Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   43   44   45   46   47   48   49   50   ...   161

 
98
 
1939-cu ilin qış günlərindən biri idi və havalar uzun müddət mülayim 
keçəndən sonra, birdən-birə həmin gün bütün gecəni qar yağmışdı, Bakının 
küçələrini, binaların damını, eyvanını, xüsusən, gediş-gəlişin az olduğu yuxarı 
məhəllələri (Ələsgər müəllimin ikiotaqlı, mətbəxli mənzili Bakının dağlıq 
hissəsindəki belə məhəllələrdən birindəki birmərtəbəli kiçik binada idi) qar basmışdı 
və qəribə idi, bu gözlənilməz soyuq həmişə rahatlığı, istini xoşlayan Ələsgər 
müəllimi nəinki narazı salmışdı, narahat etmişdi, əksinə, hər tərəfi bürümüş o 
tərtəmiz qar ağlığı Ələsgər müəllimin bütün içinə bir coşğunluq, bir ruh yüksəkliyi, 
hətta – nə qədər ağlasığmaz olsa da – bir hərarət gətirmişdi (qar və hərarət!); elə bil 
ki, o qış günü qarın o tərtəmiz ağlığı, ümumiyyətlə, daha dünyanın qara yox, ağ 
günlərindən xəbər verirdi, elə bil, o ağlıq, o təmizlik əməllərin bundan sonrakı 
salehliyindən deyirdi və Ələsgər müəllim mətbəxdə divardan asılıb altına da girdə 
tas qoyulmuş əlüzyuyanda həmin coşğunluq, həmin gözəl ovqatla əllərini tərtəmiz 
yuyub: 
– Gətir o toyuqları bura, mən doğrayım!– dedi.  
Ələsgər müəllimin arvadı Firuzə xanım qaynar düyünü aşsüzənə boşalda-
boşalda və ətli sifətini də düyünün buğundan yan tutub tez-tez nəfəs ala-ala: 
– Sən darıxma, – dedi, – sən darıxma... hər şey qaydasında olacaq. Sən 
darıxma...  
Firuzə xanım düz deyirdi və Ələsgər müəllim özü də bunu çox yaxşı bilirdi: 
işdə, dostların, tanışların arasında nə qədər təmkinliydisə, evdə, məişətdə bir o qədər 
narahat, darıxan adam idi, misal üçün, hər il yayda üçü də bir yerdə – yəni Ələsgər 
müəllim, Firuzə xanım, bir də Arzu – Kislovodska gedəndə arvadını da, qızını da o 
qədər tələsdirirdi ki, qatarın tərpənməyinə hələ üç saat qalmış vağzala yollanırdılar...  
Bu gün də məktəbdən tez qayıtmışdı ki, Firuzə xanıma kömək eləsin – bir 
həftə idi ki, Ələsgər müəllim bu gün axşamkı qonaqlığın narahatlığını keçirirdi; 
bilirdi ki, hər şey qaydasında olacaq, Firuzə xanım gözəl bir süfrə açacaq, kök və ilk 
baxışda ağır adam görünsə də, əslində, çox cəld idi, hər şeyi vaxtlı-vaxtında 
hazırlayacaqdı, qonaqlar Arzunun şərəfinə sağlıqlar deyəcəkdi, yeyib-içəcəkdilər, 
uzun sözün qısası, həmişəki kimi gözəl bir məclis keçəcəkdi – bütün bunları bilirdi, 
amma yenə də narahatlıq keçirirdi, darıxırdı.  
– Bir şey almaq lazım deyil ki? 
Firuzə xanım plovu dədə-babadan qalmış mis qazanda «kerosinka»nın üstünə 
– dəmə qoya-qoya:  
– Yox ey, hər şey var, – dedi. – Sən narahat olma...  
– Çörək az deyil?  
– Yox, yox... Sən narahat olma, hər şey düzələcək...  
Ələsgər müəllim Firuzə xanımın tərləmiş sifətinə baxa-baxa gülümsədi: özü 
evdə-eşikdə o qədər səbrsiz adam idi ki, bu səbrsizlik, bu narahatlıq Firuzə xanıma 
da keçmişdi və Firuzə xanımın «sən darıxma, sən narahat olma» sözləri indi daha 
çox özünün narahatlığını göstərirdi; amma bu gözəl qar lap vaxtında yağmışdı, çünki 
həddən artıq kök olduğu üçün tez-tez tərləyən Firuzə xanım qonaqlıqqabağı lap 
əldən düşürdü, amma indi «kerosinka»nın birində plov dəmdə idi, o biri 
«kerosinka»nın üstündə yarpaq dolması bişirdi, soyutma toyuqlar bir tərəfə 
yığılmışdı, Ələsgər müəllimin dünən Kömürçü meydanında bir səlyanlıdan alıb 


 
99
gətirdiyi iki dənə Kür xəşəmi tavada qızardılmışdı – mətbəx isə sərin idi və Firuzə 
xanım da əvvəlkilərə nisbətən az tərləyirdi.  
Ələsgər müəllimgilə adam az-az gəlib-gedirdi və üç nəfərdən ibarət bu ailə 
bir-birinə o qədər öyrənmişdi, beləcə bir üçlük onlar üçün o qədər öyrəncəli 
olmuşdu ki, evlərinə başqa bir adam gələndə özlərini naqolay hiss edirdilər. Firuzə 
xanımın qohumları uzaqda – Naxçıvanda yaşayırdılar və ildə-ayda bir dəfə o 
qohumlardan kiminsə yolu Bakıya düşürdü, yay vaxtı Ələsgər müəllimgilə Ordubad 
şəftəlisindən, ərikdən, armuddan, gavalıdan pay gətirirdi və anası kimi kök olan 
Arzu bu meyvələrin hamısını yeyib qurtarırdı; qış vaxtı isə qoz, fındıq, badam 
ləpəsi, ərik, tut, gilənar, albuxara qurusu gətirirdilər və Firuzə xanım o gözəl 
xuruşun hamısını yığıb hər il keçirtdikləri bu yeganə qonaqlıq üçün saxlayırdı. 
Ələsgər müəllimin isə elə bir yaxın qohumu qalmamışdı, qalanlar da Qubada 
yaşayırdılar və Bakıya da demək olar ki, gəlmirdilər.  
Ələsgər müəllimlə Firuzə xanım 1921-ci ildə evlənmişdilər, o vaxt Ələsgər 
müəllimin otuz bir yaşı var idi, Bakıda təzəcə məktəb müdiri təyin olunmuşdu. 
Firuzə xanımın isə iyirmi altı yaşı var idi və Firuzə xanımın atası, rəhmətlik 
Qəzənfər kişi həmin məktəbdə təsərrüfat işləri üzrə müdir müavini idi. Firuzə xanım 
elə o vaxt da beləcə kök idi və Ələsgər müəllimin də kök arvadlardan xoşu gəlirdi.  
Ələsgər müəllimlə Firuzə xanımın düz səkkiz il uşağı olmadı, Firuzə xanım 
türkəçarə qalmadı, hamısını elədi, Ələsgər müəllim, hələ keçən əsrdə Istanbul 
Universitetində təhsil almış və Bakıda uşaqdan böyüyəcən hamının tanıyıb hörmət 
etdiyi professor Fazil Ziyadan xeyirli məsləhətlər aldı, nəhayət, 1929-cu ilin qışında 
bir qızları dünyaya gəldi və Ələsgər müəllim o qızın adını Arzu qoydu və həmin 
vaxtdan da hər il qışda, Arzunun anadan olduğu gündə Ələsgər müəllimgilin evində 
gözəl bir qonaqlıq keçirilirdi.  
Professor Fazil Ziya da Ələsgər müəllimin xüsusi dəvəti ilə əvvəllər bu 
qonaqlıqlarda iştirak edərdi. Qəribə ziyalı bir adam idi, küçədə gəzəndə həmişə öz-
özünə xalq mahnılarını dodaqaltı zümzümə edərdi, müayinə etdiyi adamlara 
xəstəliklərindən asılı olmayaraq: «– Tez-tez teatra gedin!.. – deyərdi, bir də ki, – 
plov yeyin!.. – deyərdi. – Amma az yeyin....» Sonralar professor Fazil Ziya çox 
qocaldığı üçün (yaşı səksəni keçmişdi), daha evdən az çıxırdı və qış vaxtı Arzunun 
qonaqlığına gələ bimirdi, buna görə də Ələsgər müəllim hər dəfə Arzunun anadan 
olduğu gün özü şəxsən professor Fazil Ziyanın evinə gedib kişiyə bir dəstə qızılgül 
təqdim edirdi, amma... Keçən il Fazil Ziya xalq düşməni kimi ifşa olundu, hələ XIX 
əsrdə Türkiyədə təhsil aldığı üçün türk casusu və azğın pantürkist elan edildi, sovet 
Azərbaycanında faşizm ideyalarının təbliğində günahlandırıldı və həbs olunub 
güllələndi. Nə isə, belə bir gözəl gündə bu sayaq şeylər barədə fikirləşmək lazım 
deyil...  
Arzu çox gözəl və ağıllı bir uşaq idi, hələ beş yaşı tamam olmamış, 
Azərbaycan əlifbasını da, rus əlifbasını da öyrənmişdi və o vaxtdan da hər iki dildə 
yazılmış kitablar Arzu üçün hər şey idi; bu uşaq kitabı kəşf etmişdi və başa 
düşmüşdü ki, bütün oyuncaqlar, bütün oyunlar, bütün söhbətlər, hətta böyüklərin 
söhbətləri də kitabın yanında heç nədir. Arzu o qədər oxuyurdu ki, bəzən nəinki 
Firuzə xanım, hətta Ələsgər müəllimin özü də narahat olurdu, uşağı dəniz kənarında 
gəzməyə çıxarırdı, konsertə, kinoya, teatra aparırdı. Arzu atasıyla birlikdə Qliyerin 
«Şah Sənəm» operasına, Azərbaycan Dram Teatrında «Otello»ya, Rus Dram 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə