Roman, povestlər



Yüklə 3 Mb.
səhifə13/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   9   10   11   12   13   14   15   16   ...   158

 46 

verirlər ki, içirsən. Eh, mənə nə var, bir həsirəm, bir Məmməd 

Nəsir. İçirəm, neçün ki, lazımdır. Yəhya, ay Yəhya, mən ölüm, 

gedək bir nərd ataq. 

—Yekə kişisən, get özünə iş tap. 

—Ay Cümşüd, sən atovun goru, mən nə dedim ki. Deyirəm, 

gedək nərd ataq, bəyəm bimərifət söz dedim? 

Yəhya: 


Məmməd Nəsir, deyəsən, yenə o söz, — dedi və 

çırtmayla boğazına vurdu.  

—Ay bic xərəngə, — deyib Məmməd Nəsir göz vurdu. — 

Məmməd Nəsiri el içində xar eləmə. Açma sandığı, tökmə 

pambığı.  

Cümşüd: 


—Məmməd Nəsir,  şöbə müdirisən, yoxsa idarənin müdiri? 

— deyə xəbər aldı. 

—Hə? Yox, hələ redaktoram, ha, ha, ha... Vur bura, mən 

ölüm. — Məmməd Nəsir otuz beş il idi bu idarədə korrektor 

işləyirdi. Amma deyirdi ki, üçüncü qədəhdən sonra oluram 

redaktor, beşincidən sonra şöbə müdiri, yeddincidən sonra 

idarənin müdiri. Sonra daha hesabı itirirəm. Ancaq bir vaxt 

görürəm ki, zamministrəm. Sonra ministr. Sonra Hindistan 

padşahı. Sonra allah... 

—Deməli, redaktorsan? Nə əcəb bəs, belə az vurmusan. Bu 

gün ki, şənbədir. Əsl məqamdır. 

—Ay Cümşüd, bəlkə gedək bir nərd ataq? 

—Sabah, Məmməd Nəsir, sabah. 

Yəhyayla Cümşüd yarımçıq qalmış söhbətlərini davam 

etdirə-etdirə pilləkənlə düşməyə başladılar. 

—Bəli, indi Nemət olub gülməşəkər. Getmə gözümdən, 

gedərəm özümdən. 

—Əşi, dünən Dadaşla xosunlaşırdılar, mən bildim ki, işin 

içində iş var.  

Məmməd Nəsir: 

—Sabah bazardır, — deyə onların dalınca qışqırdı, amma 



 47 

cavab almadı. Zümzümə eləyə-eləyə dəhlizlə getdi: 

—Bilsən nə qədər, sevgili canan, can alansan. 

—Xeyir ola, Məmməd Nəsir, yenə segah deyirsən? 

Az qala makinaçı Tavusla toqquşdu. 

Məmməd Nəsir: 

—Segah deyil, qızım, dilkeşdir, — dedi və sonra əlavə etdi, 

— ay səni xoş gördük, əhvali-şərif? 

—Sağ ol, duaçıyam. 

—Çoxdandır gözümə dəymirsən? 

—Rayona getmişdim. Anama dəyməyə. Bizim tərəflərdə 

olmamısan ki? Bir gözəl, səfalı yerlərdir, iki göz istəyir 

tamaşasına. Bu səfərimdən çox razı qaldım. 

Məmməd Nəsir. 

—Ən yaxşı səfər... — deyə sözə başladı. 

—Bilirəm nə deyəcəksən. — Tavus onun sözünü ağzında 

qoydu, — ən yaxşı  səfər  şərab kuzəsinin boğazından dibinə 

səfər etməkdir. Yüz dəfə eşitmişəm. 

—Ay sağ ol. Bu yolu ki, keçirsən, çatırsan  şüşənin dibinə, 

düşürsən cənnətə. Bəli, hurilər, qılmanlar, məlaikələr... Özləri 

də qələt eləyirlər, cənnətdə "suxoy zakon"zad yoxdur. İçki bax 

buracan — əlini hulqumuna dirəynb elə bil mişarladı. — Bəli, 

iki saat, üç saat olursan Cənnətqradda. Yanında da sənin kimi 

bir canalan canan. Bax, bir var can, bir var canan, bir də var 

canalan... 

Tavus: 


—Ala ey, — deyə iki əlini çətir kimi Məmməd Nəsirin 

başına tutdu, — ətin tökülsün, kişi, ətimizi tökdün. 

—Hə, cənnətdə ki bir az cövlan eləyirsən o yan-bu yana, 

sonra uzadırlar səni xərəyə, yəni ki, çarpayının üstünə, 

gətirirlər obratnı geri. Ayılıb görürsən bəli, yenə öz 

otağındasan ki, varsan, həmin-zəmin, Məmməd Əmin. 

Tavus çıxıb getmişdi. 

Məmməd Nəsir onun dalınca baxıb: 

—Qudurasan qurbağa, — dedi, — bizim rayon, sizin 



 48 

rayon... Mərdan kişi düz deyirdi ki, bu bakılılar, qarabağlılar, 

qazaxlılar, nə bilim gəncəlilər, göyçaylılar, naxçıvanlılar içində 

azərbaycanlı olmaq çox çətin məsələdir. 

Məmməd Nəsir belini büküb dəhlizlə yolunu davam 

etdirirdi. Evə gedən işçilərə kamal-ədəblə: "Salaməleyküm, hər 

vaxtınız xeyir, xoş getdiniz, sağ olun, gülə-gülə" deyirdi. 

Həmişə  aşağı baxdığındanmı beli bükülmüşdü, ya beli 

bükülü olduğundanmı həmişə aşağı baxırdı? 

Dadaşgilin qapısına çatdı. Qapını elə açırdı, elə bil qapıdan 

üzr istəyirdi ki, bağışla səni açıram. Qapını açıb yan-böyürü, 

barmaqlarının ucunda, tələsik içəri şütüyürdü. 

Dadaşgilin otağına elə girdi ki, elə bil otaqda yatan, ya xəstə 

var. 


Dadaş kağız-kuğazını iri şişman portfelinə  yığışdırırdı. 

Portfel elə yekəqarın idi ki, bura lap adamı da yerləşdirmək 

olardı. 

Təhminə siyirtməsindən balaca güzgüsünü çıxarıb 

dodaqlarını boyayır, sonra diliylə boyanı yalayırdı. 

Qurban başını aşağı sallayıb nə isə yazırdı. 

Məmməd Nəsir: 

—Salaməleyküm, — dedi, — xanım qız, səni görməmişəm.  

Təhminə güzgüsünü sumkaya qoyub: 

—Salam, Məmməd Nəsir, — dedi. 

Dadaş: 

—Nədi, Məmməd Nəsir, sözlü adama oxşayırsan? — dedi. 



Məmməd Nəsir dırnaqlarını çeynəyə-çeynəyə: 

— Deyirəm, bəlkə bir ataydıq... — dedi. 

—Canımçün tələsirəm, yoxsa məmnuniyyətlə, — mixəyi, 

zəhmli portfelini əlinə götürdü. Ötkəm səslə: "Di salamat 

qalın" — dedi. 

Dadaşın enli kürəyi bir anlığa qapını tamam tutdu. 

Məmməd Nəsir üzünü bu kürəyə tutub: 

—Sağ oluz, gülə-gülə, — dedi, bir-iki dəfə başını  əyib 

kürəklə vidalaşdı, beli daha da büküldü, yarıqat oldu, — sağ 



 49 

oluz, xanım qız, sən də xoş getdin. 

Qapı örtüldü. Dadaşın ağır addımlarının səsi gəlirdi: elə bil 

dəhlizdə bir cüt ütü yeriyirdi. Bu səsə  Təhminənin dikdaban 

çəkmələrinin addım səsləri calandı: elə bil döşəməyə gilə-gilə 

su damırdı. 

Səslər uzaqlaşdı, itdi. 

Qurban başını qaldırdı: 

—Məmməd Nəsir, düzdü, deyirlər sənin bu Dadaşla xüsusi 

zarafatın var? 

—Necə bəyəm? Nə zarafat? 

Qurban qımışdı: 

—Nə bilim vallah, uşaqlar danışır. Deyirlər bərk içəndə 

gecə saat ikidə, üçdə gedirsən bunlara. Zəngi basırsan, arvadı 

oyanıb gəlib qapını açır. Deyir nə olub, nə  təcili işdir ki? 

Deyirsən bəs çox təcili işdir. Bəli, Dadaş bir tuman-köynəkdə 

gözünü ovuşdura-ovuşdura qapıya çıxır. Deyir nə olub, nə var, 

nə  xəbərdir, ay Məmməd Nəsir, gecənin bu vaxtında? Sən də 

ki, — Qurban papiros çəkənlərin xırıltılı gülüşüylə güldü, — 

sən də ki, çırtıq çalıb deyirsən: 

 

Tupbuludu, tupbulu. 

Cupbuludu, cupbulu. 

 

Məmməd Nəsir də bərkdən güldü. Ağzında bir dənə sağ dişi 



yox idi. 

—Olub-olub, — dedi, — əşi, mən bu Dadaşın 

dabbaqxanada gönünə bələdəm. Neçə il yoldaş olmuşuq. Sən o 

vaxt uşaq olardın. Birinci bura işə  mən gəlmişəm. Elə o 

vaxtdan korrektor işləyirəm. Yeddi dəfə orfoqrafiyanı 

dəyişdilər. Hamısını da əzbərlədim. Latını da bilirəm, ərəbi də, 

indikini də. Bir gün Parapetin tinində Mirzə Cəlilə rast gəldim. 

Göy parusin pencəyi vardı.  Əlində  də  əsası. Dedi: "Məmməd 

Nəsir, axı biz belə deməmişdik, qardaş". Eh, ay Qurban, 

adamlar var idi, adamlar görmüşdük. 




Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə