Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   33   34   35   36   37   38   39   40   ...   161

 
77
Təxminən otuz yaşlarında olan Murad İldırımlının sarışın və yaraşıqlı sifəti, 
göy gözləri, uzun boyu, şumal bədəni var idi və tamam bir əlacsızlıq içində, az qala, 
ağlını itirəcək Hadrut camaatı bu adamı adicə olaraq «Çeka» çağırırdı:  
«– Çeka çağırır!»  
«– Çeka səni soruşurdu!» 
«– Çeka düşmən tutub! Taunu düşmənlər yayıb Hadrutda!» 
«– Çeka indicə çapıb getdi!» 
Hələ yoluxmamış, salamat qalmış camaat taunun qarşısında heyvani bir qorxu 
hissi keçirirdi və camaatın gözündə tauna qalib gələ biləcək bir adam, bir varlıq 
vardısa, o da «Çeka» idi. Bu yerlərdə Baş Siyasi Idarədən (əvvəllər isə Fövqəladə 
Komissiyadan) qorxan kimi, heç nədən qorxmurdular – nə inqilabdan əvvəl, nə də 
inqilabdan sonra; tauna da ancaq bu qüvvə qalib gələ bilərdi.  
Murad İldırımlı yorulmaq bilmirdi və professor Zilber yorulub əldən düşdüyü 
vaxtlarda yuxusuzluqdan qızarmış gözləriylə hərdən bu adama baxanda, elə bil ki, 
yenidən güc toplayırdı. Müvəkkil qəti surətdə əmin idi və bunu dəfələrlə professor 
Zilberə bildirmişdi ki, taunu Hadruta düşmənlər gətirib, bu işdə xarici agenturanın 
və onların yerli əlaltılarının, qolçomaqların barmağı var. Professor Zilberin etirazı, 
elmi dəlilləri bu adamı heç cürə fikrindən yayındıra bilmirdi və günlərin bir ağır 
günündə Murad İldırımlı həyəcanla professor Zilberin yanına gəlib bildirdi ki, 
alınmış məlumata görə, düşmənlər taundan ölmüş meyitlərin qəbrini açır, bədən 
üzvlərini kəsib camaatın içində xəstəliyi yayırlar.  
Əlbəttə, bu, dəhşətli və ağlasığmaz bir xəbər idi, amma Baş Siyasi Idarənin 
müvəkkili: 
– Siz gözəl professorsunuz, yoldaş Zilber, ancaq xalq düşmənlərinin nəyə 
qadir olduğunu bilimirsiniz! Bütün bunlar kulakların işidir! Bütün bunların 
arxasında ingilislər dayanıb! Hadrutdakı taun təbii fəlakət deyil, sinfi təxribatdır! – 
deyib fikrindən dönmürdü.  
Professor Zilber Murad İldırımlını başa salmağa çalışdıqca hiss edirdi ki
müvəkkilin şübhələri daha da artır və o hətta professor Zilberin özündən də 
şübhələnməyə başlayır. Bəzən professor Zilber xəstələri müayinə edərkən, 
bakterioloji analizlər apararkən Murad İldırımlı gəlib onların yanında dayanırdı, 
diqqətlə baxırdı və bunun özündə də bir nəzarət var idi; o biri tərəfdən də professor 
Zilberin bu adama yazığı gəlirdi, çünki nə zərdab qəbul edirdi, nə əlcək geyib tənzif 
taxırdı, səhərdən axşamacan xəstələrin, meyitlərin arasında olsa da, özü ilə bağlı heç 
bir təhlükəsizlik tədbiri görmürdü, elə bil, əmin idi ki, hətta taun da «Çeka»ya heç 
nə edə bilməz.  
Nəhayət, professor Zilber camaat xəbər tutmasın deyə, gecə yarısı Murad 
İldırımlının müşayiəti ilə nöyüt lampasının işığında taundan ölmüş adamların 
qəbrini açdırmağa və meyitləri müayinə etməyə məcbur oldu.  
Müvəkkil yalnız döyüş meydanlarında və zəhmətkeş xalqın təəssübünü çəkən 
ədalətli edam hökmləri yerinə yetirilərkən (daha doğrusu, yerinə yetirildikdən sonra) 
meyit görmüşdü, amma o gecəyarısı Hadrut yaxınlığındakı o qəbirlərdən çıxarılan 
meyitlər dəhşətli xəstəlikdən ölmüş (və bunu ingilis casusları, kulaklar eləmişdilər!) 
adamlar idi və indi elə çürümüş vəziyyətdə idilər, elə iy verirdilər ki, müvəkkilin 
başı gicəllənirdi, ürəyi bulanırdı, amma gözünü kənara çəkmirdi, professor Zilberin 
meyitləri müayinə etməsinə baxırdı, heç bir şeyi nəzərdən qaçırmamağa çalışırdı, 


 
78
çünki zəhmətkeş xalqın düşmənlərinin heç bir əməli onu qorxuda bilməzdi! Hətta 
özünü saxlaya bilməyib bir az kənarda qusmağa başlayanda da gözlərini meyitdən 
və professor Zilberin əlcəkli əllərindən çəkmirdi.  
Sonra yenə də gəlib professorun yanında dayandı və birdən-birə hiss etdiyi 
soyuqdan əsə-əsə, çənəsi-çənəsinə dəyə-dəyə meyitlərə baxarkən, professor Zilberin 
müayinəsinə nəzarət edərkən o gecə çağı müvəkkilin ürəyində düşmənlərə qarşı elə 
bir qəzəb yarandı ki, əksinqilaba və xalq düşmənlərinə qarşı bu uzun illərin amansız 
mübarizəsində heç vaxt bu dərəcədə qəzəb, kin-küdurət hiss etməmişdi.  
Həmin gecə hamını, ilk növbədə isə professor Zilberi və onun həmkarlarını 
sarsıdan, hətta taundan da daha artıq dəhşətə gətirən hadisə bu oldu ki, qəbirdən 
çıxarılan dördüncü meyitin – bu, beş gün bundan əvvəl taundan həlak olmuş 
faytonçu Ovanes kişinin meyiti idi– döş qəfəsində bıçaq yarası tapıldı. Professor 
Zilber nöyüt lampasının işığında o bıçaq yarasını diqqətlə müayinə etdi: heç bir 
şübhə yox idi ki, meyit basdırılandan sonra, qəbri açıb döş qəfəsini zədələmişdilər.  
Həmin gecə başqa bir neçə meyitdə də bu cür bıçaq yaraları tapıldı və o 
meyitlərin, demək olar ki, hamısında ya döş qəfəsi, ya da qarın nahiyəsi 
zədələnmişdi. Professor Zilber nə elmi ədəbiyyatda belə şey oxumuşdu, nə də 
ömründə belə bir hadisəyə təsadüf etmişdi və o gecə yarısı qarın nahiyəsi kəsilmiş 
növbəti meyiti müayinə edə-edə heç nə başa düşə bilmirdi, eyni zamanda, əlbəttə, 
müvəkkilin sözlərinə də («Taunu zəhmətkeş xalqın arasında kulaklar, əksinqilabçılar 
yayıb. Bütün bunların arxasında ingilislər dayanıb! Zəhmətkeş xalqların qəddar 
düşməni beynəlxalq kapitalizm dayanıb!») inana bilmirdi.  
Professor Zilber neçə gün Hadrutda bir yerdə olduqları bu adamın – Murad 
İldırımlının yorulmazlığına, cəsurluğuna hörmət edirdi, amma onun kor-koranə 
nifrətdən doğan fantastik fikirlərini də qəbul edə bilmirdi. Hərgah düşmən gəlib bu 
qəbirləri açırsa, meyitləri çıxarıb kəsirsə, yaymaq üçün müəyyən miqdarda 
hüceyrələr götürürsə, axı, ilk növbədə onun özü özünü ölümə məhkum edirdi; 
hərgah bu düşmən yüksək ixtisaslı mütəxəssis deyildisə, taunlu meyitləri kəsərkən 
mütləq özü də yoluxmalı idi, həlak olmalı idi. Müvəkkilin fərziyyəsinə görə bu alçaq 
işlə məşğul olanlar Iran, Türkiyə sərhədini keçib gəlmiş müsavatçı millətçilər, 
monarxist ünsürlər, daşnaklar, ingilis casusları, eyni zamanda, yeni həyatın, 
kollektivləşdirmənin qəti əleyhdarları olan yerli kulaklar, qonşu rayonlardan gizlincə 
Hadruta gəlmiş xalq düşmənləri idi. Hərgah bu, doğrudan da, belə idisə, həmin 
müsavatçılardan, daşnaklardan, monarxçılardan, casuslardan, gəlmələrdən, heç 
olmasa, bir neçəsi mütləq ölənlərin arasında olmalı idi. Taundan həlak olanlar isə 
yalnız və yalnız Hadrut camaatı və yaxın üç erməni kəndinin sakinləri idi, 
tanınmayan, bilinməyən, adamsız, qohumsuz meyit yox idi, əksinə, camaat ailə-ailə 
taundan gedirdi. O biri tərəfdən isə qəbirlərin açılması, bir neçə taunlu meyitin 
bıçaqla zədələnməsi göz qabağında idi.  
Bir müddət keçəcəkdi, bakterioloji dəstənin, elə bil ki, insan qüvvəsindən xaric 
olan bir işgüzarlığının nəticəsində Hadrutdakı taun fironluğunun sona yetməyinə az 
qalacaqdı və o zaman tamam təsadüfən professor Zilberə aydın olacaqdı ki, bəzi 
qəbirlərin açılması, meyitlərin bıçaqla zədələnməsi, yerli türkəçarəçilərin əməli imiş 
– guya, taun həmin bıçaqdan qorxub çəkiləcəkmiş; türkəçarəçilər də öz üsulları ilə 
tauna qarşı gizli mübarizə aparırmışlar və bu mübarizə onlara baha başa gəlib, 
hamısı meyitlərdən yoluxub taundan həlak olublar...  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə