Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   46   47   48   49   50   51   52   53   ...   161

 
104
adı nədi, şey, Ülvi Rəcəbdi, ancaq bir də görürsən ki, qatı xalq düşmənidi, 
qaniçəndi!..» «– Düzdü, düz deyirsən, Əflatun müəllim, yaxşı deyirsən, amma sən 
tələsmə, qoy bir baxaq, görək...» 
Əlbəttə, Ələsgər müəllim yoldaş Stalinin yaxın silahdaşı və tələbəsi Mir Cəfər 
Bağırov yoldaşın yerlisi və deyilənə görə uşaqlıq dostu olmasaydı, Əflatun müəllim 
böyük bir həvəslə, ilk növbədə, elə onun özünü ifşa edərdi. «–Yox e, Ələsgər 
müəllim, axı, raykomda da mənnən, o adı nədi, şey, tələb eləyirlər!.. Məktəbdə cəmi 
iki nəfər xalq düşməni kimi ifşa olunub, onları da ki, o adı nədi, şey, biz ifşa 
eləməmişik, yuxarılar özü ifşa eləyib! Cəmi iki nəfər e, Ələsgər müəllim! Axı, biz 
bolşevikik! Bəs hanı bizim, o adı nədi, şey, siyasi sayıqlığımız? Axı, raykomda 
mənə verirlər e, bu sualları! Haqları da var də... Cəmi iki nəfər, özü də bizsiz... – 
Əflatun müəllim açıq-aşkar bir həsəddən yana-yana: – O adı nədi, şey, – deyirdi. – 
camaat birdən-birə on dənə düşmən ifşa eləyir e!..» «– Başa düşürəm, Əflatun 
müəllim, hamısını başa düşürəm!.. Nolar bitərəf olanda? Özün bilirsən ki, mən 
bitərəf bolşevikəm! Amma sənin kimi xeyirxah bir adam gərək belə işlərdə 
tələsməsin, yüz ölçsün, bir biçsin...» Suda boğulan, saman çöpünə əl atan kimi
Əflatun müəllim də son ümid kimi Ələsgər müəllimə təsir etmək üçün, kolxoza, 
plana əl atırdı: – «– Kolxozçu planı doldurmasa nə olar, hə? Bax, Ələsgər müəllim, 
kolxozçu, o adı nədi, şey, dövlət planlarını artıqlamasıyla doldurur, ancaq biz 
düşmən ifşa etmirik!.. Bunu bağışlamaq olar bizə?! Adımızı da bolşevik 
qoymuşuq!..» Ələsgər müəllim əlini bu balaca, cansız adamın çiyninə qoyurdu: 
«Düz sözə nə deyəsən? Düz deyirsən, Əflatun müəllim, düz deyirsən. Ancaq 
tələsmə....» Əflatun müəllim tamam ümidsiz bir halda: «– Onda... – deyirdi, – onda 
gəlün bizim məktəb, o adı nədi, şey, məsələ qaldırsın. Təzə Piri söksünlər! Təzə Pir 
dayanıb camaatın gözü qabağında, o adı nədi, şey, dini təbliğ edir!» Ələsgər 
müəllim nə qədər təmkinli və ağayanə adam olsa da, ürəyində bu Əflatun müəllimin 
atasının goruna söyürdü və udquna-udquna deyirdi: «– Hə... Bax, bu yaxşı fikirdi, 
Əflatun müəllim!.. Ancaq sən hələ tələsmə...»  
Təxminən bir il bundan əvvəl, 1938-ci ilin mart ayının  əvvəllərində N.I. 
Buxarinin, A.I.Rıkovun və başqalarının başçılığı ilə «Sağçı-trotskiçi blok»un cinayət 
işi haqqında SSRI prokuroru A.Vışinskinin ittihamnaməsi qəzetlərdə çap olundu və 
bundan sonra mərkəzi qəzetlər hər gün iki-üç səhifələrini həmin məhkəmə prosesinə 
həsr edirdi. Prokuror Vışinski Buxarinlə Rıkovdan başqa o biri satqın düşmənləri – 
Krestinskini, Rakovskini, Rezonqoltsı, Ikramovu, Çernovu, Xocayevi və başqalarını 
qəzet səhifələri boyunca bir-bir dindirirdi. O zaman Bakıda qəribə bir təzad 
yaranmışdı: küçələrdə, evlərdə, adamlar bir-biriylə, az qala, pıçıltıyla danışırdı, 
amma iclaslarda xitabət kürsüsünə qalxan adamlar guruldayırdılar, sağçı-trotskiçi 
casusları lənətləyirdilər, öz aralarında yenilərini tapıb ifşa edirdilər və Əflatun 
müəllim də deyirdi: «–Görürsüz bu maskalanmış düşmənləri, Ələsgər müəllim!.. 
Kirovu, o adı nədi, şey, Mic... Mej... – Əflatun müəllim bu familiyanı yaxşı yadında 
saxlaya bilmirdi. – Menj... Menjiskini, Kuybışevi, Qorkini, Qorkinin yazıq oğlunu 
bu şpiyonlar gör necə öldürüblər!.. Svoluşlar!.. Molotovu, Kaqanoviçi, Voroşilovu, 
hətta... hətta... Bu svoluşların işlərini, o adı nədi şey, adamın dili də gəlmir desin, 
hətta əziz atamız Stalin yoldaşı öldürmək istəyirlərmiş... Ay siz öləsiz!.. Qoymarıq!.. 
Biz, o adı nədi, şey, sayıq dayanmışıq keşikdə! Svoluşlar! Ancaq, Ələsgər müəllim, 


 
105
məktəbdə hələ bir dənə də buxarinçini, əclaf rıkovçunu ifşa eləməmişik!.. Mən elə 
bilirəm ki, Ələsgər müəllim, bu bizimçün, o adı nədi, şey, pazordu!»  
Ələsgər müəllim məktəbdə mitinqlər keçirirdi, cürbəcür tədbirlər fikirləşib 
tapırdı, bu mitinqlərdə müəllimlərin hamısı, misal üçün, Moskvada məhkəməsi 
gedən «Solçu-trotskiçi blok» üzvlərini lənətləyirdi, tədbirlərdə komsomolçular, 
pionerlər dərs əlaçısı və yeni nəslin siyasi cəhətdən sayıq nümayəndəsi kimi yoldaş 
Stalinə raport verirdilər, yoldaş Stalinə həsr olunmuş, xüsusən, Kobanın Bakıdakı 
fəaliyyətindən, «Nina» mətbəəsi ilə bağlı apardığı gizli işdən, 1907-ci ilin 
sentyabrında Bakıda vəhşicəsinə öldürülmüş bolşevik Xanlar Səfərəliyevin dəfnində 
nitq söyləməsindən bəhs edən səhnəciklər göstərirdilər və Ələsgər müəllim bu 
mitinqlərlə, tədbirlərlə, raportlarla Əflatun müəllimin başını qatırdı, məktəbin 
özündə isə heç kimi ifşa etməyə qoymurdu: «–Sən tələsmə, Əflatun müəllim, 
tələsmə... Armud vaxtında dəyər...»  
Bu cür tədbirlərdən ən geniş yayılmışı «izhari-nifrət» mitinqləri idi. «Izhari-
nifrət» mitinqləri məktəbin idman zalında keçirilirdi və çıxış edən müəllimlər, 
şagirdlər mətbuatda ifşa olunan tanınmış xalq düşmənlərinə, misal üçün, Əhməd 
Cavada, Abbas Mirzə Şərifzadəyə, Salman Mümtaza, adlarının siyahısı bitmək 
bilməyən bir çox başqalarına nifrətlərini izhar edirdilər. Məktəbdə oxuyan 
şagirdlərin valideynlərindən kimsə xalq düşməni kimi ifşa olunanda da idman 
zalında beləcə «izhari-nifrət» mitinqləri təşkil olunurdu və bəzən həmin mitinqlərdə 
məktəbdən qovulmasın, komsomoldan, pionerdən çıxarılmasın deyə, şagird özü 
həbs edilmiş valideynini lənətləyirdi: «Mən bilmirdim ki, atam belə əclafdı!..» Belə 
məqamlarda Əflatun müəllimin siyasi keşikdə dayanmaq ehtirası lap coşurdu və 
valideynlərini lənətləyən bu cür şagirdlərə qulaq asdıqca: «– Malades!»... – deyirdi. 
– Əsl komsomolçu (yaxud pioner)belə olar! Görürsən, Ələsgər müəllim! Biz isə, o 
adı nədi, şey, dayanmışıq bir kənarda!» Ələsgər müəllim bir dünya dərd dolu 
gözlərini o şagirdlərdən çəkib, Əflatun müəllimə baxırdı: «– Sən tələsmə, Əflatun 
müəllim, yüz ölç, bir biç!..» – deyirdi.  
Əflatun müəllim fikirləşirdi ki, əslində, Ələsgər müəllimin dediyi bu sözlərin 
özü düşmən sözləridir, siyasi sayıqlığı yayındırmaq deməkdir, amma nə etmək 
olar?.. «– Bəs raykom, Ələsgər müəllim, bəs raykom ?! Məndən, o adı nədi, şey, 
tələb edirlər axı!.. Deyirlər niyə xalq düşməni ifşa etmirsən ?!» «– Raykomda da 
hamısı alicənab adamlardı də, ay Əflatun müəllim, hamısı xeyirxah, hamısı sənin 
kimi təmiz adamlardı də!..»  
Əflatun müəllim «raykom» deyəndə, ilk növbədə, yoldaş Cümşüdlünü nəzərdə 
tuturdu; yoldaş Cümşüdlü raykomda kadrlar şöbəsinin müdiri idi, amma təbii ki, o 
da Ələsgər müəllimin haralı olduğunu, kimlərlə tanışlığını bilirdi. Bir dəfə Əflatun 
müəllim raykomda, yoldaş Cümşüdlünün yanında olanda çəkinə-çəkinə Ələsgər 
müəllimin liberallığından söz salmaq istədi, amma yoldaş Cümşüdlü o saat keçmiş 
tramvay sürücüsünün sözünü yarımçıq kəsib üstünə qışqırdı: «– Məni provakasiyaya 
çəkmək istəyirsən?! Məndən söz almaq istəyirsən?! Sənin kimilərini mən çox 
görmüşəm!.. Əlindən – g...ündən bir iş gəlmir, istəyirsən provakasiya eləyəsən?! O 
qədər ifşa eləməyə adam var, gör gəlib kimdən pıçıldayır raykomun qulağına?! 
Maymaq oğlu, maymaq! Get, kollektivdə xalq düşməni tap, ifşa elə!» Əflatun 
müəllim, sonuncu dəfə cəhd göstərdi: «Qoymur axı...» Cümşüdlü: «–Qoymur? – 
dedi. – Onda sənin özünü ifşa eləyərik xalq düşməni kimi!»  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə