Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   37   38   39   40   41   42   43   44   ...   161

 
85
üzündən çəkdi ki, bir ovuc su götürsün, amma yenə də o tonqalın qoxusunu hiss 
etdi, tez əli ilə burnunu qapadı ki, yüyənin iyi gəlsin. Həmin anlarda Murad İldırımlı 
əlindən gələn o yüyən iyində o uzaq Babadağın ətəklərində qalmış o kənddəki 
evlərinin doğmalığı var idi və bu adam yenə də uşaqlıq çağlarında – həyət-bacada 
tumançaq atılıb-düşdüyü vaxtlarda olduğu kimi, anasını qucaqlamaq istədi, atasının 
haçansa ömründə bir dəfə şəhərə gedib qayıdanda gətirdiyi rəngbərəng saçaqlı 
kağızlara bükülmüş uzun konfetləri sevinə-sevinə və acgözlüklə cibinə yığmaq 
istədi, amma keçmiş heç zaman geri qayıtmır və o günlər də əbədi bir keçmişdə 
qalmışdı. Murad İldırımlı bir də heç zaman o uzaq Babadağın ətəklərində qalmış o 
kəndi görməyəcəkdi... Bir də heç zaman o kənddə qocalıb əldən düşmüş anası ilə 
qabaq-qənşər oturmayacaqdı... Bir də heç zaman həmişəki kasıbçılığı içində o 
kənddə güzəran keçirən atasının sonu görünməyən qayğılarla dolu gözlərinə baxa 
bilməyəcəkdi...  
Murad İldırımlıdan bu dünyada heç kim qalmayacaqdı, çünki bu ağır mübarizə 
illərində ailə qurmağa vaxt qalmadı və əslində, buna təəssüf etmək də düzgün 
deyildi: gələcəyin bütün azad və xoşbəxt uşaqları onun övladları olacaqdı. Əlbəttə, 
gələcəyin o azad və xoşbəxt uşaqları onun adının Murad, familiyasının isə İldırımlı 
olduğunu bilməyəcəkdilər, amma bunun nə mənası var idi? Gələcəyin o azad və 
xoşbəxt uşaqları inqilabın övladları olacaqdılar, bu isə elə Murad İldırımlının 
övladları olmaq demək idi, çünki Murad İldırımlının özü elə Inqilab demək idi; 
Inqilab yüzlərlə, minlərlə murad ildırımlıların əməli idi, yəni onların həyatı, onların 
özü idi; o minlərlə murad ildırımlılar rus idi, azərbaycanlı idi, ukraynalı, tatar, gürcü, 
özbək, belorus idi və onların hamısı yeni bir cəmiyyət qururdu, gələcəkdə artıq 
qurulub başa çatmış o yeni cəmiyyətin bütün üzvləri onların – o minlərlə murad 
ildırımlıların övladı olacaqdı...  
Murad İldırımlının qardaşları da o uzaq Babadağın ətəyindəki kənddən çıxıb 
hərə bir tərəfə dağılmışdı və o kənddə o qarı ilə, o qoca və qayğılı kişi ilə birlikdə, 
bir də Murad İldırımlının on dörd-on beş yaşlarında bir bacısı qalmışdı, o cavan 
qızın adı Züleyxa idi.  
İllər keçəcəkdi, indi eləcə utancaq, eləcə dilsiz-ağızsız o kənd qızının – 
Züleyxanın uşaqları, nəvə-nəticələri də həmin yeni cəmiyyətin üzvləri olacaqdı və o 
zaman onların o xoşbəxtliyində, onların o qayğısız, azad həyatında Murad 
İldırmlının da, qoy lap kiçicik olsun, lap zərrə qədər olsun, amma, hər halda, nəsə 
bir payı olacaqdı...  
Azərbaycan SSR Baş Siyasi Idarəsinin səlahiyyətli müvəkkili Murad İldırımlı 
iki gün idi ki, xəstələnmiş, tauna tutulmuşdu və bunu özündən başqa heç kim 
bilmirdi, hətta professor Zilberin də bundan xəbəri yox idi. Müvəkkil xəstəliyini o 
saat başa düşmüşdü, buna inanmaq istəmirdi, belə çətin və məsuliyyətli bir zamanda 
taunun onu üstələdiyi ilə heç cürə barışmaq istəmirdi, amma inansa da, inanmasa da, 
barışsa da, barışmasa da, xəstələnmişdi və bu xəstəliyin nə ilə qurtaracağını gözəl 
bilirdi. Iki gün idi ki, müvəkkil heç kimə yaxın durmurdu, heç kimlə bilavasitə əlaqə 
saxlamırdı, hamı ilə uzaqdan-uzağa, boz ürgənin belindən danışırdı, özünü də, boz 
ürgəni də (Hadrutda mal-qara da, qoyunlar da, atlar, eşşəklər də adam kimi qırılırdı) 
təcrid etmişdi. Hələ neçə gün belə davam edəcəkdi? Iki gün? Üç gün? Sonra? 
Sonrası, əlbəttə, xəstəxanada qurtaracaqdı... Yox, müvəkkil hər şeyi qət etmişdi və 
hər şey bu gün qurtaracaqdı! Müvəkkil yataqda uzanıb can verməyəcəkdi, taundan 


 
86
aman istəməyəcəkdi, çünki taundan aman istəmək, əslində, düşməndən aman 
istəmək demək idi.  
Həmin sazaqlı gecədə, o tonqalın kənarında özü qərara aldığı kimi, həyatının 
son saatlarını yaşayan Murad İldırımlının bütün bədəni qızdırma içində yanırdı, 
amma taunun qamarladığı beyninə indi (və ümumiyyətlə...) yalnız dəhşətli bir qəzəb 
hakim idi: düşmənə qarşı qəzəb; bir də, əlbəttə, bir təəssüf hissi var idi: düşmənlərlə, 
banditlərlə atışmalarda qurban getmiş bir çox silah dostları kimi, o da mübarizəni 
sona kimi davam etdirə bilmədi. Amma bunun fərqi yox idi, fəhlə və kəndli 
hakimiyyəti qalib hakimiyyət idi, heç bir tauna baxmayaraq, kommunizm 
qurulacaqdı!.. Gələcək kommunizmin idi!.. Vladimir İliç Lenin beş il bundan əvvəl 
vəfat etmişdi, amma bunun da fərqi yox idi, gələcək – Vladimir İliç Leninin idi!..  
Tonqalın alovu o gecəyarısı sükut içində dövrə vurub dayanmış sanitarların, 
həkimlərin, bakterioloqların, rəhbər rayon işçilərinin sifətini işıqlandırmışdı və 
yaşları, rəngləri, quruluşları bir-birindən tamam seçilən o sifətlər indi eyni bir kədər 
içində donub qalmışdı. Səs ancaq tonqaldan gəlirdi:odunlar çıqqaçıq yanırdı və hər 
dəfə də ocaqdan gələn bu səs o cavan qızıl əsgərlərin kürəyini üşüdürdü, onlara yenə 
də elə gəlirdi ki, səs çıxaran – yanan sümüklər, yanan saçlardır.  
Bir də ki, o ocaq yerindən təxminən yüz əlli metr aralıda axan kiçik dağ çayı 
tərəfdən qurbağaların qurultusu eşidilirdi, elə bil ki, it aya hürən kimi, qurbağalar da 
o gecəyarısı birdən-birə beləcə peyda olmuş nəhəng tonqala quruldayırdılar. 
Qurbağaların o gecəki qurultusunda tonqalın ətrafında dövrə vurub dayanmış o 
adamların çoxunun heç vaxt yadından çıxmayacaq bir soyuqluq, qeyri-təbiilik var 
idi; bu qurbağa qurultusu təbiətin səsi deyildi, elə bil ki, taleyin səsi idi.  
Bu vaxt uzaqdan bir uğultu get-gedə tonqala tərəf yaxınlaşmağa başladı. 
Professor Zilber də, bakterioloji dəstənin başqa üzvləri də, rayon rəhbərliyi də, qızıl 
əsgərlərin komandanlığı da, bax bundan qorxurdu– camaatın bu tonqaldan xəbər 
tutacağından, axışıb bura gələcəyindən, tonqala hücum çəkəcəyindən...  
Gecənin qaranlığından axıb gələn o uğultu tonqalın səsini də, qurbağaların 
qurultusunu da batırdı və bayaqdan bəri o tonqalın şöləsi və səsi altında əzab çəkən 
qızıl əsgərlərə elə gəldi ki, bu dəqiqə, arxada yanan o tonqalın özündən də qat-qat 
artıq bir dəhşətlə üz-üzə gələcəklər. Cavan qızıl əsgərlər gəlib burada dövrə 
vurmazdan əvvəl aldıqları təlimata əsasən, tüfəngləri çiyinlərindən aldılar və o 
tüfənglərin lüləsini yuxarı tutub qaranlıqdan gələn və get-gedə tükürpədən bir sürətlə 
artan uğultu ilə qarşı-qarşıya hazır dayandılar.  
O Hadrut camaatı – ərləri, arvadları, uşaqları, ataları, anaları, qardaşları, 
bacıları tonqalda yanan o yaşlılar, cavanlar, uşaqlar necə xəbər tutmuşdular, tonqalın 
yerini beləcə dəqiq haradan öyrənmişdilər? – bunu sonralar da nə professor Zilber
nə də bu hadisənin istintaqını aparan orqanlar heç cürə başa düşə bilmədilər. Düzdü, 
çox adam həbs edildi (o zaman Hadrutdakı o həbslər taundan az iş görmürdü və 
taundan az qorxunc deyildi...), bəlkə də bu, bir sövq-təbii idi, sel kimi, qasırğa kimi 
bir təbiət hadisəsi idi.  
Uğuldayan o camaat gəlib tamam yaxınlaşdıqda, ayın və tonqalın işığı onların 
ağrıdan, iztirabdan, işgəncədən əyilib tanınmaz olmuş sifətlərini işıqlandıranda, 
hərəkət edən o insan qaraltıları qaranlıqdan seçiləndə tonqalı dövrəyə almış rayon 
rəhbərlərinin, bakterioloji dəstənin üzvlərinin, sanitarların, milis işçilərinin arasında 
da səs-küy düşdü və qızıl əsgərlər havaya güllə atmağa başladılar.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə