Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə156/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   153   154   155   156   157   158   159   160   161

 
322
Əfəndiyevin təbiətindəki şuxluq onun daxilindəki həmin lirikanın, romantikanın 
libası, geyimi idi.     
O, özü satira yazmırdı, amma, dediyim kimi, ədəbiyyatda satiraya heç vəchlə 
biganə deyildi. Misal üçün, onun çox sevdiyi və çox da yüksək qiymətləndirdiyi 
Azərbaycan şairi – Sabir idi. Yaxud «Ölülər»i, ümumiyyətlə, dünya 
dramaturgiyasında şedevrlərdən biri  hesab edirdi, xüsusən, Şeyx Nəsrullah ilə Şeyx 
Əhmədin dialoqları onun çox xoşuna gəlirdi. Sobakeviç isə rus nəsrində onun 
bəyəndiyi surətlərdən biri idi, xüsusən, Sobakeviçin osetrinanı yediyi qonaqlıq 
səhnəsini tez-tez xatırlayıb gülürdü.  
Çexovun hekayələrini də bəyənirdi, Çexov çinovniklərini rus nəsrinin 
zirvələrindən biri  hesab edirdi, amma orasını da deyim ki, Çexovun 
dramaturgiyasını, onun satirasından daha yüksək qiymətləndirirdi, gurultulu 
epitetləri xoşlamasa da, Çexov dramaturgiyasına «dahiyanə dramaturgiya» deyirdi.  
«O olmasın, bu olsun»dakı tiplər qalereyası – Məşədi Ibadın özü, Hambal, 
Qəzetçi Rza, Qoçu Əsgər, Intellegent Həsən, Sənəm, eləcə də M.F.Axundovun Hacı 
Qarası, Dərviş Məstəli şahı, Müsyö Jordanı İlyas Əfəndiyev üçün yalnız Azərbaycan 
yox, dünya komedioqrafiyasının klassik surətləri idi.  
Söhbət əsnasında dəfələrlə ondan eşitdiyim sözlər yadıma düşür. Deyirdi: 
– Üzeyir bəy heç musiqi yazmasaydı, təkcə elə «Məşədi Ibad»la, «Arşın mal 
alan»ın mətninə görə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri kimi tarixə 
düşəcəkdi. 
Üzeyir bəyin və Mirzə Cəlilin satirik publisistikasını olduqca yüksək 
qiymətləndirirdi, eləcə də Mirzə Cəlilin «Quzu», «Hamballar», «Usta Zeynal» kimi 
hekayələri, Haqverdiyevin «Maralları»ndakı personajlar (bu personajlara 
münasibətdə, əlbəttə, bir Şuşa sevgisi də şübhəsiz idi) tez-tez onun yadına düşürdü.  
Cəfər Cabbarlının yumorunu, Ocaqqulu, Oddamdı, Atakişi və Babakişi, Şərif 
kimi qəhrəmanlarının koloritini çox qiymətləndirirdi və həmişə də təəssüf edirdi ki, 
Cəfər Cabbarlı komediya yazmayıb. Hərdən mənə deyirdi: 
– Səni inandırıram ki, Cəfər qalsaydı, yaxşı komediyalar yazacaqdı... 
Görünür, bu fikirdə belə bir düşüncənin də ifadəsi var idi ki, illər ötdükcə sovet 
gerçəkliyi Cabbarlını inqilabi romantikadan ayırıb satiraya sövq edəcəkdi... Amma 
bu sözü də ondan bir neçə dəfə eşitmişəm ki, əgər Cəfər Cabbarlı sağ olsaydı, 37-də 
onu da aparacaqdılar... 
– Cəfərin inqilabi romantikası inqlabın əjdahasına çevrilib onun özünü də məhv 
edəcəkdi...– deyirdi. 
Ümumiyyətlə, İlyas Əfəndiyev Cəfər Cabbarlı istedadını böyük vergi hesab 
edirdi və qəribədir ki, həyatda heç vaxt Cabbarlını görməsə də (Cabbarlı vəfat 
edəndə İlyas Əfəndiyev 20 yaşlı əyalət müəllimi idi), onun şəxsiyyətinə də çox 
hörmət edir, Cabbarlıya doğma, hətta məhrəm bir münasibət bəsləyirdi. Görünür, bu 
yerdə, İlyas Əfəndiyevin gənc yaşlarında Aydının, Oqtay Eloğlunun romantikası ilə 
təması da öz işini görmüşdü. 
O, Molyeri də çox bəyənirdi və Molyerin komediyalarını Şekspirin 
komediyalarından üstün tuturdu, baxmayaraq ki, Şekspiri son dərəcə böyük bir düha 
hesab edirdi. 


 
323
Bir dəfə, yadıma gəlir, vəfatından bir il əvvəl – 1995-ci ilin yayında Zuğulbada, 
onun çox xoşladığı evkalipt ağacının altında oturub növbəti «gecə söhbəti» edirdik 
və söz dramaturgiyadan düşəndə İlyas Əfəndiyev dedi: 
– Şekspir bizim bu dünyaya sığışmır. Mənə elə gəlir ki, Şekspir başqa bir 
sivilizasiyadan bizim yer kürəsinə gəlib...– Sonra da gülüb: – Bəlkə də, azıb, gəlib... 
– dedi. 
Amma buna baxmayaraq, o, sırf komiklik baxımından Molyerin komediyalarını 
daha artıq bəyənirdi və burası da yaxşı yadımdadır ki, 1990-cı ildə mən Molyerin 
«Jorj Danden» və «Skapenin kələkləri» komediyalarını Azərbaycan dilinə tərcümə 
etmişdim və İlyas Əfəndiyev bunu biləndə, həmin tərcümələri məndən aldı, 
qrankaların kənarında qeydlər edə-edə (ümumiyyətlə, mənim yazılarımı həmişə 
əlində karandaşla oxuyurdu, sonra da qeydlərini deyirdi) oxudu. Ən maraqlısı isə bu 
oldu ki, həmin tərcümələrdən sonra Molyerin rus dilindəki üçcildliyini götürüb 
birinci səhifədən sonuncu səhifəyədək təzədən oxudu. 
– Şekspirin komediyaları ağırdı,– deyirdi.– Molyer isə ağır deyil, tərtəmiz çay
su kimi axıb gedir... 
Bomarşenin komediyaları da onun xoşuna gəlirdi, Bröxtin «Üçqəpiklik 
opera»sını, yadıma gəlir, dəfələrlə oxumuşdu və ümumiyyətlə, Bröxtin 
dramaturgiyasını yüksək qiymətləndirirdi. Şounun komediyaları, xüsusən 
«Piqmolion» da onun bəyəndiyi əsərlərdən idi. 
Ostrovskinin komediyalarını isə heç bəyənmirdi, amma «Müfəttiş»i təkcə rus 
yox, dünya dramaturgiyasında hadisə hesab edirdi. Ümumiyyətlə, Qoqol onun üçün 
böyük yazıçılardan biri idi və həmişə də təəssüf edirdi ki, bu yazıçı bu qədər az 
yaşayıb. 
Mən uşaq vaxtı, 40-cı illərin sonu, 50-nin əvvəllərində tez-tez İlyas Əfəndiyevlə 
birlikdə o zaman Məşədi Əzizbəyov adına olan Akademik Teatrımızın tamaşalarına 
gedirdim və səhv etmirəmsə, 1952-ci ildə (onda mən 7 saylı məktəbin üçüncü 
sinifində oxuyurdum) orada Mehdi Məmmədovun quruluşunda «Müfəttiş» tamaşaya 
qoyulmuşdu. İlyas Əfəndiyev (mən də onunla birlikdə) azı on dəfə o tamaşaya 
baxmışdı. 
Biz teatrın direktorunun (Adil Isgəndərovun) lojasında otururduq. Xlestakovun 
rolunu Fateh Fətullayev ifa edirdi, gənc Məlik Dadaşov da onun dublyoru idi. Osipi 
isə Mirzağa Əliyev oynayırdı və Osip divana yıxılıb ayaqlarını yuxarı qaldıraraq, 
acından qarnını tutub: «– Vay, qarnım!»– deyə qışqıranda İlyas Əfəndiyevin necə 
ürəkdən gülməyi indi də gözümün qabağındadı. Bəzən tamaşa gedəndə atam Adil 
Isgəndərovun kabinetində olurdu, amma Osipin həmin səhnəsində mütləq lojaya 
gəlib baxırdı və bir az zarafatla Adil Isgəndərova deyirdi: 
– Ədil Rzayeviç, deyirlər ki, Mehdi quru adamdı... Quru adamın belə tamaşaları 
olar? 
Adil Isgəndərov ciddi görkəmlə: 
– Olar, qadam,– deyirdi.– Olar... 
İlyas Əfəndiyev şaqqanaq çəkib gülürdü, hətta bəzən elə gülürdü ki, parterdə 
oturan tamaşaçılar başlarını qaldırıb lojaya baxırdı və həmin anlarda mən utanıb 
özümü kənara çəkirdim ki, məni görən olmasın. 
Gözəl günlər idi... 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə