Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   39   40   41   42   43   44   45   46   ...   161

 
89
Bayaqdan bəri qızıl əsgərlərlə birlikdə Hadrut camaatının qabağını kəsməyə, 
onları tonqala tərəf buraxmamağa çalışan Qırmızı Yaqub indi professor Zilberin 
yanında dayanmışdı və hələ də tövşüyə-tövşüyə dəsmalla üz-gözünün tərini silirdi; 
professor Zilberin boğuq və həyəcandan titrəyən pıçıltısını eşitdi, professor Zilberin 
baxdığı səmtə baxdı, dizləri və ayaqları üstə dayanıb işıldayan gözlərini tonqala 
zilləyib, xırıltılı bir səslə, qırıq-qırıq it kimi zingildəyən o adamı gördü və tanıdı. 
– Tot çelovek... – Qırmızı Yaqub həm rus dilini pis bildiyi üçün, həm də o 
adamın yamandan da yaman halına yandığı üçün, sözləri tapmaqda çətinlik çəkirdi. 
– Uçitel... Russkiy yazık dayot v şkole... Tri malenkix sına paqibli!.. Tri sına... 
malenkix-malenkix... Jena toje poqib... Sam zdes ne bıl...  
– A kak oçutilsya zdes? Kak prorvalsya v Qadrut?  
– Ne znayu... – Kak ptitsa... – Və Qırmızı Yaqubun gözləri doldu; 
Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra doqquz il ərzində başqalarını 
ağladan bu adam indi özü uşaq kimi içini çəkə-çəkə ağlamağa başladı.  
Qırmızı Yaqub doğrudan da başa düşə bilmirdi ki, Xosrov müəllim bura necə 
gəlib çıxıb? Qızıl əsgərlər təkcə yolların qabağını kəsməmişdi, bütün Hadrut 
ərazisini – dağı, dərəni, meşəni – hər yeri dövrəyə almışdı və belə bir mühasirədən 
keçib gəlmək mümkün deyildi. Xosrov müəllim – bu bədbəxt oğlu bədbəxt uçitel – 
necə gəlib buralara çıxmışdı? Buralara gələndə niyə başına bir daş düşüb o bədbəxti 
öldürməmişdi?  
Neçə-neçə illərdən sonra da Xosrov müəllimin özü də yadına sala bilmirdi ki, 
Hadruta necə girmişdi, o bomboş həyətlərinə necə gedib çıxmışdı, evlərinin 
dərmanlanmış bağlı qapılarını, armud ağacının dibində ölüb qalmış o xoruzu 
(görünür, bu həyətdə ən axırıncı o xoruz ölmüşdü) necə görmüşdü, adamlara 
qoşulub o tonqalın üstünə necə getmişdi? O boş həyət də, o dərmanlanmış və qapı-
pəncərəsi bağlanmış ev də, ay işığında rəngbərəng lələkləri hələ də şövqünü 
itirməmiş o ölü xoruz da, o yanan tonqal da, bir nəfərin iki əlilə başının üstündə 
fırlatdığı o məşəl də Xosrov müəllimin yadında idi və uzun ömrü boyu da heç vaxt 
yadından çıxmırdı, amma qızıl əsgərlərin o mühasirəsini necə keçməyi yadında 
deyildi. Bircə o yadında idi ki, axşamüstü yolbəndin yanında Qırmızı Yaqubla 
söhbətdən sonra, özünü o dərədən bu dərəyə vururdu, o daşdan bu daşın üstünə 
atılırdı, onu qovurdular, buraxmırdılar, tüfəngin qundağı ilə vururdular, tutub 
saxlamaq istəyirdilər, amma yenə də qaçırdı, dırnaqları ilə daşdan, torpaqdan yapışa-
yapışa təpəyə, dağa qalxırdı, kolların içinə girirdi, ağacların arasında dolanırdı...  
o gecəyarısı o tonqal eləcə yandı...  
sonra o alov zəiflədi, zəiflədi, söndü...  
o yerləri yenə də gecənin qaranlığı aldı və o qaranlıq içində yalnız tonqalın 
zəif közü qızarırdı...  
buralara tamam bir sakitlik çökmüşdü, dalğa-dalğa bu ətrafa yayılan o həyəcan 
da dağılmışdı...  
və elə bil ki, o dağılan həyəcan o tonqal qoxusunu da yavaş-yavaş buralardan 
çəkib aparırdı.  
Hadrut camaatı da, qızıl əsgərlər də, bakterioloji dəstə də – hamı bu yerdən 
çıxıb getmişdi...  
Indi bu yerlər tamam bomboş idi...  


 
90
təkcə o kiçik dağ çayı axan tərəfdən qurbağaların qurultusu eşidilirdi və indi o 
qurbağa qurultusunda qeyri-təbii bir şey yox idi, əksinə, elə bil ki, ay işığında 
başının qarı güclə sezilən o uzaq dağların, görünməyən meşələrin, elə o kiçik dağ 
çayının özünün səsi idi...  
təbiətin səsi idi....  
Babadağın ətəyindəki o uzaq kənddə də gecələr qurbağalar belə quruldayardı...  
o kənddə bir qarı qaldı, qayğıların yorub əldən saldığı qoca bir kişi qaldı, bir 
də Züleyxa adında cavan bir qız qaldı... 
gələcək o cavan qızın idi...  
gələcək o cavan qızın uşaqlarının, nəvələrinin idi...  
bir azdan səhər aşılacaqdı...  
sonra günlər ötəcəkdi, yağış yağacaqdı, qar yağacaqdı...  
illər bir-birini əvəz edəcəkdi...  
və o zaman o tonqal yerinin izi-sorağı da qalmayacaqdı, o tonqal yerində 
güllər, çiçəklər açacaqdı, azad zəhmətkeş balaları, o yerlərdə, o güllərin, çiçəklərin 
arasında oynayacaqdı...  
və o zaman Murad İldırımlı həyatda olmayacaqdı...  
amma Hadrutun özü də, kəndləri də başdan-başa elektrikləşdiriləcəkdi... 
bu kəndlər traktorlarla və başqa kənd təsərrüfatı texnikası ilə təchiz 
ediləcəkdi... 
sosializm qələbə çalacaqdı, kommunizm qurulacaqdı...  
kapital dünyası məhv ediləcəkdi, bütün dünya proletariatı azad olacaqdı...  
və o zaman bütün bu iztirabların hamısı həmişəlik bir keçmişdə qalacaqdı...  
Azərbaycan SSR Baş Siyasi Idarəsinin səlahiyyətli müvəkkili Murad İldırımlı 
boz ürgəni ardınca çəkə-çəkə, ayağı ayağına dolaşa-dolaşa adda-budda közü qızaran 
o tonqala tərəf gedirdi və bu adam həmin Gələcəyin sevincini, fərəhini, həmin 
Keçmişin ağrısını, acısını da eyni vaxtda ürəyində hiss edirdi.  
Boz ürgə də xəstələnmişdi, Murad İldırımlı bunu bilirdi və boz ürgə də, elə bil 
ki, tonqala tərəf bu taqətsiz yerişin son yeriş olduğunu, sahibinin onu son mənzilə 
çəkdiyini hiss edirdi, irəliləmək istəmirdi, amma Murad İldırımlı yüyəni darta-darta 
boz ürgəni ardınca aparırdı.  
Get-gedə o tonqal yerindən gələn isti artırdı, o qoxu çoxalırdı və boz ürgə 
fınxırıb başını geri dartırdı, amma qızdırmanın içində yanan səlahiyyətli müvəkkil 
yüyəni əlindən buraxmırdı.  
Gəlib lap közün kənarında dayandılar və boz ürgə istidən boynunu kənara 
çəkirdi, taqətsiz halda yerində oynayırdı, sahibinin əlindən buraxılmaq istəyirdi, 
amma buraxıla bilmirdi.  
Səlahiyyətli müvəkkil yüyəni sol əlinin biləyinə dolaya-dolaya boz ürgəni 
özünə lap yaxınlaşdırdı və atın o iri və narahat, nigaran gözlərinə baxdı, sonra sağ 
əlində tutduğu tapançanı qaldırdı və atəş açıb boz ürgənin gicgahından vurdu.  
Əvvəlcə atın qabaq ayaqları büküldü, iri gözləri uzaq bir nöqtəyə zillənib 
dondu, sonra böyrü üstə yerə sərildi, başını uzatdı, sifətinin bir tərəfi qıpqırmızı 
qızaran közlərin üstünə düşdü, amma boz ürgə daha başını çəkə bilmədi. 
Bütün ətrafa təzə ütülən tük, təzə yanan ət iyi yayıldı.  
O güllə səsindən sonra bir anlıq susmuş qurbağalar yenə də quruldamağa 
başladı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə