Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə56/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   52   53   54   55   56   57   58   59   ...   161

 
116
Hadrutdan sonrakı illər Xosrov müəllimi o qədər əzmişdi, o qədər yormuş, 
incitmişdi ki, indi həmin yorğunluğun, həmin acının yavaş-yavaş bədənindən 
çıxmasını, az qala, cismani hiss edirdi.  
Gülzar xanım yeddi ildən sonra uşağı olmadığı üçün, kişi bərbərxanasında 
dəllək işləyən birinci ərindən ayrılmışdı (o dəlləyin indi ikinci arvadından dörd uşağı 
vardı) və uşaq bağçasında tərbiyəçi işləsə də, əslində, səliqə-səhmanlı ev-eşik 
saxlamaqdan ötrü, ərdən ötrü yarandığı üçün, bütün fikrini-zikrini, bədənini 
çuğlayan qızğın hissləri öz içində boğa-boğa düz yeddi il tək yaşamışdı, bu 
müddətdə bu yaraşıqlı, ətli-qanlı qadına tamah salan çox olmuşdu, amma Gülzar 
xanım o adamların heç birini yaxına buraxmamışdı, hisslərin əlində yanıb-yaxılsa 
da, həyasından keçməmişdi və birinci əri o dəlləkdən sonra heç bir kişi ilə bir 
yastığa baş qoymamışdı. Qonşuluqda yaşayan Xosrov müəllim də birdən-birə, 
tamamilə, gözlənilmədən Gülzar xanımın həyatına daxil olmuşdi və tək yaşadığı o 
yeddi ilin xəyalları, şirin yuxuları bu iki ayda Gülzar xanım üçün həqiqətə 
çevrilmişdi. Xosrov müəllim ev yiyəsi və kişi idi, eyni zamanda, Xosrov müəllim – 
bu uzunboylu, ağsaçlı adam – Gülzar xanım üçün, elə bil ki, həm də övlad idi: bu iki 
ayda Gülzar xanım Xosrov müəllimə əri və övladı kimi xidmət edirdi.  
Xosrov müəllim əlini mizin altında Gülzar xanımın ağappaq və dolu əlinin 
üstünə qoydu; əlbəttə, bunu heç kim görmədi, amma Gülzar xanımın qırmızı 
yanaqları daha da pörtdü və bu qadında birdən-birə dəli ehtiras yarandı ki, indicə 
ərini qucaqlayıb bağrına bassın; gicgahı nəbz kimi vurmağa başladı və özünü güclə 
saxladı, əlini isə Xosrov müəllimin quru, amma hərarətli əlinin altından çəkmədi.  
Məclisin gərginliyi yavaş-yavaş ötüb keçirdi və Kələntər müəllim yenə də 
ayağa qalxdı, yenə də içinə konyak süzdüyü qədəhi əlinə götürdü, amma altdan 
yuxarı Kələntər müəllimə baxan Xıdır müəllim bu dəfə də birdən-birə ayağa qalxdı:  
– Əziz dostlar!– dedi. – Tamadadan min dəfə üzr istəyirəm ki, onu afsaytda 
qoyuram. Ancaq ürəyimə bir gözəl sağlıq gəlib ki, onu da bu gözəl məclisdə mən 
deməliyəm! Bu qədəhləri qaldıraq yoldaş Stalinin yaxın silahdaşı və tələbəsi, 
Azərbaycan bolşeviklərinin sevimli rəhbəri, Azərbaycan zəhmətkeşlərinin qayğıkeş 
atası, əziz Mir Cəfər Bağırov yoldaşın sağlığına! Yaşasın, min yaşasın yoldaş Mir 
Cəfər Bağırov!  
Yenə də məclisə bir anlıq sükut çökdü, amma bu dəfə Xıdır müəllim qədəhi o 
saat başına çəkmədi, nə isə hiss edib dayandı, bir-bir mizin arxasındakı adamlara 
baxdı.  
Xosrov müəllim heç vəchlə əlini mizin altında Gülzar xanımın əlinin üstündən 
çəkmək istəmirdi, amma birdən-birə, tamamilə, gözlənilmədən, tamamilə, qəflətən 
Xosrov müəllimə elə gəldi ki, yenə də Hadrutdakı o tonqalı görür, hətta o tonqalın 
istisini hiss etdi, bu isti, Gülzarın əlinin hərarətini çəkib Xosrov müəllimin 
ovucundan çıxartdı; bu həmin tonqalın istisi idi ki, illərdən bəri gecə yatdığı 
çarpayıda da, gündüzlər dərs dediyi sinif otağında da Xosrov müəllimi təqib etmişdi 
və bu məclisdə oturanlardan heç kimin, hətta, Gülzarın da o təqibdən, o təqibin 
ağrısından-acısından xəbəri yox idi. Xıdır müəllimin indicə dediyi sağlıq Xosrov 
müəllimin Gülzarla birlikdə bu iki aylıq həyatına o qədər yad idi, Gülzarla birlikdə, 
əslində, ilk dəfə cəmiyyət içinə çıxdığı bu məclisdəki hisslərinə, həyəcanına o qədər 
yabançı idi ki, heç özü də bilmədi ki, birdən-birə necə ayağa qalxdı və Xıdır 
müəllimə baxa-baxa əsəbdən titrəyən bir səslə:  


 
117
– Mir Cəfər Bağırov yoldaş bizim rəhbərimizdi, düzdü, – dedi. – Amma niyə 
qoymursuz səhərdən bəri bu gözəl qızın – Xosrov müəllim uzun qolunu qaldırıb 
barmağı ilə Arzunu göstərdi – sağlığına içək, bu gözəl qızı təbrik edək.  
Bu dəfə o balaca otağa elə dərin bir sükut çökdü ki, məclisdəkilərin, o 
cümlədən də Xıdır müəllimin gözləri elə bərələ qaldı ki, özündən asılı olmayaraq, 
Xosrov müəllimin dizləri titrəməyə başladı, nə dediyini, necə bir iş gördüyünü, elə 
bil ki, indi başa düşdü və həmin məqamda ilk özünə gələn adam yenə də Ələsgər 
müəllim oldu, tələsik ayağa qalxdı:  
– Bir dəqiqə, bir dəqiqə, Xosrov müəllim, – dedi və həyəcandan udqundu. – 
Arzu qaçmır ki, buradakı özümüzünküdü, sağlığına da içəcəyik, təbrik də edəcəyik. 
Ancaq bu qədəhləri qaldıraq Xıdır müəllim deyən sağlığa. Doğrusu, bizi qabaqladı 
Xıdır müəllim, yaxşı da elədi... hamımızın ürəyindən dedi, sənin də ürəyindən dedi, 
Xosrov müəllim. Sağ olsun yoldaş Mir Cəfər Bağırov, onun sağlığına. O böyük 
insan başımızın üstündən əskik olmasın, həmişə bizə bu cür müdrik rəhbər olsun. 
Həmişə bizə yol göstərsin!  
Mizin arxasında əyləşənlər yenə də bir nəfər kimi ayağa qalxıb qədəhləri 
başlarına çəkdilər və Xosrov müəllim də birdən-birə titrəməyə başlamış əlini uzadıb 
mizin üstündəki qədəhi götürdü, arağı Mir Cəfər Bağırov yoldaşın sağlığına içdi. 
Xosrov müəllim başa düşmüşdü ki, səhv edib, bağışlanmaz bir səhv buraxıb və bu 
səhv ona çox baha başa gələ bilər. Gülzarı ondan ayıra bilər və Xosrov müəllim 
ölməyə hazır idi, amma yenə də tək yaşamaq istəmirdi, bu iki ayın istisinin yenə də 
həmişəlik bir keçmişdə qalmasını istəmirdi.  
Bundan sonra məclis heç cürə əvvəlki həvəsi, əvvəlki şövqü bərpa edə 
bilmədi; mizin arxasında əyləşən qonaqlar, elə Ələsgər müəllim də, Firuzə xanım da 
tez-tez ürkək nəzərlərlə Xıdır müəllimə tərəf baxırdı: Xıdır müəllim qaş-qabağını 
sallayıb papiros çəkirdi və heç kimə baxmır, heç bir söz demirdi.  
Xosrov müəllimin bütün içindən dəhşətli bir qorxu hissi baş qaldırmışdı və o 
tonqalın istisi, elə bil ki, bədəninin tüklərini ütürdü, elə bil ki, o bir nəfərin iki əlilə 
də başı üstündə fırlatdığı o məşəl indicə bütün sir-sifətini yandıracaqdı və Xosrov 
müəllim yenə də udqunduqca, uzun və ucu iti hülqumu enib-qalxdıqca adama elə 
gəlirdi ki, bu adam başdan-başa əzab-əziyyət içindədi.  
Təkcə Gülzar xanım, elə bil ki, heç nə başa düşmürdü (və yəqin elə doğrudan 
da belə idi!), eləcə gülümsəyirdi, eləcə məhəbbət, nəvaziş dolu nəzərlərlə ərinə 
baxırdı, sonra Gülzar xanım özü əlini mizin altında Xosrov müəllimin əlinin üstünə 
qoydu, amma Xosrov müəllim daha o əlin hərarətini hiss etmədi.  
Ələsgər müəllim dedi:  
– Indi Arzudan xahiş edək bir şer oxusun! 
Arzu özünün beləcə ad günlərində təzə əzbərlədiyi şerlər oxuyurdu və bu 
şerlər siyasi-ictimai mövzularda olurdu, çünki Arzu siyasi-ictimai mövzulu şerləri 
xoşlayırdı; həmin qış axşamı da ayağa qalxıb əllərini arxasına qoydu, ütülənmiş 
qırmızı ipək qalstuklu sinəsini irəli verdi və hər bir sözü xüsusi vurğu ilə tələffüz 
edə-edə şer dedi:  
 
Bəşər dühasının sönməz ulduzu,  
Əziz rəhbərimiz, atamız Stalin! 
Ürəyimiz, sevgimizin sonsuzu 
Bil ki, əzəl gündən sənindir, sənin! 
Ey bütün ellərin şöhrəti, şanı,  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə