Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   36   37   38   39   40   41   42   43   ...   161

 
83
Bakıdan yenicə qayıtmış professor Lev Aleksandroviç Zilber həmin gecə o 
qədər yorğun idi ki, ayaq üstündə güclə dayanırdı, hərdən ona elə gəlirdi ki, bu saat 
yıxılacaq və yatacaq və o yuxudan heç vaxt oyanmayacaq; bu yuxu hissi uzun 
müddət əzab-əziyyət içində susuzluqdan yanmış bir adamın birdən-birə suya rast 
gəlməsinə və həmin sudan içdikcə içməsinə, doymaq bilməməsinə bənzəyirdi və 
buna görə də professor Zilber özü də təəccüb edirdi ki, bədəninin bütün 
hüceyrələrini zəbt etmiş o yuxu istəyinə necə dözür.  
Odundan və meyitlərdən ibarət o nəhəng ocağın alovu get-gedə artdıqca, bu 
alovun işığı gecənin, elə bil ki, qapqara şam kimi qaranlığını əridib bütün ətrafa şölə 
saçdıqca, professor Zilberin yuxusu qaçırdı və o dəm onun gözləri yuxusuzluqdan, 
yorğunluqdan yox, gecənin xəncər kimi kəsən sazağında uzaq məsafədən də istisi 
get-gedə daha artıq hiss olunan o ocaq şöləsinin gətirdiyi sonsuz kədər hissindən 
qıyılırdı.  
Odunların üstünə qalanmış meyitlərin ən yuxarısındakı həkim Xudyakovun 
cəsədi idi və tonqalın alovu şölələndikcə bir kənarda dayanıb həyəcandan dizləri 
əsə-əsə, ürəkləri döyünə-döyünə o dəhşətli tonqala tamaşa eləyən yerli partiya və 
komsomol fəalları həkim Xudyakovu o saat tanıdı. Faytonçu Ovanesin qapıbir 
qonşusu olan bu xeyirxah, xoşsifət, gözütox, ziyalı adam partiya işçilərini, 
komsomolçuları da az müalicə etməmişdi və indi bu adamın özünün tonqalda beləcə 
yanması, o bir qalaq meyitin üstündə birinci olması, elə bil ki, o gecə o tonqalın 
qorxusunu, vahiməsini daha da artırırdı. 
Alov get-gedə qızışdıqca birdən həkim Xudyakovun əli yavaş-yavaş qalxmağa 
başladı; əlbəttə, tonqala baxan o adamlar başa düşürdülər ki, isti şiddətləndikcə 
əzələlər yığışır və həkim Xudyakovun qolu da buna görə yavaş-yavaş qalxır, amma 
o dəm o əlin eləcə yavaş-yavaş qalxmasında, elə bil ki, bir hədə var idi, elə bil ki, 
taun bütün dünyanı hədələyirdi. Eyni zamanda, o əlin o cürə qalxmasında, 
ümumiyyətlə, dünyanın günah işlərinə bir xəbərdarlıq da var idi və uzaqdan o 
tonqala baxan yerli partiya və komsomol fəalları arasında bir sıra vəzifəli adamların 
(bir-birlərindən xəbərsiz!) bütün içini qəribə bir hiss bürümüşdü; qorxu ilə 
mütəəssirliyin, peşmançılığın qarışığı.  
Bu adamlar birdən-birə haçansa gördükləri (və heç vaxt fərqinə varmadıqları!) 
haqsız işlərini, nə zamansa nahaq incitdikləri (və elə bil ki, tamam unutduqları!) 
adamları xatırlamağa başladılar və onlar indi bir peşmançılıq hissi keçirirdi, daha 
doğrusu, peşmançılıq hissi keçirmək istəyirdilər, nəyisə etiraf etməyə, nəyisə 
boyunlarına almağa, hətta ağlamağa, aman istəməyə daxili bir ehtiyac duyurdular; 
bəlkə də bu – əslində – qorxu hissi idi, beləcə bir qara gündə beləcə bir tonqalda 
yanmaq qorxusu...  
Sonra həkim Xudyakovun qolu, elə bil ki, birdən-birə qırıldı, tonqala düşdü.  
Silahlı qızıl əsgərlərin keşiyi altında o ocaqda həyatla beləcə vidalaşan yalnız 
cansız cəsədlər deyildi, o cəsəd sahiblərinin – dünənəcən, hətta bu günəcən nəfəs 
alan, yaşayan insanların bir də bu yer üzündə heç zaman təkrar olunmayacaq, yalnız 
onlara məxsus hiss-həyəcanları idi, sevinc və kədəri idi, qayğısı, məhəbbəti, hörməti 
və nifrəti idi və cəmi otuz beş yaşına baxmayaraq, artıq təcrübəli immunoloq, 
virusoloq, mikrobioloq sayılan, həyatın bəd üzü ilə tez-tez rastlaşan (və gələcəkdə 
də tez-tez rastlaşacaq) professor Lev Aleksandroviç Zilber gecəni qara şam kimi 
əridən o tonqalın qarşısında, o tonqala baxa-baxa bir insan kimi iztirab çəkirdi.  


 
84
O tonqalı qalamaq üçün Hadrutun təxminən altı kilometrliyində elə bir çüxur 
yer seçmişdilər ki, bu tonqalın şöləsi Hadrutda və ətraf kəndlərdə görünməsin
camaatın bu tonqaldan xəbəri olmasın, çünki taun amansızlığından dəli olmaq 
dərəcəsinə çatmış Hadrut camaatı bir tərəfdən də yaxınlarının, əzizlərinin beləcə 
yandırılmasına dözə bilməzdi, amma professor Zilberin fikrincə Hadrut camaatının 
qalanını xilas etmək üçün, taunun Hadrut ərazisindən kənara yayılmaması üçün belə 
bir tonqal – taunun özü kimi amansız bir tonqal vacib idi...  
O tonqaldan təxminən altmış-yetmiş metr aralıda dayanmış əlli nəfər əli 
tüfəngli qızıl əsgər, sanitarlar, bakterioloji dəstənin üzvləri bir-birlərindən iki addım, 
üç addım aralı durub tonqalın başına dövrə vurmuşdular. O əlli nəfər qızıl əsgər sözü 
bir yerə qoymadan, sövq-təbii arxalarını tonqala tərəf çevirmişdi; ona görə yox ki, 
tonqalı mühafizə edirdilər və qaranlığa baxırdılar ki, bu tərəflərə yaxınlaşan başqa 
adam olmasın; ona görə ki, tonqala baxa bilmirdilər, tonqaldan gələn yanıq ət və 
sümük qoxusu onların ürəyini bulandırırdı, hətta odunlar da yanıb çırtıltı saldıqca o 
cavan qızıl əsgərlərə elə gəlirdi ki, çırtıldayan, səs salan insan sümükləridir.  
Murad İldırımlı da sanitarlar, həkimlər, bakterioloqlar kimi, o tonqala 
baxmırdı, amma bərkdə-boşda bərkimiş, çox ölümlər görmüş, iztirabların şahidi 
olmuş, atışıb-vuruşmuş bu adam həmin anlarda daxilən nə qədər çalışdısa da, özü 
özü ilə nə qədər mübarizə apardısa da, qeyri-təbii işıldayan xəstə gözlərini axıra 
qədər o tonqala baxmağa məcbur edə bilmədi və o cavan qızıl əsgərlər kimi, arxasını 
tonqala çevirdi. Azərbaycan SSR Baş Siyasi Idarəsinin səlahiyyətli müvəkkili bütün 
şüuru ilə başa düşürdü, dərk edirdi ki, qorxaqlıq edir, ağciyərlik edir, düşmənin 
gözünün içinə axıra qədər dik baxmaq lazımdır və taun da düşmən idi, o tonqal, 
taunun nəticəsi idi və o tonqalın şölələrinə baxmağı bacarmaq lazımdır; bunu başa 
düşürdü, dərk edirdi, amma o tonqala baxa bilmirdi və buna görə də özü özünü 
bağışlaya bilmirdi: indi heç şübhəsiz ki, casuslar, kulaklar, fəhlə və kəndli sinfinin 
quduz düşmənləri haradasa öz qara əməllərinin – Sovet hökuməti ilə mübarizələrini 
davam etdirməkdən ötrü gətirib Hadruta saldıqları taun epidemiyasının bəhrəsindən, 
bax, çırtaçırtla arxada yanan o tonqaldan ləzzət alırlar, elə bilirlər ki, məqsədlərinə 
nail olublar, amma çekist Murad İldırımlı həmin tonqala baxa bilmir...  
Səlahiyyətli müvəkkil cod dərili əli ilə üz-gözünü ovuşdurdu; səhərdən axşama 
kimi boz ürgənin belində olduğu üçün, bu adamın əlindən yüyən iyi gəlirdi və indi 
yalnız bu yüyən iyi ətrafı bürümüş o tonqal qoxusu içində həyatın davam etdiyindən, 
günəşin çıxacağından, səhərin açılacağından, sinfi mübarizənin davam etdiyindən, 
Kremlin qülləsindəki qırmızı bayrağın dalğalanmağından və həmişə də 
dalğalanacağından xəbər verirdi və bu zaman əlindən gələn o yüyən iyi birdən-birə 
Baş Siyasi Idarənin səlahiyyətli müvəkkilini əlçatmaz, ünyetməz bir keçmişə apardı, 
o vaxtlara ki, yeniyetmə bir oğlan idi və indi Hadrutdan çox-çox uzaqlarda – 
Babadağın ətəklərində qalmış bir kənddə səhərin gözü açılmamış atları kəndin aşağı 
başındakı buz kimi soyuq Nurlu bulağa suvarmağa aparırdı... Qəribə idi, o nə üçün 
bunu xatırladı? Əlindən gələn yüyən iyinə görə? Axı, atları bulağa yəhərsiz-
yüyənsiz, çılpaq aparırdı və özü də sıçrayıb o çılpaq atlardan birinin belinə minirdi...  
Müvəkkilin ürəyində yenə də birdən-birə qəribə – doğma, yaxın, eyni 
zamanda, uzaq və ümidsiz bir istək baş qaldırdı: neçə illərdən bəri yadına salmadığı 
(yadına salmağa vaxtı olmadığı), elə bil ki, tamam unutduğu o Nurlu bulağın buz 
kimi suyundan bir ovuc götürüb üzünə vurmaq istədi, hətta sövq-təbii cod dərili əlini 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə