Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə155/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   151   152   153   154   155   156   157   158   ...   161

 
320
– Sənin kimilərini mən çox görmüşəm!– deyə onun ardınca qışqırdı və zaldan 
çıxıb birbaşa direktorun kabinetinə getdi. 
Teatrın direktoru rəhmətlik Əliheydər Ələkbərov da, həmişəki kimi, o yüksək 
vəzifəli partiya funksionerini ötürmək əvəzinə, İlyas Əfəndiyevin ardınca, öz 
kabinetinə tərəf getdi və uzun müştüyünə taxdığı siqareti dilxor-dilxor çəkə-çəkə 
Tofiq Kazımov da, başqa teatr işçiləri də onların ardınca getdi.  
Cavan bir aspirant olan mən də Əliheydər Ələkbərovun kabinetinə getdim. 
İlyas Əfəndiyev direktorun kabinetindən telefonla o zaman Azərbaycan 
Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji işlər üzrə katibi işləyən Cəfər 
Cəfərova zəng elədi və əsəbi halda: 
– Cəfər, səninlə danışan «otyavlennıy nasionalist»dir! – dedi, sonra da indicə 
baş verənləri çox hiddətlə söylədi. 
Atamın xasiyyətinə yaxşı bələd olan Cəfər Cəfərov onu yanına dəvət etdi və 
İlyas Əfəndiyev, Allah bilir, axırıncı dəfə nə vaxt olduğu Mərkəzi Komitənin (indiki 
Nazirlər Kabinetinin) yerləşdiyi binaya getdi. 
Axşam o, evə qayıdanda məlum oldu ki, Cəfər müəllimin kabinetində həmin 
partiya funksionerinin iştirakı ilə çox gərgin söhbət keçib (o israr edirmiş ki, «Unuda 
bilmirəm» başdan-başa millətçilikdən ibarətdir və bu tamaşa Sovet Ittifaqı ilə başqa 
dövlətlər – yəni  Iran – arasında gərginliyə səbəb ola bilər; həm də şikayətlənib ki, 
İlyas Əfəndiyev onu o qədər camaatın arasında təhqir edib) və son qərar bu olub ki, 
katib özü gedib tamaşaya baxsın. 
Səhərisi gün Cəfər Cəfərov tamaşaya baxdı, əsəri də, yaradıcı heyətin işini də 
çox bəyəndi, mərdi-mərdanə fikrini açıq dedi və üç-dörd gündən sonra – noyabrın 1-
də – «Unuda bilmirəm»in çox uğurlu premyerası oldu və ağzınacan tamaşaçılarla 
dolu olan zal uzun müddət ayaq üstə artistləri alqışladı, İlyas Əfəndiyevi də, Tofiq 
Kazımovu, Emini, Solmazı da səhnəyə dəvət etdi.  
Aradan bu qədər illər keçib, amma «Unuda bilmirəm»in o ilk tamaşasında 
oynayan artistlər bu gün də o premyeranın uğurundan ağız dolusu danışırlar. 
«Unuda bilmirəm» tamaşası – eyni bir tamaşa – yuxarıda yazdığım kimi, düz 
17 il repertuarda qaldı, 500 dəfədən artıq göstərildi və bu rəqəmlər bizim teatr 
tariximizdə, şübhəsiz, unikal bir hadisədir. 
İlyas Əfəndiyev üçün, əlbəttə, xoş idi ki, tamaşa belə böyük bir uğur qazandı, 
amma o biri tərəfdən də: 
– Təki bu premyera Cəfərə baha başa gəlməsin! – deyə narahatlıq keçirirdi...   
«Unuda bilmirəm»dən sonra Cənub mövzusu İlyas Əfəndiyev 
dramaturgiyasında aparıcı xətlərdən birini təşkil edirdi və onun Azərbaycanın 
Bütövlüyü, Azərbaycanın müstəqilliyi barədəki fikirləri 1986-cı ildə tamaşaya 
qoyulmuş «Şeyx Xiyabani» əsərində, özünün, o zaman üçün təəccüblü görünəcək 
dərəcədə cəsarətli bədii ifadəsini tapdı.  
İlyas Əfəndiyevin bədii əsərlərdəki cəsarəti – daima yeniliyə meyli, yeni 
mövzular qaldırması, psixoloji dərinlərə varmaq ehtirası onun istedadına, həyatdakı 
cəsarəti isə – xarakterinin xüsusiyyətlərinə söykənirdi. 
1982-ci ilin payızında Azərbaycan ictimai həyatında, ümumiyyətlə, Sovet 
Azərbaycanının tarixində, o vaxta qədər heç bir başqa sovet respublikalarında 
analoqu olmayan bir hadisə baş verdi: Hüseyn Cavidin cənazəsi Sibir çöllərində 


 
321
axtarıldı, tapıldı, Bakıya gətirildi və bu münasibətlə Elmlər Akademiyasının 
binasında matəm mərasimi keçirildi.  
Həmin gecə, saat 2-dən keçmiş, o zaman Azərbaycan Kommunist Partiyası 
Mərkəzi Komitəsinin ideoloji işlər üzrə gənc, enerjili və açıq-aşkar bir milli 
təəssübkeşlik mövqeyində dayanan katibi Həsən Həsənov telefonla mənə evə zəng 
elədi. Onun sözlərini o gecə necə qeyd etmişəmsə, eləcə də, olduğu kimi, bu yazıya 
köçürürəm: 
– Elçin, salam. Sənə Heydər Əliyevin tapşırığı ilə zəng eləyirəm. Indicə 
büronun iclası qurtarıb. Hüseyn Cavidlə bağlı sənədlərə baxırdıq. Başdan-başa 
danoslardır, qələm yoldaşlarının yazdığı ifşalardır. Onu müdafiə eləyən yeganə 
məktubu İlyas Əfəndiyev yazıb. Yazıb ki, «Cavidi azad etmək lazımdır, çünki xalq, 
onsuz da, onu sevir, onu unutmayıb, ürəyində gizlin saxlayıb, onu oradan çıxarmaq 
mümkün deyil. Cavid azad olunsa, respublikada vətənpərvərlik ruhu da yüksələr.» 
Heydər Əliyev tapşırdı ki, bizim təşəkkürümüzü İlyas müəllimə çatdırım. 
Səhərisi gün mən bu telefon zəngini atama danışanda, yadına saldı ki, 
müharibə təzə başlayan vaxt Mərkəzi Komitəyə belə bir məktub yazmışdı... 
Stalin zamanı absurd hadisələr çox olub: bəzən Sistemin qulları tutulub 
antisistemçilər kimi güllələnirdi, bəzən də belə məktublar nəzərdən qaçırdı...  
Bir də ki, kim bilir, o məktub hansı əllərə düşüb, hansı hissləri yaradıb, bəlkə 
də, bilərəkdən görünməz bir küncə atılıb... 
İlyas Əfəndiyevin həyatında ağrılı-acılı hadisələr də az olmayıb, fərəhli, 
sevincli hadisələr də. 
Onun həyatındakı ən sevincli-fərəhli hadisələrdən biri, birincisi – 
Azərbaycanın müstəqqilliyi idi və mən çox şükürlər edirəm ki, tale bu müstəqilliyi 
görməyi ona qismət etdi. 
Onun həyatındakı ən ağrılı-acılı hadisələrdən biri isə – Qarabağın istilası və 
dağıdılması oldu və mənim üçün gün işığı kimi aydın bir həqiqətdir ki, Qarabağ 
sarsıntısı olmasaydı, İlyas Əfəndiyev daha artıq yaşayardı...       
 
9. 
 
İlyas Əfəndiyev yumoru sevən və hiss edən, duzlu (amma həddini aşmayan!) 
zarafatı xoşlayan və qiymətləndirməyi bacaran, təbiəti etibarilə canlı, sükunətdən 
darıxan, rəsmiyyəti, xüsusən də «partiya rəsmiyyətini» heç cürə qəbul etməyən, 
quru, emosiyasız insanlarla ünsiyyətdən darıxan (və qaçan!) bir adam idi. 
Yəqin elə təbiətinin bu cəhətlərinə görə də o, ədəbiyyatda, sənətdə satiranı (ölçü 
hissini aşmamaq, lağlağılığa varmamaq şərtilə!), yumoru duyur və qiymətləndirirdi. 
Mən indi bu sətirləri  yazanda fikirləşirəm ki, qəribədir, onun yumor hissinin bu 
dərəcədə zəngin olmasına baxmayaraq, demək olar ki, satirik əsər yazmırdı. Yalnız 
bir komediya – «Qəribə oğlan» – yazmışdı, bir də ki, «Yaylaq qonşumuz» 
hekayəsini satirik əsər hesab etmək olardı, vəssalam. Hətta bu əsərlərdə də onun 
qələmi imkan tapan kimi, lirik psixologizmə qaçırdı... 
Həyatda o, lirik-romantik söhbətləri heç xoşlamazdı, yəqin ona görə ki, lirika, 
romantika onun daxilində idi və daxilindəki həmin hissiyyat o qədər şəxsi idi  ki, 
onu başqa bir kimsənin müdaxiləsinə yaxın buraxmaq olmazdı (və buraxmırdı!), bu 
– başqalarının gözü qabağında soyunmaq kimi bir şey idi. Görünür, İlyas 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə