Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   47   48   49   50   51   52   53   54   ...   161

 
106
Bununla da raykomda Ələsgər müəllim barədə söhbət birdəfəlik qurtardı və 
Əflatun müəllim üçün göydəndüşmə bir bəxşeyiş oldu ki, Ələsgər müəllimin köməyi 
ilə («– Əflatun müəllim artıq yetişmiş yoldaşdır! Onu irəli çəkmək lazımdır. 
Zəhmətkeş təbəqənin nümayəndəsidi! Ona ayrıca bir məktəb etibar edin!» – deyirdi; 
nə edəydi, zəmanənin üzü qara olsun, öz canını qurtarırdı, amma başqalarını zibilə 
salırdı...) başqa bir məktəbə müdir təyin edildi; əslində, belə bir təyinat 
Cümşüdlünün də ürəyindən idi, çünki təcrübəsi və son illərdə cərəyan altındakı 
çılpaq elektrik məftili kimi həssaslaşmış fəhmi gödəkboylu, kök, burnunun 
aşağısında ensiz qara bığı olan, əyninə həmişə «Stalinskaya forma» geyən bu adama 
deyirdi ki, Ələsgər müəllimin müdir olduğu o məktəbdən uzaq ol, düşər-düşməzi 
olar, elə də ola bilər, belə də...  
Indi məktəbdə sakitlik idi, çünki Ələsgər müəllim əməlli-başlı çalışdı, gedib 
raykomda əlaqədar adamlara, o cümlədən, Cümşüdlüyə ağız açdı, axırı nail oldu ki, 
Əflatun müəllimin yerinə Firidun müəllimi məktəbdə partiya təşkilatı katibi seçdilər. 
Firidun müəllim sakit, ziyalı bir adam idi, on beş ildən artıq partiya stajı var idi və 
Ələsgər müəllimlə birlikdə məktəbin sakitliyi keşiyində dayanmışdı və ikisi də əsas 
işlə məşğul idilər: uşaqların tədrisi ilə.  
Düzdü, təzə idman müəllimi Xıdır müəllim hərdənbir siyasi mövzulara 
girişirdi, amma Ələsgər müəllim yavaş-yavaş Xıdır müəllimə də təsir göstərirdi
Xıdır müəllimi də özünə yaxın çəkirdi, hətta, bu gün də Xıdır müəllimi Arzunun ad 
gününə dəvət etmişdi.  
Nə isə, dünyanın işləri, deyəsən, yavaş-yavaş sakitləşirdi, hər halda, 37 ilə 38-
in Ələsgər müəllim üçün o dəhşətli, o anlaşılmaz və qorxulu fırtınası, deyəsən, daha 
arxada qalırdı. N.I.Yejov işdən götürülmüşdü, ÜK(b)P MK-nın və SSRI Xalq 
Komissarları Sovetinin 18 noyabr tarixli qərarı çıxmışdı və bu qərarda istintaq 
zamanı qanunsuz hərəkətlərə yol verildiyi göstərilirdi, bu cür hərəkətlər qəti 
qadağan olunurdu. Bakı camaatı bu qərara dərhal «Stalin qərarı» adı vermişdi və 
Bakı camaatının və ümumiyyətlə, xalqın fikrincə yoldaş Stalin onların təəssübünü 
çəkdiyi üçün, günahsız adamları müdafiə etdiyi üçün bu qərarı qəbul etdirmişdi. Indi 
L.P. Beriya SSRI Xalq Daxili Işlər Komissarı təyin olunmuşdu və L.P. Beriya 
yoldaş da Stalinin yaxın silahdaşı, inandığı, etibar etdiyi adam idi, Bakıda işləmişdi, 
Azərbaycanı tanıyırdı. Bitərəflərin hörməti qalxmışdı, bitərfləri irəli çəkirdilər, bir 
sözlə, deyəsən, işıq ucu görünməyə başlayırdı (təki olaydı!) və həmin qış günü hər 
tətəfi bürümüş o qarın tərtəmiz ağlığı da, elə bil, dünyanın, həqiqətən, 
düzələcəyindən xəbər verirdi.  
Arzunun on yaşı tamam olurdu və məktəbdə ikinci növbədə oxuduğu üçün, 
hələ dərsdən qayıtmamışdı. Ələsgər müəllim süfrəyə düzmək üçün soyutma 
toyuqları doğraya-doğraya boşqablara yığırdı. Firuzə xanım əllərini yuyub hansı 
qohumununsa bir ay bundan əvvəl Ordubaddan pay gətirdiyi qoz ləpəsini, ərik 
qurusunu səliqə ilə nəlbəkilərə yığırdı ki, yeməkdən sonra çay dəstgahı başlayanda 
hər şey əlinin altında olsun.  
– Uşaq yaxşı geyinib? Bayır soyuqdu yaman...  
Firuzə xanım:  
– Lap yaxşı geyinib, darıxma... – dedi və soruşdu: – Xosrov müəllim arvadıyla 
gələcək?  
– Hə, yəqin arvadıyla gələcək. Demişəm ki, ikiniz də gəlin.  


 
107
– Sən də görməmisən də arvadını?  
– Yox, harada görəcəyəm?..  
Firuzə xanım başını yırğalaya-yırğalaya gülümsədi: 
– Yaxşı adamdı Xosrov müəllim... Torpağı sanı yaşasın, xasiyyəti rəhmətlik 
dədəmin xasiyyətinə oxşayır: dindirməsən, söz deyən deyil. Yaxşı elədi evləndi, heç 
olmasa, bir gün görər!.. Elə deyil, sən Allah?  
– Təki elə olsun! Fağır adamdı...  
Xosrov müəllim əsrin yaşıdı idi, düz otuz doqquz yaşı vardı, amma bu 
uzunboylu, arıq adamın gözlərinin kənarları dərin qırışlarla dolu idi, təkcə saçları 
yox, yay vaxtı köynəyinin açıq yaxasından görünən sinəsinin tükləri, hətta qolunun 
tükləri də ağarmışdı; iti sümüklü uzun burnu və nazik boğazında da eynilə burnuna 
oxşayan uzun hülqumu var idi və Xosrov müəllim hər dəfə udqunanda, o uzun 
hülqum qalxıb-endikcə adama elə gəlirdi ki, kişi əzab çəkir və ümumiyyətlə, Xosrov 
müəllimin baxışında da, hərəkətlərində də, hətta ildə-ayda bir dəfə gülümsəyirdisə, o 
təbəssümündə də bir əzabkeşlik, bir ağrı var idi.  
Deyirdilər ki, guya, haçansa Xosrov müəllimin başına böyük fəlakət gəlib, özü 
də bu, siyasi fəlakət yox, təbii fəlakət olub (bu, əlbəttə, indiki zəmanədə bir az 
qəribə səslənirdi, çünki adamlar, elə bil ki, təbii fəlakəti yadırğamışdılar), guya, 
bütün ailəsi məhv olub – Ələsgər müəllim bu barədə dəqiq bir şey bilmirdi, çünki nə 
Xosrov müəllim bu barədə bir söz deyirdi, nə də Ələsgər müəllim, aydın məsələdir 
ki, bu barədə bir söz soruşmurdu: bir halda ki, kişinin ürəyində dərdi var idi, o dərdi 
təzələməyin nə mənası vardı? Ələsgər müəllim bu fikirdə idi ki, heç kimin 
başqasının ürəyinə girməyə ixtiyarı yox idi, çünki ürək elə bir şeydir ki, təkcə öz 
yiyəsinə məxsusdur, istəyir – başqasının qarşısında özü açılır, istəmir – qurtardı, 
getdi, onun ürəyinə, girməyə cəhd göstərmək lazım deyil.  
Xosrov müəllim tamam dinməz-söyləməz adam idi, yeddi il idi ki, Ələsgər 
müəllimin müdir olduğu məktəbdə rus dili dərsi deyirdi və bu yeddi ildə Ələsgər 
müəllim bir dəfə də görməmişdi ki, Xosrov müəllim ağzını açıb kimdənsə nəsə 
soruşsun, özü nəsə bir söhbət başlasın, ya bir dəfə bir şeydən şikayət eləsin, bir şeyi 
tərifləsin; müraciətlərə cavab verirdi və dinməzcə oturub söhbətlərə qulaq asırdı.  
Məktəbdə deyirdilər ki, guya, Xosrov müəllim bir az havalıdı, guya, başına 
gələn o fəlakətdən (təbii fəlakətdən!..) sonra, haçansa dəlixanada yatıb müalicə 
olunub, amma Ələsgər müəllim Xosrov müəllimdə havalı bir cəhət hiss etməmişdi; 
düzdü, bəzən görürdün ki, elə bil, heç nə eşitmir, heç nə görmür, hansısa tamam 
başqa bir aləmin içindədi, rəngi də ağarırdı, adama elə gəlirdi ki, bu arıq, uzun adam 
öz içində kiminləsə danışır, amma bu, əlbəttə, hələ havalı olmaqdan xəbər vermirdi. 
Insandı də... hərənin yüz cürə dərdi-səri var...  
Əflatun müəllim Xosrov müəllimi qaralamışdı, iki-üç dəfə partiya iclasında 
onun məsələsini müzakirə etmək istəmişdi, amma Ələsgər müəllim bundan da 
duyuq düşmüşdü, imkan verməmişdi: «– Ay Əflatun müəllim, – demişdi, – bu 
yazıqdan düşmən olar? Görmürsən qaragünün biridi, dərdin-sərin içindədi?..» «–Elə 
məsələ də bundadı də, Ələsgər müəllim, nəyin dərdini çəkir o, hə? Nəyin? Niyə öz 
şəxsi, o adı nədi, şey, kədərini ictimai işlərdən üstün tutur? Biz bu cür xoşbəxt həyat 
qurmuşuq, sosializmin təntənəsi içindəyik, yoldaş Stalinlə bir dövrdə yaşayırıq, 
onun, o adı nədi, şey, nəfəs aldığı hava ilə nəfəs alırıq, ancaq bu, o adı nədi, şey, 
dərd çəkir!.. Bəlkə elə sosializmin təntənəsinin dərdini çəkir, hə?!» «– Yox, yox, elə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə