Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   54   55   56   57   58   59   60   61   ...   161

 
120
dedi, mizin arxasında əyləşənlərin də hamısının haqqında ayrı-ayrılıqda sağlıqlar 
deyildi (bircə Xosrov müəllim və Gülzar xanım haqqında heç kim, o cümlədən
Ələsgər müəllim də cəsarət edib sağlıq demədi), hətta Firidun müəllim iki-üç xalq 
mahnısı da oxudu, amma bütün bunlara baxmayaraq, məclisdəki o gizli, o üstüörtülü 
gərginlik axıradək davam etdi. Təkcə Gülzar xanım dünyadan xəbərsiz idi, hətta 
sağlıqlarına söz deyilmədiyi də bu qadına təsir etməmişdi, eləcə mehribanlıqla, eləcə 
səmimiyyətlə hamının üzünə gülümsəyirdi, eləcə məhəbbət dolu gözləriylə Xosrov 
müəllimə baxırdı və Gülzar xanımın iri, qara gözlərinin dərininə çökmüş və o iri 
qara gözləri işım-işım işıldadan o xoşbəxtlik, o səadət də bütün məclis boyu o 
qadınla birgə oldu. Xıdır müəllim isə bütün idmançı iradəsini toplayıb özünü məcbur 
etdi ki, məclisin axırına qədər otursun və hamı ilə birlikdə bu mizin arxasından 
qalxsın, yoxsa belə çıxardı ki, Xıdır müəllim meydandan qaçır; yox, Xıdır müəllim 
meydandan qaçmayacaqdı, çünki rəqibin qarşısından geri çəkilmək, güzəştə getmək 
Xıdır müəllimin idmançı təbiətinə zidd idi, bu adamlar hələ Xıdır müəllimi yaxşı 
tanımırdılar.  
Gecə qonaqlar dağılandan sonra, Ələsgər müəllim, elə bil ki, bütün məclis 
boyu oynadığı roldan çıxa bilmirdi, şəstlə Arzudan soruşdu: 
– Hə, necə oldu? Gördün sənin yubileyini necə keçirtdik?!  
Arzu başı ilə təsdiq edə-edə: 
– Hə, yaxşı oldu, – dedi. – Ancaq divar qəzetində Xosrov müəllimi də tənqid 
edəcəyəm.  
Ələsgər müəllim hiss etdi ki, qızarır: 
– Niyə? 
– Bəs görmədin? 
– Nəyi?  
– Stalin babanın sevimli şagirdi Mir Cəfər Bağırovun sağlığına içmədi! 
Həmişə təmkinli Ələsgər müəllim o qədər yanıb-yaxıldı ki, özünü saxlaya 
bilmədi, əməlli-başlı hirsləndi: 
– Ay qız, sən necə adamsan? Bəs, o sənin sağlığına içmək istəyirdi də!  
– Nolsun? Sən özün dedin ki, mənim sağlığıma həmişə içmək olar. Ancaq 
rəhbərlərin sağlığına birinci içmək lazımdır. Sən də bir şeyi düz eləmədin.  
– Mən? Mən nəyi düzgün eləmədim? 
– Sən dedin ki, Arzu özümüzünküdür, onun sağlığına sonra içərik. Belə çıxır 
ki, rəhbərlər özümüzünkü deyil...  
Ələsgər müəllimin matı-qutu qurudu: 
– Mənim daha sənə heç bir sözüm yoxdur...  
– Nədi? Düz demirəm? Rəhbərlər özümüzünkü deyil? 
Ələsgər müəllim özünü ələ aldı: 
– Özümüzünküdü, əlbəttə... Ola bilsin ki, mən fikrimi düzgün çatdırmamışam. 
Amma sən də Xosrov müəllimi düz başa düşməmisən. Xosrov müəllim o cürə 
demək istəmirdi...  
– Bəs necə demək istəyirdi?  
– Istəyirdi ki... Bilirsən, elə şeylər var ki, sən hələ balacasan, başa düşmürsən...  
– Başa düşmürəm? 
– Başa düşmürsən... Sən ağıllı qızsan, amma elə şeylər var ki...  
– Çox yaxşı. Onda bizim divar qəzetimizdə sən mənə cavab yazarsan!  


 
121
– Belə şeyləri yazmaq olmaz.  
– Niyə?  
Ələsgər müəllim gəlib qızının yanında oturdu, Arzunu öpdü, Arzunun 
xoşladığı maraqlı hadisələrdən danışmağa başladı, Arzunun fikrini yayındırmaq 
istədi, Firuzə xanım (fikrində Xıdır müəllimin yeddi arxa dönənini söyə-söyə) 
mətbəxdə çəngəl-bıçağı, boşqabları yuyub quruladıqca, Ələsgər müəllim Arzuya xoş 
sözlər dedi və birdən-birə özü də hiss etdi ki, o qarlı qış gecəsi qızına yaltaqlanır... 
Səhəri gün o qar yenə də hər tərəfi eləcə bürümüşdü, amma o qarın ağlığı, elə 
bil ki, dünən axşamkı təmizliyini itirmişdi və Ələsgər müəllimə elə gəlirdi ki, qarın 
o ağlığı nəsə gözəgörünməz bir çirkabla örtülüb; elə bil ki, o qar irin idi, nazik 
pərdəsini partladıb ətrafı batıracaqdı.  
Ələsgər müəllim gecəni çox narahat keçirmişdi, çarpayıda uzanıb hər iyirmi-
otuz dəqiqəlik mürgüdən, yüngül yuxudan sonra diksinib, ayılıb özünə ürək-dirək 
vermişdi: «Heç nə olmaz. Nə olacaq axı? Lap gözəl qonaqlıq keçdi. Bir söz idi dedi 
də... Sonrası yaxşı oldu, hər şeyi yuyub apardı. Dördgözün (Mir Cəfər Bağırov 
eynək taxdığı üçün camaat hərdən öz-özünə fikirləşəndə, ən yaxın, ən etibarlı 
adamla o tərəf-bu tərəfə baxa-baxa pıçıltıyla danışanda onu belə adlandırırdı: 
dördgöz) sağlığına iki dəfə içildi... heç nə olmaz...» və Ələsgər müəllim səhər qalxıb 
o soyuq havada mətbəxdəki əlüzyuyanın altında möhkəmcə yuyundu (soyuq 
havalarda heç vaxt belə yuyunmazdı), o soyuq su, elə bil, kişiyə bir toxtaqlıq, bir 
təpər verdi, amma evdən çıxıb ayağının altındakı qarı xırçıldada-xırçıldada məktəbə 
yaxınlaşdıqca, o nigarançılıq yenə də artmağa başladı.  
Məktəbdə Ələsgər müəllimin müdir otağına birinci girən adam Kələntər 
müəllim oldu və Kələntər müəllim o səhər çağı dünyanın ən qayğılı adamlarından 
biri idi.  
– Yaxşı məclis keçirdik. O gün olsun ki, Arzu balanın iyirmi illiyini keçirək! 
– Çox sağ ol...  
– Firuzə xanımın da süfrəsinə söz ola bilməz.  
– Hə. – Ələsgər müəllim gülümsədi, amma ürəyi daha artıq bir narahatlıqla 
döyündü, çünki Ələsgər müəllim gözlərindən görürdü ki, Kələntər müəllim də çox 
nigaran bir gecə keçirib.  
– Çox yaxşı keçdi məclis... – Kələntər müəllim gözlərini Ələsgər müəllimin 
gözlərindən yayındırdı. – Ancaq... bu zalım oğlu zalım Xosrov müəllimin başına 
Allah bir az ağıl qoysun... 
– Fikir vermə, keçdi, getdi... Bu barədə nə qədər az söhbət olsa, bir elə 
yaxşıdı... Guya ki, heç nə olmayıb, üstünü vurma!..  
– Mən harda vuracağam üstünü? – Və birdən-birə o əhli-kef, o zarafatcıl, 
nikbin Kələntər müəllimin dodaqları tutrədi. – Qorxuram!.. – dedi. – Qorxuram!.. 
Yeddi qızın atasıyam...  
Ələsgər müəllim həmişə müdir otağındakı mizin üstündə olan qalın şüşə 
qrafindən stəkana su töküb Kələntər müəllimə yaxınlaşdı və suyu Kələntər müəllimə 
uzatdı: 
– Sakit ol, əşşi!.. Nə olacaq sənə? Sənə nə dəxli var? Qazan qaynasa, o 
bədbəxt oğlu Xosrovun başında qaynayacaq də...  
– Deyirsən mənə dəxli yoxdu? 
– Əlbəttə!  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə