Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   35   36   37   38   39   40   41   42   ...   161

 
81
qaldırdı və həmin nigarançılıq onu seminarın işini yarımçıq buraxmağa, heç bir 
icazə almadan Hadruta qayıtmağa məcbur etdi.  
Səhər tezdən Şuşadan çıxıb yoldakı faytonlara, arabalara minə-minə 
axşamüstü gəlib Hadrut yaxınlıqlarına çıxan Xosrov müəllim uzaqdan yamac boyu 
yolu kəsmiş qızıl əsgərləri gördü; qızıl əsgərlər Hadruta getmək istəyən faytonları, 
arabaları, atlıları, çiyni xurcunlu piyada adamları saxlayıb geri qaytarırdılar.  
Xosrov müəllimə elə gəlirdi ki, bütün bunların ona dəxli yoxdu, bütün Hadrut 
onu tanıyır, onun Hadrutda üç uşağı, arvadı qalıb və heç kim onu Hadruta 
buraxmaya bilməz; yolun ortasına, kənarlarına doluşmuş, faytonların, arabaların, 
atların, eşşəklərin arasına yığışmış, dostları, yaxınları, doğmaları Hadrutda olan 
nigaran adamların içindən keçib qızıl əsgərlərə yaxınlaşdı, rəislərini soruşdu və nə 
dedisə də, özünü necə təqdim etdisə də, milliyətcə əsasən rus olan qızıl əsgərlər 
ancaq bir sözlə cavab verdilər: 
– Nelzya!.. V Qadrut nelzya!..  
– Ya je tam jivu! Tam moya semya, moi deti, moya jena!  
– Nelzya!..  
– Poçemu? Poçemu nelzya? Xot obyasnite! 
– Nelzya!..  
Əlbəttə, o zaman Xosrov müəllim bilmirdi ki, bu cavan qızıl əsgərlərə Hadruta 
gəlmək istəyən adamlarla söhbət etmək, Hadrutdakı hadisələr barədə bir söz demək 
qəti qadağan olunub (heç o cavan qızıl əsgərlərin də çoxunun Hadrutda, həqiqətən, 
nə baş verdiyindən xəbərləri yox idi);düzdü, Xosrov müəllim bunu bilmirdi və çox 
dərin bir nigarançılıq keçirirdi, amma onun o nigarançılığı, narahatlığı Hadrut 
müsibətinin yanında bir heç idi, Xosrov müəllim hələ bilmirdi ki, necə bir faciənin 
içindədi, bu faciənin əsl dəhşəti o zaman onun heç ağlına gəlmirdi...  
Amma nə isə baş vermişdi, nə isə çox ciddi bir hadisə olmuşdu, amma bu 
mürəkkəb dövrün, bu amansız zəmanənin özündə belə, altı yaşında, dörd yaşında, 
iki yaşında uşağın, bu uşaqların anasının başına nə gələ bilərdi? Qəribə idi, Xosrov 
müəllim yalnız baş verə biləcək siyasi hadisələr barədə düşünürdü, təbii fəlakət, 
misal üçün, yanğın, zəlzələ, heç ağlına da gəlmirdi.  
– Posluşayte, ya uçitel, prepodayu russkiy yazık! Sprosite lyuboqo qartrudtsa! 
Vse znayut menya! Pozvonite v ispolkom, pozvonite rukovoditelyam rayona, vse 
menya znayut!  
– Nelzya!.. V Qadrut nelzya!..  
– No poçemu? Poçemu nelzya? V çyem priçina? Mojet moqu bıt poleznım? 
Ya je prepodavatel russkoqo yazıka!  
– Nelzya!..  
Bu axşam evlərinə çatmağına ümidini, az qala, tamam itirmiş Xosrov müəllim 
yolu bağlamış yolbəndin o tərəfində qızıl əsgərlərdən birinə yaxınlaşıb nəsə deyən 
Qırmızı Yaqubu gördü. Qırmızı Yaqubun sifətinin rəngi, əslində, solğun idi və 
ümumiyyətlə, bədəncə zəif bir adam idi, inqilabdan əvvəl bütün bu tərəflərin məşhur 
nalbəndi idi, sonra zəhmətkeş sinfin nümayəndəsi kimi partiyaya keçdi, Qırmızı 
Yaqub oldu və həmin 1929-cu ildə Hadrut qəsəbə sovetində katib işləyirdi. Xosrov 
müəllim Qırmızı Yaqubu görəndə, elə bil ki, o axşamçağı gözlərinə işıq gəldi. 
– Yaqub yoldaş! Yaqub yoldaş!  


 
82
Qırmızı Yaqub Xosrov müəllimə tərəf baxdı. Xosrov müəllim kepkasını 
yuxarı qaldırdı, şərfini çənəsinin üstündən aşağı çəkdi: 
– Mənəm də, Yaqub yoldaş! Tanımadın məni? Xosrov müəlliməm də!.. 
Uçiteləm!..  
Qırmızı Yaqub o cavan qızıl əsgərdən ayrılıb yolbəndin yanına gəldi və 
Xosrov müəllimlə üzbəüz dayandı: 
– Niyə tanımıram! – dedi və Xosrov müəllim Qırmızı Yaqubun səsində 
dünyanın ən dərin bir kədərini hiss etdi və bax, elə həmin dəqiqə Xosrov müəllimin 
içindəki o nigarançılıq dəhşətli bir qorxu hissinə çevrildi, ürəyi ən bəd bir xəbər 
ərəfəsində şiddətlə döyünməyə başladı və Xosrov müəllim sonralar da uzun ömrü 
boyu Qırmızı Yaqubla həmin üzbəüz məqamı xatırlayanda, ürəyi eləcə şiddətlə 
döyünürdü, elə bil ki, yenə heç nə bilmirdi və o dəhşətli xəbərin ərəfəsində idi; 
Qırmızı Yaqubun səsi də dəyişmişdi və cansızlığına, çəlimsizliyinə baxmayaraq, 
amiranə danışan, özünü yeni hökumətin inanılmış nümayəndəsi hesab eləyən bu 
adam indi, elə bil ki, başqalaşmışdı, yenə də əvvəlki adi nalbənd olmuşdu; yox, bu, 
düşmən-zad əhvalatı deyildi. 
– Tanıdın? Bəs niyə buraxdırmırsan məni? 
– Getmə, uçitel, getməli yer deyil Hadrut!..  
– Niyə?– Bu sualı Xosrov müəllim vermədi, yox, bu – ərəfəsində olduğu o 
dəhşətin səsi idi, o dəhşətin sualı idi. 
Hadrutun bütün aktivinə, o cümlədən də Qırmızı Yaquba tapşırıq belə idi ki, 
taun haqqında bir kəlmə də söz demək olmazdı və Qırmızı Yaqubun gəlib bu 
yolbəndin arxasından Xosrov müəllimlə danışmağının özü də təlimatı pozmaq idi, 
bunun üstündə onu güllələyə bilərdilər, amma Qırmızı Yaqub Xosrov müəllimi 
beləcə yolbəndin ardında qoyub gedə bilmirdi, bu bolşeviki də qəhər boğurdu. 
– Soruşma, uçitel, soruşma...  
– Nə olub axı?! 
– Başını götür, get, uçitel, qaç buralardan! Bir də ömründə heç vaxt bu 
tərəflərə gəlmə!..  
– Sən nə danışırsan, a kişi?! Mənim orda üç balam var, ailəm var! Heç bilirsən 
nə danışırsan?!– Xosrov müəllim iki əli ilə yolbəndin üstündən Qırmızı Yaqubun 
şinelinin yaxasından yapışdı, silkələməyə başladı və silkələdikcə də o şinelin 
içindəki bədənin cansızlığını, yüngüllüyünü hiss etdi, hətta Xosrov müəllimə elə 
gəldi ki, bu saat buraxmasa, bu adam ölə bilər – əlləri süst yanına düşdü və tamam 
ümidsiz bir səslə: – Axı, mənim orda... – təkrar etdi, – mənim orda üç balam var, 
ailəm var...  
– Yoxdu, uçitel, sənin daha orda heç kimin yoxdu!.. – Və Qırmızı Yaqub daha 
o axşamüstü, Xosrov müəllimin böyüyüb, az qala, hədəqəsindən çıxacaq gözlərinə 
baxa bilmədi, arxaya çevrilib yorğun addımlarla yolbəndin yanından uzaqlaşdı.  
Qırmızı Yaqub işin içində idi, Hadrutda taundan həlak olanların hamısını 
tanıyırdı və yaxşı bilirdi ki, Xosrov müəllimin oğlanlarının üçü də, arvadı da 
dalbadal həlak olublar...  
Qızıl əsgərlərin komandirlərindən biri şübhə ilə Qırmızı Yaquba tərəf baxırdı 
və bu adamın təlimatı pozub, indicə yolbəndin yanında Hadruta gəlmək 
istəyənlərdən biri ilə danışdığını görmüşdü, amma o şübhəli baxışlar daha Qırmızı 
Yaqubun vecinə deyildi və ayaqları onu cəhənnəmin içinə – Hadruta sürüyürdü...  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə