Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   42   43   44   45   46   47   48   49   ...   161

 
95
Gicbəsər, elə bil ki, harasa uzaqlara qayıdırdı, lap cıqqılı küçüklük dövrünə qayıdırdı 
və çoxdan unudulmuş o hərarətin xatirəsini duyurdu...  
Iy iyə qarışdı və bunu birinci hiss edən Gicbəsər oldu, nigarançılıqla başını 
qaldırıb dalanın girəcəyinə nəzər saldı və arıq kişi də itin nigarançılığını o saat 
duydu və birdən-birə heyvani bir qorxu çəkən rəngsiz gözləriylə küçəyə tərəf baxdı, 
sövq-təbii bir hərəkətlə sağ əlindəki yarımçıq şüşəni qəhvəyi pencəyinin döş cibinə 
soxdu, həyəcandan titrəyə-titrəyə tez-tez pıçıldamağa başladı: 
– It olmaq istəyir-r-rəm!.. It olmaq istəyir-r-rəm!.. It olmaq istəyir-r-rəm!..  
Bu vaxt dalanın girəcəyində iki nəfər – bir kişi və bir qadın – göründü və ikisi 
də ayaq saxlayıb yerlərində səndirləyə-səndirləyə dar dalanın içinə tərəf baxdı, sonra 
qadın əlini uzadıb dirəyin dibində oturmuş arıq kişini göstərə-göstərə cır səsiylə 
qışqırdı: 
– Vot on, pederas!.. Spryatalsya zdes da, kurva?! 
O iki nəfərin dirəyə tərəf yüyürməyiylə bütün bu dar dalanın başdan-başa spirt 
iyiylə dolması bir oldu və o iki nəfər dirəyin dibində oturmuş o adamın başının 
üstünü elə sürətlə aldılar ki, bu yazıq heç tərpənməyə də macal tapmadı; həmin iki 
nəfər bir göz qırpımında dirəyin yanına çatan kimi, onlardan biri – uzun kişi dirəyin 
dibində oturmuş (və titrəyə-titrəyə elə hey pıçıldayan: «–It olmaq istəyir-r-rəm!..It 
olmaq istəyir-r-rəm!..») adamın sifətinə zərblə bir təpik vurdu və bu zərbə o qədər 
güclü oldu ki, özü də ayaq üstə dura bilmədi, arxası üstə yerə sərildi. 
Dirəyin dibində oturub əsə-əsə elə hey pıçıldayan o arıq kişi: 
– Vay!.. – deyib iki əliylə də sifətini tutdu və parçalanmış dodaqlarından axan 
qan barmaqlarının arasından süzülməyə başladı, çirkli dırnaqlarını qıpqırmızı 
qızartdı.  
Qadın yerə sərilmiş dostuna məhəl qoymadı və iki əliylə dirəyin dibində 
oturub üzünü qapamış arıq kişinin pırpızaqlı çal saçlarından yapışdı:  
– Ubejat xotel da? Pederas!.. Qde vino? – və o bədbəxtin başını dirəyə 
döyəcləməyə başladı. – Skaji qde vino?.. Ubyom tebya!.. Ubyom!.. Kurva!..  
Yerə sərilmiş uzun kişi də ayağa qalxdı. Qadın rus idi və rusca danışırdı, uzun 
kişi isə azərbaycanca: 
– Oğraş!.. – dedi. – Bizi aldadıb qaçmaq istədin, hə?! Tək içmək istəyirsən, ay 
əclaf?! Məni aldatmaq olar?..  
Qadın isə sakitləşmək bilmirdi, sifətindən qan axan o arıq kişinin başını dirəyə 
döyəcləyə-döyəcləyə: 
– Qde vino?– qışqırırdı. – Qde kurva?! Qde vino?..  
Uzun kişi yenə də ayağını qaldırıb dirəyin dibindəki o arıq kişini vurmaq istədi 
və bu vaxt Gicbəsər bütün içindən axıb gələn bir hirslə bərkdən hürməyə başladı; it 
bayaqdan bəri, elə bil ki, çaşıb qalmışdı və yalnız indi özünə gəlirdi; düzdü, təpiyin 
nə olduğunu yaxşı bildiyi üçün, uzun kişiyə yaxınlaşmırdı, amma onun ətrafına 
fırlana-fırlana var gücüylə hürürdü. 
Qadın: 
– Paşol!– qışqırdı və o bədbəxtin saçlarını buraxıb itin üstünə qaçdı, təpik atdı, 
amma ayağı itə dəymədi, ikinci dəfə təpik atdı və Gicbəsər bütün ömründə birinci 
dəfə dişləri ilə insan qıçından yapışdı.  
Qadın:  


 
96
– Oy!.. – qışqırdı və ayağını dartdı, amma Gicbəsər, arvadın topuğunu 
ağzından buraxmadı və onsuz da, ayaq üstə güclə dayanan o qadın arxası üstə yerə 
yıxıldı, donunun ətəkləri yuxarı qalxdı və əyninə alt paltarı geymədiyi üçün, vaxtsız 
solub əldən düşmüş bədəni, az qala, göbəyinəcən çılpaq qaldı.  
O vaxt ki, Gicbəsər ağzında qan tamını hiss etdi, arvadın topuğunu buraxdı və 
kənara çəkilib daha da bərkdən hürməyə başladı.  
Tünd sarı rəngli o üç həyət qapısı, elə bil ki, bir-birləriylə sözləşiblərmiş kimi, 
üçü də birdən açıldı və kiçikli-böyüklü bir dəstə adam o qapılardan dar dalana çıxdı. 
Bu adamların hamısı arvadlar və uşaqlar idi, aralarında kişi xeylağı yox idi, çünki bu 
məhəllədə kişilərin hər səs-küydən ötrü dalana, küçəyə çıxmağı ayıb sayılırdı, kişiyə 
yaraşmazdı. Görünür, bu vaxtlarda o dar dalanın camaatı nahar hazırlamaqla məşğul 
olurdu– arvadların əli döyülmüş ətə, una, yağa bulaşmışdı və əllərini döşlüklərinə 
silə-silə bu arvadlar da, uşaqlar da elə bir hay-küy saldılar ki, elə bil, bu dar dalan 
min il bundan əvvəl də belə bir haray-həşir içində olmuşdu və min il bundan sonra 
da belə olacaqdı.  
– Vay, köpəy uşağı!..  
– Ağəz, buna bax e, bu qancığa bax e!..  
– Vay-vay-vay!..  
– Ağəz, trusik geyməyib e...!  
– Tfu sənə!..  
– Pyaniskələrdi!..  
Dalana dolmuş arvad-uşağın arasında on dörd-on beş yaşlarında, bığ yerinin 
tükləri qaralmağa başlamış kök bir oğlan da var idi və dalana çıxan kimi həmin 
oğlanın gözləri o saat yerə yıxılmış o qadının çılpaq ayaqlarının arasını aldı.  
– Ağəz, qov buları!..  
– Tfu sənə!..  
– Ağəz, ört bu qəhbənin üstünü də!..  
– Tez elə!..  
Tfu sənə, qancıq!..  
– Bu birisinin ağzını partdadıblar!..  
– Durun, köpək uşağı, durun!..  
– Vur bu qəhbəni!..  
– Ala!..  
– Ağəz, vurun e, bunnarı, adam döyül ki, bunnar!..  
Bir dəstə ayaq, bir dəstə əl o üç nəfərin – dodaqları partlamış o adamın, o uzun 
kişinin və topuğundan qan axan o qadının üstünə cumdu, damarları şişmiş 
boğazlardan çıxan səslər, elə bil ki, o dar dalanın təzəcə əhənglənmiş divarlarına 
hopurdu, həmişə bu divarlarda qalacaqdı və bu adamlarla birlikdə o divarlar da 
qışqırırdı: 
– Əclaf oğlu əclaf!..  
– Pyaniskə köpək oğlu!..  
– Ay qəhbə!..  
– Vur bunnarı!..  
– Al!..  
– Ay qancıq, trusik gey də!.. 
– Al!..  


 
97
Gicbəsər o dar dalanın küncünə qısılıb mırıldaya-mırıldaya gözlərinin 
qabağında atılan bu təpiklərə, vurulan yumruqlara, çəkilən sillələrə baxırdı, o 
adamların, o dar dalanın divarlarının haray-həşirinə qulaq asırdı və bu dəm itin 
qəhvəyi-qara tükləri pişik tükü kimi qabarmışdı; it bu adamların arasından qaçıb o 
dar dalandan uzaqlaşa bilmirdi, qorxurdu.  
– Al!.. 
– Bir də gələcəksən bura, hə?..  
– Ay qancıq, tfu sənə!..  
– Bu da azdı sənə, oğraş oğlu, oğraş!...  
– Al!..  
– Ay əclaf!..  
Dar dalandan qaçıb birinci canını qurtaran, o uzun kişi oldu, sonra dodaqları 
partlamış arıq kişi qaça bildi (bütün bu müddət ərzində sifətinin qanına bulaşmış sağ 
əliylə qəhvəyi pencəyinin üstündən çaxır şüşəsini tutmuşdu ki, sınmasın, əyilib 
tökülməsin), sonra da səndirləyə-səndirləyə o qadın qaçdı və o qadın başını götürüb 
qaçanda həyətdən çıxmış həmin on dörd-on beş yaşlarında kök oğlan dar dalandakı 
o basırıqdan istifadə edib əlini donun üstündən arvadın paçalarının arasına basdı; 
oğlanın bu hərəkətini anası o saat gördü və hirsindən yanıb yaxıla-yaxıla:  
– Ədə, sən neynirsən?! – qışqırdı. – Kül sənin başuva!– Və oğlunun yay 
qabağı ülgüclə təzəcə dibindən qırxılmış başına yağlı bir qapaz çəkdi və o qapazın 
səsi bu dar dalandakı hay-küyün son sədası oldu: o üç tünd sarı qapı birdən-birə necə 
açılmışdısa, yenə də birdən-birə eləcə açıldı, bu qədər camaat birdən-birə necə 
dalana tökülmüşdülərsə, eləcə də birdən-birə hamı həyətlərə girdi, o tünd sarı qapılar 
da yenə kip örtüldü.  
Dar dalanda təkcə o on dörd-on beş yaşlı kök oğlan qalmışdı, bir də ki, dalanın 
dibinə qısılmış Gicbəsər.  
O üç nəfər başını götürüb qaçmışdı, həyətdən çıxmış adamlar daha hay-küy 
salmırdı, o on dörd-on beş yaşlı kök oğlan susmuşdu, Gicbəsər daha mırıldamırdı, 
amma elə bil ki, bu dar dalanın göyümtülə çalan əhəngli divarları hələ də 
guruldayırdı.  
Gicbəsər başını aşağı saldı, qulaqları yatdı, quyruğunu buladı və it asta 
addımlarla çıxıb getmək istədi, amma bu vaxt o kök oğlan Gicbəsəri gördü və 
bayaqkı qapazın ağrısının, acısının, pərtliyinin hirsini itin üstünə tökdü: 
– Paşol atsuda!..  
 Və oğlan əyilib yerdən kiçik bir qənbər götürdü.  
Gicbəsər başa düşdü ki, bu saat ağır bir zərbə alacaq və irəli sıçrayıb iti 
addımlarla qaçıb getmək istədi, amma oğlanın zərblə atdığı o qənbər dalandan 
çıxhaçıxda Gicbəsərin qabırğalarının altına dəydi və it bu zərbədən zingildəyə-
zingildəyə küçə ilə üzüaşağı qaçmağa başladı. 
Gicbəsər var gücü ilə o dar dalandan uzaqlaşmaq istəyirdi.  
Divarları təzəcə əhənglənmiş o dar dalan, kip örtülmüş o tünd sarı rəngli 
qapılar arxada qaldı.  
 
 7 
QONAQLIQ 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə