«qurani–KƏRİMİN» QƏLBİDİR


Gəmilərin dənizdə üzməsi də bir nişanədir



Yüklə 2,11 Mb.
səhifə4/12
tarix25.06.2018
ölçüsü2,11 Mb.
#51323
1   2   3   4   5   6   7   8   9   ...   12

Gəmilərin dənizdə üzməsi də bir nişanədir


Bəzi təfsirçilər indi bəhs edəcəyimiz ayələrin birincisini «Yasin» surəsinin ən çətin və qarışıq ayələrindən hesab etmişlər. Ancaq bu ayəni əvvəlki ayələrlə əlaqəli şəkildə nəzərdən keçirdikdə məlum olur ki, bu ayədə heç bir çətinlik və qarışıqlıq yoxdur. Çünki ötən ayələrdə Günəş, Ay, gündüz, gecə həmçinin yer və onun bərəkətlərinin Allahın ayət və nişanələri olmasından söhbət açılmışdır. İndi bəhs edəcəyimiz ayələrdə isə yenə də dəniz və onda olan nemətlər, yəni gəmilərin suda hərəkətindən söhbət açılmışdır.

Bundan əlavə bu gəmilərin ucu-bucağı olmayan okeanlarda hərəkət etməsi ulduz və planetlərin geniş fəzada hərəkətinə bənzəyir. Deməli, bu ayənin ötən ayələrlə məna cəhətdən əlaqəsi vardır.

Əvvəlinci ayədə deyilir:

«Onların övladlarını yük ilə dolu olan gəminin içində daşıdığımız da onlar üçün bir nişanədir».

Ötən ayələrdə dediyimiz kimi «onlar» cəm şəxs əvəzliyi təkcə Məkkə müşriklərinə yox, bütün insanlara aiddir.

«Zürriyyət» sözü Rağibi İsfahaninin «Müfrədat» kitabında dediyinə əsasən insanın kiçik övladlarına deyilir. Bəzi hallarda isə böyük övladlar haqqında da bu söz işlədilir. Bu söz həm tək şəkildə, həm də cəm şəkildə işlənilir.

Ayədə deyilir: «Biz onların övladlarını (yaxud kiçik övladlarını ) gəmilərə mindirib istədikləri yerə aparırıq». Ayədə bu övladların valideynlərindən söhbət olunmamışdır. Səbəbi də budur ki, kiçiklərin nəqliyyat vasitəsinə ehtiyacları daha çoxdur. Ancaq böyüklər gəmi olmasa da bir vasitə ilə öz məqsədlərinə çata bilərlər. Bundan əlavə bu cür demək onların valideynlərinin diqqətini daha çox cəlb edir.

«Məşhun» (yüklə dolu olan) deməkdə məqsəd isə budur ki, onların özündən başqa bir ticarət və lazım olduqları mallarını da gəmiyə mindirib aparırıq.

Bəzi təfsirçilər bu ayədə deyilən gəmini Nuh Peyğəmbər in gəmisi və «zürriyyət»sözünün əcdad mənasına təfsir etmişlər. Ancaq bu təfsir bir o qədər də ayə ilə uyğun gəlmir.

Ümumiyyətlə, nəqliyyat vasitələrindən ən əsasından biri olan gəmilərin suda hərəkəti, gəminin hazırlanmasında rolu olan materialların xüsusiyyəti, küləklərin xüsusiyyəti (yelkənli gəmilərdə), buxar qüvvəsi (motorlu gəmilərdə ) və atom enerjisi (atomla işləyən gəmilərdə) hamısı Allahın nişanə və ayətlərindəndir.

Nəqliyyat vasitəsinin təkcə gəmiyə xüsuslanmaması üçün sonrakı ayədə deyilir:

«Və onlar üçün minməyə gəmiyə oxşar şeylər də yaratdıq».

Bu minik vasitələri istər quruda olsun, istərsə də havada insanları və onların yüklərini istədikləri yerə aparır.

Bəziləri bu minik vasitəsini «səhra gəmisi» yəni dəvəyə, bəziləri isə təyyarə və fəza gəmisinə təfsir etmişlər («xələqna» yəni « biz onları yaratdıq» deməyin mənası budur ki, bu minik vasitələrinin materiallarını yaratdıq. Baxmayaraq ki, onda hələ bu nəqliyyat vasitələri kəşf olunmamışdı).

Həqiqətdə isə ayənin mənası geniş və ümumidir. Bu nəqliyyat vasitələrinin hamısına və eləcə də bundan sonra kəşf olunacaq minik vasitələrinə şamil olur.

Ola bilər deyilsin ki, «Quran»ın neçə yerində «ənam» yəni heyvanlar gəmi sözü ilə yanaşı gəlmişdir. Məsələn «Zuxruf» surəsinin 12-ci ayəsində deyilir:

«Sizin üçün gəmilərdən, heyvanlardan minik üçün minik vasitəsi xəlq etdi». Yaxud Ğafur surəsinin 80-ci ayəsində gəlmişdir:

«Onlar (heyvanlara) və gəmilərə minə bilərsiniz». Bundan da nəticə çıxarmaq olar ki, «Yasin» surəsinin 42-ci ayəsindəki başqa minik vasitələri heyvanlardır.

Ancaq bu ayələrin indiki ayə ilə ziddiyyəti yoxdur və bu ayə yenə də öz ümumiliyində qalır və bütün nəqliyyat vasitələrinə aid olur.

Sonrakı ayə bu böyük nemətin qədrini bilmək üçün deyir:

«Əgər istəsək onları batırıb, boğarıq. Bu vəziyyətdə nə onların köməyinə gələn, olar, nə də bir çarə tapa bilərlər».

Böyük bir dalğa vasitəsilə onların gəmisini batıra bilərik. Yaxud gəmilərini burulğana salıb dənizin dibinə batırarıq. Və ya tufana əmr edərik onların gəmisini bir saman çöpü kimi qaldırıb dalğaların arasına atsın. Əgər istəsək suyun və eləcə də küləyin xasiyyətini dəyişib hər şeyi bir-birinə qatarıq. Bunların hamısını edən bizik. Bizik ki, bu dünyaya nizam-intizam bağışlayırıq. Hərdən bu hadisələrdən bəzilərinin baş verməsi də ona görədir ki, əllərində olan nemətin qədrini bilsinlər. Çünki insan nemətin qədrini əlindən getdikdən sonra bilir.

«Sərix» sözünün kökü «sarix», leksik mənası «köməkçi» və «dada yetişən»dir.

«Yunqəzun» sözünün kökü isə «inqaz»dır. Leksik mənası «kömək etmək» və «nicat vermək»dir.

Bəhs etdiyimiz hissənin axırıncı ayəsində bu məsələni tamamlamaq üçün deyilir:

«Məgər bizim rəhmətimiz olsaydı və ölüm zamanına qədər bu rəhmətdən faydalanaydılar.

Həqiqətən, onlar belə vəziyyətdə nicat tapa bilməzdi və heç kim onların harayına cavab verməzdi. Təkcə bizim rəhmətimiz onların başı üstündə əsərək onlara nicat verdi.

«Hiyn» sözü vaxt mənasındadır. Ayədə də bu sözlə insan ömrünün sonuna işarə olunmuşdur. Bəziləri isə bu sözü dünyanın axırına təfsir etmişlər.

Doğrudan da insan gəmiyə mindikdə bu ayənin mənasını çox yaxşı başa düşür və anlayır ki, dünyanın böyük gəmiləri dənizin ləpələrinin və eləcə də okeanlarda olan tufanların müqabilində saman çöpü kimi bir şeydir. Allah-ın lütüf və mərhəmətindən başqa heç bir qüvvə onlara nicat verə bilməz.

Allah bu incə yolla, yəni ölümlə həyat arasında olan cığırla öz qüdrətini insanlara göstərir. Ola bilsin ki, yolunu azanlar bunu görüb düz yola, Allah yoluna qayıdalar.***

Tərcümə:

Onlara: «Ön və arxanızda olan əzablardan qorxun, bəlkə sizə rəhm oluna»- deyildiyi zaman üz çevirərələr(45). Onlar Rəblərinin nişanələrindən gələn hər nişanədən üz çevirərlər (46). Və onlara: «Siz də Allahın sizə verdiyi ruzilərdən infaq edin» deyildikdə kafirlər möminlərə deyirlər: «O kimsələrə yedirkək ki, Allah istəsəydi Özü onları yedirə bilərdi. Siz açıq bir sapqınlıq içərisindəsiniz…»(47).

Təfsir:

Allahın nişanələrinin heç birinə etina etmirlər


Nəzərdən keçirdiyimiz ayələrdə Allahın ayətlərindən bəhs olundu. İndiki ayələrdə isə inadkar kafirlərin bu nişanələr, eləcə də peyğəmbərin dəvəti müqabilində göstərdikləri əks əməllər bəyan olunur. İlk ayədə deyilir:

«Onlar «ön və arxanızda olan əzablardan qorxun» deyildikdə üz çevirərlər».

«Ma bəynə əydikum» (önünüzdəki əzablar) və «və ma xəlfəkum» (ar[anızdakı əzablar)-dan məqsədin nə olmasında təfsirçilər çoxlu ehtimal vermişlər.

Birinci ehtimal budur ki, «ma bəynə əydikum»-dan məqsəd dünya əzabları, «və ma xəlfəkum»-dan isə arxalarında olan axirət əzablarıdır.

Axirət əzablarını arxada olanlara bənzətməyin səbibi budur ki, elə bil insanın arxasında olan şeylər hərəkət edir və bir gün insana çatacaqlar. Qiyamət də bir gün gəlib insanı yaxalayacaq. Düzdür, insan arxasında olan günahları hələ əncam verməyib, ancaq belə deməkdə məqsəd gələcəkdə ediləcək günahları tərk etməkdir. Ayə bu cür deməklə insana xəbərdarlarlıq edir ki, əzaba səbəb olan günahları tərk etsin və elə bir iş görməsin ki, bu əzablara düçar olsun. Buna sübut da budur ki, «Quran»da işlənilən «ittəqu» sözü ya Allahdan, ya da qiyamət günü və onun əzablarından qorxmaq mənasında işlənmişdir. Həqiqətdə bu iki şeyin mənası eynidir. Çünki Allahdan qorxmağın nəticəsində insan qiyamət və onun əzablarından da qorxacaq. Bununla da məlum olur ki, indi bəhs etdiyimiz ayədə də «ittəqu» sözünün mənası Allahın bu dünyada və axirət dünyasındakı əzablarından qorxmaqdır.

Bəzi təfsirçilər isə ayəni indi dediyimizin əksinə təfsir etmişlər.

Yəni, «ma bəynə əydikum»da məqsəd axirət, «və ma xəlfəkum»da isə dünya əzablarıdır. Həmin təfsirçilər sübut da gətirirlər ki, qiyamət bizim önümüzdədir. (Əlbəttə bu iki təfsirin mənasında heç bir fərq yoxdur).

Başqa bir ehtimal budur ki, «ma bəynə əydikum» olub keçən günahlara, «və ma xəlfəkum» isə gələcəkdə görülən günahlara işarədir. Bu təfsirə əsasən keçmiş günahlardan qorxmağın mənası onlar üçün tövbə etmək deməkdir.

Ehtimallardan bir budur ki, «ma bəynə əydikum» ibarəsi aşkarda edilən, «və ma xəlfəkum» isə xəlvətdə edilən günahlara işarədir.

Bəziləri belə ehtimal etmişlər ki, «ma bəynəkum»-da dünyəvi əzablar, «və ma xəlfəkum»-da məqsəd ölümdür. (Bu təfsir ayə ilə bir o qədər uyğun gəlmir. Çünki ölümdən qorxmaq əbəs bir şeydir).

«Fi zilal» təfsirinin müəllifi demişdir ki, bu ayədə Allahı qəzəbə gətirən şeylər göstərilir. Bu da kafirləri hər tərəfdən əhatə etmişdir.

Alusi «Ruhul-məani» və Fəxri Razi «Əl-kəbir» təfsirlərində bu ayə haqqında müxtəlif fikirlər və ehtimallar söyləmişlər. Bu ehtimalların bir neçəsini qeyd etmişik.

Əllamə Təbatəbai «Əl-mizan» təfsirində demişdir: -«Ma bəynə əydikum» müşriklik və digər dünyəvi əzablar, «və ma xəlfəkum» isə axirət əzabı mənasındadır.

Ancaq ayənin zahirindən belə başa düşülür ki, «ma bəynə əydikum» və «və ma xəlfəkum» ikisi də eyni şeydir. Bunlar arasında yalnız zaman fərqi var. Biri dünyəvi günahlar digəri isə axirət əzabı mənası deyil. İkisi də dünyəvi günahlara aiddir.

Bu təfsirlərin ən yaxşısı birinci ehtimaldır. Yəni «ma bəynə əydikum»-dan məqsəd dünya əzabları, «və ma xəlfəkum»-dan isə axirət əzablarıdır.

Sonrakı ayədə yenə bu mətləbə, eləcə də müşrik insanların ilahi nişanələrə və Peyğəmbərlərin dəvətinə qarşı göstərdikləri etinasızlıq bəyan olunaraq deyilir:

«Onlar Rəbblərinin bütün nişanələrindən üz çevirərlər».

Onlara nə «ənfusi ayətlər» (yəni, öz vücudlarında olan ayətlər), nə də «afaqi ayətlər» (yəni, təbiətdəki ayətlər) təsir etmir. Nə əzablardan qorxurlar, nə də müjdəyə inanırlar. Nə məntiqi düşüncələri yoxdur, nə də ki, fitrətin fərmanına qulaq asırlar. Onlar elə kor olmuşlar ki, ətraflarında olanları belə müşahidə edə bilmirlər. Hətta günəş nurunu gecənin zülmətindən ayırd edə bilmirlər.

Bundan sonra «Quran»da onların daha bir inadkarlığına işarə edilərək buyrulur:

«Onlara: «Allahın sizə verdiyi ruzilərdən infaq edin» deyildikdə kafirlər möminlər üçün deyərlər:- «o kimsələrə infaq edək ki, Allah istəsəydi Özü onları yedirə bilərdi? Siz açıq bir sapqınlıq içərisindəsiniz».

Bu bəhanəni bütün əsirlər boyu özünü sevən, paxıl və imkanlı insanlar gətirmişlər. Onlar bəhanə gətirərək deyirlər ki, filankəs kasıbdırsa deməli, Allah belə məsləhət görüb. Bizim varlı olmağımız da yenə Allahın məsləhətiylədir. Deməli, onların kasıb, bizim isə varlı olmağımız hamısı Allahın hikmətindədir.

Ancaq bu qafil insanların xəbəri yoxdur ki, Allah onlardan birini yoxsulluqla və digərini isə var-dövlətlə imtahana çəkir. Ola bilər bir insanı hər ikisilə imtahan edər ki, görsün kasıb və imkansızlıq onu şükr etməkdən çəkindirəcək, ya yenə də şükr edəcək? İmkanı düzəldikdən sonra Onun yolunda infaq edəcək, yoxsa yox?

Bəziləri deyirlər ki, bu ayə müəyyən bir qrup, yaxud müşrklər görə nazil olmuşdur. Ancaq həqiqətdə ayənin mənası ümumidir və bütün insanlara aiddir. Hər dövrdə bu ayəyə uyğun gələn insanlar tapılır. Düzdür, bu ayə yəhudi və müşriklərə görə nazil olmuşdur. Ancaq bu ümumi bir bəhanədir ki, bütün zamanlarda ortaya çıxır. Bəhanə edərək deyirlər ki, əgər ruzi verən Allahdırsa bəs nə üçün bizə deyirsiniz kasıblara infaq edin? Əgər Allah onların kasıb olmağını məsləhət görübsə daha biz nə üçün onlara infaq etməliyik?

Lakin onlar təkvin aləmi (təbiət və yaşayış aləmi) ilə təşri aləminin ayrı-ayrı şeylər tələb etdiyini anlamırlar. (Yəni Allah onları kasıb edibsə şəriət cəhətdən onlara infaq edilməni məsləhət görüb).

Təkvin aləmində Allah yeri bütün nemətləri ilə bəşəriyyətin ixtiyarında qoymuş və insanları təkamülə yetməkdə azad buraxmışdır. Eyni zamanda bu aləmdə müxtəlif qərizələr yaratmışdır. Bu qərizələr də insanı müxtəlif tərəflərə çəkirlər.

Ancaq təşri aləmində insanların qərizələrinin və nəfslərinin qarşısını almaq üçün müəyyən qanunlar qoyulmuşdur. Güzəşt, fədakarlıq, infaq və bir sıra qanunlarla insanı tərbiyələndirir və onu Allahın xəlifəsi məqamına çatdırır. Zəkat vermək vasitəsilə insanın qəlbini, infaq və sədəqə vasitəsilə paxıllığı qəlblərdən təmizləyir. Bu qanunlara əsasən bütün insanlar bərabər olur və minlərlə fəsada səbəb olan təbəqə və siniflər hamısı yox olur.

Peyğəmbərin dövründəki kafirlərin və eləcə də bütün bəhanə gətirən insanların bəhanəsi buna bənzəyir ki, bir nəfər desin bizim dərs oxumaq və ya öyrətməyimizin heç bir lüzumu yoxdur. Çünki Allah istədiyi insanların hamısına Özü elm öyrədər və insanların dərs oxumağa ehtiyacları olmazdı. Hansı ağıllı və düşüncəli insan bunu qəbul edər?

Ayədə deyilmişdir: «Kafirlər möminlər üçün deyərlər:-…». Cümlədə kafir sözündən istifadə olunmuşdur. Halbuki bunun yerinə şəxs əvəzliyindən də istifadə etmək olardı. Bunun səbəbi budur ki, Allah ayədə onlara kafir nisbəti verməklə bu cür məntiqsiz, fanatik söhbətlər və bəhanələrin hamısının küfürfn üzündən olmasını bildirir.

Möminlərin kafirlərə xitab etdikləri «ənfiqu mimma rəzəqəkumullahu» («Allahın sizə verdiyi ruzilərdən infaq edin») cümləsi onu ifadə edir ki, nemətlərin həqiqi və əsas sahibi Allahdır. (Baxmayaraq ki, bu nemətlər bir neçə günlük bizim və ya sizin əlinizdədir). Ancaq həqiqətdə bunların hamısı Allahındır. Gör bu insanlar nə qədər paxıldırlar ki, birinin Allahın malını da Onun öz icazəsilə başqasına verməyə razı olmurlar.

«İn əntum illa fi zəlanin-mubin»cümləsinin təfsirində üç ehtimal var.

Birinci ehtimal bu ibarənin kafirlər tərəfindən möminlərə xitab olunmasıdır. İkinci ehtimal bu ibarənin Allah tərəfindən kafirlərə xitab olmasıdır. Sonuncu ehtimal isə budur ki, bu cümlə möminlər tərəfindən kafirlərə xitab olunmuşdur.

Birinci təfsir ayənin zahirilə daha uyğun gəlir. Çünki bu cümlə kafirlərin sözlərinin davamıdır. Kafirlər istəyirdilər ki, özlərini paklığa çıxarıb möminlərin «zəlalin-mübin»də, yəni azğın yolda olduqlarını bildirsinlər.

(Mütərcimdən: Bu məsələ bizim dildə məşhur olan atalar sözünə bənzəyir: Keçəl baxar güzgüyə, adın qoyar özgəyə).

***


Tərcümə:

Onlar: «Əgər doğru danışırsınızsa (bir xəbər verin, görək) bu vəd (qiyamət günü) nə vaxt olacaq?»-deyərlər(48).

Onlar (küçədə, bazarda) bir-biri ilə çənə–boğaz olarkən özlərini saracaq yalnız bir dəhşətli, tükürpədici səsə (İsafilin surunun birinci dəfə çalınmasına) bənddirlər (49).

Artıq bir vəsiyyət etməyənə qüdrətləri çatar, nə də ailələrinin yanına qayıda bilərlər! (50). Sur (ikinci dəfə) çalınan kimi (qiyamət günü) qəbirlərindən qalxıb sürətlə Rəbbinin hüzuruna axışacaqlar (51).

Onlar deyəcəklər: «Vay bizim halımıza! Bizi yatdığımız yerdən (qəbirdən kim qaldırdı? Bu Rəhman Allahın məxluqata buyurduğu vəddir (qiyamət günüdür). Peyğəmbərlər doğru deyirlərmiş!» (52).

Yalnız bir dəhşətli səs qopan (İsrafil axırıncı dəfə sururu çalan)kimi onlar hamısı (haqq-hesab üçün) qarşımızda hazır duracaqlar(53).

Təfsir:


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə