Dastan maraqlı süjet – bir-birini qarşılıqlı məhəbbətlə sevən və bu sevgiyə mane olan
qüvvələrin mübarizəsi əsasında qurulmuşdur. Aşıq Şenlik ailənin qarşılıqlı, azad sevgi əsasında
qurulması ideyasını təbliğ edərək göstərmişdir ki, bu sevgiyə heç bir qara qüvvə mane ola
bilməz. Dastanda təsvir olunan Xəlil ağa varlı sinfin nümayəndəsidir. Məhəmməd Xəlil ağanın
sürülərini otarır. O, təmiz bir məhəbbətlə Xəlil ağanın qızı Güldənəni sevir. Güldənə də
Məhəmmədin sevgisinə qarşı laqeyd deyil. Bir vaxt Xəlil ağa bundan xəbər tutub hirslənir. Xəlil
ağa öz sinfinin nümayəndəsi olduğundan tabeliyində olanlara bir növ yuxarıdan aşağı baxır,
Məhəmmədi tənbeh etmək istəyir. “Özünə çörək tapmır, mənim qızımı istəyir” – deyir. Bir
müddətdən sonra Rəsul ağa adlı birisi Güldənəyə elçi göndərir. Rəsul ağa Xəlil ağa ilə eyni sinfi
təbiətə malikdir. Odur ki, Güldənənin şəxsi rəyi soruşulmadan Rəsyaq ağaya nişanlanır. Güldənə
rəfiqəsi Səlbi xanımla Məhəmmədə öz hüquqsuzluğunu, onunla hesablaşmadıqlarını əks etdirən
məktub göndərir. Məktubda Güldənənin Məhəmmədə olan sevgisi, bu sevgiyə ömrü boyu sadiq
qalacağı təbii lirik boyalarla ifadə olunmuşdur:
Güldənə bu dərdə dözməz,
Fələk belə yazı yazmaz,
Sənsiz bu dünyada gəzməz,
Qoy axtarsın ata məni.
Məktubu alan Məhəmməd çox kədərlənir. Onu ata-anasının olmaması, kimsəsizliyi daha
da sarsıdır. Lakin Güldənəyə olan ülvi məhəbbət ona mənəvi qüvvət verir. O da öz eşqində sadiq
və dönməzdir:
Ala gözlü mənim yarım,
Atmaq olmaz oda səni.
Sənsən mənim intizarım,
Necə verim yada səni.
Atam yoxdu elçi gedə,
Anam yoxdu
sinə didə,
Hər yaramaz gədə-güdə,
Əl atıban tuta səni.
Güldənə Rəsul ağanı sevmir. O, atasına, yaşadığı cəmiyyətin eybəcər adətlərinə qarşı etiraz
əlaməti olaraq özünü Ərdahan çayına atır.
Güldənə xanımı eyləmə ibrət,
Atamla anamı bulmasın cənnət,
Çəksin həsrətimi oğlan Məhəmməd,
Salsın dildən-dilə sorağa məni.
Güldənənin aqibətini – özünü çaya atmasını eşidən Məhəmməd çox sarsılır. Qəlbində
onların ailə səadətinə mane olan qüvvələrə qarşı nifrət hissi baş qaldırır. O, “yardan ziyadə”
yaşamaq istəmir. Güldənəni xilas etmək üçün Ərdahan çayına doğru axışan camaata müraciətlə
deyir:
Yar yanına gedən əziz qardaşlar,
Verin yar yolunda sadağa məni.
İstəməm yaşamaq yardan ziyadə,
Verin yar yolunda sadağa məni.
Xoşbəxtlikdən Güldənə xilas edilir. Elin qeyrətli oğlu Kərəm hadisənin səbəbini öyrənib,
iki gəncin bir-birinə qovuşmasına kömək edir. Dastanda Kərəm epizodik surət olsa da, daha çox
yadda qalır. O, qeyrət, ədalət nümunəsi kimi oxucu rəğbəti qazanır. Kərəm surəti bizə bir növ
M.Füzulinin “Leyli və Məcnun” poemasındakı Nofəl surətini xatırladır. Nofəl də Məcnuna
kömək etmək istəyir. Lakin sevgi məsələsinə gəldikdə, dövrün hakim feodal qayda-qanunlarına
qarşı onun qılıncı kütləşir. Kərəm isə elin içərisindən çıxmış, xalqın dərd-sərinə yanan el
qəhrəmanıdır. Onun mübariz silahı Nofəl kimi küt deyil, daha kəsərlidir. Artıq XIX əsrin
sonunda xalq özünün inkişafında elə bir mərhələyə çatmışdır ki, dövrün hakim qayda-
qanunlarına qarşı kəskin etiraz səsləri ucalırdı. El-obanın Kərəm kimi mərd, mübariz oğulları
xalqın azadlığı, mənəvi əsarətdən xilası uğrunda mübarizə aparırdılar. Onlar xalq arasında
yeniliyi təbliğ etməklə, qədim adət-ənənələrimizin qorunub saxlanmasını tövsiyə edirdilər.
Bu baxımdan Kərəm ailənin qarşılıqlı sevgi əsasında qurulmasına zidd olan qüvvələrə
imkan vermir. O, Güldənə və Məhəmmədin rəyini öyrənir. “Güldənənin əlini Məhəmmədin əlinə
verib öz evinə gətirir. Üç gün toy eyləyir”.
Dastanın sonunda Xəlil ağa el tənəsinə məruz qalır. “İnsan da balasına düşmən olarmı?” –
deyə ona tənə edirlər. O, elin nifrətini qazanır. Dastan yaradıcılığında həmişə xalqın arzusuna,
ədalətə, humanizmə qarşı çaxan qüvvələr elin qınağına çəkilir. Dastanda Xəlil ağaya qarşı olan el
nifrəti belə ifadə olunur:
Fələk bu Xəlilin başından vursun,
Kor olsun gözləri, ürəyi dursun,
Xar olsun dünyada, el-oba gülsün,
Hər kim görsə divanlarda söyləsin.
“Əhməd və Gözəl” dastanı Aşıq Şenliyin canlı həyat müşahidələrinin bədii təsviri kimi
meydana gəlmişdir. Aşıq həmişə ünsiyyətdə olduğu insanlara doğru yol göstərmişdir, el
ağsaqqalı kimi hörmət-izzət sahibi olmuşdur. Dastan nisbətən kiçik süjet xəttinə malik olsa da,
oxucu və dinləyiciyə aşıladığı fikir baxımından diqqətəlayiqdir. Maraqlıdır ki, Aşıq Şenliyin özü
müdrik şəxs kimi dastan iştirakçılarından biridir.
Dastan bir-birini qarşılıqlı məhəbbətlə sevən Əhməd və Gözəlin sevgi macəraları üzərində
qurulmuşdur. Dastan qəhrəmanlarının hər ikisi öz sadəliyi, zəhmətsevərliyi ilə diqqəti cəlb edir.
Aşıq Şenlik zəhmətkeş xalqa rəğbət və məhəbbətinin ifadəsi kimi bu dastanın da
mövzusunu xalq həyatından götürmüşdür. Dastanda xalqımızın ən qədim adəti-elçilik mərasimi
də öz əksini tapmışdır. Əhmədin anası kasıb olduğundan Aşıq Şenliyi Gözəli almaq üçün elçi
aparır. Gözəlin atası tərəfindən səmimi qarşılanan Aşıq Şenlik əsas mətləbi söyləyir:
Bir oğlan ki bir gözəli sevəndə,
Yaxşı deyil könül qırmaq, əzizim.
Canı dildən ona ilqar verəndə,
Yaxşı deyil könül qırmaq, əzizim.