dastanının 

qəhrəmanı Lətif şah dastanının 1961, 1965-ci il Azərbay can və türk variantlarında hər iki  yolla, 

Ə.Axundov variantında isə ikinci yolla, yəni nəzir-niyazla dünyaya gəlmişdir. 

Dastan qəhrəmanlarının  dünyaya  gəlməsindən bəhs edən dos. T.Xalisbəyli  yazır: “Bizcə, 

birinci  yol  (alma  ilə,  Q.V  ikinciyə  nəzir-niyaz  ilə-Q.V)  nisbətən  daha  qədimdir.  İkinci  yolu 

izlədikdə  aydın  olur  ki,  bu,  nisbətən,  sonrakı  dövrlərdə  yaranmışdır.  Heç  şübhəsiz,  birinci  yol 

bizim  ən  qədim  dastanlarımıza  xas  olmuşdur.  İkinci  yol  isə  ehtimal  ki,  islamiyyətdən  sonra 

ortaya çıxmışdır. Bizcə, bir qocanın verdiyi almanın hikməti ilə qəhrəmanların dünyaya gəlməsi 

islamiyyətdən çox-çox əvvəl olmuşdur”. Bu fikrin inandırıcı  olması ilə bərabər demək lazımdır 

ki,  alma  ilə  qəhrəmanın    dünyaya  gəlməsi  qədim  mifoloji  görüşlərlə  bağlıdır.  Ən  qədim 

dastanlarda almanı əsasən, mifik obraz- dərviş verir. Nəzir-niyazın verilməsi sinfi bərabərsizliyin 

meydana  çıxması  ilə  əlaqədardır  və  nəzir-niyaz  real  şəxslərin  məsləhəti  ilə  verilir.  “Qurbani”, 

“Leyli-Məcnun”,  “Əsli-Kərəm”,  “Şah  İsmayıl-Gülzar”  və  s.  dastanlarda  nəzir-  niyaz  şahın 

arvadının və ya vəzirin məsləhəti ilə verilir. 

Xalqımızın  nadir  sənət  abidəsi  olan  “Kitabi  Dədə-Qorqud”  dastanının  “Dirsəxan  oğlu 

Buğac” boyunda Dirsə xan arvadının məsləhəti ilə nəzir- niyaz verir, ac qarınları doyurur. Dirsə 

xanın  arvadı deyir: “İç Oğuzun, Dış Oğuzun bəylərini üstünə yığnaq etgil. Aç görsən doyurqıl, 

yalınçıq görsən donatğıl. Borcluyu borcundan qurtargil. Təpə kimi ət yığ, göl kimi qımız sağdır. 

Ulu toy elə. Hacət dilə. Ona kimi, bir ağzı dualının alqışıyla tanrı bizə bir yetman əyal verə”.  

Dirsə  xan  xanımının  məsləhətinə  əməl  edəndən  sonra  övladı  dünyaya  gəlir.  “Lətif  şah” 

dastanında  da  Qəmsiz  şahın  övladı  olmur.  Övladsızlıq  ona  mənəvi  əzab  verir.  1961,1965-ci  il 

nəşrlərinin Azərbaycan və türk variantlarında  nəzir-niyaz veriləndən sonra dərviş almanı təqdim 

edir.  1961-ci  il  variantında  deyilir:  “Sənin  dərdin  züryət  dərdidir,  şahim,  deyərək  cibindən  bir 

qırmızı alma çıxarıb şaha verdi. Al, bu almanı düz ortadan ikiyə böl, yarısını özün ye, yarısını da 

xanımına ver. Xudanını izniylə oğlunuz olar. Amma mən gəlməmiş, nəbada ona ad qoyasan ha.” 

Bundan  sonra  Lətif  şah  dünyaya  gəlir.  Göründüyü  kimi,  dastanlarda  işlənən  bir  iki  bədii 

priyom “Lətif şah” dastanında birləşdirilmişdir. Dastan bu kimi qədim mifoloji inam, görüşləri 

özündə əks etdirir ki, bunlar barədə yeri gəldikcə danışacağıq. “Lətif şah” dastanının səciyyəvi 

xüsusiyyətlərindən  biri  də  odur  ki,  dastan  yaradıcısı  qədim  mifoloji  düşüncədən  dastanda 




yaradıclıqla istifadə etmişdir. Bu baxımdan “...hər hansı nağılda və ya dastanda elə məqamlar var 

ki,  müəyyən  mifoloji  görüşlər  kompleksini  anlamaq  və  bərpa  etmək  işində  yeganə  etibarlı 

qaynaq kimi istifadə olunur”.  

Dastanın  türk  variantında  çox  qədim  inam,  etiqadlarla  bağlı  bir  motiv  vardır.  Bu  da 

padşahın  və  vəzirin  oğullarının  qaranlıq,  qapalı  şəraitdə  böyümələridir.  Biz  bu  motivə  “Şah 

İsmayıl” dastanında da rast gəlirik. 

Körpə uşaqlara xüsusi ayrılmış dayələr hamilik edir, onlara xüsusi yeməklər verilir, başqa 

heç kəsə onlara baxmağa icazə verilmir. 

Bu qədim adət həmçinin monqol, uyğur, türk xalqlarının dastan  yaradıcılığında öz əksini 

tapmışdır. 

Bu motivə dastanlarda aşağı zümrədən deyil, şah övladlarına münasibətdə təsadüf edilir ki, 

bu da onların toxunulmazlığı, müqəddəsliyi ilə izah edilməlidir.  

Lətif  şahın  təlim-tərbiyəsi  ilə  dayələr  məşğul  olur.  Türk  variantında  Lətif  şahla  vəzirin 

oğluna  qapalı  şəraitdə  təlim  öyrədirlər.  On  yaşına  kimi  uşaqlar  adsız  böyüyürlər.  Ad  qoymaq 

üçün məclis təşkil olunur. Dərviş qeybdən peyda olub  uşağın  adını  Lətif şah qoyur.  “Dünyada 

onun  arxasını  yerə  gətirən  olmaz”  deyir.  Dərvişin  bu  sözüylə  elə  bil  ki,  Lətif  şah  mərdlik, 

yenilməzlik  keyfiyyəti  qazanmış  olur.  Dastan  boyu  Lətif  şahın  qəhrəmanlığının  şahidi  oluruq. 

Lakin  Ə.Axundovun variantında uşağın  adını qoymaq üçün müxtəlif xasiyyətlərə malik  qarılar 

yığılır.  Biz  hələ  “Kitabi-Dədə-Qorqud”  dastanında  rast  gəldiyimiz  qarıların  müxtəlifliyinə 

ənənəvi  olaraq  “Lətif  şah”  dastanında  da  rast  gəlirik.  “Qadınlar  toplandılar  ki,  uşağa  ad 

qoysunlar. Göyə çıxan, tonqal yığan, zol qarı, zol qırtan qarı, iman-quran nəsib, ilan vuran nəsib, 

dırandazı, hoqqabazı, burnu sulu, tumanı düşük, balağı batdax, dabanı çatdax, sınırı əyri, karazan 

səsli,  küləfirəngi  baz,  tısbağa  yerişli,  mamlı  matan  qarılar  toplanmışdılar. Bəli,  qarıların  hərəsi 

bir ad söylədi ”.  

Axırda ipək qarının qoyduğu Lətif şah adını məclis əhli bəyənir. 

Lətif  şah  hələ  gənc  yaşlarından  ox  atmaq,  qılınc  oynatmaq,  at  çapmaq,  ov  ovlamaq,  quş 

quşlamağın sirlərini öyrənməyə başlayır. Asudə vaxtlarında ovçuluqla məşğul olur. 1961, 1965-

ci  il variantlarında  Lətif  şahın  “buta” alması  göstərilir. Nurani  dərviş  yuxuda ona eşq badəsini  

içirdir. “Ayineyi-dövranı çevirib, Hindistan şahının qızı Mehriban Soltanı ona göstərib dedi:  

-Sənin qismətin budu. Bunu sənə buta verirəm” 

Eyni vaxtda  Mehriban Soltana da buta verilir. 

“Buta”  Lətif  şahın  daxili  aləmini  tamamilə  dəyişdirir,  o,  yeni  şəxsi  insani  keyfiyyətlər 

qazanır. “Buta”dan əvvəl o, günlərini kef məclislərində keçirirdisə, ov zamanı dovşanı vurmaqda 

belə  çətinlik  çəkirdisə,  indi  isə  o,  özünü  fiziki  və  mənəvi  cəhətdən  möhkəm  hiss  edir,  hətta 

şairlik istedadına malik olur. 

Mehriban  Soltan  “buta”dan  sonra  xəstələnir.  Bütün  həkimlər  onun  dərdinə  çarə  etməyə 

çalışırlar. “Axırda həkimlərdən biri dedi: -Bunun dərdi sarılıqdı. Hindistan dağlarında bir bulaq 

var, onda çimsə yaxşı olar. 

...Gethaget, günlərin birində Hindistan dağlarında haman bulaq olan yerə çatdılar. O gecə 

Mehriban Soltan bulaqda çimdi,  xəstəliyi sağaldı. Dan ulduzu kimi işıqlanıb yanmağa başladı”. 

Azərbaycan  folklorunda  dirilik  suyu,  şəfaverici  bulaqlar  haqqında  rəvayətlər  xalqımızın 

mifik  təfəkkürünün  məhsuludur.  “Azərbaycan  mifoloji  mətnləri”  kitabında  37,46  №-li  

mətnlərdə dirilik suyu haqqında mifoloji görüşlərdən bəhs edilir. 

Dastan  yaradıcısı  bu  kiçik  bədii  detalla  əski  mifoloji  inamlardan  barınmaqla,  ondan 

dastanda yaradıclıqla istifadə etmişdir. 



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə